Aleksandr Qlazunov

Qlazunov 19–cu əsrin sonu 20-ci əsrin əvvəllərində rus klassik musiqisinin nümayəndələrindəndir. Onun yaradıcılığında 19-cu əsrin müxtəlif cərəyanları birləşmişdir. Yaradıcılığının ilkin dövründə o, «Qüdrətli Dəstə» bəstəkarlarının təsiri altında olur. Sonradan isə onun Çaykovskinin simfonik təfəkkür prinsipindən, Listin yaradıcılığından bəhrələndiyi hiss olunur.

Onun yaradıcılığında lirik, epik, dramatik obrazlar özünəməxsus şəkildə uzlaşır. Qlazunovun yaradıcılıq irsi çoxşaxəlidir: buraya operadan başqa bütün janrlar daxildir. Qlazunov 3 baletin, 7 kvartetin, 2 suitanın, müxtəlif alətlər üçün pyeslərin, fortepiano sonatalarının, variasiaların, dram tamaşalarına musiqinin müəllifidir.
Davamı →

Raxmaninov Sergey

Bəstəkar, pianoçu, dirijor Sergey Vasilyeviç Raxmaninov rus klassik musiqisinin ən görkəmli nümayəndələrindən biridir. O, 1873-cü il martın 20-də Rusiyanın Novqorod quberniyasında zadəgan ailəsində anadan olub.

Raxmaninov musiqiçi ailəsində böyüyüb. Onun babası Arkadi Aleksandroviç həvəskar pianoçu və bəstəkar olub. Dahi bəstəkarın atası Vasili Arkadeviç Raxmaninov müstəsna musiqi bacarığına malik idi. Gələcək bəstəkarın fortepiano üzrə dərslərindən ilk müəllimi anası olub. Rahmaninov xatirələrində o zaman musiqi dərslərindən xoşa gəlmədiyini deyir. Lakin 4 yaşı olarkən o, artıq babası ilə birgə fortepianoda dörd əlli ifa edə bilirdi.
Davamı →

Dmitri Şostakoviç

Dmitri ŞostakoviçBurda güllələnmiş hər bir qoca mənəm,
Burda güllələnmiş hər bir uşaq mənəm. 

Dmitri Şostakoviçin 13-cü Simfoniyasının birinci hissəsinin qayəsini təşkil edən bu sözləri bəstəkarın özünə də şamil etmək olar. O, XX əsrdə ölkəsinin payına düşən ağır sınaqları bütün qəlbi, bütün ruhu ilə yaşayıb. Bəstəkar öz əsərlərində, ilk növbədə simfoniyalarında xalqın əzab-əziyyətini, tökülən günahsız qanları təcəssüm etdirib.

XX əsrin faciəli təzadlarını ifadə etmək üçün ən münasib janr simfoniya idi. Ən möhtəşəm əsərlərini bu janrda yazan D.Şostakoviç ötən əsrin ən böyük simfonisti oldu.
Davamı →

Prokofyev Sergey

Peterburq Konservatoriyasında qəbul imtahanı öz axarı ilə gedirdi. Bu il imtahanı məşhur bəstəkar Nikolay Andreyeviç Rimski-Korsakov götürürdü. Birdən auditoriyaya qəribə abituriyent daxil oldu. Üzdən ona 12 yaş vermək olardı. O, qucağındakı içi dolu iki qovluğun ağırlığına sözün həqiqi mənasında çətinliklə davam gətirirdi.

Məlum oldu ki, qovluqlarda dörd operanın, iki sonatanın, bir simfoniyanın və bir neçə fortepiano pyesinin partituraları var və müəllif də bu arıq oğlandır. Rimski-Korsakov gülümsünərək “Bu, mənim xoşuma gəlir!” deyir, gənc musiqiçinin ifasını dinlədikdən sonra onu konservatoriyaya qəbul edir. 1909-cu ildə bəstəkarlıq fakültəsini əla qiymətlərlə bitirən Sergey Sergeyeviç Prokofyev təhsilini dirijorluq və fortepiano sinifləri üzrə davam etdirir. Bəstəkarın ilk əsərləri – fortepiano üçün 1 və 2 nömrəli konsertləri, İkinci və Üçüncü sonataları öz qeyri-adiliyi ilə bütün musiqi aləmini silkələyir. Tənqidçilər Prokofyevə qəzəbli hücumlar edərək, onu musiqisi ilə “adamın kəlləsini döyəcləyən futbol bəstəkarı” adlandırırlar. 
Davamı →

"Qüdrətli dəstə"

1855-ci ildə Nijni Novqoroddan Miliy Balakirev (1837 — 1910) adlı gənc bir bəstəkar və pianoçu Peterburqa gəlir. Cəmi 18 yaşında olan bu istedadlı musiqiçinin sənətində və şəxsiyyətində sanki qeyri-adi bir cazibə qüvvəsi varmış. Çox keçmir ki, musiqi ilə ciddi məşğul olan bir neçə gənc -Preobrajen polkunun zabiti Modest Musorqski (1839 — 81), Dənizçilər Korpusunun tələbəsi Nikolay Rimski-Korsakov (1844 — 1908), kimyaçı-professor Aleksandr Borodin (1833 — 87), hərbi mühəndis Sezar Kui (1835 — 1918) Balakirevin başına toplaşır və onun rəhbərliyi altında rus musiqisində yeni yollar aramaq niyyətinə düşürlər. Qısa bir müddətdən sonra musiqi adi məşğuliyyətdən, əyləncədən onların həyatlarının mənasına çevrilir.
Davamı →

İqor Stravinski

Dahi rus bəstəkarı İqor Stravinski XX əsr dünya musiqi mədəniyyətinin korifeylərindən biridir. Onun irsi müasir musiqinin klassikasıdır, yaratdığı əsərlər yaşadığımız mürəkkəb, təzadlı dövrün inikasıdır. Stravinskini çox zaman zarafatla «min bir üslub bəstəkarı», «buqələmun-bəstəkar» adlandırırlar. Çünki yaradıcılığı boyu bəstəkar zamanın nəbzini tutaraq üslubunu dəfələrlə kəskin surətdə dəyişmiş, ən müxtəlif bədii prinsiplərə üz tutmuşdur. Belə ki, Stravinskinin yaradıcılıq yolunu üç əsas mərhələyə — «rus», «neoklassik» və «dodekafoniya» mərhələlərinə bölmək mümkündür.

Gənclik illərini doğma vətəni Rusiyada keçirən Stravinski milli folklora — xalq nağıllarına, qədim musiqi formalarına böyük maraq göstərir.
Bəstəkarın bu dövr yaradıcılıq axtarışları rus mədəniyyətinin görkəmli xadimi Sergey Dyagilyevin adı ilə sıx bağlıdır. Dyagilyevin sifarişi ilə yazdığı «Simurq» baletinin uğurlu premyerasından sonra 28 yaşlı Stravinski bütün Avropada tanınır. Sonrakı üç ildə yaratdığı «Petruşka» və «Müqəddəs bahar» baletləri bəstəkarın şöhrətini daha da artırır. 1914-cü ildə yay məzuniyyətini keçirməkçün Ukraynaya gedən Stravinskinin heç ağlına da gəlməzdi ki, Vətənindən təxminən əlli il müddətinə ayrılır.
 
Birinci Dünya müharibəsi onu neytral İsveçrədə məskunlaşmağa vadar edir. Lakin burada yazdığı «Toy» xoreoqrafik kantatası, «Tülkünün nağılı», "Əsgərin əhvalatı" baletləri də Stravinski yaradıcılığının «rus» mərhələsinin davamı sayılır. 20-ci illərin əvvəlində bəstəkar Fransaya köçür, 40-cı illərdə isə ABŞ vətəndaşlığını qəbul edir. Bu illər ərzində Stravinski yaradıcılığı neoklassisizm məcrasına yönəlir. "Çar Edip" opera-oratoriyası, «Psalmlar simfoniyası», «Orfey» baleti, «Dəcəlin sərgüzəştləri» operası və digər əsərləri bəstəkarın barokko dövrünün musiqi formalarından necə sənətkarlıqla bəhrələndiyini əyani şəkildə göstərir. Nəhayət, 50-ci illərin başlanğıcında Stravinskinin bədii üslubunda daha bir kəskin dönüş baş verir -bu dəfə o, əvvəllər inkar etdiyi dodekafoniya musiqisinin prinsiplərinə üz tutur. «Müqəddəs mahnılar», «Aqon» baleti ustadın yaradıcılıqda fəth etdiyi son zirvələrdir.
 
«SİMURQ»un UÇUB GETMƏSİ
«Simurq» baletinin sifarişçisi Sergey Dyagilyev əvvəlcə bu mövzuda əsər yaratmaq təklifi ilə görkəmli rus bəstəkarı Anatoli Lyadova müraciət edir. İşinə yüksək tələbkarlıqla yanaşan və bəlkə də həmin səbəbdən bir qədər astagəl olan Lyadov bu dəfə də əsər üzərində ləng işləyir. Dyagilyev növbəti "İşlər necə gedir?" -sualına «Hər şey əladır — artıq not kağızını almışam», -cavabını alandan sonra Lyadovla imzaladığı müqaviləni ləğv edir, sifarişi Stravinskiyə ötürür.

Uzun illər Vətən həsrəti ilə yaşayan 80 yaşlı Stravinski Sovet İttifaqının rəhbəri Nikita Xruşşovun şəxsi dəvəti ilə 1962-ci ildə Rusiyaya gəlir, Moskva və Leninqrad (hazırda Sankt-Peterburq) şəhərlərində müəllif konsertləri ilə çıxış edir. Vətənlə görüş qocaman bəstəkara sanki ilham verir. Ömrünün qalan doqquz ili ərzində o yenə də səmərəli işləyir, yeni əsərlər yaradır. 1971-ci ildə Stravinski Nyu-Yorkda vəfat edir. İqor Stravinski XX əsr musiqisinin rəmzi simalarındandır. Onun cəsarətli sənət axtarışları, kəşf etdiyi melodiyalar, harmoniyalar, ritmlər müasirlərini həm təəccübləndirir, həm də heyrətə gətirirdi. Stravinskinin zəngin bədii irsi bu gün də bəstəkarlarçün örnək olaraq qalır.
Bu əsərlərlə tanış olun;
  • Petruşka
  • «Müqəddəs bahar»
  • «Simurq»
Mənbə Ayna uşaq ensiklopediyası MUSİQİ səmimiyyət məbədi
Müəllif Aida Hüseynova
Davamı →

Mixail Qlinka

M. İ. Qlinkanı çox zaman rus musiqisinin Puşkini adlandırırlar. A.S. Puşkin öz yaradıcılığı ilə rus ədəbiyyatında klassik dövr yaratdığı kimi, Qlinka da rus klassik musiqisinin əsasını qoymuşdur. Puşkinin şerləri bizə necə təsir edirsə Qlinka musiqisi də bizə eynilə həmin təsiri göstərir. Puşkin kimi Qlinka da insanın gözəlliyini, daxili aləmini, vətənə sadiqliyini, qəhrəmanlığını, dostluğunu öz əsərlərində təsvir edir.Qlinka forma, harmoniya, polifoniya, orkestrləşdirmə sahəsində fəaliyyət göstərən ilk rus professional bəstəkarıdır. Ahəngdarlıq, “səs palitrasının” genişliyi, orkestr, səslənməsinin və yeni harmonik ifadələrin müxtəlifliyi Qlinkanı romantizmlə yaxınlaşdırır.
Mixail İvanoviç Qlinka 1804 – cü ildə Smolensk quberniyasının Novospassk kəndində anadan olmuşdur.
Davamı →

Pyotr Çaykovski

XIX əsrin ən görkəmli dahi bəstəkarı P. İ. Çaykovski öz yaradıcılığında müasir həyatı hərtərəfli təsvir etmək qabiliyyətinə malik olmuşdur. Dövrünün səciyyəvi obrazları onun yaradıcılığında öz əksini tapmışdır. Bəstəkarın əsərləri bütün dünyada böyük rəğbət qazanaraq həyatın konkret məzmununu ümumi bəşəriyyət zirvəsinə qaldırmışdır.
Çaykovski psixoloji aləm ilə bağlı olaraq yaradıcılığında insanın daxili aləminin təsvirinə üstünlük verir. O, böyük psixoloq idi.Onun yaradıcılığının mərkəzini fəlsəfi psixoloji problemlər tutur. Çaykovski daima öz qəhrəmanlarını onu əhatə edən mühitlə qarşı – qarşıya qoyaraq toqquşdurur. O da, dövrünün bir sıra nümayəndələri kimi rus xalqının həyatında olan faciənin səbəbini axıradək dərk edə bilmirdi. Ona görə də bu mühiti böyük həyəcanlıqla keçirirdi. Çaykovski yaradıcılığında bədbinlik, pessimizm əlaməti yoxdur. Onun faciələrində belə ən faciəvi obrazlar ruh düşkünlüyündən çox uzaqdır.
Davamı →

Sergey Prokofyev

Dahi rus bəstəkarı, pianoçusu və dirijoru Sergey Prokofyev XX əsr musiqisinin ən görkəmli simalarındandır. Prokofyevin əsərləri son dərəcədə nikbin və işıqlıdır. Ən dramatik mövzularda yazdıqda belə bəstəkar heç zaman kədər və ümidsizlik hisslərinə qapılmır, xoş gələcəyə, insanın mətin iradəsinə, onun dərin idrakına inamını itirmir. Prokofyev sözün əsl mənasında novator sənətkar olmuşdur. Onun melodiya, harmoniya, ritm və orkestr sahəsində apardığı axtarışlar bəzən müasirlə-ini şok vəziyyətinə salsa da, musiqi tarixində əhəmiyyətli rol oynamışdır.
Davamı →

Sergey Raxmaninov

Dahi bəstəkar, pianoçu və dirijor Sergey Raxmaninov(1873 — 1943) həyat və yaradıcılıq yolunu Rusiyada başlamış, ABŞ-da başa vurmuşdur. 1918-ci ildə artıq geniş tanınmış bəstəkar, Oktyabr inqilabının ideyaları ilə razı olmadığına görə Vətənini əbədi tərk etməli olur. Lakin Raxmaninov Rusiyanın ruhunu, doğma rus musiqisinin təravətini sanki özü ilə okeanın o tayına aparır və mühacirətdə yaratdığı əsərlərinə aşılayır. İkinci Dünya müharibəsi illərində isə o, faşizmlə amansız mübarizə aparan Vətəninə yardım göstərmək məqsədilə ABŞ-da silsilə konsertlər verir və yığılan bütün pulu Sovet Ordusunun fonduna keçirir.


Ardı →