Gözlərin bəzi iltihab xəstəlikləri

Uşağın göz qapaqları dərisinin qızarması - dermatit  — qida və ya dərman allergiyası, həmçinin buraya mikrob düşməsi nəticəsində baş verə bilər.

Göz qapaqları kənarlarının qızarması, qaşınması, onların qalınlaşması, qabıq verməsi, kirpiklərin tökülməsi ilə müşayiət edilərsə, bu, blefarit xəstəliyidir. Onun səbəbi isə göz qapaqları kənarlarında yerləşən vəzilərin iltihablaşmasıdır.

Ümumi xəstəliklər, hipovitaminozlar, kariyesli dişlərin və qurd xəstəliklərinin olması, həmçinin sanitar vəziyyətin pis olması və s. nəticəsində bu vəzilərdə iltihablaşma prosesi başlaya bilər. Blefaritin müalicəsi uzun müddət ərzində aparılır və çətin müalicə edilən xəstəliklərdən hesab edilir.


Ardı →

İtdirsəyi və xalyazion

İtdirsəyi – göz qapağındakı kirpik kisəsinin və ya piy vəzisinin kəskin irinli iltihabıdır.

Xəstəlik əksər hallarda immuniteti zəifləmiş olan insanlarda (adətən uşaqlarda) və ya badamcıqlarının, burunun əlavə boşluqlarının iltihabı, dişlərdə olan xəstəliklər, qurd invaziyaları, şəkərli diabet və s. xəstəliklər fonunda baş verir.

Xəstəlik ilkin olaraq göz qapağı kənarında ağrılı nöqtənin əmələ gəlməsi ilə başlayır. Sonra onun ətrafında şişkinlik və qızartı əmələ gəlir və göz qapağı şişir. 2-3 gündən sonra göz qapağı kənarındakı şişkinlik sahəsində sarı rəngli irinli “başcıq” əmələ gəlir və o deşildikdən sonra içərisindən irin xaric olur. Əgər göz qapağında eyni zamanda əmələ gəlmiş bir neçə itdirsəyinin birləşməsi baş verərsə, xəstənin ümumi vəziyyəti ağırlaşır.


Ardı →