Əkinçiliyin və maldalığın yaranması

NEOLİT (Yeni Daş) dövrü e.ə. VIII-VI minilliyi əhatə edir. Daş əmək aləti daha da təkmilləşdirildi. Ağacdan sapı olan cilalanmış daş baltalar əvvəlki əmək alətlərindən daha məhsuldar idi. Belə əmək alətləri ilə ağac kəsmək və təmizləmək daha asan olurdu. İnsanlar toxumun yerə düşməsini, onun cücərməsini, inkişafını və məhsul verməsini dəfələrlə müşahidə etmişdilər. Onlar sahələri kolluq və meşəlikdən təmizlədilər, əkinçiliklə məşğul olmağa başladılar. Qadınlar ağaca buynuzdan, yaxud daşdan ucluq düzəldib toxa adlanan əkinçilik aləti ilə yeri şumlayır və taxıl əkirdilər. Ən qədim əkinçilərin əmək aləti toxa idi. Bu dövrün əkinçiliyinə toxa əkinçiliyi deyilir. Sünbülü iti daş qəlpələri taxılmış buynuz və sümükdən düzəldilmiş oraqla biçirdilər. Toxa əkinçiliyi yığıcılığa nisbətən qəbiləni daha çox qida ilə təmin edirdi. Beləliklə, yığıcılıqdan əkinçilik meydana gəldi. Ən qədim əkinçilik məskəni on min il bundan əvvəl Ön Asiyada (Zaqroş dağları və Anadoluda) yaranmışdı. Arpa və buğdanın vətəni bu ərazidir və dünyanın digər ərazilərinə buradan yayılmışdır.
Ardı →