Təbii ərazi kompleksi və təbii zonalar

Təbii ərazi kompleksi — Yer səthində relyefi, süxurları, torpaq və bitki örtüyü eyni olan və ətraf sahələrdən fərqlənən ərazilərdir. T.Ə.K-nin əsas komponentləri — relyef, iqlim, süxurlar; törəmə komponentləri – torpaq, bitki və heyvanlar aləmidir. T.Ə.K-da bütün komponentlər bir-biri ilə sıx əlaqədardır. Onlardan birinin məhvi digərlərinin məhvinə səbəb olur. Məsələn: meşənin qırılması — heyvanların məhvinə, şoranlıq və ya bataqlığın yaranmasına, bulaqların qurumasına, torpaq eroziyasına səbəb olur. Ən iri T.Ə.K-i coğrafi təbəqədir. Coğrafi təbəqənin özü də — okean və materiklər kimi T.Ə.K-nə ayrılır. T.Ə.K-i anlayışı ilə yanaşı coğrafiyada landşaft anlayışı da mövcuddur ki, məzmununa görə bu anlayışlar fərqlənmirlər. Oxşar əlamətinə görə landşaftların qruplaşdırılmasına — landşaft təsnifatı deyilir və sinif → yarımsinif → tip → yarımtip → növ təsnifatı ilə qruplaşdırılır. Göründüyü kimi ən böyük landşaft vahidi sinifdir. Qurunun landşaftları 2 sinifə ayrılır: dağlıq və düzənlik. Düzənlikdə landşaftlar üfüqi zonallıq qanununa, dağlarda isə landşaft şaquli qurşaqlıq qanununa tabedir. Landşaft — ərazinin fiziki-coğrafi rayonlaşdırılması üçün istifadə olunan əsas amildir. Landşaftlar təbii və antropogen olur. Təbii landşaftlar yalnız Arktika və Antarktida da dəyişməmiş qalıb. Çünki sərt təbiətə malik olan arktik səhra və tundra zonası insanın yaşaması üçün yararsızdır. Antropogen landşaft — insan tərəfindən bu və ya digər dərəcədə dəyişdirilmiş ərazidir. Məsələn: şəhər, tarla, su anbarı və s. Elm və texnikanın inkişafı insanların təbiətdən asılılığının azalmasına səbəb olmuşdur. Landşaftlar üzərindəki komponentlərin adı ilə adlandırılır. Məsələn: tayqa, səhra, çöl, çəmən və s.


Ardı →