Tolstoy Şekspiri niyə məğlub edə bilmədi?

Ötən həftə incəsənətlə təbliğatı biri-birindən ayırmağın, az qala, mümkün olmadığından danışmış və bunu da qeyd etmişdim ki, “sırf” bədii dəyərləndirmə, zəruri şəkildə, əxlaqi, siyasi və ya dini baxışlarla asılılıqdan doğulan qənaətlərlə qarışmalı olur. Son on ildəki kimi fəlakətli dövrlərdə, bu cür dərin və çox vaxt şüurlu şəkildə dərk edilməyən asılılıqlar, bu və ya başqa formada, konkret şüurlu fəaliyyətə yönəlir.

Tənqidçilər, indi çox vaxt, zahiri tərəfsizlik görüntüsü yaradaraq, daha çox müəyyən konkret mövqe tutmağa yönəlirlər. Ancaq buradan belə bir nəticə çıxarmağa dəyməz ki, guya bədii dəyərləndirmə deyilən bir hadisə ümumiyyətlə mövcud deyil və istənilən incəsənət əsəri, sadəcə və sadəcə, siyasi traktatdır və onu buna uyğun olaraq dəyərləndirmək tələb edilir. Əgər biz bu cür mühakimə yürütsək, onda dalana dirənəcək və incəsənətin çoxlu sayda böyük və aydın faktlarını izah edə bilməyəcəyik. Əyani misal olaraq mən, əxlaqi və qeyri-estetik, daha dəqiq desək, antiestetik tənqidi nümunələrin tarixindən ən böyük bir hadisəyə diqqət yetirməyi təklif edirəm – bu, Tolstoyun Şekspir haqqında məqaləsidir.
Davamı →

Erin Kelli | E-kitab inqilabı!

  • Esse
Mən e-kitaba keçməkdə nisbətən gecikdim. Beş il əvvəl “Kindle” aldım, çünki o vaxt bir tərəfdən uşaq əmizdirirkən, bir tərəfdən də 600 səhifəlik “Uyğun oğlan” kitabını oxumağın asan olmadığını gördüm.

Az qala, sadəcə e-mütaliəyə ayrılmış, çılğınlıqla keçən bir aydan sonra bir neçə səbəbdən ənənəvi kağız kitablara qayıtdım: ekran yorğunluğu, səhifə kənarlarına qeyd yazmaq meyli, uşaqların məni mütaliə edərkən görməsini istəməyim və kitab dükanlarının, kitab satıcılarının böyük dəstəkçisi olmağım. “Hachette Livre” şirkətinin CEO-su Arno Nurri yaxın vaxtlarda e-kitabların “axmaqca” olduğunu dedi, amma bu kitablar ötən yaz mənim həyatımı dəyişdirdi. 
Davamı →

Yusif Vəzir gülüşü

  • Esse
...Gülüş, gülməli şeylər necə yaranır, əsərdə bu kimi halətlərin təsvirinin sıxlaşması və mətnin mahiyyətini, fəlsəfi yükünü təşkil etməsi nə ilə bağlıdır? Bu suallara şübhəsiz ki, həmin əsərlərin dili ilə cavab vermək lazımdır. Bu dilsə əsərdən-əsərə, mətndən-mətnə keçdikcə formalaşır, heca-heca, hərf-hərf, paraqraf-paraqraf yaranır və hər bir fraqment mətn boyunca ətə-qana dolan və bədii diskursa çevrilən əhvalatın əsərə dönməsi prosesini bəlləyir. «Bədii əsərin dili» mürəkkəb anlayışdır, bu nəsnə hər bir yazıçıda, nasirdə özünəməxsus paradiqmaya malikdir, belə ki, məsələn, Yusif Vəzir Çəmənzəminlinin «Cənnətin qəbzi» hekayəsində təsvirdə görünən, ancaq hər an təsvirdən sürüşüb qeyb olan, diqqət mərkəzində saxlanılmayan şeylərin sırası sıxlaşdıqca sıxlaşır, diqqət edin, usta Ağabalanın cənnət sevdası onun ağlını başından almaq dərəcəsində cazibəlidir, o dərəcədə güclü və sehrlidir ki, ətrafdakı hər şeyi, rəzilliyi və naqisliyi ilə az qala adamın gözünün içinə girən şeyləri soldurur, gizlədir, müdhiş və mistik bir güclə kənarlaşdırır, bu «kənarlaşdırma effekti» hekayədə təhkiyənin əsas hərəkətverici qüvvəsini təşkil edir.

Ədəbiyyatşünaslıqdan məlum olan «təhkiyə massivi» anlayışı Yusif Vəzirdə özünəməxsus şəkildə formalaşır, onun yaranma və hərəkət trayektoriyası hekayənin daxildən qurulması, mənanın, nəql edilən əhvalatların, hadisə və nüansların ən zəif hərəkətini belə öz reyestrində qeydə alır. Bu «massiv» diqqət edilərsə, yarandığı anda dağılır, yəni bir əhvalat nəql edilən kimi yenisi onun dağıldığı yerdə qurulur, özündən əvvəlkinin «qırıntılarını» canına çəkib dolğunlaşır, bu hərəkət ümumilikdə təhkiyə strategiyasındakı özümlü cəhətlərin varlığı ilə izah edilməlidir. 
Davamı →

Vladimir Nabokov Dostoyevski haqqında

Belinski “Qoqola məktub”unda (1847) yazırdı: “…Diqqət etmisinizmi ki, Rusiya xilasını mistisizmdə, asketizmdə, pietizmdə yox, sivilizasiyanın, maarifçiliyin və humanizmin uğurlarında görür. Ona nəsihət (kifayət qədər qulaq asıb!), dualar (kifayət qədər təkrarlayıb!) yox, əsrlərlə palçıq və peyin içində itib-batmış insani ləyaqət hissinin oyanması – kilsə təliminə yox, ağla və ədalətə uyğun qanun və qaydalar, həmçinin onların qəti yerinə yetirilməsi imkanı lazımdır.

Lakin Rusiya insanın insanı satdığı qorxunc bir ölkəyə bənzəyir; amerikan plantatorları kimi, zəncilərin insan olmadığını iddia edərək hiyləgər bəhanələr arxasına da sığına bilməz. Bu ölkə insanların bir-birini adlarla yox, ləqəblərlə çağırdığı (Vanka, Vaska, Steşka, Palaşka), nəinki şəxsiyyət, ləyaqət və mülkiyyət üçün, hətta polis nizamı üçün belə heç bir zəmanətin olmadığı, yalnız müxtəlif xidməti quldurların və oğruların yaratdığı nəhəng korporasiyaların mövcud olduğu dəhşətli bir yeri təmsil edir.
Davamı →

Bəşəriyyətin bir atadan gəlməsi haqda mülahizələr

  • Esse
Hər bir millətin öz mədəniyyəti və dili onu millət olaraq təyin edən əsas xüsusiyyətlərdəndir. Buna mifologiya da daxildir. Sizlərə insanların ortaq atadan gəlməsi ilə bağlı alternativ mülahizələrimi təqdim edirəm.

Bazar ertəsi – hamının ilk iş günü olduğu üçün nifrət etdiyi gün. İngilis dilində “Monday” olaraq tərcümə olunan bu söz germanik dillərdə fərqli səslənir (norveçcə “mandag” kimi və s.). Bu sözün kökü göründüyü kimi “Moon day” yəni “Ay günü” ifadəsindən yaranıb. “Mani” qədim skandinav dinində “Ay”ın insanlaşdırılmış formasıdır. Qədim Romada bu günə “dies Lunae” deyirdilər, elə bu da “Ay günü” deməkdir. Hindlilər də bu günə “Somavar” yəni “Ay günü” deyirlər. Soma hinduizmdə ölümsüzlük simvoludur. Bu yerə qədər hər şey bizə normal gələ bilər, çünki yuxarıda adı çəkilən bütün dillər Hind-Avropa dilləri qrupuna daxildir. Amma Şərqi-Asiya dillərində də buna oxşar hallara rast gəlinməsi düşündürücüdür. Çin dilində də bazar ertəsi ay ilə əlaqələndirilir. Bu sistem Koreya və Yaponiyada da var. Həftənin bütün günləri Hind-Avropa və Şərqi Asiya sistemlərində planetlər və elementlər ilə bağlıdır.
Davamı →

Ədəbiyyatın “Qara qraf”ı

Fransa ədəbiyyatı deyərkən ağlımıza hansı adlar gəlir? Orta səviyyəli oxucu üçün 3-4 ad var: V.Hüqo, O.Balzak, A.Düma, Molyer, Mopassan və daha bir neçə nəfər. Onların həyatı barədə isə çox az şey bilirik. Ən azı öz payıma deyim. Öyrəndikcə isə təəccüb, heyrət bir-birini əvəzləyir.

19-cu əsrin dahi Fransız yazıçısı Aleksandr Düma Azərbaycan oxucusu üçün həm tanışdır, həm də doğma. Müəllifin “Qafqaz səfəri” əsəri onu bizə daha da yaxın edib. Digər əsərləriylə yanaşı sevə-sevə oxuyuruq.

Dümanın şəklini ilk dəfə görəndə onda nəsə qeyri-adilik sezmişdim. Tip olaraq fransızlara bənzəmirdi. Əsmər çöhrə, qıvrım saç onu sarışın, ağbəniz soydaşlarından fərqləndirirdi. Buna o qədər də əhəmiyyət verməmişdim. Ancaq amerikalı araşdırmaçı jurnalist Tom Reissin “Qara Qraf” kitabını oxuduqdan sonra şübhələrimdə haqlı olduğumu gördüm. 
Davamı →

Özümüz üçün düşünmək | Alain de Botton

  • Esse
Sokrat bizə təkcə başqalarının fikirlərinin xətalı olacağını göstərməklə qalmır, həm də nəyin doğru olduğuna özümüz qərar verək deyə, bəsit bir düşünüş metodu da təklif edir. Çox az sayda filosof düşünərək yaşamağa başlamaq üçün bu qədər az şeyə ehtiyac olduğunu düşünür.

Sokrata görə düşünərək yaşamaq üçün illər boyunca təhsil almağa və aşırı dərəcədə boş zamana sahib olmağımıza gərək yoxdur. Bəlli bir mövzuya qarşı maraq duyan, zehnindəki daşları yerli-yerində nizamlamış və ağlauyğun olduğu iddia edilən bir düşüncəni gözdən keçirmək istəyən hər kəs, Sokratın bu metodunu tətbiq edərək, küçədə yeriyərkən bir dostuyla həmin mövzuda söhbətə başlayıb, yarım saatdan da qısa bir zaman içindəcə bir ya da iki təsirli, məntiqli qənaət əldə edə bilər.
Davamı →

Mirzə Cəlillə ayrılıq məqamı

  • Esse
Bütün ədəbi məktəblər millətin çərçivəsini daraldır. Ədəbi məktəblərə heyranlıq tərbiyəsinin axırı yoxdur.

Cəlil Məmmədquluzadə XX əsr Azərbaycan ədəbiyyatının satirik ruhunda günahkardır. Satira “usta”larımız pişik quyruğuyla oynayan kimi daim acı sözlə əylənib millətin bütün önəmli keyfiyyətlərindən yan keçiblər. Onların fərasətindən millət barmaq qatlayıb öz fəzilətlərini sadalaya bilməyi unudub. Amma naqisliklərini əzbərdən bilir. Hamımız ağız-ağıza vermişik: murdarıq, yaramazıq, pisik. Satirik ruh qanımıza yeriyib.

Düşmən millətimizi topla atəşə tutanda, Mirzə Cəlil sözlə tutub. Mirzə Cəlil ədəbi kollaborasionistdir. Özü də həmişə düşmənin görüb-bilmədiyi yerləri nişan alıb.
Davamı →