Mario Varqas Lyosanın Nobel nitqi

Qiraət və ədəbiyyata mədhiyyə
Mən oxumağı beş yaşında öyrənmişəm. Müəllimim Boliviyanın Koçabamba şəhərindəki de Lasal məktəbində çalışan Yustinian qardaş olub. Bu, həyatımda baş verən ən mühüm hadisədi. İndi, az qala, yetmiş beş il sonra kitab səhifələrindəki sözlərin vaxt və zaman çərçivələrini qırıb mənim həyatımı zənginləşdirərək obrazlara çevrildiyi həmin möcüzəni əla xatırlayıram. Kapitan Nemo ilə birlikdə su altında iyirmi min lyö üzmüşəm, hiyləgər Rişelyenin zamanında kraliçaya qarşı pis niyyəti olan fitnəkarlara qarşı Dartanyan, Atos, Patos və Aramislə çiyin-çiyinə vuruşmuşam, Jan Valjana çevrilib, kürəyimdə Mariusun cansız bədəni, Paris katakombalarını dolaşmışam… Qiraət xəyalları həyata, həyatı xəyallara çevirdi: bütöv bir ədəbiyyat dünyasına əl uzatsam çatardı. Anam danışırdı ki, ilk «qələm təcrübələrim» oxuduğum kitabların davamıydı, çünki qəhrəmanlardan ayrılmaq istəmirdim, ya da əsərin sonluğu xoşuma gəlmirdi. Demə, özüm də hiss etmədən ömürboyu bununla məşğul olmuşam: uşaqlığımı fərəh və macəralarla dolduran əhvalatların davamını yazmışam.
Davamı →

Nobel nitqi | Toni Morrison

Bu zala məndən əvvəl bura gələnlərin ruhu ilə sarılmış halda girdim. Aralarında, əsərləri ilə mənə fərqli dünyaların qapılarını açan imzaların da olduğu Nobel Mükafatı sahibləri, bir yandan gözümü qorxudarkən, digər tərəfdən insanı bağrına basır. Yaradıcılıqlarının miqyası və özünəməxsusluğu, cəsarəti və baxış bucağının dəqiqliyi bəzi hallarda qəlbimi qırdı. Əsərlərinin heyrət verən möhtəşəmlikləri məni həm çətinliyə salıb, həm də bəsləyib. Onlara olan borcum, məni bu seçilmiş qrupa daxil etdiyi üçün İsveç Akademiyasına olan borcumla yarışacaq səviyyədədir.

Oktyabr ayının əvvəllərində bir yazar dostum mənə səsli mesaj göndərdi. Bu mesajı həftələrlə telesekretarda saxladım və səsindəki titrək xoşbəxtliyi, sözlərindəki inancı duymaq üçün təkrar-təkrar qulaq asdım. Mesajda belə deyirdi: “Əziz dostum, aldığın mükafat eyni zamanda bizim sayılır və səninkilərdən daha yaxşı əllərdə ola bilməzdi”. Mesajındakı şövq, haqlı optimizmi və əsrarəngiz etibarı bu günü mənim üçün çox mənalı edir.
Davamı →

Nobel nitqi | Con Steynbek

Zatı-aliləri, Min Vackra Fru, Xanımlar və Cənablar!
İsveç Akademiyasına mənim əsərimi bu yüksək mükafata layiq gördüyü üçün təşəkkür edirəm. Dərin hörmət və ehtiram bəslədiyim digər ədiblərdən daha çox Nobel mükafatına layiq görüldüyüm üçün ürəyimdə şübhə var, lakin özümə qarşı duyduğum fəxr və qürur hissi ilə bağlı heç bir şübhə yoxdur.

Bu mükafatı qazanan şəxs üçün ədəbiyyat sahəsi və onun istiqaməti ilə bağlı şəxsi, yaxud elmi fikir söyləmək ənənəvi bir hadisədir. Ancaq belə bir xüsusi gündə, ədəbiyyat adamlarının yüksək vəzifə və öhdəliklərini müzakirə etmək daha yaxşı olardı.

Minnətdar olan və özünü günahkar hiss edən bir siçan kimi ciyildəmək üçün deyil, lakin peşəmdə və illər boyu bu işlə məşğul olan dahi və istedadlı şəxslər qarşısında fəxrlə bir şir kimi nərildəmək üçün həvəsləndirilməyimin səbəbi, dayandığım bu yerin və Nobel mükafatının bu cür şöhrətidir.
Davamı →

Nobel nitqi | Günter Qrass

Hörmətli Akademiya üzvləri, xanımlar və cənablar!
XIX əsrdə qəzet və jurnallar bu bildirişi dərc etməklə nəsr əsərlərinin çapını uzatdıqca uzadardılar. Seriya ilə nəşr olunan əsərlərin çiçəklənən çağı idi: qəzet və jurnallarda onlara böyük yer ayrılırdı. Romanın ilk fəsilləri kiçik fasilələrlə dərc olunurdu. Bu müddət ərzində müəllif sonrakı fəsillər üzərində işləyirdi, sonluğun necə olacağı isə heç onun özünə də məlum deyildi. Oxucuları təkcə qorxulu hekayələr və ya bayağı sentimental romanlar maraqlandırmırdı. Dikkensin əksər romanları, Tolstoyun “Anna Karenina”sı da hissə-hissə dərc olunan əsərlər sırasında idi. Bəlkə də hələ kifayət qədər tanınmayan gənc Balzaka əsərin sonuna yaxın gərginliyi yüksək həddə çatdırmaq bacarığını da məhz yaşadığı dövr – seriyalı kütləvi nəşrlərin yorulmaz sifarişçisi aşılamışdı. Fontanenin demək olar bütün romanları, o cümlədən “Keşməkeşlər və bədbəxtliklər” ilk dəfə seriyalı nəşr halında qəzet və jurnallarda dərc olunub. Bu romanın nəşri o qədər uzanmışdı ki, “Fossişe Tsaytunq» jurnalının naşiri bir dəfə qəzəbini cilovlaya bilməyib qışqırmışıdı: “Bu pozğun əhvalat nə vaxtsa bitəcək, ya yox?!”
Davamı →

Mahnılarım ədəbiyyatdırmı? | Nobel nitqi

Axşamınız xeyir! Mən İsveç Akademiyası üzvlərini və bu gecə burada iştirak edən bütün hörmətli qonaqları ürəkdən salamlayıram.

Təəssüf edirəm ki, tədbirdə şəxsən iştirak edə bilmirəm. Lakin əmin olun ki, bütün ruhumla sizin yanınızdayam və bu cür nüfuzlu mükafata layiq görülmək mənim üçün böyük şərəfdir. Ədəbiyyat üzrə Nobel mükafatı təsəvvür belə etmədiyim, yaxud baş verəcəyini xəyal belə etmədiyim bir şeydir.

Uşaqlığımdan bəri bu mükafata layiq olan Kiplinq, Şou, Tomas Mann, Perl Bak, Alber Kamyu, Heminquey kimi yazıçıların əsərlərini oxumuş və onları öz ruhuma hopdurmuşam. Məktəblərdə keçilən, dünyanın hər yanındakı kitabxanalarda saxlanılan və haqqında ehtiramla söz açılan bu əsərlər insanlara həmişə dərin təsir göstərib. İndi mənim bu siyahıdakı adlara qoşulmağım, həqiqətən də, sözlə təsvir edə bilmədiyim bir duyğudur.

Davamı →

Nobel nitqi | Qabriel Qarsiya Markes

London ilk şəhər divarını uzatmaq üçün 300 il sərf etdi, Roma 20 əsr boyunca qeyri–müəyyənlik içində yaşadı, bu gün sülhpərvər kimi tanınan İsveçrə XVI əsrdə muzdlu əsgərlər vasitəsilə Avropanı qana çalxaladı…

Magellanla birlikdə dünyanı dolaşan Florentina dənizçisi Antanio Piqafetta Amerikanın cənub sahillərinə səyahətindən bəhs edən, macəradan çox xəyalı xatırladan, son dərəcə səliqəli və dəqiq yol qeydlərinin müəllifidir.

Qeydlərdə o, göbəyi dal ayağında bitən donuzlar, caynaqsız quşlar gördüyünü yazır. Bu quşların dişiləri yumurtalarını erkəklərinin belində qoyurlar. Dilsiz qutanı xatırladan başqa bir quşun isə dimdiyi qaşıq formasındadır. Burada Piqafetta dəvəbədənli marallardan, qulaqları və başı qatırı xatırladan, at kimi kişnəyən hansısa əcaib məxluqdan da danışır. O, güzgü ilə ilk dəfə qarşılaşan patoqoniyalılardan yazır. Dənizçinin yazdığına görə, güzgüdə öz əksini görüb dəhşətə gələn bir nəhəng Patoqoniya sakini huşunu itirib.
Davamı →

Nobel nitqi | Knut Hamsun

Bu sayaq misilsiz səxavətin qarşısında nə demək olar? Ayaqlarım yerə toxunmur, sanki uçuram, başım hərlənir. Bu gün nəciblik və gözəllik yağışına bürünsəm də, mən həmişəki mənəm. Lakin ölkəmə verilmiş mükafat, bir dəqiqə əvvəl bu zalda səslənən dövlət himninin sədaları ayaqlarımı yerdən üzüb.

Bəlkə də ayaqlarımın yerdən üzülməyi birinci dəfə deyil. Xoşbəxt gənclik illərimdə də belə anlarım olub. Axı bu xoşbəxtlik heç bir gəncdən yan keçmir. Yox, bu hissi yalnız anadan qoca doğulmuş, ağlın başdan çıxmağının nə demək olduğunu bilməyən mühafizəkar gənclər dada bilməyib.

Tanrı şahiddir ki, belə fürsətlər sonralar da ələ düşür. Nə olsun? Nəticədə biz olduğumuz kimi qalırıq və şübhəsiz ki, bundan hər birimiz faydalanırıq.
Davamı →

İvan Buninin Nobel nitqi

“Əlahəzrət, hörmətli xanımlar və hörmətli cənablar!
İsveç akademiyasının qərarını telefon mənə noyabrın 9-da, uzaq-uzaq bir məmləkətdə, qədim əyalət şəhərində, yoxsul kəndli evində xəbər verdi. Əgər belə vəziyyətlərdə hamının dediyi kimi “bunun həyatım boyu keçirdiyim ən güclü təəssürat” olduğunu desəm, qeyri-səmimi olaram. Dahi filosof düz deyir ki, hətta ən nadir gələn sevinc hissi belə kədər hissi ilə müqayisədə heç bir əhəmiyyət daşımır. Silinməz xatirəsini həmişəlik qoruyacağım bu bayrama kölgə salmağı qətiyyən arzulamıram, amma yenə də cəsarət edib deyirəm ki, son on beş ildə yaşadığım kədər sevinclərimdən qat-qat çoxdur. Və onlar şəxsi kədər anları olmayıb – qətiyyən yox! Lakin bir şeyi də əminliklə deyə bilərəm ki, yazıçılıq həyatım boyu yaşadığım bütün sevinclərin arasında müasir texnikanın bu balaca möcüzəsi, Stokholmdan Grassa edilən bu zəng yazıçı kimi məni tamamilə xoşbəxt etdi.

Sizin böyük həmvətəniniz Alfred Nobel tərəfindən təsis olunmuş bu mükafat yazıçı əməyinin ən yüksək təsdiqidir!

Şöhrətpərəstlik, demək olar ki, hər insana və hər müəllifə xasdır və mən bu qədər peşəkar və tərəfsiz münsiflər tərəfindən bu mükafata layiq görülməyimlə son dərəcə fəxr edirəm.
Davamı →