Tamamlıq

Tamamlıq cümlədə əşya məzmunu bildirir, adlıq və yiyəlik hallarından başqa, qalan halların suallarına cavab verir. Tamamlıq kimi? nəyi? nə? kimə? nəyə? kimdə? nədə? kimdən? nədən? kim ilə? nə ilə? kim üçün? nə üçün? kim haqqında? nə haqqında? nə barədə? suallarından birinə cavab verir. Məsələn: Uşağı (kimi) çağır. Kitabı (nəyi?) aldım. Müəllimdə (kimdə?) maraqlı kitablar var. Biz onunla (kim ilə?) fəxr edirik Milli qəhrəmanlar haqqında (kim haqqında?) nə bilirsiniz? və s.
Tamamlıq daha çox isim və əvəzliklərlə ifadə olunur. Məsələn: Anar Turala dedi. Biz onu tanıyırıq və s. Məsdərlər və isimləşmiş başqa nitq hissələri də cümlədə tamamlıq olur. Məsələn: Yaşamağı atalardan öyrənin (məsdərla). Yaxşını pisdən ayırın (sifətlə). Gələnləri qarşılayın (feli sifətlə) və s.
Nitq hissələri ilə ifadə olunan tamamlıqlar quruluşca sadə olur (bax: yuxarıdakı nümunələrə). Söz birləşmələri, mürəkkəb adlar, feli sifət və məsdər tərkibləri ilə ifadə olunan tamamlıqlar quruluşca mürəkkəbdir. Məsələn: Elin sərvətini (nəyi?) göz bəbəyi kimi qoruyun. Vətənin keşiyində duranlara (kimə?) qayğı gərəkdir. Mətni düzgün oxumağı (nəyi?) öyrənin və s.
Tamamlığm iki növü var: vasitəsiz tamamlıq, vasitəli tamamlıq.

Vasitəsiz tamamlıq


Vasitəsiz tamamlıq ismin təsirlik halında olur, yalnız təsirli fellərlə bağlı olur və kimi? nəyi? nə? suallarından birinə cavab verir.
Vasitəsiz tamamlıq iki cür olur: müəyyənlik bildirən vasitəsiz tamamlıq, qeyri-müəyyənlik bildirən vasitəsiz tamamlıq. Müəyyənlik bildirən vasitəsiz tamamlıq müəyyən təsirlik halda olan sözlər və birləşmələrlə ifadə olunur və kimi? nəyi? suallarına cavab verir. Məsələn: İclasda şagirdlərimizi (kimi?) təriflədilər. Məktubu (nəyi?) yola saldım. Arazın qardaşını (kimi?) Türkiyəyə oxumağa göndərirlər və s.
Qeyri-müəyyənlik bildirən vasitəsiz tamamlıq qeyri-müəyyən təsirlik halda olan sözlər və birləşmələrlə ifadə olunur, nə? sualına cavab verir. Məsələn: Uşaq su (nə?) istəyir. Bağban gül (nə?) əkir. Arxeoloqlar qədim insan məskənləri (nə?) tapıblar. və s.
Substantivləşən (isimləsən) işarə əvəzlikləri, yer zərfləri (ora, bura, içəri, irəli və s.) də təsirlik halda olduqda cümlənin vasitasiz tamamlığı olur.Məsələn: Ana bunu hiss etdi. İçərini diqqətlə yoxla. Buranı kim təmizləyib və s.
Qeyd Təsirlik halında olan söz zaman anlayışı birdirdikdə (nə vaxt?, nə zaman? suallarına cavab verdikdə) cümlənin zaman zərfliyi olur. Məsələn: Keçən yayı kənddə dincəlmişəm. Bu gecəni çox narahət yatmışam və s. Bu cümlələrdəki yayı gecəni sözləri nə zaman? sualına cavab verdiyi üçün onları tamamlıq yox, zərflik kimi qəbul etmək lazımdır. Onu da nəzərə almaq lazımdır ki, vasitəsiz tamamlıq həmişə təsirli fellərlə əlaqəhnir. Bu cümlələrdəki yayı gecəni sözləri isə təsirsiz fellərlə əlaqələnmisdir.
 
Qeyd: Qeyri-müəyyənlik bildirən (nə? sualına cavab verən) vasitəsiz tamamlıq eyni suala cavab verən mübtədaya oxşayır. Məsələn: Quzu (nə?) su (nə?) içir. Quş (nə?) dən (nə?) yeyir. Lakin bu cümlələrdəki quzu və quş sözləri mübtəda, su və dən sözləri isə tamamlıqdır. Bu cür tamamlığı nə? sualına cavab verən mübtədadan asanlıqla fərqləndirmək olar. Birincisi, belə tamamlığa müəyyənlik bildirən hal şəkilçisi artırmaq olur: Quzu suyu içir. Quş dəni yeyir. İkincisi isə, bu cür tamamlıq həmişə felin yanında işlənir və onun yerini dəyişdikdə (və ya əvvəlinə, o, bu işarə əvəzliklərini artırdıqda) həmin tamamlıq təsirlik halın şəkilçisini qəbul edir: Suyu quzu içir. Dəni quş yeyir (Quzu bu suyu içir. Qus bu dəni yeyir).

 Vasitəli tamamlıq


Vasitəli tamamlıqlar kimə? nəyə? kimdə? nədə? kimdən? nədən? kim ilə? nə ilə? kim üçün? nə üçün? kim haqqında? nə haqqında? nə barədə? suallarından birinə cavab verir.
Məsələn: Anaya hədiyyə aldtq. Biz onunla fəxr edirik. Uşaq üçün dərslik alın. Dastanlar haqqında nə bilirsiniz? və s.
Tamamlığın hər iki növü daha çox feli xəbərlə bağlı olur. Lakin vasitəli tamamlıq bəzən ismi xəbərlə də bağlı ola bilir. Məsələn: O, yaşca məndən kiçikdir. Səninlə işim var. Onda gözəl qabiliyyət var. və s.
Tamamlıq xəbərlə, əsasən, idarə əlaqəsi ilə bağlı olur.
Müəllif: Möhsün Nağısoylu  Zellabdin oğlu, filologiya elmləri doktoru, professor, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda şöbə müdiri, əməkdar elm xadimi.
Mənbə: Ali təhsilə hazırlıq kurslarının dinləyiciləri üçün dərs vəsaiti
Davamı →

Zərflik

Zərflik hərəkətin icrasını müxtəlif cəhətdən izah edən ikinci dərəcəli üzvdür.
Zərfliklər, əsasən, cümlənin feli xəbərlərinə aid olur və yanaşma əlaqəsi ilə onlara bağlanır. Məsələn: Şagirdlər imtahanlara ciddi hazırlaşırlar. Uşaqlar həyətdə oynayırlar. Axşam bizə gələrsən. Əsgərlər irəli cumdular. Xəstə olduğu üçün uşağın rəngi sapsarı idi və s. Bu cümlələrdəki ciddi zərfliyi işin icra tərzini, həyətdə və irəli zərflikləri iş və hərəkətin icra olunduğu yeri, axşam zərfliyi iş və hərəkətin icra zamanını bildirir. Bu zərfliklərin hamısı feli xəbərə aiddir. Sonuncu cümlədəki xəstə olduğu üçün zərfliyi isə əlamətin yaranma səbəbini bildirir və ismi xəbərə aiddir.
Davamı →

Cüttərkibli və təktərkibli cümlələr

Baş üzvlərin iştirakına görə sadə cümlə iki növə bölünür: cüttərkibli cümlələr, təktərkibli cümlələr. Hər iki baş üzvün iştirak etdiyi cümlələrə cüttərkibli cümlələr deyilir.
Məsələn: Zəng vurulur. Dərs başlanır. Müəllim sinfə daxil olur. Şagirdlər ayağa qalxırlar və s. I və II şəxslərin tək və cəmində mübtədası nəzərdə tutulub, lakin buraxılan cümlələr də cüttərkibli cümlələr sayılır. Belə cümlələlərin mübtədasını xəbərdəki şəxs sonluqlarına əsasən asanlıqla bərpa etmək olur. Məsələn:
Dərslərimi oxudum. Kim? Mən.
Evə gedirsən?
Kim? Sən.
Sabah bizə gələrsiniz
Kim? Siz.
Dəniz sahilində dincəlirik       
Kim? Biz.


Ardı →

Vasitəsiz və vasitəli nitq

Danışarkən və ya yazarkən bəzən basqasının sözlərindən (nitqindən) istifadə olunur. Başqasının sözləri (nitqi) iki üsulla verilə bilər: vasitəsiz, vasitəli.

Vasitəsiz nitq

Vasitəsiz nitqdə başqasımn sözləri (nitqi) dəqiq şəkildə, heç bir dəyişiklik edilmədən verilir.
Tərkibində vasitəsiz nitq olan cümlələr iki hissədən ibarət olur: müəllifin sözlərindən (M) və vasitəsiz nitqdən (V).


Ardı →

Mürəkkəb cümlə. Tabesiz mürəkkəb cümlələr

Mürəkkəb cümlə quruluşuna görə sadə cümlədən fərqlənir.Sadə cümlənin bir qrammatik əsası, mürəkkəb cümlənin isə iki və daha artıq qrammatik əsası olur. Məsələn: Göy guruldadı. Yağış yağdı, Yaz gəlir. Təbiət oyamr. Quşların səsi eşidilir -cümlələri mübtəda və xəbərdən ibarət olan sadə cümlələrdir. Həmin cümlələrin birləşməsi yolu ilə mürəkkəb cümlə yaratmaq olar. Məsələn: Göy guruldadı və yağış yağdı. Yaz gəlir, təbiət oyamr, qusların səsi esidilir. Nümunələrdən göründüyü kimi, bu iki mürəkkəb cümləni təşkil edən sadə cümlələr bir-biri ilə həm mənaca, həm də qrammatik cəhətdən (bağlayıcı və intonasiyanın köməyi ilə) bağlanır və bütövlükdə vəhdət halında birləşərək bitkin bir fikir ifadə edir.


Ardı →

Tabeli mürəkkəb cümlələr

Tabeli mürəkkəb cümləni təşkil edən sadə cümlələrdən biri qrammatik cəhətdən müstəqil, o biri isə ona tabe olur. Tabe edən tərkib hissə baş cümlə, tabe olan tərkib hissə isə budaq cümlə adlanır.
Budaq cümlə ya baş cümlənin buraxılmış bir üzvü yerində işlənir, ya da baş cümlənin ümumi məzmunu ilə bağlı olur. Məsələn: Məktəbdə aparılan sorğu göstərdi ki, şagirdlərin çoxu hərbçi olmaq istəyir. İşğal olunmuş torpaqlarımız azad olmasa, bizim rahat yaşamağa mənəvi həqqımız yoxdur.
Birinci cümlədə budaq cümlə baş cümlədən sonra gəlmişdir. Buradakı baş cümlədə (məktəbdə aparılan sorğu göstərdi ki) tamamlıq buraxılmısdır. Budaq cümlə (şagirdlərin çoxu hərbçi olmaq istəyir) buraxılmış tamamlığın yerində işlənmişdir. Bu mürəkkəb cümləni sadələşdirib, budaq cümləni bütövlükdə tərkib şəklində tamamlıq yerində işlətmək olar: Məktəbdə apardan sorğu şagirdlərin çoxunun hərbçi olmaq istədiyini (nəyi?) göstərdi.
Davamı →

Mürəkkəb cümlə

Mürəkkəb cümlə əmələ gətirən sadə cümlələr bir-biri ilə sintaktik cəhətdən iki cür bağlanır: tabesizlik yolu ilə, tabelilik yolu ilə.
Mürəkkəb cümləni təşkil edən sadə cümlələrin ya hamısı bərabər hüquqlu olur, ya da tərkib hissələrindən biri qrammatik cəhətdən müstəqil, digəri ondan asılı olur. Məsələn: Al rəngli şəfəqlər ətrafı bürüyürdü – cümləsində tərkib hissələri bərabərhüquqludur (hətta bəzi belə cümlələrdə tərkib hissələrinin yerini dəyişsək də məna dəyişmir). Mürəkkəb cümləni təşkil edən sadə cümlələr arasındakı bu cür bağlılıq tabesizlik bağlılıqdır. Belə mürəkkəb cümlələr tabesizlik mürəkkəb cümlələr adlanır.
Zeynəb hiss etdi, Tükəzban xala ona inanmır – cümləsində sadə cümlələrdən birincisi qrammatik cəhətdən müstəqil olduğu halda, ikinci birinciyə tabedir, çünki ikinci  cümlənin tərkib hissəsi (Tükəzban xala ona inanmır) birinci hissəsini (Zeynəb hiss etdi) aydınlaşdırır və tamamlayır.
Mürəkkəb cümlənin tərkibindəki sadə cümlələr arasında bağlılıq tabeli bağlılıq adlanır. Belə mürəkkəb cümlələrətabeli mürəkkəb cümlələr deyilir.
Beləliklə mürəkkəb cümlələr iki növə ayrılır: 1) tabesizlik mürəkkəb cümlələri 2) tabeli mürəkkəb cümlələr.


Ardı →

Cümlə üzvləri

Cümlə üzvləri bir-biri ilə həm mənaca, həmdə qrammatik cəhətdən bağı olur və sintaktik suala cavab verir. Məsələn: Bülbül bir bir an meşənin sükutunu dinlədi – cümləsində bülbülün hərəkəti, bu hərəkətin zamanı və obyekti ifadə olunur.
Hər hansı söz cümlə üzvü olmaq üçün, ilk növbədə, müstəqil leksik mənaya malik olmalı və cümlədəki başqa üzvlərlə sintaktik əlaqəyə girməlidir. Məsələn: Eldar, deyəsən sən də bu yay çox işləmisən – cümləsində Eldardeyəsən sözləri daxil olduğu cümlənin üzvləri ilə mənaca bağlı olsada, qramatik cəhətdən bağlı deyil. Ona görə də belə sözlər cümlə üzvü sayılmır. Birinci söz (Eldar) xitab, ikinci söz (deyəsən) ara söz hesab olunur.
Davamı →

Cümlə

Cümlə insanlar arasında fikir mübadiləsinin vasitəsidir. Ayrı-ayrı sözlərlə yanaşı, söz birləşmələri də cümləyə daxil olur. Söz birləşməsindən fərqli olaraq cümlənin baş üzvlərdən ibarət qrammatik əsası olur.
Cümlə bitmiş fikir ifadə edir. Cümlə vasitəsilə bir iş və hadisə haqqında məlumat verilir, bir şey soruşulur, bir işə təhrik edilir. Heç bir söz və ya söz birləşməsi cümlə şəklinə düşmədən bitmiş fikir ifadə edə bilməz. Məsələn: dağların qarı, səhərin açılması və s. kimi birləşmələrdə yalnız ayrı-ayrı əşya və hadisələrin adı çəkilir, onların haqqında bitmiş fikir söylənilmir.
Bulaqğın suyu sərindir. Hava getdikcə soyuqlaşır. Bəh-bəh necə gözəl havadır. – cümlələrində isə bir şey haqqında məlumat verilir, hiss-həyəcan ifadə olunur. Bütün cümlələrdə fikir bitmiş şəkildə ifadə olunur.


Ardı →

Sintaktik əlaqələr

Söz birləşmələrini və cümlələri təşkil edən sözlər arasında iki cür əlaqə olur:


  1. Məna əlaqəsi
  2. Sintaktik əlaqə

Məsələn: Sara Xatun heyranlıqla ona baxırdı; heyranlıqla baxırdı; sözlərri bir-biri ilə həm mənaca həm də sintaktik cəhətdən əlaqəlidir. Bu sözlərin arasındaki sintaktik əlaqələri belə göstərmək olar:


Ardı →