Mir Möhsün Nəvvab

İstedadlar yurdu olan qədim Şuşada dünyaya göz açan Mir Möhsün Nəvvab Azərbaycan tarixinə alim və pedaqoq, şair və musiqişünas, rəssam və xəttat kimi daxil olub, zəmanəsinin görkəmli şəxsiyyətlərindən biri kimi tanınıb. Onun milli ənənələrə sıx bağlı olan yaradıcılığı Azərbaycan təsviri sənət tarixinin parlaq səhifələrindən birini təşkil edir.

Monumental və dekorativ sənət qrafikası sahəsində yaratdığı süjetli kompozisiyalar özünəməxsusluğu ilə seçilir. Onun işləri Şuşadakı Gövhər ağa məscidinin minarələrini, vaxtilə yaşadığı evi və dərs dediyi məktəbin binasını bəzəyirdi.

Dahi sənətkarın “Kənzül-mühən” (1864), Bəhrül-hüzən (1864-1865) və “Kəşfül-həqiqeyi-məsnəvi (1895) əlyazmalarına verdiyi tərtibatlar və çəkdiyi illüstrasiyalar, eləcə də “Şuşada aşura mərasimi” (1873), “Teymurləngin portreti”, “Güllər” (1874), “Quşlar” (1872) əsərləri onun rəssam kimi istedadını qabarıq şəkildə nümayiş etdirir.
Davamı →

Böyük musiqi salnaməçisi

Xalq mahnılarımızın toplanması və sistemləşdirilməsində musiqişünas Ağalar bəy Əliverdibəyovun mühüm xidmətləri olub. O, ixtisasca mühəndis olsa da, ömrünü Azərbaycan musiqisinin öyrənilməsi və təbliğinə həsr edib.

Ağalar Kərbəlayı Ələkbər oğlu Əliverdibəyov 1880-ci ildə Şuşa qəzasının Pərioğlular kəndində bəy ailəsində anadan olub. Uşaqlığı Şuşa şəhərində keçib, ibtidai təhsilini burada molla məktəbində alıb.

Atası onun Avropa təhsili alması üçün böyük səy göstərib. Beləliklə o, 1901-ci ildə Sankt-Peterburq Texnoloji İnstitutuna qəbul olunur. Ali təhsilini başa vurduqdan sonra atasının məsləhəti ilə Polşada Varşava İnşaat İnstitutunda təhsil alır. İxtisasına mükəmməl yiyələnən Ağalar bəy 1913-cü ildə vətənə dönür, yol-inşaat mühəndisi işləyir.

 A.Əliverdibəyov gənc yaşlarından müxtəlif xalqların musiqisinə böyük maraq göstərib, bu mövzuda ədəbiyyatları maraqla mütaliə edib. Qarabağ bölgəsinin, ümumiyyətlə Azərbaycanın musiqi dünyasına həssaslıqla yanaşıb. Bu istiqamətdə öz düşüncələrini ardıcıl olaraq qələmə alan A.Əliverdibəyov daha sonra dünya xalqlarının musiqi mədəniyyətinə həsr olunmuş “Musiqi tarixi” adlı kitab yazıb. Mütəxəssislər bu kitabı, eləcə də onun topladığı xalq mahnı və təsniflərini musiqi xəzinəmizə dəyərli töhfə hesab ediblər.
Davamı →