Müəllif sözü
Hər xalqın ədəbiyyatı onun öz dilində yaranıb inkişaf edir. Maarifin və yazının tarixi, qədimliyi baxımından müxtəlif dillər fərqlidir. Lakin bu fərqlə yanaşı yazılı dillərin hamısında ədəbi əsərlərin yazılmasından, həmin dildəki ədəbi mətn mədəniyyətindən və ənənəsindən xüsusi üslub yaranır. Bu üsluba ədəbi üslub və ya bədii dil də deyilir. Bədii dil yazıçı və şairlərin, müəlliflərin dilidir.
Əsrlərlə bu dilin öz leksik zənginliyi, sintaktik gözəlliyi formalaşır və milli yazılı dillərin ən zəngin üslubi qolu olur və digər funksional üslubların yaranmasına böyük təsir göstərir, onlar üçün baza rolunu oynayır. Ədəbi üslubun mühüm xüsusiyyəti onun yazılı olması və müxtəlif fərdi yazıçı üslublarını özündə birləşdirməsidir. Ədəbi mətnlərin istənilən fraqmenti ilk növbədə, konkret müəllif sözü və mətni olur. Yəni hər bir ədəbi əsərin müəllifi var. Hər bir müəllif isə təkrarsız və belə demək olarsa, bir nüsxədə olan fərddir. Müəllif fərdiyyəti onun bütün mətnlərində onun öz iradəsindən asılı olmayaraq öz izini qoyur. Müəllifin yazdığı mətnlərdə onun təkrarsız fərdiyyətini əks edən xüsusiyyətlərin məcmusu fərdi üslub adlanır.
Müəllifin fərdi üslubu ədəbi əsərin lüğət tərkibində, sintaksisində, intonasiyasında, mövzuya və personajlara münasibətində və s. öz əksini tapır. Parlaq yaradıcılıq fərdiyyəti olan yazıçıları və şairləri onların fərdi üslubundan tanımaq olur. Fərdi üslub nəsrə nisbətən poeziyada daha qabarıq olur. Ədəbiyyatın zənginləşməsində, onun tematik və süjet tükənməzliyində fərdi üslubun fundamental əhəmiyyəti vardır. Məsələn, bütün şairlər min illər ərzində sevgidən yazırlar. Amma bu mövzu tükənmir və tükənmiş sayılmır. Bunun əsas səbəbi şairlərin fərdi üslubudur. Fərdi üslub ədəbiyyatı tematik tükənmə təhlükəsindən xilas edir. Biz artıq qeyd etdik ki, oxucunun müraciət etdiyi istənilən mətn, ilk növbədə, dərdi üslubu, fərdi müəllif qələmini təmsil edir. Məhz bu fərdilik ədəbi əsərin və onun qavrayışının orijinallığını şərtləndirir. Orijinallıq – ədəbi mətnin həm də fərdi üsluba aidliyidir, onun təkrarsızlığı və bir nüsxədə olmasıdır.
Ardı →