Əlahəzrət Saksofon

Saksofon caza klassik musiqidən gəlmişdir. Bu gün cazı saksofonsuz təsəvvür etmək olarmı? Öz həyat yolunun başlanğıcında vətəndaşlıq hüququ qazanmaq uğrunda çətin mübarizə aparmalı olmuş saksofon indi özünə möhkəm yer tutmuş, milyonlarla dinləyicinin qəlbini fəth edərək populyarlıq zirvəsinə ucalmışdır.

1846-cı il mayın 17-də Belçikalı usta Adolf Saks özünün yeni ixtirasına — tembrinə görə müxtəlif çalğı alətləri ilə yaxşı uzlaşan, səs diapazonu iki oktava yarım olan saksofon adlı çalğı alətinə patent almışdır. Ağacdan və misdən hazırlanan nəfəs alətləri arasında orta mövqe tutan yeni çalğı aləti yaratmağı öz qarşısına məqsəd qoymuş A.Saks bu niyyətini həyata keçirmək üçün yeni bir prinsipdən istifadə etmişdi: o, klarnetin dilçəyini və qoboyun klapanlı mexanizmini konusvari borucuqla birləşdirmişdi. Korpusu metaldan hazırlanmış bu çalğı aləti xarici görkəminə görə bas-klarneti xatırladırdı. Uc tərəfdə genişlənərək yuxarıya doğru əyilmiş borucuğa «S» hərfi şəklində əyilmiş metal ucluqlu dilçək bərkidilmişdi.

Saksın bu ideyası çox uğurlu oldu: yeni çalğı aləti misdən və ağacdan hazırlanan nəfəs alətləri arasında həqiqətən əlaqələndirici vasitəyə çevrildi. Üstəlik, bu alətin tembri bir sıra musiqiçilərin marağına səbəb olmuş, onların diqqətini cəlb etmişdi. Saksofonun səs çalarları həm ingilis tütəyinin, həm də klarnetin və violonçelin səsini xatırladır, səsinin gücü isə klarnetin səsinin gücündən xeyli artıqdır.
Davamı →