TƏHQİR VƏ TƏNQİDİN FƏRQİ

Təhqir nədir? Tənqid nədir? Təhqirlə tənqidin sərhədi harda ayrılır? Bir anlayış və ya ifadə vasitəsi, hansı meyara görə təhqir hesab olunmalıdır?
Təhqirlə tənqidin xüsusilə də bir önəmli ortaq cəhəti səbəbindən, bəzi insanlar onları qarışdırır; hər ikisi, ilk baxışda və instinktiv olaraq, yönəldilən subyektdə narahat və naxoş bir asossasiya doğurur. Başqa cür desək, təhqir də tənqid də, yönəldildiyi insanda bir zəiflik təəssüratı doğurur.
Lakin bu, aydındır ki hər ikisinin yönəldilən subyektdə narahatlıq hissi doğurması, heç də bu iki anlayışın, eyni səciyyəli olması və dolayısıyla da ikisinin də qeyri-məqbul olması anlamına gəlmir. Çünki bir şeyin, qarşı tərəfə narahatlıq verməsi, onun qeyri-adekvat olmasının meyarı ola bilməz. Məsələn bir insan, deyək ki oğrudur. Ona “oğru” deyilməsi təbii ki xoşuna getməz; amma bu, o demək deyil ki ona “oğru” demək, yanlış və ya qeyri-məqbul bir davranışdır. Və ya öz bədənini pula satan əxlaqsız bir qadına “fahişə” deyilməsi ona xoş gəlməyəcək amma bu, o anlama gəlmir ki deyilən söz səhvdir. Lakin oğru olmayan birisinə “oğru” deyilməsi ya da əxlaqlı bir qadına “fahişə” deyilməsi isə təbii ki yanlışdır.
Elə isə tənqidlə təhqirin fərqini ortaya qoyacaq tutarlı və keçərli bir meyar bu ola bilər; əgər reallığı əks etdirirsə bu, təhqir deyil sadəcə təsvir və ya tənqiddir. Əgər reallığı əks etdirmirsə və böhtandırsa bax bu, artıq təhqirdir. Beləliklə tənqidlə təhqirin real fərqi; birinin gerçəyi əks elətdirməsi, digərinin isə əks elətdirməməsidir.
Sual oluna bilər ki: “Bəs bir şeyin reallığı əks elətdirməsi və ya bir sözün düz olması onu deməyi, hər zaman məqbul qılırmı?”
Əlbəttə yox. Lakin bu, artıq başqa bir məsələdir. Həqiqət ayrı şeydir, onun nə zaman deyilib-deyilməməsi məsələsi isə tamam ayrı bir şeydir. Həqiqətin, namünasib bir yerdə deyilməsi həmin şeyi, həqiqət olmaqdan çıxarmaz.
Digər sual bu ola bilər; “Dilimizdə, daha elmi və ya daha rəsmi ifadə formaları varkən, niyə tutaq ki “fahişə” əvəzinə “əxlaqsız” və ya “düşük” əvəzinə “qeyri-ciddi” sözü işlədilməsin ki?”
Bir şeyin, qeyri-elmi olması və ya xəlqi üslubda olması, həmin şeyin istifadəsini qeyri-məqbul qılmır. Hər şey, elmi və rəsmi olmaq zorunda deyildir. Bu, ən əvvəl dilin imkanlarını qısıtlamaq deməkdir. Xüsusən də elm səviyyəsi aşağı olan bir cəmiyyətdə, elmi və rəsmi söz və ifadə vasitələri təbii olaraq az və məhdud olacağı üçün, labüd olaraq alternativlərə-xəlqi ifadə vasitələrinə tam ehtiyac olduğu açıqdır. Məsələn “zəka” ən önəmli anlayışlar kateqoriyasına daxil olduğu halda və bunu ifadə etmək üçün dilimizdə ən azı 6-7 söz bulunması gərəkən yerdə, demək olar ki 2-3 sinonimdən başqa bir kəlmə tapılmır; uzaqbaşı, “dərrakəsiz”, “zəkasız”, “ağılsız” demək olar. Elə isə buna, məsələn rus dilindəki ekvivalenti olan və cəmiyyətimizə tanış söz olan “tupoy” kəliməsini və ya ilk baxışda ürküdücü olsa belə, “qanmaz” və ya “gerizəkalı” sözlərini əlavə etmək niyə yanlış olsun ki?...Əgər cəmiyyətin əksəriyyəti, “tupoy” insanların çox az olduğunu düşünürsə və dolayısıyla da bu sözü təhqir edirsə bu, o demək deyildir ki həmin kəlimənin istifadəsi yanlışdır. Eynilə məsələn anadolucadakı “aptal” sözü, anadoluda əksəriyyət tərəfindən təhqir hesab edilir və Türkiyə cəmiyyəti, “aptal” insanların çox az olduğunu düşünür. Lakin əvvəla “aptal” deyərkən illah da “0 faiz zəkalı” və ya “100 faiz axmaq” birisi nəzərdə tutulmaya bilər. Ən müxtəlif dərrakə səviyyələri olsa da nəticədə bunları ümumiləşdirmək; “ağıllı” və “axmaq” şəklində kateqoriyalaşdırmaq, heç də yanlış deyildir.
Dolayısıyla da bir söz və ya ifadənin təhqir olmasının tək meyarı; həmin sözün cəmiyyətdə təhqir hesab olunması ola bilməz(bu, yalnız meyarlardan biri ola bilər). Düzdür məsələn elə söz var ki o tutaq ki türk dilli xalqlardan birində təhqir hesab olunduğu halda, başqa bir türk dilli ölkədə təhqir deyildir. Lakin ola bilər ki o təhqir hesab olunan şey, yuxarıda qeyd olunduğu misalda olduğu kimi, əslində sırf cəmiyyətin özünün səhv qavrayışı ucbatından təhqir hesab olunsun. Yəni camaatın nəzərində bir şeyin təhqir hesab olunması, həmin şeyin həqiqətən də təhqir hesab olunması üçün yalnız meyarlardan biri ola bilər, yeganəsi deyil.
Digər tərəfdən deyilə bilər ki; “Bir insan, başqasına sırf təhqir niyyətilə məsələn “axmaq” deyirsə, bəs onda necə?”
Bu da artıq tamam başqa məsələdir; niyyət, tamamilə qeyri-ictimai bir ünsürdür, sırf fərdidir; vicdanidir və bunun muxatabı, sırf Tanrıdır və bu, yalnız əxlaq mövzusunu ilgiləndirir. Dolayısıyla da sözün, hansı niyyətlə deyilməsini kontrol edəməyəcəyimizə görə, yalnız və yalnız o sözün özünə və subyekti əks elətdirmə durumuna baxmaq lazımdır.
Beləliklə yekun olaraq bütün bunlardan bu nəticə hasil olur ki:
1)Sözü və ifadə vasitəsini müəyyənləşdirən əsas amil, cəmiyyətin özü olsa da bu, bütün mənaların və ifadə vasitələrinin, cəmiyyətin baxışı ilə təyin olunacağı anlamını daşımır. Ola bilər ki cəmiyyət, hansısa bir məsələni səhv anladığı üçün həmin məsələni ifadəsi də səhv olsun.
2)Tənqidin niyyətinə baxıla bilməz; hansı məqsədlə deyilməsi, özlüyündə ictimai bir sorğulama predmeti ola bilməz
3)Tənqidin, eynilə təhqir kimi, yönəldiyi subyektdə narahatlıq doğurması, onun qeyri-adekvat olması nəticəsini yarada bilməz.
4)Tənqid vasitəsi olan bir sözün, qeyri-elmi və ya xəlqi üslubda olması, onun qeyri-məqbul olması sonucunu doğurmaz.
5)Hansısa ifadə vasitəsinin formasının qatı və kəskin olması da özlüyündə onun yanlış və ya təhqir hesab olunması üçün meyar ola bilməz. Zira ola bilər ki daha az qatı olan bir şey, təhqir olsun amma daha çox qatı söz isə tənqid olsun; tutaq ki yalan danışmayan birinə “yalançı” demək təhqirdir, lakin saxtakar və ləyaqətsiz birisinə, “əxlaqsız” və ya “şərəfsiz” demək təhqir deyil; baxmayaraq ki “yalançı” sözü, “şərəfsiz” sözündən daha az qatıdır.
6)Bir sözlə, tənqidlə təhqirin sərhədi yalnız həqiqəti əks elətdirib-elətdirməməsi ola bilər.
 
                                            Təhqir psixologiyası
Əlbəttə ifadə vasitəsində niyyət məsələsininin sorğulanamaz bir durum olması, təhqir faktının özünün sorğulanamaz olduğunu və ya yayğın olmadığını göstərmir.
Bəs təhqir niyə yaranır?....Çox önəmli və ciddi bir məsələ olan «təhqir psixologiyası»nın kökündə nə durur?..Niyə bir çox insanlar üçün təhqir etmək, adi haldır və təbiidir?..
Öncə bunu qeyd etmək lazımdır ki ümumiyyətlə insan, dünyaya, fitri-intinsktiv olaraq bir çox boşluqlar və məhdudiyyətlərlə gəlir. Başqa sözlə desək, insan, əvvəla zəif bir varlıqdır, güclənməsi üçün isə bir sıra faktorlar gərəkir. Bunun üçün ilk təməl şərt, mühit faktorudur. Əgər ümumi ictimai mühitin səviyyəsi aşağıdırsa və cəmiyyətin genəl zəka düzəyi məhduddursa o halda, bu cəmiyyətə daxil olmaqda olan fərdlərin də potensialının güclü olma ehtimalı zəifdir.
Digər tərəfdən genetik zəka potensialı da əgər məhduddursa onda bu iki dezavantaj, qaçılmaz olaraq zəkasız insan yaradır.
Yəni; genetik zəiflik+yetərsiz mühit=zəkasız(ağılsız) insan.
Bunu nəzərə alaraq demək mümkündür ki özəlliklə bizim toplumda, bu iki faktorun qabarıq mənfi saldosu, yetərincə yüksək fazada olduğu üçün, təbii olaraq insanlarımızın da əksəriyyəti zəkasız olacaqdır.
Və zəkasız bir insan, zəif və məhdud bir insan deməkdir. Bir kərə onu, yarımheyvan hesab etmək olar. O, heyvanlarla önəmli ortaq özəlliklərə sahibdir və fitri-instinktiv buxovların əsarətində, hər addımda və hər düşüncədə yanılmağa meyillidir. Onun üçün mühüm amillər, heyvansı və düşük meyillərdir: şəhvət, özünügöstərmə(şöhrət), pul, qəzəb, qorxu və s.
Bunlar, onun tanrısıdır. Onu, öz şəhvətinin ya da şöhrətinin əsarətindən çıxarmaq mümkün deyil. Belə bir insanda, «mən və başqaları» olgusu çox güclüdür; o, özündən başqa hər kəsi və hər şeyi, «yad” və “kənar faktor» hesab edir. Bu halda təbii ki hansısa özünə qarşı yönəldiyini instinktiv olaraq hiss etdiyi bir məqam anında, ondakı «saldırmaq» və «düşmən» düymələri hərəkətə keçir. Beləliklə də o, «düşmən» hesab etdiyi «nöqtə»yə «zərbələr» endirməyə başlayır. Bu «zərbələr» də instinktiv zərbələrdir; təhqir, söyüş, fiziki güc və s.
Başqa sözlə desək, cəmiyyətin zəka səviyyəsi azaldıqca təhqir etmə faizi də artır.
Zəkadan başqa, digər amil olan əxlaq amilini də ihmal etmək olmaz. Əxlaq, zəkanın göstərdiyi yolu izləməkdir. Təbii ki əxlaq amili, iradə və dözüm potensialına birbaşa təsir göstərən faktordur və insanın, instinktiv meyillərinə münasibətdə çox mühüm bir rol oynayır. Zəkalı amma əxlaqsız bir insanın, yetərincə inkişaf etməsi mümkün deyil. Çünki bunlar, bir-biri ilə sıx bağlıdır; əxlaq zəkanı artırır, zəka da əxlaqı(Düzdür mahiyyətcə zəka əxlaqı tam təyin edə bilsə də əxlaq zəkanı o qədər də təyin edə bilməz).
Beləliklə zəkasız və əxlaqsız bir insan, tamamilə heyvansı bir insandır. Əxlaq və ya zəkadan birisi çatışmasa o halda belə bir insan, yenə də zəif bir insandır və təhqirə açıqdır.
Başqa sözlə desək bir insan nə qədər abid, xoş niyyətli, ləyaqətli olsa da, əgər dərrakəsi zəifdirsə əvvəla onun yanılma bucağı, açıq olduğu üçün və hadisə və olayları çözə bilmədiyi üçün, hər bir məsələdə yanıla biləcəyi kimi insanlara qiymət vermədə də yanılacaqdır və dolayısıyla da təhqir də edəcəkdir. Digər tərəfdən də zatən əxlaq olsa da zəka yoxdursa; dözüm və səbrin zəif olmasının özü elə, bilərək təhqiri meydan gətirəcək səbəbdir.
Bir sözlə; təhqirdən uzaq, yəni yetkin və güclü insanlar yalnız həm zəkalı həm də əxlaqlı insanlardır; onların da nisbəti, bizim cəmiyyətdə 1-2 faizdən artıq deyildir.
Müəllif: Yunis Dürüst
Davamı →