Qədim Misirin mədəniyyəti
Qədim Misir Şimali-Şərqi Afrikada Nil çayının vadisində və deltasında yerləşirdi. Yayın əvvəlində gur yağışlar yağır, ətrafı su basırdı. Noyabrda su çəkilir, üzvi maddələrlə zəngin olan lil sahili örtürdü. Bu qara lil qatı rütubəti yaxşı saxladığı üçün çox məhsuldar idi. Buna görə də misirlilər öz ölkələrini “Qara torpaq” adlandırırdılar. Əvvəllər Nilin vadisi keçilməz cəngəlliklər, bataqlıqlardan ibarət idi. Burada çoxlu vəhşi heyvanlar, xəstəliklər yayan müxtəlif həşəratlar var idi. E.ə. VIII minillikdə Böyük səhrada yaşayan insanlar tədricən Nil vadisini mənimsəməyə başladılar. Bu tayfalar yığıcılıq, balıqçılıq, ovçuluq edir, kolluqları qırır, bəndlər düzəldir, kanallar çəkir, əkinçiliklə məşğul olurdular. Misirlilərin başlıca məşğuliyyətləri əkinçilik idi. Hündür yerlərə su çıxarmaq üçün şaduf adlanan qurğudan istifadə etmişdilər. Onlar torpaqları toxa və sadə xışlarla şumlayırdılar. Qədim misirlilər arpa, buğda, meyvə, tərəvəz becərirdilər. Onlar mal-qara da saxlayırdılar. Onlar sənət və mübadilə ilə məşğul olurdular. Bacarıqlı dulusçu, daşyonan sənətkarlar idilər. Misir e.ə. IV minillikdə əhalisi sıx olan ölkəyə çevrildi.
Davamı →