Nağıllar Şiringül Musayeva

Nağıllar

Tutbitin nağılı  1-ci nağıl

 

 Biri var idi, biri yox idi bir Tutbit quşu var idi. Bu Tutbit hələ balaca idi . Anası ilə kiçik bir bağda yaşayırdı . Mart ayıydı, hava soyuq və sazaqlı keçirdi . Ana Tutbit bala Tutbit ilə bütün günü bağda hərlənir, ağac qabıqları, yerə tökülmüş xəzəllər arasından keçən ildən qalma bitki toxumları , meyvə qalıqları taparaq dənlənir, bir qarnı ac, bir qarnı tox günü başa vururdular . Doyumlu bir şey yox idi, meyvə qalıqları çürümüşdü . Axşamlar da ağac koğuşundakı yuvalarına dönər, yatıb dincələrdilər .

 Günlər yeknəsəq keçirdi. Ana Tutbit sanki nəyinsə həsrətini çəkirdi, qəmli idi . İstər- istəməz onun kədəri bala Tutbitə də sirayət edirdi, o da qəmli idi .Ağaç qabıqları , xəzəllər altından tapıb yedikləri heç bir şey onları məmnun etmirdi, sanki başqa bir dada tamarzı idilər, başqa bir dad arayırdılar. Görən, bu nə idi?

 Ana Tutbit heç oxumurdu . O üzdən bala Tutbit də oxumaq bilmirdi .

Bir gün ana və bala Tutbit bağda hərlənirkən birdən ana Tutbit bir anlıq dayandı ,başını qaldırıb göyə baxdı və sevinclə budaqdan — budağa qonaraq oxumağa başladı

-Tut, bit. Tut, bit .

Bala Tutbit heyrətlə anasına baxırdı . Anasının mahnısından balacanın ürəyinə sevinc doldu . Həyatlarında tezliklə gözəl şeylərin baş verəcəyini hiss etdi . O da anası kimi budaqdan — budağa qonaraq oxumağa başladı

-Tut, bit .Tut, bit .

Bir xeyli oxuduqdan sonra , nəhayət, quşlar sakitləşdi . Bala Tutbit maraqla anasından soruşdu

-Anacan nə baş verir? Ürəyim sevinclə titrəyir . Gözəl şeylərin baş verəcəyini hiss edirəm .

-Elədir, balaca, tezliklə özün hadisələrin şahidi olacaqsan. Artıq gözəl günlər yaxındadır. İndi biz hər gün nəğmə oxuyub o günlərin gəlməsini tezləşdirməliyik .

-Bizim mahnımız o günlərin gəlməsini tezləşdirəcək?

-Əlbəttə. Biz o günlərin gəlməsini tezləşdirəcəyik. Bütün quşlar bayram edəcək, doyunca tut yeyəcək və bizə çox sağ ol deyəcək .

-Tut nədir ?

-Gözəl dadlı, doyumlu meyvədir.Bizim eləcə də bütün quşların, hətta insanların zəifləmiş vücudu üçün tam bir şəfa mənbəyidir .

-İnsanlar da tutu sevirmi?

-Əlbəttə sevirlər .

-Eləysə oxuyaq

-Tut  ,bit .Tut, bit -quşlar səs — səsə verib oxudular .

 Çox keçmədi bağda canlanma başladı, ağaclar sürətlə çiçəklədi, yerdə yamyaşıl otlar göyərdi, otların arasında bənövşə, novruzgülü göründü .Gözəgörünməz bir qüvvə bağı bəzəyir, hər gün gözəlliyini  daha da artırırdı .Havadan güllərin, çiçəklərin məstedici ətri gəlirdi . Bağın içində sular şırıldayıb axırdı .

 Bir gün ana Tutbit Tut ağacının ən hündür, gündüşən budağına qonub sevinclə bala Tutbiti səslədi

-Buraya gəl, balaca, tez gəl !

 Bala Tutbit gözlədikləri anın yetişdiyini anlayaraq anasının yanına uçdu

-Bir bunlara bax! Artıq dəyib .

— Nəyə?

-Bax bu şirəli, ağ, pambıq kimi yumşaq meyvələrə .

Bala Tutbit dimdiyi ilə meyvələrdən birini götürdü . Meyvənin şirəsi, dadı, yumşaqlığı onu heyran etdi. Meyvə sanki özü sürüşüb bala Tutbitin çinədanına düşdü. Quş az qaldı sevincdən bihuş olsun, aylardır gözlədikləri dad bu imiş demək. Cəld birini ,daha birini yedi.

Bu meyvədən doymaq olmurdu .

-Anacan, sən yemisən?

-İndi yeyərəm — ana da bir — iki tut yedi .

Meyvə qurtardı .

-Nə tüz qurtardı -bala Tutbit bikeflədi .

-Bikefləmə. Bunlar ilk nübar idi ki yedik . İndi hər açılan sabah bu meyvə çoxalacaq . Yığıb — yığışdırmaq olmayacaq. Dəstə dəstə quşlar, insanlar buraya axışacaq . Hamı  tut yeyəcək, bayram edəcək .

 

Anasının dediyi kimi də oldu. Bir azdan bağdakı ağaclar hamısı şirəli dadlı tutlarla doldu . Hər yandan quşlar, insanlar buraya axışır, doyunca tut yeyirdi . Tut isə azalmaq bilmir, daha da çoxalırdı .

 Bala Tutbitin günləri çox şən keçirdi . Hər gün anasının səsinə oyanır, doyunca tut yeyir və elə

 hey oxuyurdu

-Tut, bit .Tut ,bit .

 Bir gün bala Tutbit yenə də sevinclə öz mahnısını oxuyurdu . Bu zaman gözü ağ saçlı bir babaya sataşdı. Dadlı tutdan dərib həm özü yeyən, həm də yanındakı nəvəsinə verən Baba Tutbitə baxaraq gülümsəyirdi

-Sakitləş balaca, Bir bax tutu yetişdirdin . İndi biz də, quşlar da yeyir, sənə çox sağ ol deyirik .

 Babanın yanındakı nəvə Tutbitə əl yelləyirdi .

Və bala Tutbit çox xoşbəxt idi .

 

Qara böcəyin nağılı, 2- ci nağıl

Biri var idi, biri yox idi , bir Qara böcək var idi . Bu Qara böcək yaranmış bütün quşlara, kəpənəklərə, fatma nənələrə həsəd aparırdı. İşi — peşəsi onlara irad tutmaq, dodaq büzmək idi .

Məsəla çiçəklərin üzərində, çəməndə uçan bir kəpənək görəndə cəld təntiyə- təntiyə ona yaxınlaşar, belə uçmağın lüzumsuz olduğunu söyləyərdi .

— Nə üçün gah o gülə, gah bu gülə qonursan . Özünü al günün altında əldən salırsan .Uçmaq sənin ağlını artırırmı? Yaxşı olar ki, qaxılıb bir yerdə qalasan .

 

 Fatma nənələrə iradı daha sərt idi

-İşin — peşən qurtarıb? Uşaqlar, gənclər səni əllərinə götürür, ürəklərində arzu tutur, səni uçurdurlar. Sən də ar, namus bilmədən uçursan .

-Uçmaq mənim peşəmdir . Mən uçur və uşaqların qəlbinə sevinc bəxş edirəm. Bundan gözəl nə var ki ?

-Uşaqlar səni əzib, öldürəcək. Belə olsa, sənin halına baxacam

-Xeyr onlar mənimlə ehtiyatla davranırlar . Və məni çox sevirlər.

-Sevirlər...sevirlər … Matah şeysənmiş...Uşaqlar səni sevirlər .

-Bəli, uşaqlar məni sevirlər . Və bu məni, eyni zamanda onları xoşbəxt edir . Onlar hətta böyüyəndə də mənim vaxtilə əllərində uçmağımı xatırlayıb gülümsünürlər . Mən onların xatirəsində belə yaşayıram .

-Bah...bah...

Səhər -axşam nəğmə oxuyan, torağaylar, bülbüllər isə Qara böcəyi lap çilədən çıxarırdı

— Yorulmadız səhər — axşam, axşam -səhər elə hey oxuyursunuz. Nədən baş- beynimizi aparırsınız? Nəğmə oxumaqla qarın doyarmı ? Ondansa gedin küllükdə eşələnin, dən tapın yeyin, qarnınız tox olsun. Qışa da tədarük görün .Daha hava soyuyan kimi uçub neçə km-lə yol qət edib uzaqlara getməyin . Elə yuvanızdaca topladığınız dənlə keçinin .

 Quşlar şən-şən civildəşirdilər

-Necə nəğmə oxumayaq ? Bir təbiətə, ətraf aləmə bax, hər şey gözəllik saçır . Güllərin, çiçəklərin ətri bizləri məst edir . Biz də bu gözəlliyi vəsf edir, oxuyuruq .

-Oxuyuruq...oxuyuruq… Baş beynimizi aparırsınız .

— Heç kəs belə demir  , səndən başqa . Əksinə uşaqlar, böyüklər bizim səsimizi eşidib şənlənirlər. Onların qəlbində təbiətə qarşı sevgi hissləri yaranır. Onlar daha mərhəmətli, xeyirxah olurlar.

-Mərhəmətli… xeyirxah… Çox elə lazımmış onların mərhəməti, xeyirxahlığı .

-Mərhəmət, xeyirxahlıq olmasa dünya qara bir rəngə boyanar. Necə ki gül, çiçək, barlı — bəhrəli ağaclar təbiətin yaraşığıdır, eləcə də mərhəmət, xeyirxahlıq, gözəlliyə rəğbət, sevgi hissləri də insanların, dünyanın yaraşığıdır. Yaxşısı budur sən də günlərini şən keçirt .

-Mərhəmət… yaraşıq ...- Qara böcək bütün günü donquldanır, zibillikdə eşələnir, tapdığı qırıq -quruq şeyləri bir -bir udurdu .

 Nəhayət payız gəldi. Hər tərəf boz — bulanıq, qaramtıl rəng aldı. Quşlar uçub isti ölkələrə getdi. Ağaclar, çiçəklər yazda yenidən oyanmaq ümidi ilə dərin bir yuxuya getdi .

 Qara böcək boz, soyuq, qaramtıl torpaqda eşələnir, elə hey donquldanırdı

— Utanmazlar… Necə də bütün yazı, yayı məni dəng etmişdilər. Beləcə sakitləşərsiz .

 Birdən Qara böcəyin ayağı sürüşdü, torpaqda qara bir çuxura düşdü. Çuxur nisbətən isti idi. Qara böcək öz — özünə dedi

-Yaxşısı budur, mən də burada yatım. Ətraf çox soyuqdur .

Və Qara böcək də yazda oyanmaq ümidi ilə dərin bir yuxuya getdi .

...

Alabəzək quşun nağılı, 3 — cü nağıl

Biri var idi, biri yox idi Harun Ər Rəşidin zamanında gözəl bir baxça var idi. Bu baxçada saysız hesabsız, bir — birindən gözəl çiçəklər, böcəklər, quşlar yaşayırdı. Bu böcəklər, çiçəklər, quşlar bir-biri ilə mehriban, qonşuluq şəraitində yaşayırdılar. Hər gün bir — birinin evinə qonaq gedir, çay içir, söhbət edirdilər .

 Bir həftə olardı ki, baxçada alabəzək, iri bir quş peyda olmuşdu. O, böcəkləri, quşları görən kimi üzərlərinə hücum çəkir, onları dimdikləyirdi. Baxçanın əvvəlki nizamı pozulmuşdu. Daha böcəklər, quşlar bir — birinə qonaq getmir, alabəzək quşun qorxusundan başlarını yuvalarından bayıra çıxarda bilmirdilər. Bir gün belə, beş gün belə quşlar və böcəklər yuvalarında darıxmağa başladılar. Onlar azad yaşamağa, çiçəklərin üzərində uçuşmağa, səhər — axşam nəğmə oxumağa öyrəşmişdilər. İri quş isə onların azadlığını əllərindən almışdı .

İri quş buralara haradansa azıb gəlmişdi. Necə etsinlər ki, onu buralardan uzaqlaşdırsınlar .

Qərara aldılar ki, hamısı birdən bayıra çıxsın və zil səslə qışqırıb haray — həşir salsınlar. Belə də etdilər. Quşların səs — küyündən alabəzək quş özünü itirdi, ağacın başından tappıltı ilə yerə düşdü. Quşlar və böcəklər cəld onu dövrəyə aldılar, əl — ayağını möhkəm sarıdılar. Ayılandan sonra onunla söhbət etmək qərarına gəldilər.

Xeyli vaxt ötdü, nəhayət, iri quş özünə gəldi. Heyrətlə ətrafa baxdı, nə qədər etsə də əl — ayağını aça bilmədi. Hər tərpənəndə qanadlarından qəribə gurultu qopurdu, ətraf toz — torpaq olurdu. Bir qədər çapaladıqdan sonra, nəhayət, sakitləşdi. Xırda quşların ən sevimlilərindən olan Torağay ona yaxınlaşıb  

— Buralara hardan gəlib çıxmısan — deyə soruşdu .

— Mən dünyanın o başında — nəhəng quşlar diyarında yaşayırdım. Orada xırda quşlar, cücülər heç olmaz. Kəpənəklər belə buradakı quşlardan böyükdür .

— Ah, çox qorxuludur ...cüllüt içini çəkdi.

— Elədir, sizin kimi quşlar üçün orada yaşamaq çox qorxuludur. Amma bizim üçün əlverişli idi. Bizdə çaylar dərin və bol suludur, göllər, dənizlər nəhəngdir. Çəmənlər, meşələr bərəkətlidir. O qədər bol meyvə, səbzə var ki… Günümüz xoş keçirdi.

-Bax da… Nədən buraya gəldin — Cüllüt soruşdu  

-Mənim buraya gəlməyimə səbəb başı boş qarğa oldu. O bütün günü quşları toplayır, uzaqlarda daha gözəl bir ölkə olduğu haqqında məruzə edirdi. Hətta bir — bir  quşların evini gəzir, köçməyi məsləhət bilirdi. Bir gün bizim vilayətdə möhkəm tufan olmuşdu. Tufanın təsirindən bir neçə ağac sınmış, quşlardan bəzisinin yuvası dağılmışdı. Qarğa bu fürsətdən yararlanıb mənə yaxınlaşdı

-Niyə qalmısan bu qarma — qarışıq vilayətdə? Belə çay, belə göl olar, belə hündür dağlar olar? Ayağın büdrəyib yıxılsan tikən ələ gəlməz. Meşələri o qədər sıxdır ki, sərbəst uçmaq belə olmur. Mən bir ölkə tanıyıram gölləri, çayları, dağları xırda, miyanə. Hər şey əlinin altında, əziyyətsiz. İstəyirsən gündə on dəfə gir çim. Bir gündə beş dəfə fəzasında uç .

Nəysə… onun məsləhəti ilə uçub bura gəldim. Və burada özümü çox tənha hiss edirəm. Burada hər şey çox kiçikdir. Siz — xırda quşlar məni görüb pərən — pərən düşürsünüz. Mənə dəvə nalbəndə baxan kimi baxırsınız. Halbuki mən ət yeyən quş deyiləm. Dostluq eliyəsi kimsəm yoxdur. Canlı varlıq isə tək yaşaya bilməz  - quş ağlamağa başladı  . — Yolu da tanımıram ki, geriyə qayıdım .

Ürəyiyumşaq bülbül dedi

Ağlama, payıza qədər döz. Payızda köçəri quşlar buradan keçəndə çalışıb onlara qoşularsan. Amma daha bizi dimdikləmə

-Oldu

 Xırda quşlar iri quşun əl — ayağını açdılar. O gündən iri quş xırda quşlarla dostluq şəraitində yaşamağa başladı. Xırda quşlar nəyin dadlı, nəyin dasız olduğunu ona göstərirdilər. Böyük quş bağda dövrə vurur, ağacların bol meyvəsindən yeyirdi. Günü pis keçmirdi, amma yenə darıxırdı .

Nəhayət, payız gəldi. Hava soyuyurdu. Hər gün yağış yağırdı. Külək yarpaqları havada uşururdu. Xırda quşlar öz yuvalarına çəkilmişdi. İri quş özünə yuva da tikməmişdi. Yağış yağanda bir qayanın dibində daldalanırdı. Çox üşüyürdü .

Bir gün bağa köçəri bir quş dəstəsi gəldi. Onlar burada bir qədər dincəlib yola davam edəcəkdilər. Xırda quşlar onları gülərüzlə qarşılayıb məşvərətə başladılar

Böyük quş onlarla uçsunmu? Köçəri quşlar iri quşun ölkəsindən keçəcəkmi?

Köçəri quş dəstəsinin başçısı yollarını dəyişməyin mümkün olmadığını dedi. Onlar ta qədimdən eyni yollarla gedib gəlmişlər. O quşların həyatına cavabdehdir. Onları mənzil başına çatdırmalıdır. Yaxşısı budur alabəzək quş gəldiyi yolları xatırlayıb özü tək el — obasına dönsün. Gələndə tək gəldiyinə görə bu işi yenə bacarmalıdır. Yuxarı qalxarsa instinktləri ona düzgün yol göstərəcəkdir .

Çox keçmədi ki, köçəri quş dəstəsi yola düşdü. Onların uçuşunu izləyən alabəzək quş birdən

-Xatırladım ....xatırladım! — deyə sevinclə səsləndi — Vətənin yolunu xatırladım. Sağ olun qonaqpərvər cüllütlər, mehriban torağaylar, sevimli bülbüllər. Sağlıqla qalın! Mən gedəsi oldum. O qanadlarını çalaraq göy üzünə qalxdı. Oradan sonuncu dəfə xırda quşlara xudahafiz göndərib cənub istiqamətinə uçdu .

— Yolun uğurlu olsun! Salamat get! El — obana salam apar, əziz böyük quş !- xırda quşlar onu mehribanlıqla yola saldılar .

 

Torağayın nağılı, 4 — cü nağıl

 

 Biri var idi, biri yox idi, bir torağay var idi. Bu torağay böyük və gözəl bir baxçada şad və xoşbəxt yaşayırdı. Səhərlər şən — şən nəğmə oxuyur, gündüzlər yem dalınca qaçır, axşamlar yuvasına dönüb dincəlir, yatırdı. Heç nədən narazı deyildi .

 Bir gün torağay yuvasına dönəndə orada tanımadığı yad bir quş gördü. Quş onun yuvasında uzanıb istirahət edirdi .

-Sən kimsən, burada nə edirsən? Bura mənim yuvamdır — torağay həyəcanla tanımadığı quşa qışqırdı.

— Bunun yuvasıdır… Buna bir bax! Bura mənim xoşuma gəlir. Biz adətən yuva hörmərik, hara xoşumuza gəlir, orada dincələrik, gecələyərik. Sən get budaqda gecələ, hava xoşdur .

— Mən bu yuvanı min bir əziyyətlə hörmüşdüm, orada bala çıxardacaqdım .

— Bala sənin nəyinə lazımdır? Bu gün varsan, sabah yoxsan. Özünü keçindirə bilmirsən, balanı necə saxlayacaqsan ?

— Ruzini verən Allahdır. Heç bir canlı ac qalmır. Bu boyda bağ- bağça bizi ac qoymaz .

-Bağ — bağça… Bağ baxça iki ay sonra solub gedəcək. Dünyaya gətirdiyin o balacalar nəylə dolanacaq ?

-Nəylə dolanacaq? Bizə nə öyrədiblər onu da edirik. Sən özün də kiminsə balası olmusan. Canlılar dünyaya bala gətirməsə, heç bir canlı artıb çoxalmaz. Dünyada yaşam məhv olar .

— Baş — beynimi aparma, yatmaq istəyirəm. Çarəsiz torağay bir budağa qonub susdu. Oradan çarəsizcə yuvasına baxır, başına gələn bu hadisədən çıxış yolu axtarırdı .

Günlər keçib gedir, yad quş yuvanı tərk etmirdi. Torağayınsa yumurta qoymaq vaxtı idi. Bəs o nə etsin ?

Torağay meşəbəyinin yanına gedib əhvalatı ona danışdı. Meşəbəyi bu işə bir əncam çəkəcəyini söylədi .

Torağayın yuvasının yanında ustalar qəşəng  , səliqəli quş yuvaları düzəltdilər. Eyvanına dən də səpdilər.

Torağay sevinclə yad quşa yaxınlaşdı

— Cik ...cik ...bir bax nə gözəl yuvalar tikiblər. Sənin kimi müsafirlər üçün. Eyvanında hazır yem də var .Get orada yaşa, mənim yuvamısa mənə ver .

— İstəməz, sən get orada yaşa .

Çarəsiz torağay təzə yuvalardan birinin eyvanına qondu. Pis deyildi. Artıq yumurta qoymaq vaxtı idi .

Aradan bir müddət keçdi. Torağay təzə yuvada yumurta qoyub üstündə yatarkən yad quşun gəlib eyvana səpilmiş dənləri yediyini görürdü .

Sonra isə yad quşun ona yaxın təzə yuvaya köçdüyünü gördü. Amma artıq torağay yumurta qoymuşdu, yuvasına dönə bilməzdi. Yad quş indi də təzə yuvaların eyvanına səpilmiş dənləri yeyirdi. Torağay qorxudan yumurtalarını sahibsiz qoyub dən dalınca gedə bilmirdi. Susuzluqdan yanırdı .

Torağay artıq taqətdən düşürdü… Elə bu vaxt göydən şığıyan bir qartal onun yuvasının qarşısında dənlənən yad quşu caynağına alıb havaya qalxdı. Torağay həyəcanla səs saldı, başqa quşları köməyə çağırdı. Nə də olsa yad quş da bir can daşıyırdı. Amma qartal gözdən itdi. Yad quşun aqibəti bəlli olmadı. Bəlkə o canını qartaldan qurtara bildi ?

Torağayınsa… çox keçmədi balaları dünyaya gəldi. Torağay hər gün yem dalınca uçur, balalarını bəsləyirdi. Şən — şən mahnı oxuyurdu. Mahnısı da elə o vaxtdan dillər əzbəridi

Mən xırdaca bir quşam

Çox azad doğulmuşam

Qanadlarım rəngbərəng

Vurmuş təbiət min rəng

Hava, torpaq, mavi göy

Məskənimdir əzəldən

Razıyam bu düzəndən

Baxma zərif bir quşam

Düzənimi qurmuşam.

5 — ci nağıl  Yer və Göyün nağılı

 

Biri var idi, biri yox idi, bir Yer ana və bir də Göy ata var idi. Onlar ta əzəldən var idi, bir ailə idilər. Yer baxıb Göyü, Göy də baxıb Yeri görürdü. Onlar beləcə yaşayırdı. Yer nədənsə çox darıxırdı, Göy çox fikirləşdi, bir gün Günəşi  yaratdı. Hər tərəf nura qərq oldu. Yer oyanıb heyrət etdi  Bu işıq haradandır? Başını qaldırıb Günəşi gördü. Günəş şəfəqlər içərisində ona gülümsəyirdi. Yer çox sevindi. Aradan bir müddət keçdi. Bir gün Yer göy üzündə Ayı gördü, heyrət etdi

— Bu çox gözəl !

Göy dayanmadan bütün planetləri Yupiteri, Veneranı, Saturnu, Marsı yaratdı. Onlar bir ailə kimi mehriban yaşamağa başladılar. Arada Göy bütün planetləri yığıb Yerə qonaq gəlirdi, Yeri darıxmağa qoymurdu .

Çox keçmədi Günəş və o biri planetlər çox böyüdü, onlar Yerə qonaq gələndə Yer ağırlıqdan ləngər vurmağa başladı. Ata Göy Yerin həyatı üçün təhlükə yarandığını hiss etməyə başladı, odur ki planetlərə dairəvi şəkil verdi və onları müxtəlif istiqamətlərə göndərib hərəsinə bir görəv verdi

Günəşin görəvi

Günəş ətrafa nur saçacaq, aləmi nura qərq edəcəkdi. Yaydığı istilik həyat mənbəyi olacaqdı. Gecə və gündüzü növbələşdirəcəkdi. Göy ili dörd fəslə böldü. Günəş bu fəsillərdə Yeri müxtəlif cür işıqlandıracaqdı. Nədəsə səhv etmək olmazdı. Onun hansısa bir səhvi böyük təhlükə yaradardı.

Ayın vəzifəsi

Ay Yerə çox yaxın durmalıydı. Gecələr Göy üzünə qalxmalı, ətrafı zərif bir nura qərq etməliydi, qaranlıq gecələri aydınlatmalıydı. O da yerə çox yaxınlaşa bilməzdi, yoxsa böyük fəlakətlər baş verərdi.

Venera çox gözəl idi. Ay Günəş, o biri planetlər hətta onu qısqanırdı. Göy planetlər qısqanıb zərər verməsin deyə onu çox uzağa göndərdi. Amma bu onun zərafətini daha da artırdı. Gələcəkdə şairlər onun gözəlliyindən çox bəhs edəcəkdi, onu gözəllik ilahəsi adlandıracaqdı .

Saturn çox yekə və yüngülbeyin idi. Bütün günü ağlayır, ah uf edirdi, qara dumanlı fikirlər başından əskik olmurdu. O Günəşin, Ayın, Veneranın gözəlliyinə baxır, yaranışı dərk edir yenə də sızıldayırdı

-Bunların mənası nədir axı, niyə bizim hərəmizi bir uzaq yerə göndərirsən?

-Mən dünya yaradıram. Anlamırsanmı? — Göy əsəbiləşirdi. Əvvəllər yalnız mən və Yer var idi. İndi siz də varsınız .

-Nə olsun ?

— Nə olsun… Çox darıxdırıcı idi. Yer darıxırdı. Amma indi siz varsınız, o sizinlə söhbət edir və darıxmır .

-Amma o yenə darıxacaq. Bizi uzağa göndərirsən. O darıxacaq .

-Mən yenə də maraqlı şeylər yaradacam .

-Ah bəs biz? Mən çox darıxıram. Başqa nəsə istəyirəm .

-Nə istəyirsən?

-Bilmirəm ...Amma nəsə belə olmaz. Mən şox darıxıram və nəsə istəyirəm

-Eləysə get, göyün lap uzaq nöqtələrindən birində dur, asta asta fırlan özünçün. Məncə, bu yollarda həyatın mənasını dərk edərsən .

Göy Saturnu lap uzaq bir yerə göndərdi ki, orada həyatın mənasını tapsın, fikirləşməyə imkanı olsun

Beləliklə planetlər hərəsi bir yerə göndərildi və görəvləndirildi. Həyat indi daha maraqlı idi, hərəsinin bir işi — gücü var idi. Amma onlar yenə də bir ailə idi  , bir — birini görür və sevirdi. Uzaqda olsalar da bir ailə olduqlarını dərk edirdilər. Birlikdə bir məqsədə xidmət etdiklərini bilirdilər .

 

 Gözəl qızın nağılı, 6- cı nağıl

 

Gözəl bir qız var idi. Qəribə bir əcinələr ailəsində dünyaya göz açmışdı. Bu ailənin doğma qızıydı, yoxsa bu ailəyə hardansa düşmüşdü? Müəmmalıydı. Amma qız bu ailədə heç kəsə oxşamırdı. Ailədə qızdan başqa da  4-5 uşaq var idi, 4- ü oğlan, biri qız. Hamısı da əcinə idi. Ailə üzvləri arasında bir — birinə qarşı heç bir məhəbbət, mehribanlıq yox idi. Ata və ana bütün günü dalaşırdı. Bir də görürdün ata ananın başını yardı. Səs — küyə qonşular tökülüşüb gəlirdi. Onları aralayırdı. Aradan yarım saat keçməmiş yenə də dava başlayırdı .

Gündə on dəfə döyülsə də ana qətiyyən ev işlərinə baxmır, bütün kəndi gəzirdi. Evdə pintilik baş alıb gedirdi. Qab — qacaq küncdə qalaqlanır, uşaqların əyin — başı kir içində olurdu. Yeməkləri dadsız bişirirdi. Bişirdiyini özü basıb yeyirdi. Bəzən bir yumurtanı iki uşaq arasında bölüşdürür, 3-4 — nü özü yeyirdi. Əcinələr tipik bədən quruluşuna malik idi, cılız və əyriayaq idilər. Hamısı xəstə idi. Biri yerinə işəyirdi, birinin gözləri qıpqırmızı olurdu, biri şizofrenik idi. Qız əcinə qıllı,  yekə döş, yekə göt idi. Boyu isə çıxmırdı .

Arvad bütün günü gəzir evə gəlib olanından yeyir, sonra da süfrənin kənarındaca dombalıb yatırdı .

Əcinə uşaqlar da bütün günü dalaşır, bir — birini döyürdülər. Bu onun, o bunun paxıllığını çəkirdi. Sonra baxıb gördülər ki, paxıllıq çəkməli bir şeyləri yoxdur hamısı gözəl qızın üstünə tökülüşdü. Gözəl qız da onlar kimi yemək tapmırdı, paltar tapmırdı. Amma bunlara rəğmən gözəl və boy — buxunlu idi.

Əcinələr başladılar qızın yemək payını da oğurlayıb yeməyə. Əcinələr onun boy — buxununa həsəd aparır, paxıllıqdan qıza hər cür pislik edirdilər. Biri paltarını yandırır, biri üzünü cırmaqlayır  , saçını yolurdu. Oğlan əcinələr qızı döyür, biri ona eşq elan edir, biri şeir yazırdı. Bunlarda ailə etalonları da yox idi. Hamısı qurşaqdan aşağılarının əsiri idi. Qız əcinə obanın bütün oğlanlarına ağzının suyunu axıdırdı. Lakin oğlanlar ona gözlərinin ucuyla da baxmırdılar. Hamısı ağ göyərçinə oxşayan qızın həsrətini çəkirdi. Gözəl qız isə çox mərifətli və tərbiyəli idi. Oğlanlara gözünün ucuyla da baxmırdı. Lakin ailədə dözmək mümkün deyildi . Gözəl qız Allaha yalvarır bu ailədən xilas olmağı arzu edirdi. Hiss edirdi ki o, bu ailənin qızı deyil, burda nəsə müəmma var… .

Bir gün gözəl qız evdəkilərin zülmündən bir az göz açmaq üçün evlərinin yaxınlığındakı çəmənliyə getmişdi. O göz yaşları axıdır, Allahdan onu əcinələrin zülmündən qurtarmağı xahiş edirdi .

Bu vaxt onun yanına qanadları çox böyük iri bir quş qondu. Onun qanadları üstündə gözəllər gözəli zərif bir xanım əyləşmişdi. Xanım ona qollarını açdı

-Gəl əzizim, getmək vaxtı çatdı .

Gözəl qız həmin xanımı illərdir tanıyırmış kimi hiss etdi

Qaçaraq qucağına atıldı

-Ana, anacan. Məni nədən buralarda qoymuşdun?

-Əhvalat çox uzundur. Şükür, hər şey sona çatdı. Artıq bir yerdə olacayıq.

Gözəl qız və anası uçub gözəl bir diyara getdilər. Orada xoşbəxt və uzun ömür sürdülər. Gözəl qız ailə qurdu. Özü kimi gözəllər gözəli övladları oldu. Və onlar birlikdə xoşbəxt yaşadılar .

 

7-ci nağıl  Yağış

Biri var idi, biri yox idi, qədim bir dünya var idi. Bu dünyada Yer, Göy planetlər, ulduzlar yaşayırdı. Yer də, başqa planetlər də eləcə dağdan, daşdan, kəsəkdən ibarət idi. Dərin dərələrdə bir qurtum su yox idi. Uca dağlar, sıldırım qayalar eləcə bomboz idi. Göy üzündə bulud görünməz, yer üzündə külək əsməz, yağış yağmazdı. Səhər axşam daş — kəsəkdən ibarət planetlər bir birinə baxır və bu baxmaqdan usanırdılar .

Nə qədər bir — birinin həyat nişanəsi olmayan sifətini seyr edəcəkdilər ?

Planetlər darıxırdı heç kim onlarla maraqlanmır, başını qaldırıb göy üzünü seyr etmirdi .

Aylar, illər beləcə keçirdi .

Bir gün Göy Yeri, Ayı, o biri planetləri heyrətləndirmək qərarına gəldi. Nə etsin? Nəhayət qərara aldı ki, yer üzünə yağış yağdırsın .

Buludları yaratdı, külək əsdirib onları bir yerə topladı və bir gün yağış yağdırdı .

Yer həmin gün qəribə bir uğultuya, şırıltıya yuxudan oyandı. Göy üzündən üzərinə şəffaf su damlaları tökülürdü. Hava sərin, gözəl və su ətirli idi.

Damlalar sevinclə havada uşuşur, öz dillərində nəğmə oxuyur və yerə tökülürdü. Yerin qupquru dağlardan, sapsarı səhralardan, bomboz dərələrdən ibarət olan sinəsi fərəhlənirdi .

Yüngül külək, heyrətamiz yağış, su ətri — hər şey füsunkar idi .

Yer dözməyib sevinclə qışqırdı

-Ay, Günəş, Venera, Yupiter, Mars  bir mənə baxsanız! Üzərimə yağan bu nur damlaları nədir ?

— Bu yağışdır — külək pıçıldadı.

— Ah, yağış çox gözəldir...

Bütün planetlər heyrətlə Yeri seyr edirdilər

— Mənim bütün dağlarım, səhralarım, dərələrim sevinir. Yağış bir məlhəm kimi varlığımı sığallayır .

— Çox keçməyəcək sənin sinəndə dənizlər, göllər yaranacaq, çaylar şırıldayacaq. Bu yağış kəsən kimi hər tərəfi bağ- bağça, meşələr, çəmənliklər bürüyüəcək  , çəmənlərdə cürbəcür çiçəklər açacaq — Göy pıçıldadı .

Planetlər hamısı Yeri heyrətlə süzürdü.

Sonra yağış kəsdi. Yerin sinəsində çaylar, göllər, dənizlər əmələ gəlmişdi.

Günəş Yerə qarşı daha mərhəmətli olmuşdu, işığı nur və həyat saçırdı. Çox keçmədi hər tərəfi meşələr, çəmənlər, çiçəklər bürüdü… Heyvanlar, kəpənəklər, arılar, quşlar yarandı .

Planetlər Yeri seyr edir və nəyinsə çatmadığını hiss edirdilər. Nəhayət, bir gün hər şeydən narazı Saturn dilə gəldi

— Nə olsun? Bütün bunlar kimə lazımdır? Heç kəs bu gözəllikləri vəsf etmir, dərindən duymur. Heç biz planetlərə gözünün ucuyla baxan yoxdur. Yer canlandı, rəngbərəng və gözəl oldu. Amma onu heç kəs qiymətləndirmir. Bəs biz? Bizi kim qiymətləndirəcək, kim bizim varlığımızı duyacaq ?

Nəhayət, Göy şüurlu varlıq — insanları yaratmaq qərarına gəldi .

İnsanlar yaranan kimi Göy üzünü, Yeri, başqa planetləri seyr etməyə, onlar haqqında dərindən — dərinə düşünməyə başladı. Aya, ulduzlara, Yerə, yerdəki dağlara, daşlara, çiçəklərə — hər şeyə, bütün dünyaya şeir qoşmağa, mahnı bəstələməyə başladılar. Planetləri tədqiq etmək üçün cürbəcür cihazlar kəşf edir, bir sözlə bütün dünyanı diqqət mərkəzində saxlayırdılar. Bu isə Yeri, Göyü, bütün planetləri — bir sözlə dünyanı xoşbəxt və məmnun edirdi .

 

 8 — ci nağıl  Sərçənin nağılı

Biri var idi, biri yox idi, bir sərçə var idi. Bu sərçə gözəl bir bağda yaşayırdı. Bu bağda başqa quşlar — torağay, bülbül, qaranquş, qumrular da yaşayırdı. Quşlar bağda olan naz — nemətlərdən yeyir — içir, oxuyurdular. Günləri çox şən keçirdi. Quşlar arasında ögey — doğmalıq yox idi. Bağda yeyəcək, içəcək bol idi. Tut dəydi tut yeyirdilər, tut sovuşdu gilas dəyirdi, gilas yeyirdilər. Gilasdan sonra armud, üzüm, əncir yetişirdi. Quşların kefi lap saz idi .

Quşlar yeyir, içir, sabahı fikirləşmirdilər. Balaca sərçəni isə dərd götürmüşdü, bəs bu meyvələr qurtarandan sonra o nəylə dolanacaq? Meyvələr əbədi deyil, bunu anlamaq üçün alim olmaq gərək deyil. May ayında yetişən tutdan avqust ayında xəbər tutmaq mümkün deyil. Bu gedişlə əncir, üzüm də sovuşacaq. Bəs balaca, qara sərçə nəylə dolanacaq ?

Bir gün o, qaranquşa bu barədə sual verdi

— Tezliklə qış gələcək. Əncir, üzüm sovuşacaq. Sən o vaxtı nə etmək fikrindəsən, nəylə dolanacaqsan?

Qaranquş güldü

— Əzizim, mən əncirin, üzümün axırına buradan köçəcəyəm. Artıq balalarım da böyüyüb, uça bilirlər. Biz uçub başqa, isti ölkəyə gedəcəyik. Orada indi tut vaxtıdır, yəqin ki çatarıq .

Çox keçmədi qaranquş sərçə ilə vidalaşıb, balaları ilə köçüb getdi .

Sərçə bikef halda bülbülə yaxınlaşdı, qaranquşa verdiyi sualı ona verdi

Bülbül güldü

— Artıq mənim getmək vaxtımdır. Uzaqda çiçəklər ölkəsi var, ora gedəcəyəm. Orada indi qızılgül aşmağa başlayıb, günüm orada xoş keçər .

Bir müddət keçdi  . Havalar şox soyudu. Artıq quşlar gözə dəymirdi, torağaylar da getmişdi .

Sərçə qəmli — qəmli bağda civildəyir, nə edəcəyini bilmirdi.

 Birdən güclü külək qopdu, yağış yağmağa başladı. Sərçə özünü güclə ağacda düzəldilmiş bir yuvaya sala bildi. Külək elə qüvvətli idi ki, sərçənin daldalandığı yuvanı bir xeyli havada uçurdu, nəhayət bir damın banına saldı. Balaca sərçə təşvişlə başını bayıra çıxardı. Banda özü kimi bir xeyli sərçə gördü .

 Sərçələr onu dövrəyə aldılar

— Sən kimsən? Buraya neçə gəldin? Əvvəllər harada yaşamısan ?

Sərçə başına gələn əhvalatı, əvvəllər yaşadığı yeri nağıl etdi .

— Pis yaşamayıbsan. Amma sərçələrin içində yaşasaydın, bizim adət — ənənəmizi bilərdin, kədərlənməzdin. Biz yad ölkələrə uçmuruq. Qışda evlərin çardaqları, damları bizim oylağımız olur. Burada günümüz xoş keçir. Hər tərəf şaxta olanda da burada dən tapmaq olur. Xeyirxah insanlar buraya bizim üçün dən səpirlər .

Sərçə  bir küncə qısılıb bikef — bikef civildəyirdi

— Nə üçün dostları ona isti ölkələrə uşmağı təklif etmədi? Nə də olsa bütün yazı, yayı bir yerdə keçirtmişdilər, yoldaşlıq etmişdilər .

Bu vaxt bir ana sərçə ona yaxınlaşdı, nədən belə bikef olduğunu soruşdu .

Sərçə dərdini danışdı .

Ana sərçə onun başını sığalladı

— Belə xiffət etmə. Dostların sənə ona görə təklif etməyib ki, sən uzaq ölkələrə uça bilməzdin. Yolda məhv olardın. Bizim qanadlarımız uzaq məsafələrə uçmaq üçün deyil. Biz ancaq yaxın məsafələrə uça bilərik. İndi isə fikir çəkmə, burada dənlən. Hava xoş olanda bayıra uç, çölləri gəz. Yenə yaz gələcək, darıxma. O zaman səninlə dediyin bağa gedərik. Özünə yeni dostlar taparsan. Yəqin ki köhnə dostlarından da gələn olacaq. Sən də dostun bülbüllər, qaranquşlar kimi həmin bağda bala çıxardar, böyüdərsən. Dostların isti ölkələrə uçanda sən də balalarınla bura gələrsən. Qışı burda keçirdərsən .

Bu vaxt cavan bir oğlan gəlib binanın banına çoxlu dən səpdi, su qabına su tökdü .

— Görürsənmi bizim üçün burada pis keçmir. Xeyirxah insanlar dünyanın bəzəyidir. Onlar təbiəti, bizi qoruyur .

Quşlar şən civiltilərlə tökülüşüb dən yeməyə başladılar. Balaca sərçə də onlara qoşuldu .

 

9 cu nağıl Leyləyin nağılı

 Biri var idi, biri yox idi, bir leylək var idi. Bu leylək uzun məsafə qət edərək yenicə bir bağa gəlmişdi. Artıq qocalmış, əldən düşmüş ata — anası bağın nişanlarını ona vermişdi. Və bağda ən uca çinarda möhkəm etibarlı bir yuvalarının olduğunu da söyləmişdilər .

 Leylək çətinlik çəkmədən yuvanı tapmışdı. Yuvaya bir balaca əl gəzdirdikdən sonra orada yaşamağa başladı. Artıq özünə bir erkək dost tapmalıydı. Bu vaxt yuvaya bir erkək quş yaxınlaşdı. Məlum oldu ki, o da uzaq yol qət edərək gəlmişdir. Leyləklərin dostluğu baş tutdu və onlar birlikdə bala çıxartmağa hazırlaşdılar. Gündüzlər yaxın ovalıqlarda yemlənir, axşamlar da yuvaya dönüb orada gecələyirdilər .

 Dişi leylək üç yumurta qoydu və onun üzərində kürt yatdı. Erkək leylək də onu tək qoymadı, hər cür yardım etdi. Yemək daşıdı, yuvanın qarovulunu çəkdi. Arada erkək leylək yumurtaların üstündə yatdı, dişi leylək uçub yaxın ovalıqlarda yem yedi, su içdi. Uyuşmuş ayaqlarının uyuşuğunu açdı .

Nəhayət, vaxt — vədə yetişdi, yumurtalardan üç bala çıxdı. Onlar halsız, gözləri yumulu və aciz idilər. Eləcə ağızlarını açəb yemək istəyirdilər. Ata leylək yaxınlıqdakı bataqlıqlara, ovalıqlara baş vurur oradan balalarına yem tapıb geri dönürdü. Balaların ikisi yemi dərhal udurdu, biri isə hələlik nəsə yemirdi .
Sonra ana leylək uçub yem dalınca getdi. O daha həssaslıqla yem arayır, ən xırdalarını tapırdı ki, balaca leylək yeyə bilsin .

Xırda leylək yenə də çox az yeyirdi, o biri balalara nisbətən aciz və gücsüz idi .

Ana leylək buna çox da əhəmiyyət vermirdi .

Bir gün ata leylək ovalıqdan geri döndü, ağzındakı yemi yuvanın ortasına tökdü, xeyli yem vardı. Diribaş balalar yemə daraşdı. Zəif bala isə ora bura vurnuxur, yemə dimdik vurur, udmaqda isə çətinlik çəkirdi. Onları seyr edən ata leylək qəmli görünürdü. Ana leylək dözməyib səbəbini soruşdu

Ata leylək dedi

— Ovalıqda qoca bir leylək oturub. Mənimlə xeyli söhbət etdi. Daha doğrusu məni sorğu — suala tutub, yuvadakı balaların halını soruşdu. Yuvadakı zəif yavrunu da yemləməyimizi eşidib qəzəbləndi. Qoca leylək bu balanı yuvadan atmalı olduğumuzu söylədi. Bunun genimizdən gələn adət olduğunu vurğuladı .

— Necə yəni ?

-Guya bu bala yaşamayacaq. Yaşasa belə gələcəkdə bizə yük olacaq. Onun üzündən başımız bəlaya girəcək?

— Necə yəni ?

O uzaq ölkələrə uça bilməyəcək. Biz də ona görə uçmayacayıq. Buralarda qalıb soyuqdan tələf olacayıq

— Ah ...ah… Bəs biz nə edək ?

— Gərək o da qidalansın ki, böyüsün. Payızda biz başqa ölkələrə uçanda o da uçsun. Qışda burada güclü şaxta olur, sular donur, heç bir yem filan da olmur. Ac tülkülər, canavarlar, ayılar ova çıxır. O zaman biz onların ilk ovu olacayıq .

— Nə edək? — ana leylək çarəsizliklə inildədi .

— Onu yedizdirməliyik, dərdini tapmalıyıq .

Ata Leylək dimdiyində su gətirdi. Köməkləşib suyu bala leyləyə içirtdilər. O xeyli su içdi. Sonra hətta yemək də yedi. Onlar hər gün belə edir, zəif leylək balası da dirçəlirdi. Artıq o biri balalardan seçilmirdi .

 Bir gün qoca Leylək uçub leyləklərin yuvasına yaxın gəldi, bir budağa qonub soruşdu

— Nə etdiniz? Zəif balanı yuvadan atdınızmı?

-Yox o artıq dirçəlib, yaxşıdır .

— Necə yəni siz leyləklərin min illik gələnəksəl adətlərinə qarşımı çıxırsınız? Belə olmaz. O yaşasa belə təkdir. Gələcəkdə kim ona yoldaşlıq edəcək ?

Qoca Leylək qəzəblə yuvaya şığıdı, istədi zəif yavrunu yuvadan atsın. Bu zaman nəfəsi kəsilib tappıltı ilə aşağı, ağacın dibinə düşdü, elə oradaca öldü. Ana Leylək müəmmalı baxışlarla ata leyləyə baxdı

-Deyəsən biz qurtulduq .

-Amma o tək olcaq — ata leylək bikef — bikef bala Leyləyə baxdı.

-Biz tək deyildikmi ?- ana leylək gülümsündü .

-Doğrudan da .

Leyləklər qayğı ilə balalarını yemləməyə başladılar .

Təbiətin sirləri çoxdur .


Davamı →

Şöhrətpərəst - ikinci hissə Şiringül Musayeva

 Bu arada ölkədə böyük siyasi dəyişikliklər baş verirdi. Hər şey bir-birinə qarışmışdı. Bu vaxta qədər orta məktəblərdə, universitetlərdə uşaqların, gənclərin beyninə yeridilən sosializm, kommunizm ideologiyasının  səhv olduğu aydın olmuşdu. Sovet İttifaqının əslində xalqlar həbsxanası olduğu söylənilirdi. Başqa vaxtı ( məsələn: 3 7- ci ildə ) “ qık eliyən ”in başını kəsən bu quruluş ideoloqları, qoruyucuları indi tələbələrin dəstə — dəstə Lenin ( İndiki Azadlıq ) meydanına axışmasına göz yumurdu.


Davamı →

Yurda dönüş –Şiringül Musayeva

      

Əsl bəşəri məhəbbət olmadan əsl vətən məhəbbəti ola bilməz.- Anatol Frans.

 

Vətəni şücaətinizlə şöhrətləndirin .-Mixail Lomonosov.

 

İlk işə başlayan şəxslərin üzərinə həmişə çox böyük, şərəfli vəzifələr düşür .-Heydər Əliyev


  Bayırda bərk külək əsir, yağış yağır. Küləyin səsi ona keçmişdən bu günə kimi yaşayıb getmiş  bütün insanlığın səsini –ününü xatırladır .Ona elə gəlir dünyadan köçmüş insanların hamısının ruhu  küləyin səsinə hopub və ona görə də küləyin səsi belə qəmgin və uğultuludur ,- bir şeylər söyləyirmiş kimi. Sanki dünyadan perik düşmüş sərgərdan ruhlar bu yağış damlaları altında çırpınır, pəncərələri səsləndirir, işıqlı, isti otaqlarda oturmuş insanları dünya sirlərindən xəbərdar etmək  , onlara nələrsə söyləmək istəyir.Ya da insanlığı köməyə çağırır bəlkə bu səs ?

Səs bəzən o qədər tənha, köməyə çağırırmış kimi görünür ki, İbrahim ayağa durur pəncərəni açır və bayıra göz gəzdirir. Hər tərəf bombozdur, yağış neçə gündür ara vermədən yağdığı üçün ətraf su rənginə bürünüb, su qoxuyur. Pəncərənin qarşısında əkilmiş meyvə ağacları da, xiyaban  boyu sıralanmış sərv ağacları da eləcə yağış altında üşüyürmüş kimi görünür, yarpaqlarından su süzülür. Səki üzərində, ətrafda əmələ gəlmiş saysız gölməçələrdə yağış damlaları sürətlə atılıb- düşür. Ürəyi sızıldayır ...

Bəşəriyyətin bütün dərdləri, ağrıları məhz belə vaxtlarda çiyninə yüklənir, içində bayırdakı vurhavurla bir həmahənglik hiss edir .Haradasa uzaq diyarlardakı ac uşaqlar gözü önünə gəlir, toz- torpaq içində əlləşən, başında çırpı, ağac budağı daşıyan qadınlar xəyalında sıraya düzülür, soyuq,  şaxtalı dağlarda yaşamaq və işləmək zorunda olan kişilər, buzlu okeanlarda şütüyən gəmilər və onların gözləri dənizin buzlu sularına zillənən sərnişinləri...

Uca dağlar, yamyaşıl bağlar, sıldırım qayalar, zümrüd çəmənlər  , yağış altında islanan barılar, daş tökülmüş çınqıllı yollarda qaçışan  xırda uşaqlar və onların oxuduğu vaxtilə sevinc dolu, indisə ona kədər gətirən  mahnılar əl çəkməyir xəyalından.

 

Yağdı yağışlar,

Banladı quşlar...

Arpa yeməkdən

Saraldı quşlar...

 

 Quşlar və uşaqlar ...O günləri kədərlənmədən xatırlamır heç...Beləcə qayğısız günlərin birində müharibə başladı...Anlamırdılar müharibənin nə olduğunu.Amma ellərinə tez –tez şəhid gətiriləndə ağlayan nənələr, bibilər, xalalar onlara bir şeylər qandırırdı daha .Onların yanıqlı səsləri  musiqiyə oxşayırdı ,yanıqlı, kədərli musiqiyə...Bu səslər də o uşaqlığını xatırlayanda qulaqlarından çəkilməyir heç.

İnsan doğulduğu, böyüdüyü ev- eşiyi, küçəni,şəhəri, kənd –kəsəyi, gəzdiyi dağları, adladığı çəmənləri unutmazmış heç .Yediyi bütün meyvələrdə; nübar alçada, almada, armud və heyvada o dadı aradı tapmadı heç .Uşaqlıqda yediyin meyvə dünyanın ən dadlı meyvəsi imiş sən demə...

Necə oldu uşaqlığında çox sevdiyi, indi də unutmadığı nənələr, bibilər, xalalar, yeriyəndə yer tərpənən zəhmli babalar, bayramlarda onlara rəngbərəng konfetlər, manpasılar alan, təptəzə köynəklər alan gülərüzlü, şən, səxavətli, güclü, qolu qatlanmayan əmilər, dayılar? Dünya, nə etibarsızmışsan ...heç etibarın yoxmuş ...sən demə ...Bu etibarsız dünyada ...ölümlü- itimli dünyada hələ müharibə ağrı –acıları da varmış ...sən demə...

Nağıl kimi həyatları, allı- güllü ev -eşikləri, sevimli dostları, gül ətirli xalaları,  bibiləri, üzündən nur tökülən gül üzlü nənələri xatirəyə dönəcəkmiş sən demə...

Dünyada mövcud olan, uşaqlara sevinc paylayan, onları böyüdən, xoşbəxt yaşamasını təmin edən ay üzlü, xeyirxah qüvvələrlə bir arada qara üzlü, qara ruhlu xəbis ruhlar da varmış sən demə ...Onlar işıqlar, nurlar içində uyuyan, yaşayan dünyalarda belə iyrənc müharibələr hazırlayırmış sən demə...

Əzizim ağı bizdən ,

Belinin bağı bizdən .

Qoymayın yad ellini

Almağa bağı bizdən

Günlərin birində ...qaranlıq,- iblislərin hökm sürdüyü bir gecədə yük maşınlarına doluşub gecəylə ev — eşiklərindən, — güllü baxçalarından, hər tinində bulaqlar qaynayan  , o başında əmisi, bu başında dayısı evi yerləşən yurdlarından çıxmaq da varmış sən demə...Hər gün çiçəyini qoxladığı gül kolları ilə, nübarını yediyi ağaclarla vidalaşa bilmədi heç...

Qaranlıqda hey getdilər ...Qəlbində dəhşətli bir ağrı vardı...Başları üzərində nənəsinin nağıllarından çıxmış qorxunc divin durduğunu hiss edirdi. Div onları əsir almışdı və bilinməz, mübhəm, qaranlıq bir həyata aparırdı, əsir aparırdı...Bəs hardadır Məlikməmməd, Ağ atlı oğlan, Qoç Koroğlu, Xan Qazan?

Sonralar heç o xoşbəxtliyi duymadı .Daha yağışlar ona sevinc gətirmədi. Hər yağış yağanda eləcə qəmləndi, qəlbi mübhəm, srli bir kədərlə doldu .Uşaqlığının bər- bəzəyi, gül ətirli xalalar- bibilər hərəsi bir yerə düşdü.Arada, ən çox da yas məclislərində gördü onları .Üz gözləri cırmaq-cırmaq, göz yaşları içində və çox kədərli .Bütün bu kədərlər onun uşaqlığını aldı əlindən .Kədərli, qaşqabaqlı xalalar, bibilər, əmilər uşaqların dünyasını da kədərə bürüyürmüş sən demə...

Ah,  ey insan ...bu ölümlü –itimli dünyada nə hallara düşdün, nə zülümlər ayaqladın, tapmadınmı yaşamağın daha yüngül ,ağrısız çarəsini? Bir bax Təbiət çırpınır, sanki ağlayır, nələrsə anlatmaq istəyir .Dili yoxdur ki,  çatdırmaq istədiklərini insan kimi söyləsin .Bəlkə, üzərində can verən insanların dərdindən, əzabından gileylənir, bu yükü daha çəkə bilmədiyini söyləyir eləcə. Bir dinləsəniz...Dünyanın gərdişini nizamlayan, görəvlilər, bəşəriyyət qarşısında heçmi borcunuz yoxdur?

 

Qapı döyülür .Düşünür otel xidmətçisidir...qapını açır.

                                                                                                                                                                                                                                                                                                                   

 

Yapon dostu, iş yoldaşı  gümrah, enerji ilə dolu  Lui içəri daxil olur. İbrahimi qəmgin görüb təəccüblənir .

-Nə olub?

-Bir şey yoxdur ...Həmişəki halım .Yağış məni qəmləndirir.

-Boş-bekar qalmaqdandır. Mən də qəmlənirəm .Ən yaxşısı fikirləşməməkdir .Guya ,gəzməyə gəlmişik: üç gündür ki, bayıra belə çıxmırıq. Düşək səhər yeməyi yeyək .

Yemək zamanı bu gün gedəcəkləri yerləri müəyyənləşdirirlər. Otel xidmətçisi belə havada dağa, meşəyə, balıq tutmağa getməyin təhlükəli olduğunu deyir.

-Nə edək  bəs –Lui bikefləyir .

-Heç burada əyləşib söhbət edək, domino, şaşki oynayaq, ya da otağımıza qayıdıb küləyin və yağışın səsi altında xatirələrə dalaq .

-Yorulmadınmı xatirələrdən? Sən yazıçı olmalıymışsan .Gəlib politoloq oldun .

İbrahim gülümsündü-Yazıçı, ya da politoloq… hansı sənəti seçsəydim də heç biri insanlıq halımı dəyişməzdi ,yəqin  .

-Səni ağır işlərə göndərmək lazımmış; daş daşıyasan, yer belləyəsən, daha müasir: təyyarə sürəsən və yorulub əldən düşəsən, heç fikirləşməyə belə vaxtın qalmasın.

-O zaman ,bəlkə də, halımdan daha məmnun olardım ...Amma yox, möhtəşəm Yapon xalqını yaxından tanımağımdan çox məmnunam .Düşünürəm adi bir məmur da ola bilərdim.Amma indi dünyaya bir ölkənin yox, ölkələrin, bəlkə də dünyanın gözü ilə baxıram .

-Dünyaya nədən belə baxırsan bilirsənmi əcəba? –Lui soruşur .

-Nədən?

Keçmiş həyatında bir filosof olmusan, ya da ilahiyyatçı

-Bu fikri oxumuşam universitet vaxtı.

-Amma ,görürəm, inanmırsan .Əslində, inanmalısan.Görürsən, bəzən hansısa dəqiqələri, anları nə vaxtsa yaşamışıq kimi gəlir bizə. Bu doğrudur, biz nə vaxtsa yaşamışıq .Həyata yeddi dəfə gəlirik.Öz görəvlərimizi yerinə yetirməliyik.Hər dəfə fərqli şəkildə yaradılırıq, bəlkə görəvlərimizi yerinə yetirərik deyə.

-Eyni adam kimi gəlsəydik… səhvlərimizi təkrar etməzdik .

-Biz bunu bilmirik ,-nəyi düz, nəyi səhv edirik. Amma bu fikirdəyəm ki,insanın yetişdiyi mühit, ata –anası, ulu babaları, genlər vasitəsi ilə ona ötürülən məlumatlar insanın formalaşmasının təməlini qoyur .Əgər sənin yaxın baba- nənəndə olmayan xüsusiyyətlərin varsa, bu ulu əcdadlarında olmuşdur deməkdir .Hətta düşünürəm Təbiətin də ;axan çayların, dağların ,dənizlərin, kənd ,ya da şəhər mühitində böyüməsinin belə insanın formalaşmasında rolu var.

-Var ...Əlbəttə… Şəxsən mənim formalaşmağımda Təbiətin müstəsna rolu var. Ata -anamdan ,bacı –qardaşımdan çox Təbiət məni yetişdirdi. Gözəl və böyük bağçamız, kəndimizin dağlar qoynunda yerləşməsi ,hər məhlədə bir bulağın. çeşmənin olması mənim təbiətimin formalaşmasında izi oldu .Təbiətlə bir həmahənglik var içimdə .O ağlayanda mən də ağlayıram, güləndə isə gülürəm .

-Əslində bütün insanlarda var bu hallar; kimində çox, kimində az .Eləsi var bunlara elə də əhəmiyyət vermir .Sən isə hər anına taxılıb qalırsan .Cavanlıqdandır .Bir az yaşlan keçib gedəcək .-Lui gülür  

 

-Yaponlarla, onların mədəniyyəti ilə tanışlıqdan sonra görürəm onlar insanın lap xırdalığından  insan kimi yetişməsi qayğısına qalırlar. –İbrahim söhbəti dəyişir .

-Bizdə lap körpəlikdən Vətənə, millətə qarşı sevgi formalaşdırılır .Vətən bizim üçün hər şey deməkdir.Eyni zamanda biz çox zəhmətkeş xalqıq.Ver yeyim, ört yatım bizə yaddır .Biz işləməsək dayana bilmərik.

-Bizim camaat da işləkdir.Amma uşağın, gəncin daxili aləmi, onların lazımi şəxs kimi yetişdirilməsi bəzən nəzərimizdən qaçır .Deyim ki, bir az unutqan xalqıq ...Əlbəttə mən bunları bir politoloq kimi deməməliyəm .Amma sən də politoloq olduğun üçün bunları mən deməsəm də görürsən .Həm də mən bunu ikilikdə deyirəm .Böyük auditoriyada isə mən lazımi məsələləri qabardıram .

-Əlbəttə ...Mən isə otağa qayıtmaq istəmirəm .Heç yağış altında islanmamısan?

-İslanmışam .Yağış yağanda  ora — bura qaçışar, oxuyardıq :Yağdı yağışlar, banladı quşlar, arpa yeməkdən saraldı quşlar .

-Nədən məhz quşlar?

-Bilməm; yəqin ki, quşların evi, sığınacağı   olmadığı üçün .Onlar çox vaxt eləcə açıq havada keçinib gedirlər.Fikir vermisənmi yağış yağanda möhkəm civildəşirlər .

-Elədir ...gəlsənə gedək balıq tutmağa… belə havada balıq çox olur.Yağış altında islanmaq, mən də sənin kimi uşaqlığımı xatırlamaq istəyirəm .Yağış yağanda çox işimiz olurdu, xaralları, meşokları içəri daşıyırdıq .

İslanırdıq, saçımızı dəsmalla qurulayır, odun peçinin kənarında qızınırdıq, şabalıd qovururduq, çay içirdik .

-Bəlkə şabalıd qovuraq?

-Yox ,yağış altında islanaq, sonra baxarıq .Gedək balıq tutaq .Yağışlı havada balıq bol olur .Buraların balığı isə ələ düşməz, orqanikdir, gölməçə balığı deyil .Sonra geri qayıdar ya şabalıd qovurarıq, ya da balıq qızardarıq .

-Olar.

İbrahim Lui ilə birlikdə yaxınlıqdakı çayın sahilinə enir. Bələdçi götürmürlər.Lui deyir: bütün Yapon təbiəti ona doğmadır, bələdçiyə ehtiyac yoxdur.Yağış güçlənir, damlalar kofşionlarını döyəcləyir çayın sahilinə ,-dərəyə enirlər .Yer yaş olduğu üçün sürüşkəndir.

-Ehtiyatlı ol

-Uzağı çaya düşəcəyəm –İbrahim deyir– balıqları elə əlimlə tutub sənə ataram .

Lui dediyi kimi çay balıqları sahilə çox yaxın üzürdülər, yəqin hər tərəf su olduğu üçün çaşmışdılar .Lui tilovunu hazırlayıb çaya atdı.Çox keçmədi ki, bir balıq çəkib çıxartdı.İbrahim isə bir dürlü tilovu aça bilmirdi.

-Sən gözlə -Lui qışqırdı –yediyimiz qədər tutaq .Çox ziyan etməyək .

-Bu günkü fikirlərdən sonra balıq tutmaq mənə qəddarlıq kimi gəlir ...amma nə etməli .Allah nə buyurub onu da edirik.

-Əzizim, ət, balıq yeməsək normal bədən quruluşuna malik olmarıq.

Göy guruldayır .

-Lap yaz yağışına oxşayır .Hava heç soyuq deyil .Bir baxsana qızıl balıq da tutdum .Lui tutduğu rəngli fareli də otluğa atır .Bir az da tutaq ,mehmanxana işçilərinə verərik .

İbrahimin tilovu isə açılmadı

-Bu xarab tilovu da mənə sırıyanın ...

-Eyb etməz ...yetərincə tutdum .Bəsimizdir .

Tilovu yenə doludur .Balıqları səbətə yığıb dərədən çətinliklə çıxırlar .Ayaqları bir neçə dəfə sürüşür .

-Doğrudan, dərəyə düşmək təhlükəlidir .Sürüşüb çaya düşə bilərdik.Amma əla ov oldu .

-Sənin üçün  –Mən isə bacarıqsız oldum .-İbrahim deyir

 

-Heç nə olmaz  ,gəl sahildə gəzişək .

 Otluqda gəzişirlər ...Yağış heç dayanmır .

-Görən elə yer olarmı yağış həmişə belə yağsın, heç dayanmasın? Necə ki Antarktida həmişə qarlıdır, torpaq görünmür .–İbrahim soruşur.

-Əlbəttə var. Məsələn bizdə ...-Lui gülür –Naqasakidə çox vaxt yağış yağır.

-Sizin ölkə də lap möcüzədir .Nə istəsən var ...Naqasakidə həmişə yağış yağır .

Luinin üzünə geniş, parlaq bir ifadə yayılır

-Mənim ölkəm belədir .Gələn yay gedərik.Orada bütün günü  yağış altında gəzişərik.Bəlkə sənin də dərdinə əlac olar Yağışdan bezərsən, o sənə qəm-qüssə gətirməz .

-Olar .Yağış adiləşər mənim üçün ,əvəzindəsə yel xəstəliyi tutaram .

Lui gülür

-Nədənmiş o? Yaponların təbiətini bilməzmisən, elə otlardan çay dəmləyib içərik, yeməklərə elə ədviyyatlar vurarıq ki, heç bir xəstəlik yanımızdan yel olub keçə bilməz .

 Otelə dönürlər. Tutduqları balığı yaponlular sayağı közdə bişirib bol sousla yeyirlər. Yemək bişirmə işini Lui icra edir .

-Sizdə də belə bişirirlərmi? Bizim malikanəmiz, mənim ata-baba evim çay sahilində yerləşir. Evimizin yaxınlığından çay axır, sularında rəngbərəng farellər, müxtəlif balıqlar üzür .Günümüz o balıqları tutmaqla keçirdi. Qışa tədarük görürdük, balıqları duzlayıb, günəş altında qurudurduq, hisə verirdik ....Çayın bərəkətindən  bağ-bağçamız ,əkin sahələrimiz bol ruzili olur.İşimiz ancaq məhsul toplamaq, yerbəyer etmək, qışda da xımır-xımır yeməkdir.Düzdür, mən indi ora az-az gedirəm .Amma bilirəm ki, hər şey yerindədir və əvvəlki kimi gözəldir.

-Mənim kəndim, rayonum erməni tapdağındadır .Mən lap uşaq idim oradan çıxanda. Amma bəzi şeylər yadımda qalıb .Anam sac üstündə kətə bişirərdi, samovar çayı qaynadardı, Novruz bayramında səməni halvası bişirərdi, şəkərbura,paxlava bişirərdi .İndi o yeməklərin dadını heç nədə tapmayıram .Bunlar bir yana, Lui kimsə mənim kəndim, bizim malikanəmiz deyəndə çox qəmlənirəm, ağrıdan ürəyim sıxılır.Kəndim, uşqaqlıqda oynadığım o yerlər, yurdlar xəyalıma gəlir. Hər dəfə məni çağırırlarmış kimi hiss edirəm.Çox ilginc bir şey bu .İnsan ürəkdən gülə bilmir, sevinə bilmir, daim qəlbində bir sıxıntı hiss edir.

-Əziz dostum, bilirəm .Sənin kədərini hiss edirəm.Əlimdən gəlsə, Vətənini düşmən əsarətindən almaqda kömək edərəm.Bəlkə, bu nə vaxtsa mümükün olacaq .O zaman bil ki, sənin yanındayam

 

 Nahardan sonra İbrahim  və Lui yeni ofis axtarışına çıxdılar .Bir az darısqal və divanı azacıq bozarmış  ofis Luinin xoşuna gəlmədi. Lui geniş və şıq, mebelləri təzə ofis axtarırdı.Nəhayət ki tapdılar

 

...

Artıq yağış kəsmişdi

-Səhər hava yəqin ki açılar .-Lui dedi.Necədir buralar xoşuna gəlirmi?

-Haralar ?

-Bizim yerlər

-Yaxşıdır .Gözəldir.

-Həm də çox gözəldir.Sizin yerlər də gözəldir Amma çox kiçikdir.

 

-Necə yəni ?

-Hər şey şəhərlər, kəndlər, göllər çox kiçikdir.

İbrahim Luinin keçən il Göygölə gedərkən də belə dediyini xatırladı .Lui gözəllər gözəli Göygölə baxmış və demişdi: “Gözəldir, amma çox kiçikdir”.

-Lui ,Azərbaycan ,əslində, kiçik dövlət deyil, böyük dövlətdir.Bizim Azərbaycan tarixən çox böyük dövlət olub. Sadəcə hegemon dövlətlər onu parçalayıb, Cənubi Azərbaycan İran ərazisində, Şimali Azərbaycan isə Rusiya tabeliyində qalıb .Bunlar uzun söhbətdir. Tarixən müstəqilliyimiz olmayıb, amma heç nəyə baxmayaraq mübarizə əzmimiz qırılmayıb .Dünya şöhrətli şairlərimiz Şəhriyar, Bəxtiyar, Məmməd Araz zaman zaman bu xalqın dərdini dünyaya car çəkib, onu mübarizəyə səsləyib  . Lui mən bu fikirdəyəm ki qəhrəman igid oğulları xalq yetişdirir,- bu öz yeində, amma hər hansı bir xalqı da ağ günə qəhraman oğullar çıxardır.Məsələn Atatürk Türk xalqını çox çətin durumdan xilas etdi .Heydər Əliyev də Azərbaycanı  bir dövlət kimi dünya xəritəsindən silinməkdən xilas etdi.Qarabağı da xilas edəcəkdi, lakin ömür vəfa etmədi...Bu proses hələ ki gedir ,inanıram ki, İlham Əliyev bunları bacaracaq.Türkiyə bu gün dünyanın güclü dövlətlərindəndir.Əslində,  Azərbaycan da, başqa Türk xalqları da Böyük Türk xalqının dünyaya səpələnmiş  qollarıdır .Nə isə bunlar uzun söhbətlərdir...

-İbrahim tarix çox şeyi dəyişir. İndi əvvəlki dövlətlərin çoxu yoxdur, bir çox xalqlar da yer üzündən silinib.Mənim düşüncələrim xalqlarla bağlı deyil, Təbiətlə bağlıdır.Mənim  aləmimdə bütün bunlar göllər, çaylar, dənizlər böyük olmalıdır ki, onları seyr edəndə intəhasızlığı duya bilim Mənə belə gəlir :sizin dilinizdə Allah, bizim dilimizdə Təbiət hər şeydə bir harmoniya yaradıb Hər yerin özünə uyğun fizionomiyası var.Məsəla: xırda çaylarda xırda balıqlar yaşayır, nəhəng okeanlarda isə balinalar .Elə səhralar var orada piton ilanlar yaşayır,savannalarda fillər yaşayır, elə  meşələr var ayılar, aslanlar, meymunlar nə bilim nələr yaşayır .Xəzər dənizinin yerində okean ola bilərdimi əcəba?

-Okean ola bilməzdi .Dediyin kimi təbiətdə bir harmoniya var .Əgər Xəzərin yerində bir okean olsaydı, sunamilər, daşqınlar da olacaqdı, o zaman gərək İran bütün su altında qalaydı .Demək çox şey mövcud olmazdı .

-Amma Yaponiya hər tərəfdən okeanla əhatə olunub .

-Olunub .O, tarixən buna uyğun formalaşıb .Nə isə ...

-Mənə elə gəlir Tarixən məğlubedilməz, böyük dövlətlərin məğlubedilməzliyində onların yaşadıqları torpaqların müstəsna rolu var. –Lui davam etdi- Bu xalqlar çox əlverişli bir coğrafiyada yerləşib.Məsələn: Çin çox əlverişli coğrafiyada yerləşib.Bir tərəfini uca dağlar, sal qayalar, keçilməz sıldırımlar, bir tərəfinii okeanlar qoruyur. O üzdən onların torpaqlarını qəsb etmək çətin olub tarixən .Lap keçmişdə tez-tez türklər hücum edirmiş torpaqlarına.Xalq ayağa qalxıb qədim Çin səddini tikib, o da çox nəhəng bir tikilidir, hətta kosmosdan görünür. Çin səddinin tikilməsində bütün Çin xalqı iştirak edib, deyilənlərə görə, hətta pul belə almayıblar, amma necə ürəklə tikiblərsə, əsrlər belə toxunmayıb ona, bu gün də mövcuddur. Ümumiyyətlə Çin xalqı da çox zəhmətkeş xalq olub

— Bilirəm .Qədim Çin sənəti, heykəltəraşlıq, dulusçuluq və rəssamlığı barədə Nizaminin əsərlərində belə məlumat var. O dövrü biz tam bilmirik. Türklər Çinə basqın edirmiş ,-səbəbi o dövrün tələbatı olub. O dövrdə bir çox  xalqlar bunla məşğul olub. Barbarlıq dövrü, nə bilim nələr...Böyük fatehlər də  başqalarının torpağını qəsb etməklə məşğul olub. Amma indi Türklər ən sülhsevər xalqdır .Dünyada barış bərqərar ermək istəyir.Və dünya gücləri də onunla hesablaşır. Nə isə ...Bunları çox fikirləşmə ,Lui, tez qocalarsan.

Hər ikisi gülür.Bir azdan otelə qayıdırlar.

 

İbrahim də otağına qayıdır.Nədənsə  çox qəmlidir .Son vaxtlar qəm –qüssəsi azalmır heç.

...Dünya görəvlilərinə ünvanladığı sual içini göynədir.O yerinə yetirirmi öz görəvlərini? O da bir siyasətçidir, politoloqdur. Əlindən bir iş gəlirmi? Çox istəyir nələrsə etsin .Nələrsə etsin ...yağı tapdağında qalan obalarını- ellərini azad etsin .Hərdən ata evinə gedəndə pişvazına gələn el ağsaqqalları, keçmiş qonşuları ilə olan söhbətlərdə ona min bir ümidlə ünvanlanan suala ,- Qarabağın nə vaxt qaytarılması sualına “Elə bu günlərdə” cavabını versin .Versin ...Amma verə bilməyir .Qarabağ söhbəti acı bağırsaq kimi hey uzanır. Uzanır ...Və sanki onun xalqının beli əyilir .Xalqının kişiləri özünü alçalmış hiss edir. İbrahim özü də bunu hər addımda hiss edir. Hansısa tribunadan danışanda dediyi sözləri eləcə təkrar edir və nədənsə sıxılır ,istəyir ona verilən vaxt tez başa çatsın və o tribunadan düşüb sıralardan birində otursun. Lui ilə bu gün aralarında olan söhbətlər  onun qəlbini əzir .Luinin fəxrlə ata- baba yurdundan, evindən danışması içini xırpalayır .Necə məhəbbətlə “Evimiz” ,”Xalqım” deyir.Başqa ölkələrin qadınının belə hiss etdiyi fəxarəti o hiss edirmi ?

Nədən hiss etməyir? Bütün bunlara kimlər cavabdehdir? Əvvəlki nəsillərmi? Son nəsillərmi

 

 Keçmiş nəsillərin səhvi çox olub bunu İbrahim də, hər kəs də bilir. Necə etmək olar ki, artıq bu səhvlər təkrar olunmasın Bunun üçün hamı çalışmalıdır. İçdən, ürəkdən nələrsə etmək, Vətəni sevmək lazımdır...Sevmək lazımdır...

...

 Səhər Luinin zənginə yuxudan oyandı.Geyinib aşağı düşdü  Lui  şən və gümrah şəkildə dedi:

-Yağış kəsib .Yaxşı gəzməli havadır.

-Hələ səhər yeməyi yeyək .

-Bilirəm kişilərlə ac olduqda danışmaq belə mümkün deyil.

Səhər yeməyi soyutma yumurta, pendir, bal və qaymaqdan ibarət idi .Lui yerli qaymağı çox bəyənirdi.Yeməkdən sonra  çayın sahilindəki çəmənlikdə gəzişirdilər. Dünənki yağışdan sonra yer hələ qurumamışdı.

-Bəlkə, zooparka gedək .-Lui deyir.

-Yox zooparkı sevmirəm.

Lui gülür :

-Əslində burada zoopark yoxdur.Amma çayın o tayındakı meşəlikdə canavar, ayı və marallar yaşayır.Tam təbii zooparkdır .

-Eləysə gedək .Hər şeyin təbiisini xoşlamırsan? Təbii zooparkda da olaq .

 

-Yox canavarla vuruşa bilmərəm –Lui gülür .-Yaxşısı budur çayın sahilində gəzişək .

 

Çay boyu yamacda gəzişirlər. Arabir gözə dəyən kol –kosların budaqlarından hələ də su damır

-Gəlsənə bu kollardakı meyvələrdən yığaq  -xeyirli giləmeyvələrdir .Çay dəmləyib içərik, tam orqanikdirlər

Lui çantasından selofan paket çıxardır .Bir xeyli giləmeyvə yığırlar.

-Kənd təbiətini xoşlasam da bütün həyatı kənddə keçən insanlara acıyıram .Mən yaşaya bilmərəm.-Lui dedi-Dediyim kimi bizim ailə də kənddə yaşayır, çay kənarında böyük malikanəmiz var.Yaşadığımız yerin təbiəti hədsiz gözəldir.Meyvə bağımız, gül bağımız lap “Min bir gecə “nağıllarında təsvir olunan bağlar kimidir. Evimizdə ilin hər fəslində bolluq olur: yazda cürbəcür səbzələrdən tutmuş qışda hər dürlü meyvəyə qədər, hər vaxt təzə balığımız, ətimiz olub. Qış yazatan cürbəcür meyvə quruları ilə çay içərdik.Qışda da qarpız — yemişimiz olub hər vaxt .Anam, atam, bacı və qardaşlarım həmişə hallarından məmnun idi .Heç- biri bir dəfə də olsun- həyatlarından gileylənməz, başqa həyat arzu etməzdilər ...

 Mənsə bağımızda yüksək bir təpəcik vardı, onun üstünə çıxar, şəhərə tərəf gedən yola baxar, elə hey dərindən ah çəkərdim .

Nəhayət bir gün anam mənə möhkəm əsəbiləşdi

-Bu ah-ufunu yığışdır dedi-rədd ol get şəhərə, orada oxu, bir işə yara, ah-ufunla bizi güdaza vermə.Bu nə qaramatdır basıb səni .Gecə- gündüz ah –uf edirsən.Nə olub, nəyin kəmdir?

-Ana, deyə bilmirəm, çox darıxıram .Hər şey məni sıxır, ətraf məni sıxır, sanki nə isə elə hey mənə “Durma gəl “ deyir .O, sənin həyatın deyil ,sən orada yaşamalı deyilsən -deyir.

-Nədən elə darıxırdın ?

-Bilmirəm, İbrahim ...Hər şey birdən oldu .Bir yaz həmişəki kimi bağda işləyirdim.İstirahət vaxtı bağımızdakı təpəcikdə uzanmışdım .Oradan şəhərə gedən yol görünürdü .Yola baxrdım və nədənsə ürəyim qüssədən sıxılırdı. Sanki, yollar məni səsləyir, durma gəl deyirdi. O yolların sonunda nə isə qeyri adi bir həyat durduğunu hiss edirdim.Və o gündən elə hey darıxmağa başladım .Atalarda belə bir məsəl var: Yayından çıxan ox geri qayıtmır .Daha əvvəlki qız ola bilmədim heç. Nəhayət, şəhərə oxumağa getdim ,politologiya fakültəsinə daxil oldum, maraqlı tələbəlik illərim oldu .Və nəhayət budur, buradayam .

-Yaxşı ki buradasan .

-Bilmirəm, yaxşıdır, ya pis,- buradayam .Və əvvəlki kimi darıxmıram .Görürsən, darıxmaq tək sənə aid deyil .İnsan oğlu həmişə darıxır.Həyatında nə isə qaydasında olmayanda, insan yerində olmayanda darıxır.Əslində, insanın həyatı çox dəhşətlidir .Ölümü fikirləşsən dəhşətlidir .Biz onu nə qədər düşünməsək də o bizim şüuraltımızda yerləşib.Hər an onun barəsində danışmasaq da o bizim həyatımızda var .

-Yox sizin dininiz də maraqlıdır; yeddi dəfə dünyaya gəlmək; nəyi pisdir ki ...sadəcə hər dəfə dünyaya gələndə keçmişdəki özümüzü tanısaydıq maraqlı olardı.Həmin insan olardıq, yaşayardıq, amma səhvləri etməzdik .

-İbrahim, yeddi dəfə dünyaya gəlmək bizim dinimiz deyil. Bu da müəyyən qurup insanların bir fərziyyəsidir .Fərziyyələr isə bitməz – tükənməzdir.Nə qədər insan var, o qədər də fərziyyə var, deyərdim .Necə ki barmaq izləri təkrarsızdır, eləcə də fərziyyələr təkrarsızdır.Amma insan oğlu bütün fərziyyələri qəbul etmir .Yaxşı ki, etmir, yoxsa indi hamı fərziyyə yürütməklə məşğul olardı.Əslində, indi deyirlər yaponların hardasa dini yoxdur.Amma mən, eləcə də bir çox yapon yaradılışın kökündə möhtəşəm, mücərrəd, işıqlı bir nəsnə durduğunun fərqindəyik. Hər millət onu öz ağlı ilə fərqli düşünür və hiss edir.Əslində siz də, biz də Allaha inanırıq, amma onu öz bildiyimiz kimi, bacardığımız kimi təsəvvür edirik .Fərq budur. Biz işıqlı, xeyirxah bir qüvvənin dünyanı idarə etdiyinə inanırıq

-Bizim də dinimizdə Allahın qüsursuz, xeyirxah, ədalətli olması vəsf edilir. Onun hər bir yaratdığını sevdiyi vurğulanır.

— Elədir  .Həyat çox qarmaqarışıqdır. Bəzən səhvlərimiz özümüzdən asılı olmur .Bu üzdən ümidli insanlar düşünür ki, həyata yeddi dəfə gələcək ,nəhayət səhvsiz ömür sürəcək və Tanrının cənnətinə gedəcəklər.

-Çox möhtəşəm fərziyyədir .Əslində bizim dinimizdə də bu söylənilir:günahsız, adil, xeyirxah insan, qəlbində Allah xofu olan insan cənnətə gedəcək .

-Tanrı bizi yeddi dəfə ayrı-ayrı formada ,ayrı-ayrı həyatda yaradır, bizə şans verir, istəyir özümüzü doğruldaq, daha yaxşı insan olaq və o bizi cənnətinə alsın .Bu boyda sınaqdan düz çıxmasaq vay bizim halımıza .

Nə yaxşı ...Görürəm bu fərziyyəyə çox ümid edirsən.

-Mən əslində Allaha çox ümid edirəm, inanıram  və onun bizi sevdiyini düşünürəm.

— Burada quru kötüklərdən oturacaq var .Gəl bir az oturaq

-Oturaq

Əyləşirlər

Lui qədim bir yapon musiqisi qoşur

-Gözlərini yum, əllərini dizinə qoy, ya da yanına salla .Sənə necə rahatdır elə et, dərindən nəfəs al.Çalış ətrafdakı səsləri dinləyəsən, hisslərini başlı-başına burax

-Oldu.

-Nə hiss edirsən ?

-Ah, Lui, nə hiss etmirəm? Haradasa dənizlər dalğalanır,çaylar axır, bulaqlar şırıldayır, quşlar göy üzündə uçuşur,savannada marallar, zürafələr, fillər gəzişir.

-Daha sonra bəs uzaq qalaktikalar, ulduzlar, planetlər ,- onları hiss etmirsən ?

-Hiss edirəm, sonsuz kainatı hiss edirəm .

-Sanki sənin qoşduğun bu musiqi elə məni oralara aparır .

Qəlbim sinəmdən çıxmaq istəyir.

-İbrahim, dünyanı həmişə bütöv hiss et və özünün onun bir hissəciyi, parçası olduğunu qəbul et .Onda onu daha çox sevəcəksən.Başqa nə hiss edirsən?

-Kədər hiss edirəm .Haradasa solmuş çiçəklər, uçmuş barılar, bozarmış yurd evləri də sıralanır xəyalımda

-Ah İbrahim ...sənin kədərin bitməyəcəkmi? İbrahim bəzən nələrsə bizdən asılı olmur.Bizdən çox -çox əvvəl artıq məsələ həll olunub.

-Yox, Lui ,Qarabağ məsələsi həll olunmayıb.Biz onu həll edəcəyik .

-Mən buna çox şad olaram

Çayın kənarına enirlər .İki nəfər balıqçı balıq tutur.

-Gəlsənə balıq alaq .Bu gün də təzə balıq yeyək .

-Olar .İkisi bəsdir.

Bir neçə farel alıb otelə dönürlər .Balıqları aşbaza verib nahara yemək hazırlamağı tapşırırlar.

-          Başqa nə götürək –İbrahim soruşur .

-          Heç nə. Mən eləcə balıq yeyəcəm .Yeməkləri ,-xüsusilə ətləri bir-birinə qatmaq düzgün deyil. Balığın yanında göy-göyərti, nar sıxılmış soğan olsa, bəsdir.

-          Olar — İbrahim gülümsəyir. Daha məni də yaponski etmisən .

-          Hər ikisi gülür.

-           

...

-Axşama bir partiyə dəvət almışam Gedək orada maraqlı adamlar görəcəksən, -daha doğrusu möhtəşəm adamlar.-Lui deyir.

-İndi ki, parti keçirtməyə icazə yoxdur.

-Az adam olacaq.

 Cəmi on nəfərdən ibarət olan partidə Lui  bir nəfəri ona təqdim etdi:

 

-Bu mənim dostumdur, türkdür. O yeni silah icad edib. Həmin silaha da öz adını verib Bayraqdar .Bu yeni tipli silahdır dünyanın bundan xəbəri yoxdur.

-Hələ ki yoxdur.Amma çox yaxında dünya bu silahdan xəbər tutacaq.

-Nə gözəl .Tanışlığımızdan məmnun oldum. Umarım silahınız cahanşümul işlər bacaracaqdır .

-Bəli əfəndim, çox ümidliyik.Yaxında bütün dünya bunu biləcəkdir..Və silahlarımızdan yalnız haqq işlər üçün istifadə edəcəyik.Bu yolda geri dönməyəcəyik .

Necə ki Ahmet Kekeç deyib :

Hak bildiğindən geri dönməməli insan,

Konuştuğunda haqqı söyləməli,

Yazdığında hak namına yazmalı.

-Mən Türk millətini, türk şairlərini çox sevirəm .Nazim Hikmət...Duyğuları möhtəşəmdir, ümumbəşəridir.Təbiət tək- tək insanlara bu duyğuları belə möhtəşəm verir, onlar seçilirlər ;istər şair, istər yazıçı, istər siyasətçi, istər  də politoloq olsunlar .-Lui deyir

-Tanrı tərəfindən seçilən millətlər də var.Məsəla mən düşünürəm türk milləti Tanrı tərəfindən seçilən millətdir .Onun igid ruhunu öldürmək çox çətindir .Müəyyən məqamlarda məğlub olsalar da, yenə də dirçəldilər, çünki ruh ölmədi onlarda ,-qəhrəman, döyüşkən, məğlubedilməz ruh… –Bayraqdar dedi.

 

-Yapon xalqı da belədir ...-Lui güldü

-Əlbəttə ...sözsüz...

...-İbrahim heç nə demədi .

-Dostum, Azərbaycan da Türk millətinin bir qoludur. O da müəyyən məqamlarda məğlub olsa da sonunda sözünü deyəcək, qələbə çalacaq ,Mən buna əminəm .Eşitmisizmi, Sarıqamış faciəsi haqqında?  Doxsan min gənc türk əskəri donaraq öldü .Rusiya bir güllə atmadan, əziyyət çəkmədən Türk üzərində qələbə çaldı .Amma sonunda mərd Türk xalqı yenə də sözünü dedi, məğlubiyyəti öz tarixindən sildi, ayağa qalxdı və yenilməz bir dövlət oldu .Çox Şükür .Azərbaycan da belə olacaq .

-Bilirəm ...-İbrahim dedi

— Bu işlərdə görəvlilərin  xidməti danılmazdır .-Lui dedi

-Əlbəttə ...-İbrahim dedi- Amma görəvlilərin yetişməsi üçün də mühit gərək olsun.Bir var xalq neçə- neçə əsr müstəqil dövlət olsun, öz ordusu, öz silahı olsun .Azərbaycan otuz ildir ki Sovetlər İttifaqından, rus dövlətinin hegemonluğundan, əsarətindən xilas olub. Onun ən zəif çağında hiyləgər rus imperiyası Qarabağ davasını atdı ortalığa, eməniləri qızışdırdı, müharibə, zəif iqtisadiyyat Azərbaycanı çökdürdü  O zaman hakimiyyətdə olan müxalifətçilər də tamam səriştəsiz, dövlət işlərindən anlamayan biriləri idi. Üstəlik də öz aralarında da çəkişmələr vardı; pul, mənsəb, şöhrət davası aparırdılar. Viranələr üzərində qalan Azərbaycanı lap uçuruma yaxınlaşdırmışdılar ki, möhtəşəm siyasətçi, Azərbaycanın Atatürkü Heydər Əliyevin hakimiyyətə gəlməsi çox şeyi dəyişdi.Azərbaycan müstəqilliyini əldə etdi və ən ümdəsi saxladı. Azərbaycan dünya arenasında tanınmağa başladı.Başqa dövlətlərlə iqtisadi ,siyasi əlaqələr quruldu. Azərbaycan möhkəm güclü iqtisadiyyatı olan dövlətə çevrilməyə başladı.Bütün bu işləri ulu öndərin vəfatından sonra İlham Əliyev uğurla davam etdirdi.Qarabağ məsələsində də o…  çox şeyləri bacaracaq ...çox yaxında bunu bütün dünya biləcək, İlham Əliyəv güclü siyasətçidir...onun və atası Heydər Əliyevin  gücü xarabalıqlar üzərində çökmüş dövləti ayağa qaldırmağındadır.Xarabalıqlar bərpa olub .Qaldı qəsb edilmiş torpaqların geri alınması ...Onu da başaracaq ...

-İnşAllah

...

 

 

İbrahim otağında uzanıb.Televizorun kanalını dəyişir. Azərbaycanı göstərirlər .Aparıcı qız Azərbaycanda müharibənin başladığını söyləyir.Azərbaycan xalqının öz torpaqları uğrunda döyüşə atıldığını vuğulayır.

Demək belə ...Axır ki xalq ayağa durdu...eməni tapdağında qalan torpaqları azad etməyə başladı .Əgər onu məhz indi azad etməsələr, bir otuz il də əsarətdə qalacaq .Və indiki yaşlı nəsil ölüb gedəcək  , cavanlar yaşlanacaq, gənc yeni yaranan nəsillər də torpağı xatırlamayacaq .Həm də nə görmüş olacaqlar ki, onlarda yurd məhəbbəti də alovlansın .Yurdu tapdaq altında qalan kişilərin silaha sarılmaq əvəzinə başını başqa şeylərlə qatdıqlarınımı; alverlə, gülə- bülbülə şeir yazmaqla məşğul olduqlarınımı, Rusiyada baş girlədiklərinimi?

Kişilərin əlindən nə gəlirdi? Əslində, müharibədə uduzmağın bu kişilərlə heç bir əlaqəsi yoxdu.Birbaşa əlaqəsi yoxdu. Doxsanıncı illərdəki qarmaqarışıq vəziyyət, SSRİ- nin tərkibindən ayrılmış bir ölkənin zəif, iflic olmuş iqtissadiyyatı və səriştəsiz, dövlət işindən anlamayan birilərinin hakimiyyətə yiyələnməsi...-bütün bunlar ölkəni uçuruma sürüklədi və xain ermənilər, onların arxasında duran  qəsbkar Sovet  rusiyası Qarabağı qəsb etdi.Xalq, dövlət paramparça idi.

 Müharibə xırda uşaq oyun- oyuncağı deyil, burada bir yumruq kimi birləşmək və bir nöqtəyə vurmaq lazımdır.Mükəmməl ordu, ordunu idarə edən cəsur komandir lazımdır, dünyaya hökm edən qüvvələrlə bacarmaq, onları öz haqq işinə inandırmaq lazımdır. Müharibədə sənin haqq işinə kömək edəcək qüvvələr mütləq olmalıdır.

Çox, şükür… İlham Əliyev bütün bunları bacarmışdır .

...

-Lui, mən Azərbaycana gedirəm .Orada müharibə başlayıb .Ümid edirəm bu dəfə bacaracağıq .

— İbrahim ,əlbəttə, bacaracaqsınız  .Sadəcə hər şeyin bir zamanı var .

-Artıq səfərbərlik elan olunub .Ümid edirəm: bu dəfə ruslar ermənilərə kömək etməyəcək. Və biz qalib gələcəyik. Səhər yola düşəcəm .Xalqım ölüm-dirim mübarizəsinə qalxmışkən burada otura bilmərəm .Görürəm, hiss edirəm, bu dəfə başqa cür olacaq Demək, neçə illər bu müharibəyə hazırlıq gedirmiş .Bu çox gözəldir.

-İbrahim, sənin işin də vacibdir .Sən burada başqa millətləri öz haqq işinizə inandırırsan.Əvvəllər mən elə bilirdim ermənilər haqlıdır, öz ata –baba torpaqlarını alıblar .Amma indi bilirəm ki ,onlar qəsbkardır, sizin vətəninizi, dədə- baba yurdunuzu talan ediblər, mənimsəyiblər ...Eləcə də bütün yapon xalqı artıq həqiqəti bilir .

-Lui burada oturmaq, kənardan olanları seyr etmək mənim üçün çox əzablıdır .Mən hadisələrin içində olmalıyam .Əsgərlərin sırasında dayanmalıyam .

Bəs sənin buradakı işin nə olacaq ?

-Bu işi hələlik dondururam.

-Mən də səninlə gedirəm .

-Olmaz Lui .Sən öz işinə davam et

-Yox ,əzizim .Biz dostuq .Mən öz dostumu tək buraxa bilmərəm.

-Birdən müharibə uzandı? O zaman necə olacaq bəs?

-Buna sonra baxarıq .İndi isə biz birlikdə Azərbaycana gedirik.Politoloq olsaq da orada nə baş verir,- dəqiq bilmirik .Məsələni orada aydınlaşdırarıq  .

Kağız-kuğuz, sənəd işlərini həll etmək üç gün  vaxt apardı .Nəhayət İbrahim və Lui Azərbaycana yola düşdülər.

 

 

-Universiteti neçə ildir bitirmisiz ?- Ordu generalı  İbrahimdən soruşdu

-On ildir. –

-On il az müddət deyil .Bu illər ərzində çox şeyi yadırğamısınız .Hərb sənətini bizə burax .Biz nəyi neçə edəcəyimizi bilirik-- hər şeyi nəzarətə götürmüşük .Qərarı biz veririk .

-Deyirlər orduda satqınlar var. Hamısı zərərsizləşdirilməlidir.Elə doxsanıncı illərdə bu satqınlara görə müharibədə məğlub olduq

-Hamısı zərərsizləşdiriləcək. Artıq bəzi generallar zərərsizləşdirilib belə .Bizim güclü ordumuz var. Biz bu otuz ili güclü ordu yaratmaqla məşğul olmuşuq .Əlbəttə bunu bütün dünyaya car çəkməli deyildik .İndi zəmanə çox pisdir .Maraqları üst üstə düşməyən dövlətlər  o dəqiqə bir- birinə badalaq vurur.

— Güclü ordumuz var ...Neçə ili güclü ordu yaratmaqla məşğul olmuşuq ...- Bunlar məni inanılmaz dərəcədə sevindirir .

-Bəli özümüzə güclü müttəfiqlər də tapmışıq .Türkiyə ilə dostluğumuz bunu sübut edir.O bizə hərbi sursat da verir .Bayraqdar puaları haqqında məlumatınız varmı?

-Ah əfəndim ...Səlcuq Bayraqdarı şəxsən tanıyıram .Onunla səmimi görüşlərimiz olub.Pualar haqqında da məlumatım var .Amma bütün bu olanları bilmirdim.

-Bu dövlət sirridir .Artıq bu sirri gizləmirik, qoy bütün dünya bilsin ki, biz çox güclü hərbi sənayeyə malikik, bizimlə qarşı –qarşıya gəlmək hər oğulun işi deyil.

-Atmısız məni uzaq  Günəş diyarına .Ancaq onları xalqımın haqq işinə inandırmaqla məşğul olmuşam .

-İnandırmısınızmı ?

-Deyəsən, hə ...

-Hə ...Bu qız da elə bunun bariz nümunəsidir .Sizə qoşulub müharibədə iştirak etməyə gəlibsə ...

-Onlar ədalətli hiss etmədikləri heç nəyə qoşulmazlar ,əfəndim .Bilirlər ki, biz ədalətli bir işə başlamışıq, öz vətənimizi düşmən istilasından azad edirik.

-Çox gözəl .Amma mən bu qızı döyüş bölgəsinə buraxa bilmərəm .Allah eləməmiş  ölsə, yapon xalqını da müharibəyə cəlb etdiyimizi söyləyər ermənilər.O, burada gözləyəcək .Heç sizi də ora buraxmaq istəməzdim ...Amma israr edirsiniz. Nə isə… sizə bir həftə təlim keçəcəyik sonra döyüşdə iştirak edəcəksiniz

...

Artıq İbrahim döyüşdədir.Dəstələrində otuz nəfər əskər və bir komandir var. Komandirin və hər döyüşçünün öz həyat tarixçəsi, düşüncəsi var. Komandir Füzuli qaçqınıdır.On beş yaşı olanda Füzulidən çıxıb.Həyatını hərb işinə sərf edib .Və budur bu gün də buradadır.

 Əsgərlərdən mavi gözlü, xəyalpərəst, incəcik rəssam olan  Ənvər deyir:

-Həyatı boyu Qarabağı görməyib..amma haqqında çox eşidib ...Eşitdiklərinə görə güllü –çiçəkli, gözəl mənzərəli, cənnət misallı bir yerdi...

 Deyilənlər qədər varmış elə. Dağların gözəlliyinə bax ...duruşundan əzəmət tökülür.Hər tərəf yamyaşıldır, ağaclar, dağlar, düzlər bütöv bir kompozisiya kimidir. Yaşıllıq demək olarmı bu kompozisiyaya? Bu yaşıllıq günəş altında parlayır eləcə. Hərdən başını qaldırıb göy üzünə baxır, göy üzündə ağappaq buludlar süzür və sanki yumşaq –yumşaq  , mehriban — mehriban dağların çiyninə toxunur...

...Çox gözəlmiş...Gözəllikdən savayı nə isə bir sehr var buraların təbiətində, insanı özünə çəkir, ovsununa salır. Bülbülü, Xan qızı Natəvanı, Xan Şuşinskini yadına salır.Atası çox sevərdi Xan Şuşinskini.Əslində Bülbülü də, Xan Şuşinskini də, Natəvanı da atasının söhbətlərindən tanımışdı.Orta məktəbdə tarix, ədəbiyyat dərslərində müəllimlər də söhbət açmışdı onlardan.Deyirdilər çox yaxşı vaxtı olub Qarabağın ,Şuşanın .

 İndi isə burada müharibə gedir .Müharibə...

Əvvəllər atalar, babalar gedərdi müharibəyə...İndi nə isə fərqlidir.Atalar-babalar artıq yaşlaşıb, evdə oturub, cavanlar müharibəyə gəlib.

 Dilqəm adlı əsgər də söyləyir :

-Hər şey qəflətən oldu, müharibə birdən-birə başladı .Başladığı üç gün deyildi ki, onu səhər tezdən gəlib yatağından qaldırıb müharibəyə apardılar.

Xatırlamaq istəmir anasının qorxudan ağaran üzünü, böyümüş gözlərini, atasının həyəcandan titrəyən əllərini.Bunlar olmalıdır...adi insan hallları Amma müharibə sıradan bir şey deyilmiş sən demə...

 Adəm deyir :Gözlənilməz oldu müharibə.Bəlkə də, gözlənilirdi, neçə illər elə buna hazırlıq gedirdi. O nə bilsin axı, gəncdir.Dövlət bəzən öz sirrlərini gizli saxlayır, saxlamalıdır da .İndi dünya bir-birinə lüzumsuz dərəcədə açıqdır, burada tıq etdin səsi dünyanın o biri başında eşidilir. Və maraqları üst-üstə düşməyən dövlətlər hər an bir-birinə badalaq vurmağa çalışır.

 Atasını çox sevir, bilir atası da onu çox sevir.Atası heç vaxt hisslərini, həyəcanlarını, qorxularını biruzə verməz, kədərini gizləyər, nikbin, ümidli danışar.Allaha çox inanar və bunu əməllərində icra etməyə çalışar.

Anası da Allaha inanar.Amma çox emosional qadındır, bəzən kiçik bir şeydən aylarla iztirab çəkər.

Oğlunun müharibədə olması indi onun üçün əsl iztirab mənbəyidir, yəqin ki...

Yaxşısı budur bunları fikirləşməsin .

Buranı, müharibəni, əsgərləri, komandiri, bu əzəmətli dağları fikirləşsin.

 

Komandir əsgərlərə deyir:

-Otuz ildir düşmən tapdağında olan bu yerləri siz cavanlar xilas edəcəksiniz, siz qəhrəmansınız, siz cəngavərsiniz, siz yaşınızdan, başınızdan böyük bir missiyanı yerinə yetirirsiniz.

Hər dəfə komandir belə deyəndə ,əsgərlər sanki bir az böyüyür,sinələri genişlənir,boyları ucalır, içlərində daha sərt, daha vüqarlı, cəsarətli birisi dirçəlir.Artıq vuruşlarda ön sırada getməkdən  çəkinməyir heç biri .Turan deyir: Topun lüləsinə mərmini qoyur, düşmən postunu nişan alır və atır.İçində yenilməz bir bahadırın böyüdüyünü, boy atdığını hiss edir, hər dəfəsində öz ev eşiyini, yurdunu xilas edən Qazan xanın duyğuları culğalayır canını sanki .Tarix yaşadıb onları,Turanı da yaşadacaq, dostlarını da yaşadacaq

 Müharibədə ölüm də,  qorxu da adiləşir. İbrahim də, əsgərlər də yalnız uğrunda vuruşduğu torpaqları, tarixi missiyalarını düşünürlər.

 Artıq çox irəliləyiblər;  onların fəxr- fəxarət mənbəyi Bayraqdar puaları da bir əfsanə olub sanki. Göy üzündə süzən qartala bənzəyir bu pualar.Onların sevinc mənbəyi, düşmənin qorxulu kabusu...

 Komandir hər  kənd, rayon alınanda göz yaşlarını saxlamır belə; hönkürüb ağlayır, deyir: qalibiyyət duyğusundan gözəl bir duyğu yoxdur, bu haqq-ədalətə söykənəndə,vətənini düşmən tapdağından xilas edəndə daha möhtəşəm olur, bunu yaşamaq hər oğula, hər əsgərə, hər xalqa qismət olmur. Komandir deyir ki ,illərlə bir- birinə etiraf etməsələr də utancları böyük olub; bəzən kədərləniblər, bəzən ümidsizliyə qapılıblar, nədən belə bir taleyə məruz qaldıqlarını öz-özlərinə sual ediblər, bunun günahını öncəki nəsillərdə görüblər.

İndi isə bütün bu yaramaz, mənfur utanclar arxada qalır .Onlar, onların xalqı bu utancları geridə qoyur .Bunun nə demək olduğunu anlayırsızmı?- Əsgərlərə sual edir.

-Sizin hər biriniz mənim balamsınız, qəhrəman, igid balam, ağ saçlı anasını -Qarabağı mənfur düşməndən, ermənidən xilas edən balam ...Hamısını  tək –tək qucaqlayır, gözlərindən öpür.İbrahim hər dəfə komandiri dinləyəndə təəccüb edir; Komandir də eynən onun kimi düşünürmüş, o tək deyilmiş, onun xalqının mərd oğulları hamısı vətən həsrəti ilə qovrulurmuş..

  Qarşıda həlledici döyüşlər var, əsgərlər bunu bilir və heç biri döyüşdən qorxmur...Əvvəlcə pualar göy üzünə qalxır .Sanki  məğrur qartallar süzür göy üzündə .
-Ermənilərin içinə vic-vicə düşür .

-İndi sən başla işinə Turan! At igidim !-komandir əmr verir.

Turan mərmini topun lüləsinə qoyur və atır. Bir...iki...üç ...Artıq sayı itirib .Arada komandirin səsi eşidilir :

-Çal qılıncın, ağam Qazan yetdim –deyir.Bilirlər bu sözlər “Dədə Qorqud”dandır. Komandir hər birini bir Qazan Xan bilir .Bu sözlərlə hələ döyüşün bitmədiyini bildirir hər birinə, özü də yanlarında vuruşur .Onu hər an yanlarında hiss etmək əsgərlərə yenilməz güc, təpər verir.

Erməni postlarını pualar məhv edir .Pualardan canını qurtaranları da əsgərlər biçir. Bir onunu elə topla Turan vurub. Nəhayət döyüş başa çatır, tüstü yavaş –yavaş çəkilir.Bir-birinə biruzə verməsələr də gözləri sıraları axtarır ;kim var, kim yox?  Əkrəm və Nadir gözə dəymir .Düşüb axtarırlar.

Bir çökəklikdə tapırlar.Hər ikisi yaralıdır.Əkrəmin sağ qolundan qan fışqırır .İbrahim  hiss edir qorxuludur ,Turanla birlikdə qanı kəsməyə çalışırlar.Nəhayət bacarırlar, amma Əkrəm gözlərini yumub .

-Əkrəm, bala səni xilas edəcəyik, qorxma .Çalış dözümlü ol -komandir deyir.Əkrəm gülümsünür .Bayaqdan qan axan qolunu heysizcə tərpədir, yumruqları sıxılır.Dodaqları tərpənir

-Bilirəm deyir...

Nadirin yarası yüngüldür, deyəsən, qanaxması yoxdur, hər halda belədir .Boynunu tərpədə bilmir .Gözləri çox qızarıb .Bircə daxili zədəsi olmasın. Nəsə heç danışmır.İbrahim bilir: kontuziya alıb .Dili tutulub, qulağı batıb  Onları həsir xərəyə qoyub cəld aşağı yola düşürdürlər, təcili yardımı gözləyirlər.Nəhayət hərbi sanitar maşını görünür, yaralıları götürüb cəld uzaqlaşır.

Belə ...Bununla neçə döyüş yoldaşlarını yola salıblar.Qəribədir hələ ki onların komandasında birbaşa döyüş meydanında ölən yoxdur.Yaralılarla, onların olduqları xəstəxanalarla komandir əlaqə saxlayır, yeni məlumatları əsgərlərə çatdırır. Deyir ki, yaralıların vəziyyəti yaxşıdır, yaxınlarda döyüş meydanına qayıdacaqlar.

 Orxanın çox yaxşı səsi var

Hərdən oxuyur:

Hoydu, dəlilərim, hoydu

Yeriyin meydan üstünə.

Havadakı şahin kimi,

Tökülün al qan üstünə.

 İgidlik də bir sənətmiş ...Və beləcə döyüş meydanında yetişirmiş...sən demə.Birinə  güllə dəyir igidin, biri yaralanır, yarasından qan fışqırır, dodaqları gülümsəyir, birisi heç danışmayır, amma gözləri ilə ürək dirək verir, yaşadığını söyləyir, gedərsə onun üçün qəmlənməyin söyləyir.Vətən söyləyir ...

Artıq Füzuli ətrafındadırlar,- komandirin on beş yaşında tərk etdiyi Füzuli ətrafında. Döyüşə girmələrinə saatlar qalıb.Komandir əsgərləri başına toplayıb döyüş tapşırıqlarını verir.Yenə də hər birinin gözündən öpür

-Siz mənim igid qartallarımsınız ,-onu bilirsinizmi? –deyir. Vətən bizlərə əmanətdir- deyir. Bu uca dağlar bizim oylağımızdır, bura bizim evimizdir, biz bir ailəyik –deyir. Siz mənim oğullarımsınız deyir. Bu dağlar özü bizi qoruyacaq- deyir.

Göydən gedən beş durnalar,

Bizim ellər yerindəmi?

Bir birindən xoş durnalar,

Bizim ellər yerindəmi?

Döyüş başlayır...Hər tərəf barıt qoxuyur.Gurultudan bir –birini eşitmirlər belə .Tüstü aləmi bürüyüb.Pualar göy üzündə qanad çalır.Ardınca toplar guruldayır, snayperlər işə düşür.

-Çal qılıncın ağam Qazan yetdim deyir!-komandir.Haradasa buralardadır, sağdir .Bu gün onun vətənini azad edirlər.Güllü –çiçəkli vətənini .Nübar narlar, armudlar, heyvalar dururmu ola? Bircə döyüş bitsəydi çox susuzlayıblar, komandirin   ata baba yurdunda bir çay dəmləyib içsəydilər.Artıq öldürdükləri mənfur ermənilərin sayını itiriblər. Sağ cinahda duran sinayperçi Cəlalın səsi gəlir :”Vuruldum deyəsən “.İbrahim hücumu dayandırıb ona tərəf gedə bilməz ...Bu cinayətdir .Var gücüylə qışqırır

-Ənvər Cəlala bir bax vurdular deyəsən .Tüstülər, gurultular içərisindən səslər gəlir ...müxtəlif səslər .Görən Cəlalın vəziyyəti necədir ?

Narahat olur

Nəhayət –

-Çal qılıncın, ağam Qazan  yetdim, Cəlal mənim yanımdadır –Ənvərin səsini gurultular içərisində ayırır Ümidlənir, hər halda Cəlal tək deyil. O dayana bilməz, irəliyə getməlidir. Bu beş-altı erməni harayasa qaçır deyəsən .Bəlkə də bizimkiləri məhv etməyə tələsirlər.Komandir Turana əmr verir.Turan topun lüləsinə mərmini qoyur  və atır, tüstü çəkilir, ermənilər yerə sərilir.Biri topa tərəf nə isə atır  .Bir az keçir yaxınlıqda bərk gurultu qopur tankın qabaq tərəfində alov dilimləri görünür tank yanır ,Tural indi tankdan düşməlidir, komandir əmr verir.

-Tullan !

Turan həmin an hara isə qaranlığa yuvarlandığını hiss edir, deyəsən qaranlıq uçuruma yuvarlanır, hər tərəf qaranlıqdır, səslər kəsilir...

Nə qədər vaxt keçdiyini anlamır, çox susayıb...dodaqları susuzluqdan quruyub.Hardan isə su şırıltısı gəlir, suya tərəf can atır, Ənvərin səsi qulaqlarına gəlir

-Aç gözünü, ağam Qazan yetdim — deyir. Gözlərini açmağa çalışır Başı üzərində Ənvərin Qarabağ səmasını andıran göy gözlərini görür .

-Ayıldı  , şükür- əsgərlərin səsini eşidir.Cəld ayağa durur

Komandir  gülümsünür :

-Yaxşısanmı? Yaran — filan yoxdur ,Şükür. Döyüş qurtardı, Füzulini almışıq, ermənilər qaçıb, şəhəri tərk ediblər.

 

-Bəs Cəlal hanı ?-İbrahim soruşur

-Onu xəstəxanaya qaldırdıq, narahat olma, vəziyyəti yaxşıdır.

...-Bu Hilaldır, bu Müşfiqdir ...bu da Qafur ...hamı yerindədirmi?

— Üç nəfəri xəstəxanaya göndərdik  -komandir deyir.

-Bir su verin içim –Turan su ilə dolu parçı başına çəkir, beyni aydınlanır, özünə gəlir,ayağa durur .Komandir fərəhlə onları süzür:

-İndi isə mənim ata evimə doğru gedəcəyik –deyir-Hazırlaşın .

 Şəhərə daxil olurlar .Hər tərəfdən sıra ilə düzülmüş evlərlə əhatə olunmuş küçə ilə irəliləyirlər.Evlər necə də köhnəlmişdir...

-Yaşamadıqları  evləri, kəndləri, şəhərləri niyə zəbt elədi bu allahsızlar.Onlar üçün bunlar heç nədir ,bizim üçn isə saysız- hesabsız xatirə mənbəyi, hər daşı, guşəsi əziz olan vətən torpağı.

İyirmi səkkiz  illik ayrılığın kədəri çökmüşdür hər küçəyə, hər barıya. Bozarmış darvazalar, yıpranmış barılar, yabanılaşmış gül kolları, ağaclar.Qəribsəyiblər, elə bil ,igidləri görüb, bozarmış üzləri gülümsəyir sanki .

Komandir  danışır:

-Nə sevgilər, nə məhəbbətlər yaşanmışdı bu evlərdə, nə oğullar, nə qızlar böyümüşdü, nə analar, nə atalar oğul, qız boyu sevmişdi.İyirmi səkkiz il əvvəl çıxmışdıq buradan ...Sanki dünəndi ...dünən kimi görünür .Amma insan üçün uzun bir zaman ayrılığı.Ömür nədir ki...Bir su içimi...Bu ömrü badi-fənaya verəndə insan çox əzab çəkir, hansısa utancı daşıyanda yaşamır heç...İndi sizi öz evimizə aparacam .Bu Həmid dayının evidir ,- böyük aynabəndli evi göstərir.Aynabəndlər qırıq -qırıqdır, bəzi salamat şüşələr torpaq rəngindədir eləcə-vaxtilə kəndin ən görkəmli evi idi.Bu da  İsmət xalanın evi ,hamımıza, -bütün məhlənin uşaqlarına yumurta boyayardı, qovurğa qovurardı .

Bu da bizim darvazamız, evimiz -Komandir ağlayır, rəngi ağappaqdır

Köhnə bomboz bozarmış dəmir darvazanı itələyib açır, həyətə daxil olurular.Hər tərəf otluq və tikanlıqdır.Az qala adamboyu qalxmış otların arası ilə irəliləyirlər

Ehtiyatlı olun –Ənvər deyir –mina zad olar.

Komandir bozarmış divarları, yabanılaşmış gül kollarını, ağacları  öpür

-Vətən… Ah Vətən ...Sənsiz necə dözdük bu illəri.Qoynu gülşən vətənim.Çeşmələrin, çayların bizsiz yenə çağladımı, çiçəklərin güllərin hər bahar açıb bizi harayladımı? Dağlarına duman gəldimi, otluqları, çəmənləri şeh bürüdümü? Darıxdınmı bizim üçün .Mən indi hardan alım İsmət xalanı mənim üçün yumurta boyasın, hardan alım Fizzə bibini allı güllü qoğal bişirsin, qovurğa qovursun, mən hardan alım Qismət əmini bizim üçün qoç kəsib kabab bişirsin, şəhərdən bizə allı güllü qablarda manpası alsın

Komandir pillələri az qala uçaraq evlərinə qalxdı Otaqları fırlandı Köhnəlmiş, sahibsiz qalmış ev əşyaları bombozdu, çarpayılar, taxtlar, kitab, qab-qacaq şkafları bombozdu.Amma o bütün bu ev əşyalarını, qapı və pəncərələri elə məhəbbətlə öpürdü ki...

-Ərdoğanı, Bayraqdarı da gətirəcəyəm bura .Xızır kimi dadımıza yetişdilər, Ay yurdum, ay evim ....

Uşaqlığım burda keçdi… Səni bu gəncəcik oğlanlarla xilas etdim yağı tapdağından ay evim, ay yurdum Bax bu qartallarla ,hələ neçəsi burda yoxdur Amma sən onları da tanıyacaqsan ...

Komandir ağlayır, əsgərlərə üz tutub deyir

-Mənim ağlamağıma təəccüblənməyin .Mən ağladıqca illərlə hiss etdiyim utancdan, xəcalətdən yuyunuram.Siz xoşbəxt nəsilsiniz, müharibədən sonra utanc yox, qalibiyyət duyğuları yaşayacaqsınız

 Aynabənddə atılıb qalmış, toz basmış samovarı yuyub təmizlədilər, çay qaynatdılar.Komandir öz əlləri ilə nar, armud, heyva ağaclarından meyvə dərdi, gətirib süfrəyə qoydu. Çay da, meyvələr də bu dağların ab-havasını qoxuyurdu, bal dadırdı.

Gecəni komandirin ata yurdunda keçirdilər Komandir padvalda atılıb qalmış odun peçini tapıb qurmuşdu.Otağı xoş bir rayihə bürümüşdü.Komandir gülümsünür elə hey danışırdı .Səsi  nağıl söyləyən nənələrin səsini andırırdı lap.Bayırda isə külək əsir qaranlıqda ağac budaqları xışıldayırdı

-Çox xoşbəxtəm .Ata yurdumu gördüm axı...Ata evimdə sizi qonaqladım axı...Ah Vətən, Vətən...

Payız qışdan əzəldir

Yarpaq tökən xəzəldir.

Vətən viran olsa da...

O cənnətdən gözəldir.

Səhər əsgərlər komandirin səsinə yuxudan oyandılar.Komandir   çay qaynatmış, əsgərlər üçün süfrə açmışdı ,hardansa əsgərlər üçün isti çörək, yumurta gətirmişdilər.Deyəsən arxa cəbhədən yardımsevərlər gəlmişdi.Bir neçə səbətdə  isti geyim, papiros da  vardı

-Samovarın səsi, istilik, isti çörək ətri...lap evimizi xatırladım...-arıq və çəlimsiz Ənvər ləzzətlə yerində gərnəşdi.Bu nə xəcalətdir Komandir ,bizi nədən durğuzmamısınız.Biz qaynadardıq samovarı ...

-Qırışmal, samovarmı qaynatmısan ömründə? Mən cəkəcəyəm hər nazınızı.Siz gəncsiniz yatıb dincəlməlisiniz.Evimizdə sizi qonaqlamaq bilsəniz necə xoşdur...

Deyəsən, o yenə ağlayırdı..Kişinin, komandirin ağlamasının acizlik yox güc əlaməti olmasını əsgərlər ilk dəfə görürdülər.

Onlar süfrə başında əyləşib ləzzətlə səhər yeməyi yedilər.Yemək bitən kimi   komandir zənbillərdəki isti geyimləri, ayaqqabıları əsgərlər arasında bölüşdürdü.Əsgərlər evləri ,-valideyinləri ilə danışdıqdan sonra  yola düzəldilər...

Kimsəsiz küçələrlə şəhərin o biri başına tərəf yol aldılar.Küçələrdə tək –tək toyuq –cücə, sahibsiz it –pişik gözə dəyirdi...

-Bunları tutmağa vaxt tapmayıblar Əclaflar.Hər şeylərini aparıblar .Bizim camaat isə ayaqyalın, başaçıq çıxdı o vaxt, çox adamın ayağını don vurmuşdu- Komandir dedi

 

Artıq Füzuli şəhəri arxada qalırdı.Göy otluqla, təpələrlə irəliləyirdilər.

-Mən uşaq olanda elə bilirdim şəhərlər nə isə fərqlidir, onlar dağ qoynunda, hansısa bir yamacda yerləşməyir. Eləcə hər tərəfi saysız hesabsız evlər olur, asfalt küçələr olur, getdikcə gedirsən küçələr bitməyir-Ənvər dedi.

-Hə mən də elə fikirləşirdim.-Dilqəm söhbətə qoşuldu.Amma bütün şəhərlər eləcə yamaclarda, düzlərdə yerləşirmiş sən demə.

-Dağlarda da yerləşəni var- komandir dedi –İnşAllah Şuşanı görəcəksiniz ,-İbrahimin yurdunu eləcə dağın başında durur.Qala kimi...Bəlkə Koroğlunun oylağı Çənlibel elə Şuşadır,-düz dağın başında.

 

-İnşAllah oranı da alarıq.Orada da bir çay dəsgahı qurarıq deyilmi, İbrahim Neçə yaşın vardı ordan çıxanda?

On yaşım vardı.

Xatırlayırsanmı oraları ?

-Heç yadımdan çıxmadı ki...Siz Füzuliyə, ata evinə qayıdanda danışırdınız ha ,-elə bilirdim mənim könül pıçıltılarımdır.

 

 

 

Artıq Şuşa uğrunda,-İbrahimin ata yurdu uğrunda  döyüşlər gedir; addım-addım, dizin-dizin dağlara dırmaşırlar.Komandir deyir Şuşa gözəllər gözəlidir, divlərə əsir düşüb. O dağların başında sanki qaladır.Onun alınması şərəf və vicdan işidir.

 Dizin –dizin dağlara dırmaşmaq əsgərlərin əllərini və dizlərini yara edib.Bir tərəfdən də soyuq ,aravermədən yağan yağış əsgərlərin əhədini kəsib.Hava tutqun və bozumtuldur.Havanın belə olması bir tərəfdən xeyirdir –komandir deyir –düşmən əsgərlərimizin yerini dəqiq təyin edə bilməyir.

Əsgərlər dəstə ilə yox iki-iki, üç –üç irəliləyirlər. Komandir əsgərləri dörd, beş nəfərlik kiçik dəstələrə  bölüb.Dağa dırmaşmaq belə daha asan və təhlükəsizdir.- deyir. Dilqəm,Adəm, İbrahim və Ənvər bir irəliləyir.Erməni əsgərlərin başı üzərindən mərmi yağdırır.Artıq üç gündür yuxusuz olan əsgərlər hərdən azacıq nəfəs alıb yollarına davam edirlər .Əlləri qan içində olan Ənvər :Qayanın altında bir az nəfəs alaq –deyə söylədi. Təzəcə oturmuşdular ki dəhşətli bir gurultu qopdu, hər tərəfi tüstü və toz bürüdü.Az qala nəfəsi kəsilən İbrahim tüstü və duman kütləsindən kənara qaçmağa çalışdı.Tüstü çox acı və yandırıcı idi, az qala nəfəsi kəsilirdi.Əl atıb cürdəyini yoxladı, yerindəydi, sudan bir neçə qurtum aldı

-Dilqəm, Adəm ,Ənvər, hardasınız?-var gücüylə çığırdı Səs-səmir yoxdu...Ətrafı dolaşdı. Hardasa buralarda olmalıdırlar.Ola bilməz ki, yox olsunlar, indicə bir yerdə əyləşmişdilər.Tüstü yavaş –yavaş çəkilirdi.Budur, Ənvərin qan içində olan əli, torpaq kütləsinin altında tərpənir...Cəld yüyürüb torpağı təmizləyir Əl eləcə durur, bəs sahibi hanı? Ətrafa baxır...Hər şeyi anlayır Ənvər artıq yoxdur...Dəhşətə gəlir ...Ölüm ...öz sərt üzünü göstərdinmi?

Gözlərində yaş gilələnir...Bəs Adəm, Dilqəm ...Bir yerdəydilər axı ...Ətrafı axtarır ...Bir neçə ət parçasına rast gəlir...Qəlbinin yerində sanki daş hiss edir

...-Erməni, qanını içəcəyəm, erməni...Sənə heç rəhm etməyəcəm, erməni .Qorx məndən...

 Artıq yolu itirib .Hava bombozdur, yağış heç ara verməyir, pal –paltarı su içindədir, soyuq sümüklərinə işləyir, neçə gündür ki, acdır Heç nə fikirləşmir, keçmiş və gələcək öz mənasını itirib, yalnız bu an var .Və bu an kədər və nifrətdən ibarətdir, dəhşətdən ibarətdir. Kədər qəlbini çulğalayıb .Gənc və vəfalı dostlarının cəsədi belə qalmadı ki, kürəyinə alıb daşısın.Nə deyəcək  komandirə ,nə deyəcək?

Yağış güclənir, damlalar qayalara dəyib səslənir, qayalardan xırda çaylar axır sanki. Hər tərəf su qoxuyur, nəm qoxuyur.Artıq taqəti qalmayıb  .Susuzladığını hiss edir .İri bir yarpaq qırıb yağış damlalarının altına tutur, nazik şırnaqla axan sudan doyunca içir.Artıq gerçəklik duyğusunu itirib, azacıq mürgüləyir ...Budur  rahat, isti otağında uyuyur, yağış damlaları ona, otağına layla çalır sanki.Qapı açılır, Lui əlində kiçik p
Davamı →

Həyat əbədi var –Şiringül Musayeva.

  Xalqların da böyüyü, kiçiyi olur ,dənizlərin, dağların da, okeanların, hətta ağacların, otların, çiçəklərin də ...Böyüklü — kiçikli, irili — xırdalı, — bütün yaranmışlar gözəgörünməz bir bağ ilə bağlanıbdır, bir harmoniya ilə həmahəngdir .Və bu harmoniya həyatı hər gün bir az da gözəlləşdirir .
İbrahim bunu hər an, hər dəqiqə hiss edir. Bax elə indi də hiss edir .Qarşısında yamyaşıl bir çəmənlik uzanır. Günəş sağ tərəfdə parıldayır, hələ göyün tən ortasına qalxmasına çox var. Şəfəqlər yer üzünə çəpəki düşür və isti də, sən deyən, hiss olunmur. Kəpənəklər gözə dəymir, quşların səsi də eşidilmir .Arabir tək -tək sərçələr görünür .Onlar da yay- qış, onsuz da, çəmənliyin yerli sakinləridir.


Davamı →

Şeytanın kələyi - Şiringül Musayeva

                   
                          Azər qoşunu qeysər -i  Rumu əsir etmiş ,
                          Kəsra sözüdür, bir belə tarix nağıl olmaz — Şəhriyar

Bəzən  sənə elə gəlir ki, sanki baş verəcək dəhşətli bir olayı hiss etdin; elə bil bu olay ya keçmişdə olmuşdu, ya da gələcəkdə mütləq olasıydı.Bəzən günlərlə, aylarla, hətta illərlə bu təsirdən qurtara bilmirsən. Bu hiss-“nə isə” nin baş verəcəyinə aid olan bu mistik hiss səni zaman-zaman təqib edir və tədricən şüurunun alt qatlarına keçir, bir qorxu kimi, labüd surətdə olası dəhşətli hadisə kimi orada gizlənir.Hərdən çaşıb qalırsan;-axı bu,hissetməmi deyim,irəlicədən görməmi deyim-nə isə mistik bir şeydir, buna inanmağa heç bir əsas yoxdur, insan həyatında minlərlə belə xırda təfərrüatlar olur və zaman-zaman yox olub gedir,yəni heç bir hadisə -filan baş vermir.
Davamı →

Ümidlər yayılsın sabahlarına- Şiringül Musayeva

Kayabaşı, adın, sanki bir inci,
                                                 Yaylalar içində yerin birinci.     
… Dağlar..dağlar çox gözəldi, yamyaşıldı, biri o birini əvəzləyirdi, dik zirvələr sıraya düzülmüşdü, yamacları çiçəklərlə bəzənmişdi: haça zirvələrin başı üzərində masmavi səma görünürdü və mavi səma çox yaxında görünürdü. Hikmətə elə gəlirdi; haça zirvəni aşmaq və mavi səmaya ağ, pəmbə buludlara əllə toxunmaq olar. Və Hikmət çox istəyirdi mavi səmaya, ağ, pəmbə buludlara əllə toxunsun. Hikmət eləcə irəliyə şığıyırdı; sanki bir qartala dönmüşdü, özünü çox yüngül, qayğısız hiss edirdi, dik zirvələr, yamyaşıl, çiçəklərə bürünmüş dağ yamacları-hamısı ona gəl-gəl deyirdi, heç bir çətinlik çəkmədən dağların sinəsində gəzişirdi, birindən o birinə adlayırdı, dağlar özü onu bir-birinə ötürürdü.
 Dağlar ...çəmənlər ..otlar… al-əlvan çiçəklər… necə gözəldi...Səma necə gözəldi...Günəş necə gözəldi… Günəş...Gözünü dünyaya açandan bəri gördüyü günəş. Günəş, babası, nənəsi, ata-anası, bax bu dağlar, bu çəmənlər, bu Şebingülü baxçaları onun həyatıdır. Bunlar eləcə var idi; Hikmət gözünü açandan onları görmüşdü, babasını dinləmiş ,nənəsini sevmişdi, bu dağları, bu masmavi göy üzünü seyr etmişdi. Dünya elə bu yamyaşıl dağlardan, dağların zirvəsinə toxunan masmavi səmadan,tazə, tər Şebingülü baxçalarından və şəfəqlər içərisində gülümsəyən al Günəşdən ibarətdir. Amma… Hikmət eşitmişdi: nənəsinin söhbətlərindən, babasının söylədiklərindən eşitmişdi; haradasa böyük bir dünya var: o dünya çox böyükdür, sonsuzluqdan başlayıb, sonsuzluğa gedir, başdan-başa dağlardan, çəmənlərdən, dənizlərdən, quş uçurmayan meşələrdən, cəngəlliklərdən ibarətdir. Bu meşələrin, ormanların, çəmənlərin, dağların, çeşmələrin sayı-hesabı yoxdur, amma nədənsə Şebinkarahisar, Yeşil Giresun, Kelkit vadisi, Kayabaşı ,Köprübaşı, Eğribel Təpəsi, Çobanlar Çeşməsi, Sarıçiçək yaylası birdir-babası belə deyir. İnsanların sayı-hesabı yoxdur; milyon illər bundan əvvəl yaranıblar, milyon illər bundan sonra yaranacaqlar,amma Hikmətin babası birdir, nənəsi birdir, Koroğlu birdir, elə Hikmət özü də birdir. Çox qəribədir və çox müəmmalıdır...
 Hikmət Okuyar xəyaldan ayrıldı, yanağında gilələnmiş göz yaşlarını əli ilə sildi.Hə belə ...belə işlər...xocam...Nədənsə bu gün xəyallar ona heç rahatlıq vermir.… Babası Bektaş Ağası Qara Memed kişi əlindəki kərki ilə Şebingül kollarının dibini təmizləyir və onun üzünə baxmadan danışır. Nədənsə bir qədər pərtdir.
 -Cavanlar quş olur, uçub uzaqlara gedirlər,ayağı yer tutan gedir. Bəs bu torpaqlar nə olsun? Dünyanın heç bir yerində belə gözəl yaylalar, torpaqlar yoxdur. Gedənlər geri dönsələr, bu torpaqlar üçün nə isə etsələr belə olmaz, bu torpaqlar da inkişaf edər, canlanar. Gedən geri dönmür ki…
 -Baba, mən dönəcəyəm…
 -Böyük adam...Aşıq Veysəl də öz torpağından quş olub uçumuşdumu? .Daha bizlərə ehtiyac yoxdur.   

-İstəmirsən böyük adam olum ? 
                                               Sevdigim Çamoluk şöhrete erse
                                               Servetleri bir kuşuna değişmem.
                                                Bütün gözellikler siraya girse
                                                Bizimkinin bir kaşına değişmem.

                                                           …… ... 

                                                  Gül rengin içimi yakar, kovurar 
                                                  Sevdanı könlümde bil Şebingülü’m.
                                                  Dert alma,derman al çözümlerde dur
                                                  Bülbüle yar kimi gül, Şebingülü’m. 
                                                   … ...
— Olmaz ki getməyəsən,elə burada yaşayaq?
 -Burada nə işləyəcəm?
— Çoban.
 -Mən çoban ola bilmərəm, Birgül.
 -Al-Birgül qönçə Şebingülü üzüb ona uzadır-məni xatırlayarsan.
 Görəsən dünyada ona gül uzadan mavi gözlü, teli burma-burma,al yanaqlı, bal dodaqlı qızdan gözəl məxluq varmı? Gözləri masmavidir...masmavi. Sonralar heç bu rəngdə, bu təmizlikdə bir göz görmədi. Bəlkə getməsin...Amma getdi...Yollar onu çəkib apardı.…
                                                  Karda, kışta kar yolları kesende,
                                                 Eğribel’də dağ rüzgarı esende,
                                                  Kırat gelir, murat olur desen de…
                                                  Yoldaş heç durmasın yoldan yol alsın.
                                                     ....      ...    ...

...Birgül qarşısinda durmuşdu ,mavi gözləri dolmuş səma kimiydi ....Egribel səmasına oxşayırdı.Soyuq payız yağışı yağırdı üzərinə, üşüyürdü.
 -Məni də apar özünlə.
-Aparacağam, Birgül, sən hələ böyü,mən də işlərimi yekunlaşdırım.
 Amma...gələ bilmədi… ..
 ...-Gələ bilmədim, Birgül...-Hikmət Okuyar ağrıyan sinəsini ovuşdurdu; acı qəhər boğazına dirənmişdi; nədəndir qədrini bilmədiyi günün, üstündən yel kimi ötdüyü anın həsrətini çox çəkir.
  Hə...belə..belə işlər...İnsan oğlu belədir, xocam. Cavanlıqda geriyə dönməyi heç sevməz...Amma… İnsan oğlu sevdiyini də heç unutmaz. Unutmaq mı ..bəlkə də heç ayrılmaz; necə ki bu torpaqlardan ayrıla bilmədi, necə ki uşaqlığından ayrıla bilmədi, necə ki babalı, nənəli, atalı- analı günlərindən heç ayrılmadı, eləcə də Birgüldən heç ayrılmadı. 
 Böyük şəhərlərdə oxudu. İnsanların gurluğu, maşınların gurluğu, hay-küyü, gənclik coşqusu onu alıb apardı.Getdi ...Karadeniz, Şebinkarahisar, Giresun yörəsi, Kelkit vadisi, Dikmetaş, Altınova, Altınçevre, Hacıömer çiftliği, Karşıyaka, Avutmuş, Köprübaşı, İkioğul, Değirmenönü, Qırkgöz, Birogul, Altıntepsi ovası, Erentəpə, Kınık, Karacaören, Kılıçkaya Barajgölü, güllü-bülbüllü Şebingülü bağçaları–hey xəyalındaydı. Arada bir gördüyü vətən oğullarından sordu 
                                            Özledim hemşehrim hele bir anlat
                                            Tepelerden, derelerden nə xeber?
                                             Bir az da meyveden, sebzeden söz et
                                             Buzluklardan, seralardan ne xeber ? 

                                               Ayrık otlarını yola bildin mi ? 
                                               İlacı,gübreyi bula bildin mi?
                                              Tohumluk buğdayı ala bildin mi ?
                                               Sökülmemiş meralardan ne haber ?  -deyə sordu
 Gözlədi, o torpaqlara dönəcəyi günü hey gözlədi İçindəki həsrət ,vətən sevgisi, xəyalındakı bülbüllü sebingülü baxçaları dilində, dodağında şeirlərə döndü-möhtəşəm şeirlərə, oxuyanın, dinləyənin qəlbində bənzərsiz, tayı,bərabəri olmayan izlər buraxan, duyğular oyadan, vətən sevgisini gücləndirən şeirlərə…

                                                            Kayabaşı, gəlib üstə çıkarsam
                                                            Burcuna varmadan dönmiyecegim.
                                                            Yeşili seyr edip, maviyi görsem
                                                            Nadimak dermeden inmiyecegim

 Hələ o torpaqlara dönmədən o torpaqların, o dağların, gur çeşmələrin, sərin yaylaların, o torpaqlarda yaşayan sadədən sadə insanların: dağda tütək çalan çobanın, tarlalarda, bağlarda kətmən vuran əməkçinin, Şebingülü baxçalarında çiçək dərən –gül qoxulu qızların dilində Bizim Hikmətə döndü; Çoban dağa yolu düşən hansısa yad ölkə adamına dilboğaza qoymayaraq Bizim Hikmətdən bəhs etdi, nənələr mürgülü nəvələrin gələcəyə dikilən xəyal, arzu dolu dünyalarına şirindən şirin bir Bizim Hikmət dastanı ilə nəqş vurdu. Kelkit vadisi ,Şebinkarahisar insanı onu Dağların ve Çobanların Şairi kimi sevdi, əzizlədi. Adı hər obada, eldə sevilərək çəkildi. 
   ...-Hikmət Okuyar...Hikmət Okuyar..Hikmet Okuyar! — Egribel, Kayabaşı, Çobanlar Çeşməsi, Köprübaşı, Aşıq Veysəl, babası, Birgüldürmü hər gecə yuxusuna girən, qulağına pıçıldayan...
                                              Nerde erenlerin fermanı nerde ?
                                              Nerde dertlilerin dermanı nerde ?
                                              Duyur sözlerimi namerde, merde…
                                              Duyur sözlerimi namerde,merde! ’
   … Və Bizim Hikmet söz verdi; qışı soyuğuyla, sazağıyla, tufanıyla ,yazı bənzərsiz, ucsuz bucağsız yaşıl çəmənləriylə, zümrüd dağlarıyla, məsmavi səmalarıyla, yayı –payızı buludlu, bol meyvəli bağlarıyla dünyanın heç bir yerində bənzəri olmayan bu torpaqları dünyaya tanıdacağına söz verdi; Şebinkarahisara, Kerkit vadisinə, Kayabaşına, Çobanlar çeşməsinə, Köprübaşına, Aşıq Veysələ, Birgülə söz verdi...
                                              ...Çözüm türkümüzü dinləsin bir yol,
                                                 Naramızla dağlar inləsin bir yol,
                                                 Sevgi sözümüzdən anlasın bir yol,
                                                 Netice almadan dönmiyecegim.
                                                              ....   … ...
  — Çətin məsələdir, çətin məsələyə toxunursunuz -Yakub bəy başını buladı.
  -Nəymiş o çətinlik? Bu gözəllikdə torpaq diqqətdən kənarda qalmalıdır? Mənim məqsədim bu torpaqları inkişaf etdirmək,gediş-gəlişi asanlaşdırmaq,bu gözəllikləri dünyaya tanıtdırmaqdır.Qoy oradakı insanlar dünyaya çıxış alsın.İndiki texnika əsrində çətin işdirmi bu?Sadəcə diqqət lazımdır,bu torpaqlara ürəyi yanan vətən oğlu lazımdır.
                                              ....  Kelkit vadisində titən ocaqlar.
                                                    İçində birikmiş özlemi saklar
                                                    Bizim Hikmet indi netice bekler
                                                    Ben olsam bekletmem ”Buyur al ”derim.
 -O zaman mən də yolun açıq olsun deyirəm-Yakub bəy gülümsünərək ayağa durdu.
 Sanki Hikmet Okuyarın üzərindən ağır bir yük götürüldü.Dərindən nəfəs aldı. 
                                                       ....           .....           ....

  — Biz şairlərin,şeirlərin, Dağların və Çobanların Şairi Bizim Hikmət'i axtarırıq- qarşıdan gələn, üçü də bir –birindən gözəl qızlardan biri Metehandan soruşdu.
 -Əvvəlcə tanış olaq. Mən Metehan.
 -Mən Birgül.
 -Mən Fatimə.
 -Mən Xədicə.
 -Neynirsiniz onu?-Metehan soruşdu.
 -Şeirlərimiz var,əfəndim ,oxuyacağıq ona.Bir də onun şeirlərini dinləyəcəyik –öz dilindən.
 -Onu çətin buralarda taparsınız.Tapsanız ...tapsanız Eğribel Təpəsindəki Çobanlar Çeşməsi başında taparsınız. 
                                           Hikmetin deyişleri Bülbülün nefesinde.
                                           Dinleyene sözü var, Egribel tepesinde. 
  — Eləysə gedək, ləngiməyək.
 Kayabaşı, Egribel Təpəsi, Çobanlar Çeşmesi, Sarıçiçək yaylası tazə -tər çiçəklərlə örtülüb.Hər tərəf gül-çiçəkdir.Çiçəklərin ətri adamı bihuş edir. Hikmət Okuyar Çobanlar Çeşməsinin başında əyləşib.Qəlbi çox kövrəlib, incədən incə olub,bir gül yarpağı kimi titrəyir. Ətrafına baxınır: bu həmin Çobanlar Çeşməsidir mi ?
 Ah, zaman bir dəli atlı kimi şütüyüb keçdi yanından. Suların şırıltısı necə də o vaxtı andırır,sanki heç üstündən illər ötməyib, heç dəyişməyib. Ah,bu çöllər, çəmənlər, başı üstündə duran məsmavi səma, şəfəqlər içərisində gülümsəyən gözəl Günəş..-illər onlara heç toxunmayıb. İçindəki məsum qəlbli oğlana da heç nə toxunmayıb. Elə indi də dünyaya o məsum qəlbli, gözəl gözlü oğlanın baxışlarıyla baxır. Hələ də buludların ardıyca qaçmaq, əl uzadıb onlara,mavi səmaya toxunmaq istəyi var içində.
 -Salam.
 -Salam.
 -Siz, Bizim Hikmetsiniz? Bu, Dağların ve Çobanların Şairi Bizim Hikmet.
 Hikmət Okuyar başını qaldırır: qarşısında mavi, səma kimi lacivərd, gözəl gözlü bir qız görür; saçları burma-burma çiyinlərinə dağılıb, yanaqları, qönçə dodaqları Şebingülü rəngindədir.
 -Salam-qız ona gülümsəyir: təbəssümü eynən Birgülü xatırladır, illər heç toxunmayıb ona. Zaman hər şeyə rəğmən geriyəmi qayıdıb?
 -Al-qız ona bir şebingülü uzadır. Birgülün vaxtilə ona verdiyi şebingülünün eynisidir.Olurmu bu?
 -Adın nədir?
 -Birgül.Mən sizi tanıyıram, şeirlərinizi şox oxumuşam.
 Hikmət Okuyar gülümsünür, mərd çöhrəsi işıqlanır.
 -Siz bu dağların oğlusunuz, bu dağları dünyaya tanıtmaq istəyirsiniz, şeirləriniz də elə bu dağlardan bəhs edir, siz bizi sevirsiniz-Birgül irəli yeriyir.
 Elədir...İllər ötmüş bu sevgidən heç nə əskilməmişdi... 
Metehan gülümsünür:
 -Ustad, qızlar sizi çox axtarmış. Aradabir şəhərə də dönün.
 Onlar əl-ələ verərək qarşıdakı zirvəyə doğru irəliləyirlər. Başları üzərində Günəş zərrin şəfəqlərini yayaraq gülümsəyir...
                                       Çağır gidenleri tut bas bağrına,
                                       Çağlasın yeniden o gur sesimiz.
                                       Umutlar dağılsın yarınlarına…
                                        Şenlensin köyümüz ve mahellemiz...

   Not: '' Ümidlər yayılsın sabahlarına '' isimli Şeirli Hekayə'mdəki şeirlər; tanınmış Türk Şairi Hikmet Okuyar’ındır. Müəllif: Şiringül Musayeva
Davamı →

Sovet xüsusi təyinatlılarına verilən məntiqi məsələ

Bu illüstrasiyada mövcud olmayan peyzaj təsvir edilib və ona baxaraq məntiqə, öz biliyinizə və şəkildən əldə edə biləcəyiniz məlumatlara əsaslanaraq bir neçə “uydurma” vəziyyət yarada bilərsiniz. Etməli olduğunuz yeganə şərt isə çox sadə 13 suala cavab verməkdir.



Suallar

Şəklə baxaraq aşağıdakı suallara cavab verməyə çalışın:
Davamı →

Uzundur dünyanın bu əfsanəsi/Şiringül Musayeva(1-ci hissə)

                                   Bilinməz  nə  vaxtdan  hərlənir  bu tas,
                                  Nə  zaman  pozular  bu  gözəl  əsas.
                                   Belə nazik  fikri  dərindən duyub
                                  Ağıl  ölçüsüylə  dərk  etmək  olmaz.
      Keçmiş  günlərə  baş  vuranda  ,  xəyala   dalanda     öncə  gözü   önünə  kəndlərinin  kənarını  əhatə   etmiş  yamaclar   gəlirdi.    Nədənsə  həmişə     yaz   vaxtları  canlanırdı   xəyalında  ;  yamaclar   yaşıl  dona  bürünmüş  olurdu  .Və   ən  qəribəsi   o  idi  ki  ,  yamaclar   aralıdan  dağa  bənzəyirdi,  yaxından  isə   elə  yamac idi  ki, vardı.  Sonra   uca   Pirdirəki  dağını  xatırlayırdı.  Və  anlayırdı ki  ,  Pirdirəki  dağı,  sözsüz ,  dağdır,  çünki  ətrafdan  ,  hətta  çox  uzaqdan  belə  görünür. Və  ona  çox  təəccüblü  gəlirdi   nədən   aşağılar   -  dağın  yamacları   yaşıl   ,zümrüd   rəngində, əsas  özəyi — başı  isə    yumru  və  bozumtuldur:  sanki  sal  qranit  parçasıdır.
    Uşaq   vaxtı   babası  ilə  dəfələrlə  dağa   getmiş  və   yəqinləşdirmişdi  ki, dağ  qranit  parçası  — filan  deyil,  amma  daşlı- kəsəklidir.  Yəqin ,elə  buna   görə   də    ətraf  yamyaşıl    zümrüd  rəngunə   boyananda  o, eləcə  bozumtul  qalır  .Bozumtul...
   Nədənsə   bu  rəng  həmişə  ona  kasıb  gəlirdi ,  qoca  gəlirdi   və   o ,  həmişə  o  vaxt  da, indi  də  düşünürdü  ki ,bu  dağ nə  isə   qocadır,  kasıbdır  .Dağ   onda   qəribə   bir  təəssürat   yaradırdı.
Davamı →

Uzundur dünyanın bu əfsanəsi/Şiringül Musayeva(2-ci hissə)

 
  Nigar  ona  bir  kisə  kömür   və  içi  yeməli  şeylərlə  dolu  zənbil  də  verdi. Ayaqları  bir- birinə  dolaşaraq   kömürü  və  zənbili  daxmasına  gətirdi.
  Tələsik  peçi   qaladı.  Zənbildə  kartof ,  soğan ,  vermişel,  düyü  ,  çay  .  yağ   konfet  və  bir  qutu  xurma  var  idi.   Xurmadan   bir  neəsini  tələsik  ağzına  atdı.
    Budur, çay  da  qaynadı.  Hə   indi  xurma  ilə   şay  içmək  ,  kartof  soyutmasının  bişməsini  gözləmək   və  xəyallara  dalmaq  olar.
   Xəyallar...İnsan  qocaldıqca   xəyala  dalmağı  daha  çox  sevir  .Əslində  insan  cavan    olanda  da  xəyala  dalmağı  çox  sevir. Gənc  olanda  xəyallar  daha  vüsətli  olur :  gözlənilməz  gedişlər  ,  xoş  sürprizlər ,ən  əsası  da  bunların  baş  verəcəyinə  olan  inam.
  Qocalanda  isə   heç  bir  sürprüz  qalmır.  Qarşıda  sanılı  qoz  kimi  yeknəsəq  günlər  durur. Bəzən  bədbəxtlik  qocalmanı  ,  deməli  yeknəsəqliyi  sürətləndirir. Ya  da  bədbəxtlik  elə  qocalıqdan  da  betər  bir  durumdur.  İnsan 
nə  üçün   bədbəxt  olur. Ümumiyyətlə  bədbəxtlik  və  xoşbəxtlik  arasında  fərq  böyükdür,  yoxsa  kiçik ?Və  yaxud  bir  çox  filosofların    təbirincə   deyilsə   xoşbəxtlik  və  bədbəxtlik  bəlkə  nisbidir.  Əslində  bədbəxtlik  və  xoşbəxtlik  yoxdur.  İnsanın  özünü  bədbəxt  və  xoşbəxt  hiss  etməsi  var.
Davamı →