Patrisilərlə plebeylərin mübarizəsi.Italiyanın işğalı
Plebeylərin qələbəsi. Respublika yaranandan sonra da plebeylər hüquqsuz qaldılar. Onlar patrisilərlə bərabər hüquqa malik olmaq üçün e.ə. V-III əsrlərdə mübarizə aparırdılar. Patrisilər onlara icma torpaqlarından istifadə etməyə, dövlət idarə işlərində iştirak etməyə imkan vermirdi. Buna cavab olaraq, plebeylər orduda xidmətdən imtina etmək, Romadan çıxıb yeni şəhərlər salmaqla və s. ilə hədələyirdilər.
E.ə. V əsrin əvvəllərində plebeylər onların hüquqlarını müdafiə edən tribunların seçilməsinə nail oldular. Tribun senatın və konsulun plebeylərin mənafeyinə zidd olan istənilən qanunu ləğv edə bilərdi. Onun «veto», yəni «qadağan edirəm» deməsi kifayət idi. Romada xalq tribununu öldürmək ən ağır cinayət sayılırdı. E.ə. III əsrin əvvəllərində plebeylər qələbə qazanıb Romanın tam hüquqlu vətəndaşı oldular. Onlar yüksək vəzifə tutmaq, icma torpaqlarından istifadə etmək hüquqlarına malik. oldular. Hər bir Roma vətəndaşı dövlət vəzifələrinə seçilə bilərdi, lakin vəzifə üçün heç bir haqq verilmədiyinə görə vəzifəyə ancaq varlılar seçilirdi. Roma quldarlar və aristokratlar respublikası idi.
Ardı →