“Əziz qızım, indi gecədir. Yeni il gecəsi. Mənim balaca qəsrimin silahsız mühafizəçiləri yatırlar. Bacın və qardaşın yatıb, hətta anan da yuxulayıb. Bu yarıqaranlıq otağa gəlincə az qaldım hamısını oyadam.
Necə də uzaqsan məndən! Əgər indi şəkillərinə baxmıramsa, kor olum. Şəkillərin stolumun üstündə, ürəyimə ən yaxın yerdə dayanıb. Amma sən hardasan? Uzaqda, nağıllar şəhəri Parisdə, gözəl bir səhnədə rəqs edirsən. Bu sakit gecənin səssizliyində sənin ayaq səslərini açıq-aydın eşidirəm. Gözlərin gözlərimin qarşısına gəlir; gözlərin qış gecəsində bərq vuran ulduzlar kimidir. Bu gözəl tamaşada Şahın əsir götürdüyü gözəllər gözəli o fars qızını oynadığını bilirəm. Gözəllər gözəli ol, rəqs elə, ulduz ol və parıltın aləmə yayılsın. Amma tamaşaçıları məftun etməkdən sərxoş olanda, sənə verilən çiçəklərin qoxusu başını gicəlləndirəndə bir küncə çəkilib məktubumu oxu, atanın sözlərinə qulaq ver.
Mən sənin atanam, Ceraldin! Mən Çarliyəm, Çarli Çaplin! Kaş biləydin, neçə gecə beşiyinin başında oturmuşam, şirin nağıllar danışmışam. Bəzən “Yatmış gözəl”i, bəzən “Pis qəlbli əjdaha”ı nağıl etmişəm...Yuxu gəlib qoca gözlərimi bağlamaq istəyəndə onu ələ salır və deyirdim: “Rədd ol! Mənim yuxum — qızımın xəyallarıdır!”. Mən sənin xəyallarını görürdüm, Ceraldin! Sənin gələcəyini görürdüm, bax bu gününü! Səhnədə rəqs edən qızı görürdüm, qanadlarını açıb havada uçan pərini… İnsanların sözlərini eşidirdim: “Bu qızı görürsən? Qoca bir klounun qızıdır. Atasının adı Çarli idi, yadına gəlmir?”. Rəqs və alqış səsləri ayaqlarını yerdən kəsəcək. Qanadlan və uç yüksəkliklərə! Amma arada ayaqların yerə dəysin. Xalqın necə yaşadığını bilməlisən, küçə rəqqaslarının həyatı ilə tanış olmalısan. Aclıqdan rəngi solan, yoxsulluqdan və soyuqdan titrəyə-titrəyə rəqs edənlərlə…
Ardı →