Turgenev,Tolstoy,Dostoyevski

Rus romantizminin üç nəhəngi rus klassikləriTurgenevdə bir rəssam məharəti var. Onun yaradıcılığının qüdrəti, eyni zamanda, müəyyən qədər birtərəfəliliyi də bundan irəli gəlir. Gözəllikdən zövq almaq onu həyatla çox asanlıqla barışdırır. Turgenev, təbiəti insan ruhundan daha dərin və nüfuzedici nəzərlərlə müşahidə edir. O, Lev Tolstoy və Dostoyevski kimi psixoloq deyil. Amma o, insanın da kiçik bir zərrəsi olduğu bu dünyanı dərindən anlayır! Onun üslubu saf, səlis, yazı dili ahəngdar və musiqilidir! Bu həlim poeziya ilə uzun müddət təmasda olanda adama elə gəlir ki, həyat yalnız onun gözəlliklərindən zövq
almaq üçündür.

Dostoyevski bizə daha yaxın, daha doğmadır. O bizim aramızda — bu qüssəli, soyuq şimal şəhərində yaşayıb. Həyatın keşməkeşlərindən və həllolunmaz müşküllərindən, bizim də çəkdiyimiz əziyyətlərdən, əsrin bəlalarından çəkinməyib. Dostoyevski bizi, Turgenevə xas poetik ülviliklə, yaxud Lev Tolstoy tək ruhani təkəbbürü ilə yox, sadəcə, dost, tay-tuş kimi sevir. O, bütün düşüncələri və sarsıntıları ilə birgə bizimkidir. Bizimlə eyni qabdan su içsə də, lap bəlkə zəhərlənsə də, o, nəhəng və qüdrətlidir. Tolstoy «xəbis» ziyalı mühitinə həddindən artıq nifrət bəsləyir, günahkar insanların zəiflikləri onu iyrəndirir. Dostoyevski isə bəzi hallarda bizə birgə yaşadığımız, sevdiyimiz, doğma və dost saydığımız adamlardan daha yaxın olur. O, ağrını, xəstəliyi bizimlə paylaşır, təkcə xeyirdə yox, şər işdə də yanımızda dayanır. İnsanları da ki, öz zəiflikləri qədər heç nə birləşdirə bilməz. Dostoyevski ən məhrəm düşüncələrimizdən, qəlbimizin ən gizlin istəklərindən xəbərdardır. Dostoyevskini oxuyarkən onun "çoxbilmişliyi", özgənin qəlbinə nüfuzetmə bacarığı adamı hər an təəccübləndirir. Onda elə mübhəm düşüncələrə rast gəlirsən ki, həmin fikirləri nəinki ən yaxın dostuna, heç özün də özünə açıb deməzsən. Ürəyimizdəkiləri «oxuyan» belə bir insan, hər halda, yenə də bizi bağışlayır, «xeyirə üz tutun, Allaha, özünüzə inanın» — deyir. Bu isə gözəllik önündə yaranan heyranlıqdan, yabançı bir ruhaninin moizəsindən daha möhtəşəm və təsirlidir.

Ardı →

Polad necə bərkidi | Ostrovski

Bu, Nigar, Həcər, Tomris, Xədicə, Vəfa, Esmira söhbəti deyil. Heç «Leyli və Məcnun» söhbəti də deyil. Bu, Raya söhbətidir. Ağır söhbətdir. Şeirə, təbiətə, yaradıcılığa tam laqeyd qalanlar, müdriklər, ən böyük arzusu prokuror arvadı olmaq istəyənlər üçün Raya söhbəti tam başadüşülməz bir söhbətdir. Axmaqlıqdır, dəlilikdir onların nəzərində Rayanın fədakarlığı.
Ostrovski Rayayla görüşəndə döyüşlərdə, cəbhədə sağlamlığını itirmiş yüz minlərlə əsgərdən biri idi. «Polad necə bərkidi» romanı gələcəkdə yazılacaqdı. Minlərlə oxucu məktubu Ostrovskinin üstünə yağış kimi hələ sonra yağacaqdı. Leninqrad əhalisi blokadanın ağır günlərində yaşamağı Ostrovskinin romanından öyrənəcəkdilər. Sovet əsgərləri ciblərində «Polad necə bərkidi» romanın gəzdirəcəkdilər. Neçə-neçə güllə bu kitabları deşəcəkdi. Hələ hər şey qarşıda idi.
Raya Ostrovskinin məşhur olacağını bilməzdi. O, sadəcə əsl qadın kimi öz vəzifəsini yerinə yetirirdi. Tiraj, məşhurluq sonra gəldi. Və Rayanın bu qələbənin qazanılmasında rolu çox böyükdür. Bax, əsl qələbə budur. Artıq tanınmış istedada sahib çıxmağı çəyirtgə belə bacarar. Raya isə döyüşlərdə sağlamlığını itirmiş sıradan bir əsgərə sahib çıxmışdı. Bu, ağır söhbətdir. Ostrovski məşhurlaşmasaydı, biz Rayanın fədakarlığından xəbər tutmayacaqdıq. Necə ki, yüz minlərlə rayaların fədakarlığından xəbərimiz yoxdur. Bu, bir məktəbdir. Bu məktəb hələ dekabristlər üsyanında özünü təsdiq edib. Bu Nigar, Həcər, Vəfa, Xədicə söhbəti deyil. Bu, ağır söhbətdir. Elə bu anda bütün tanınan və tanınmayan rayaların fədakarlığı qarşısında baş əyirəm…
Davamı →