Rəsulzadəyə görə millət anlayışı

Artıq neçə əsrdir ki, millət anlayışı modern dünyanın ən böyük fenomenlərindən biridir. O, bir çoxlarına görə modern dünyanın, müharibələrin, sülhün, azadlıq hərəkatlarının yaradıcısı və ya səbəbkarı hesab edilir. Millət anlayışı inkaredilməz bir reallıq olsa da, onun tərifi və meydana çıxma şərtləri müxtəlif cür şərh edilir. Bəzilərinə görə millət ən qədim dövrlərdən bəri mövcud olmuş, bəzilərinə görə XVIII-XIX əsrlərdən etibarən bir ovuc insanın düşüncələri əsasında keçmişdən əsasən heç bir asılılıq olmadan inşa edilmiş, bəzilərinə görə isə tarix boyu baş vermiş hadisələr əsasında sonradan qurulmuşdur.

Davamı →

Şah İsmayıl Xətainin bilinməyən sirli tərəfi

Sufi fəlsəfəsində insanın bəqa aləmindən fəna aləminə keçidi bahariyyə kimi təsvir olunur. Şah İsmayıl Xətaidə daha çox rast gəlinən bu rəmzi keçid əslində böyük   Nizamidə özünün ən gizli tərəflərini açıb göstərə bilmişdi. Füzulinin “Leyli və Məcnun” əsərində də qəzəllərin biri bahariyyəyə həsr olunub. Orada Məcnunun Leyliyə olan simvolik sevgisi  artıq onun üzərinə fəna aləminin qapılarını açır. O, öz baharına qovuşmağın həsrətini çəkir. Poemada əsas məntiq də bu həsrətdədir. Məcnun səhrada Leylidən məhz,  buna görə imtina etmişdi ki, illuziv olaraq ruhunda yaratdığı “Leyli baharına” qovuşa bilsin.
Davamı →

SSRİ Böyük Vətən müharibəsi illərində

Başlanğıc mərhələ, (iyun 1941-noyabr 1942).Böyük Vətən müharibəsinin birinci dövrü 1941-ci il iyunun 22-dən 1942-ci il noyabrın 18-nə kimi, yəni Almaniyanın SSRİ-yə hücumundan müdafiə döyüşlərinin bitməsinə — Stalinqrad (Volqaqrad) altında döyüşə kimi olan hadisələri əhatə edir.

Müharibənin ikinci dövrü 1942-ci il noyabrın 19-dan 1943-cü ilin axırına kimi olan dövrü əhatə edir və Stalinqrad altındakı hücumu, Kursku döyüşünü, Dneprin döyüşə-döyüşə keçilməsini əhatə edir. Bu dövr müharibənin gedişində əsaslı dönüş adlanır.

Müharibənin üçüncü dövrü 1944-cü ilin əvvəllərindən 1945-ci il mayın 9-na kimi olan hadisələri, yəni SSRİ ərazisinin və Şərqi Avropanın işğalçılardan azad edilməsi, Hitler Almaniyası üzərində tam qələbə çalınmasını əhatə edir.


Davamı →

Tarixin bayağılaşması haqqında bədii-fəlsəfi esse

  • Esse
Otuzuncu-qırxıncı illərdə Rusiyada, həmçinin digər Sovet respublikalarında baş verən hadisələr haqqında xeyli sənədli filmlərə baxdım, çoxlu yazılar və müsahibələr oxudum, müzakirələrə qulaq asdım. İntellektual pafos kimi çıxmasın, ümumiyyətlə, hadisələrin fəlsəfəsini tutmaq istəyirdim.

Əvvəllər də tarixlə bacardığım qədər maraqlanmışam. Tarix çox sevdiyim azsaylı fənlərdən biri olub. Tarixi şəxsiyyətlər haqqında əsərləri, tarixi romanları böyük bir həvəslə, maraqla oxuyurdum. “Jozef Fuşe”, “Səmərqənd ulduzları”, “Spartak” əsərlərini oxuyarkən keçirdiyim emossiyaları hələ də xatırlamaqdayam. Son on ildə isə mütəmadi olaraq bir neçə aydan bir konkret bir tarixi hadisəni, tarixi dövrü mövzu kimi götürüb hərtərəfli, müxtəlif əks qütblü mənbələrlə tanış olmaqla, özüm üçün araşdırıram. Bununla həm həyatıma bir cıqqan məna qatıram, həm də tarixi daha ciddi öyrənirəm.
Davamı →

Malkolm İksin (Malcolm X) Avtobioqrafiyasından Seçmələr

Malkolm İks bir vaxtlar cani olmuş, çoxsaylı cinayətlərindən birinə görə həbs olunduqdan sonra isə türmədə İslam dini ilə tanış olmuşdur. Bundan sonra elə həbsxanada Malkolm müsəlmanlığı qəbul edir və özünü savadlandırmağa başlayır. Azadlığa çıxdıqdan sonra isə Malkolm İks ABŞ-ın ən öndə gedən ictimai xadimlərindən birinə çevrilir və 2 milyona yaxın amerikalının müsəlman olmasında müstəsnasız rol oynayır.
Malkolm X öz həyatını yazıçı Aleks Heyliyə danışmış və 1965-ci ildə, Malkolmun qətlindən qısa müddət sonra onun avtobioqrafiyası dərc olunmuşdu. Kitab öz dövürunün şedevri sayılır.
İyirminci əsrin ən bənzərsiz şəxsiyyətlərindən olan Malkolm İksin avtobioqrafiyasından bəzi seçilmiş hissələri ingilis dilindən həvəskar tərcümədə sizin diqqətinizə çatdırıram.

NOI

Davamı →

Azərbaycan insanının kimlik məsələsi.

Bizim tarixi, dini, elmi, geopolitik, fikri, sosioloji və başqa məsələlərdə bir bütöv olaraq kimliyimiz barədə çoxlu fikirlər səslənir. Amma bəzən mənə elə gəlir ki, səslənən fikirlər daha çox təfərrüatlarla bağlıdır və əsas məsələni görməzdən gəlməyimiz ilə nəticələnir. Əsas məsələ deyərkən bizim hazırki coğrafiyamızda keçmişdən bəri yaşayanların vahid bir kimliyinin mahiyyətində duran dəyərləri və müəyyən tarixi zaman kontekstində bu dəyərlərin bir kimlik olaraq bizdə sabitlənməsini nəzərdə tuturam. Bu əsas məsələnin nə olduğunu müəyyənləşdirmədən və bunu mərkəzə qoymadan təfərrüatlar üzərindən kimliyimiz barədə səslənən bütün fikirlər hazırki dünyada digər qlobal və mahiyyətindən xəbərsiz olduğumuz fikirlərin, məfhumların uzantısına, əlavəsinə çevrilməkdən və bizim də kor-koranə, hissi şəkildə bilmədiyimiz bir oyunun parçası olmağımızdan başqa heç nəyə yaramayacaq.


Müəyyən coğrafiyada yaşayan və bəlli tarixi mədəniyyətə, adət-ənənəyə, dilə, dini anlayışa, dəyərlərə sahib olduğumuz fərz edilən bizlərin kimliyini aydınlaşdırmadan öncə hazırki dünya insanının hansı dəyərlərə görə yaşadığını bilməliyik. Amma bu ayrıca və çox uzun mövzu olduğuna görə bunun üzərində çox dura bilməsəm də qısa şəkildə belə deyə bilərəm ki, 20-ci əsrdə baş verən 1-ci və 2-ci dünya müharibələrindən və soyuq müharibədən qalib çıxanların hakim etdiyi dəyərlərin şəkilləndirdiyi yeni dünya nizamının (New World Order) insanlarıyıq. Qloballaşma deyilən anlayış özündə azad bazar iqtisadiyyatı, demokratiya və insan haqqları kimi təməl məsələləri birləşdirərək bütün dünyada vahid bir dəyərlər sistemini hakim etməklə televiziyalarda, radiolarda gördüyümüz müəyyən insan tipini formalaşdırıb və hazırki dünya insanının dəyərləri dediyimiz bu dəyərlərin kənarında hələ ki, heç bir mənəvi, iqtisadi, elmi, fikri alternativ güc görünmür. Kapitalizm sisteminin qitə avropasında təməllərinin qoyulmasından sonra bu sistemin tarix içində müxtəlif dövrlərdə mərkəzi dəyişərək müəyyən dövrdə  Britaniyaya köçmüş və hazırda isə bunun ABŞ-da olmasının şahidiyik. Sözsüz ki, hazırda dünyaya hakim olan dəyərlərin keçdiyi müəyyən tarixi yol var və əlbəttə ki, bunun fəlsəfi təməlləri də tarix içərisində müxtəlif filosoflar tərəfindən formalaşdırılıb. Hazırki dünyanın mənzərəsinin əsasən maddi-iqtisadi dəyərlər əsasında formalaşdığını nəzərə alaraq bizim millət olma yoluna düşmüş bir xalq olaraq beynəlxalq münasibətlərdəki tarixi rolumuzu və qlobal dəyərlər qarşısındakı mövqeyimizi anlamağımız lazımdır. Bunu anlamağımız üçün 1918-ci ildə 1-ci dünya müharibəsinin bitməsi və ənənəvi dünyanın faktiki olaraq tarix səhnəsindən silinməsindən sonra ortaya ənənəvi dünyanın bir təmsilçisi kimi görünən Osmanlının hərbi dəstəyi — Nuru Paşanın komandanlığında Qafqaz İslam Ordusunun yerli müsəlman fəalların İstiqlaliyyət Bəyannaməsi ilə elan etdiyi Cümhuriyyətin torpaqlarının bir qism qeyri-millətlərin təcavüzündən azad edilməsini yəni xalqımızın ontologiyasını, varlıq səbəbini dərk etməyimiz gərəkdir. Beləliklə 10-11-ci əsrlərdə Cənubi Qafqaz  müsəlmanlarına olan Bizans, erməni və gürcü feodallarının real təhlükəsini və həmçinin ön asiyaya olan səlib yürüşlərini dəf edərək Kitabi Dədə Qorqudun dilində desək «qara donlu kafirləri» məğlub edən səlcuqlu oğuz-türklərinin tarixi rolu yenidən təkrarlandı və bu dəfə türk ordusu Cənubi Qafqazı qeyri-millətlərdən (daşnaq erməniləri, bolşevik qüvvələri, ingilis-antanta təhlükəsi və s.) gələn  soyqırım, işğal, parçalanma kimi təhlükələrinin qarşısını təqribən bir minillik fasilədən sonra yenidən aldı. Bəlkə də bütün bunlar mənim şəxsi təxəyyülümün məhsulu kimi görünə bilər, amma tarixin bir belə oxşarlıqda təkrarlanması şəxsən mənim üçün diqqətə layiqdir. 20-ci əsrin əvvəllərində peyda olan yeni millətlər cəmiyyətində varlığımızı təsdiqləyə bildik ki, bundan sonrakı görəvimiz yeni yaranmış modern şərtlərdə mədəni, elmi, fikri səviyyədə tarixi bir fəaliyyət göstərmək olmalıydı. Düşünürəm ki, ani bir müddətdə sıçrayış edərək varlığımızı təsbit etməyimiz öz davamlılığını 100 il ərzində formal olaraq göstərdi və əldə etdiyimiz yoxdan bir varlığımızın mahiyyətində yatan kimliyimizi bizə unutduraraq bizi yaşatdılar. Halbuki əsas qayəmiz qazandığımız və az da olsa qoruyub saxlaya bildiyimiz kimliyimiz üzərindən fikir, elm, ədəbiyyat, tarix inşa etmək olmalıydı. Bütün bu müddət ərzində biz dünyada baş verən hadisələrin kortəbii iştirakçısı olmuşduq və hətta 2-ci dünya müharibəsi də heç bir şəkildə bizə aidiyyatı olmayan bir davaydı. 


 Yer üzündə baş verən bütün bu hadisələr fonunda bizim kimliyimizin nə olduğu məsələsi artıq bizim üçün çoxdan bəlli olmalıydı və indi biz tam başqa mövzuları danışmalıydıq. Əlbəttə fərdiyyətçilik, humanizm, dünyəvilik kimi fikirlər ilk baxışdan hər birimizin insan olduğu fikrindən irəli gələrək kimlik məsələsinin heç bir məna ifadə etmədiyini bizə deyə bilər. Ancaq yaşadığımız dünyada tarix içində ifadə etdiyimiz mənanı anlamağımız birbaşa kimliyimizi anlamağımız ilə əlaqədardır. Kimliyi sırf tarixdə baş verən siyasi hadisələrlə məhdudlaşdırmaq doğru olmazdı, amma o məsələ də bəllidir ki, dini həyatın, ədəbi, elmi, fikri nümunələrinin yaratdığı insan həmçinin tarixdə baş verən siyasi hadisələri yaradan insandır və bu insan tarix yazır.

Albaniya, Şirvanşahlar, Ağqoyunlular, Səfəvilər, Qacarlar və s bizim tariximizin ənənəvi hissəsidir və bizim kimliyimizdə sırf mədəniyyət səviyyəsində yaşayır. Səlcuqların bu torpaqlara olan real təhlükələri dəf etdiklərindən sonra bu torpaqlarda yaranan dövlətlər, elmi əsərlər, ədəbiyyat nümunələri və başqa işlər hazırda bizim muzeylərdə, simvolikada, danışdığımız lisanda, tarixi filmlərdə, zehniyyətimizdə (mentalitetdə) yaşadaraq məhdudlaşacağımız bir estetik mədəniyyət kimi qalır və bütün bunlar bizim həyat tərzimizdə, hazırda yaşadığımız dünyanın şərtlərində, fərdi həyatımızın yolunda heç bir fəal təsir göstərə bilməyəcək tarixdir. Bütün bunlar indi nə fərd olaraq nə də xalq olaraq bizə bələdçilik edə bilmir və sadəcə mədəni nümunə kimi hazirki həyat tərzimizin bir ünsürünə çevrilə biləcək haldadır. Buna görə də 1918-ci ilə qədər olan tarix kimliyimizin muzey, xoş xatirə hissəsinə daxildir. Bəs bizim hazırki vəziyyətimizi ifadə edəcək kimliyimiz nədir? Mən bunun cavabını İstiqlaliyyət Bəyannaməsində tapıram. Hələ Məhəmmədəmin Rəsulzadə özünün Əsrimizin Siyavuşu əsərində 1-ci dünya müharibəsindən sonra ortaya çıxmış Azərbaycanı İran və Turan mədəniyyətləri kontekstində qiymətləndirərək mədəniyyət olaraq uzun zaman iranın tərkib hissəsi olduğumuzu, ancaq tarixi kimlik olaraq türk kimliyini əldə etdiyimizi bildirmişdir.  Əgər keçmiş zamanda biz min ildən bir təkrarlanan və dünya tarixinin istiqamətini dəyişən bir hadisə görürüksə 1-ci dünya müharibəsindən bəri bu fasilə 100 illikdir. İstiqlaliyyət Bəyannaməsi tarix səhnəsindən silinmiş ənənəvi mədəniyyətimizin yox, hazırda özümüzü ifadə edə biləcəyimiz mövcudluğumuzun (exsistensiya) ifadəçisi olaraq kimliyimizin açarıdır. Əhməd bəy Ağaoğlu, M. Rəsulzadə, Üzeyr bəy Hacıbəyli, Mirzə Cəlil və başqa mütəfəkkirlər hazırki modern dünyanın şərtlərində fikir olaraq bizə bələdçilik edən ziyalılar olmuşdur və bu ziyalılar da insanımızın şəxsiyyət olaraq yetişməsində mövqe bəyan etmişlər.


  İstiqlaliyyət Bəyannaməsindəki bir çox məsələlərin dərin qatda bizə nə dediyini anlamağımız üçün bəzi nümunələri çəkmək istəyirəm. Ancaq öncə onu bildirim ki, bu bəyannamə olmamışdan əvvəl biz Zaqafqaziya Cümhuriyyətində təmsil olunan 3 millətdən biri olmuşuq. Diqqət çəkən məqam odur ki, bu millətlər gürcü, erməni və müsəlman millətləridir. Yəni cənubi qafqaz müsəlmanlarının millət olaraq adı elə müsəlman millətidir. Bunu anlaya bilməyimiz üçün tarixdə daha əvvələ getmək lazımdır. Gülüstan və Türkmənçay müqavilələrindən sonra İran müsəlmanlarının millətlərinə aid olan İran türklərinin bir qismi yəni cənubi qafqaz müsəlmanlarının (türkmanların) talelərini İran müsəlmanlarından ayıraraq Rusiya millətlər cəmiyyətində Rusiya müsəlmanları və Qafqaz müsəlmanları qrupuna daxil olduq və bütün bu müddət ərzində burda yaşayanları tatarlar, müsəlmanlar və başqa adlarla adlandırdılar. Biz İran mədəniyyətinin parçası olduqda və türklərin İrana hamiyyəti baxımından da özümüzü yad hiss etmədiyimizdən kimliyimizlə bağlı heç bir dərin problem yaşanmamışdı. Ancaq imperialist siyasət adətən işğal etdiyi xalqlara qarşı assimilya siyasəti yürütdüyünə görə Çar Rusiyası zamanı erməni, rus, alman və digər köçlərdən əlavə cənubi qafqaz müsəlmanlarını adlandırmaqda da fərqləndirmələr qoymuşlar və tez-tez dəyişən ərazi vahidləri də düşünürəm ki, «parçala və hökm sür» siyasətinin bir parçasıdır. Buna görə Çar imperiyası dağıldığı bir mühitdə cənubi qafqazda müsəlman milləti olduğu halda Yelizavetpol, Bakı, İrəvan kimi parçalar var idi və daşnaq, bolşevik, ingilis, gürcü və s. qüvvələr yəni yerli aftaxton müsəlmanlardan başqa bütün köç etmiş və ya istila üçün gəlmiş qeyri-millətlər hökm sürürdü. İran mədəniyyətindən ayrılandan sonra yerli müsəlmanların vəziyyəti isə beləydi ki, yaşadığı torpaqlara nə özü sahib çıxa bilirdi nə də ki, qeyri-millətlərin hakimiyyəti altında sülh içində yaşamaqlarına imkan yox idi. Belə bir vəziyyətdə ya bu torpaqlarda vahid müsəlman milləti yoxdu və burda müsəlmanlar arasında da müxtəlif məzhəblər, etniklər. baxışlar var və həmçinin müsəlman olmayanlar da var ki, burda vahid dövlətin yaranmasına mane olur deyib, imperializmin siyasətinin yemi olmalıydıq və yaxud da əksini isbat etməliydik. Bu baxımdan İstiqlaliyyət bəyannaməsinin hər bir cümləsi və həmçinin Qafqaz İslam Ordusunun şəhadəti tarixi kimliyimizin yenidən təsbiti nöqteyi nəzərindən əvəzsizdir. Bizans, erməni, gürcü və səlib yürüşləri olduğu dövrlərdə də bu ərazilərdə müsəlmanlar yaşayırdı. Bunu tarixçilər daha yaxşı bilər, amma həmçinin etnik olaraq da türkman, irandilli və qafqazdilli tayfalar da yəqin ki burda vardı. Amma məncə Səlcuqların etdiyi «türklərin buraya köç etməsi» məsələsindən daha çox bölgə üzərindəki pərəm-pərəmliyi vahid bir platformada birləşdirməsi və daha sonra Bizansa qalib gələrək anadolu torpaqlarına çatmasıyla dünyanın tarixini istiqamətləndirəcək bir vəziyyəti yaratmasıydı. Demək olar ki, eyni şey təkrarlandı.

  
  Cənubi-şərqi qafqazdan ibarət müsəlmanların yaşadığı ərazi tarix boyu müxtəlif etniklərin, məzhəblərin, irqlərin, dinlərin məskəni olub, amma sadəcə türklərin vətəni halına gəlib. Türklük deyərkən qanla, genlə bağlı hansısa etnik milləti nəzərdə tutmuram və burda anladığım şey xüsusi bir tarixi roldur. Şair İsmət Özəlin türklüyə verdiyi təriflərdən birinin daha çox uyğun olduğunu güman edirəm. Belə ki, İsmət Özəlin bir fikrinə görə «Dünyanın leş olduğu və onu ancaq köpəklərin yeyəcəyini anlamaq üçün türk olmaq lazımdır» Fərqindəyəm ki, bu tərif mücərrəd və bəlkə şairanə səslənir, amma türklüyün etnik bir məsələdən çox milli kimlik məsələsi olduğunu ifadə etmək üçün bu misalı çəkmək istədim. Yəni xalq olaraq biz etnik tərkibcə türkman, talış, tat, ləzgi, xınalıqlı və s. ola bilərik, məzhəb olaraq cəfəri, şafi, hənəfi və s. ola bilərik amma ümumi milli kimlik olaraq 1918-ci ildən bəri türk milli kimliyini xalq olaraq isə azərbaycanlı kimliyini qəbul etmişik. Etnik kimlik sırf mədəni hadisə olub xalqı təşkil edən bir şeydir və bunun çox olması, rəngarəngliyi həmin xalqın mədəni zənginliyini də ifadə edə bilər, amma milli kimlik fərqli məsələdir. Tat, talış, türkman, ləzgi, avar, kürd, udin, gürcü, rus, erməni və başqaları azərbaycanlı xalqını təşkil edir, amma bunlar arasında müsəlman millətinə aid olanlar türk milli kimliyində özünü ifadə edib. Yəni azərbaycanlı dinindən, məzhəbindən, etnik tərkibindən, irqindən asılı olmayaraq vətəndaşlıqla bağlı olan bütün azərbaycanlılardır, amma türk milləti isə məhz 1918-ci ildən indiki milli identikliyimizi, tarix səhnəsindəki kimliyimizi, həyat qarşısındakı mövqeyimizi təsbit edən bir kimlikdir. Göründüyü kimi Suriyada, İraqda (Mosul, Kərkük) yaşayan türkmanlar kimi biz də türkmanıq. Onlar necə azərbaycan dilində danışırsa biz də eləcə türkman dilində danışırıq, amma millilik olaraq türklük tarixi bir mahiyyət daşıyır. Bu baxımdan etnik kimliyindən, irqindən asılı olmayaraq həyat qarşısında müəyyən tarixi rolu üzərinə götürmüş insanın türk olmasında heç bir qeyri-adilik yoxdur.
 
   Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğunu bəyan edən sənəd olan "İstiqlaliyyət Bəyannaməsi«nin mətni (teksti) və o mətni ortaya çıxaran dəyərlər, hadisələr, ardıcıllıqlar, tarixi gedişat, sözlər və başqa şeylərin hörgüsü yəni konteksti barədə fikrimi izah etməyə çalışacam.

»Buna binaən arai-ümumiyyə ilə intixab olunan Azərbaycan Şurai milliyyeyi-islamiyyəsi"

Bu ifadədə biz ümumun (xalqın) rəyi ilə intixab (seçilən) olunan Şurayi milliyyeyi-islamiyyədən bəhs olunduğunu görürük. Zaqafqaziya Qoşma Cumhuriyyətində 3 millətdən biri olan müsəlmanları təmsil edən müsəlman fraksiyasının varisliyinin Şurayi milliyyeyi-islamiyyə olduğu bəlli olur. Yəni burda demokratik üsul-idarə ilə seçilən müsəlman millətinin seçdiyi müsəlman hakimiyyətdən bəhs edilir. Amma burda müsəlman deyiləndə bir çox məqam aydın olmur. Çünki 1-ci dünya müharibəsi sonrasında müsəlmanların yaşadığı əksər ərazilər müstəmləkə və ya yarımmüstəmləkə vəziyyətində olduğundan özümüzü fərqli müstəqil kimliklə ifadə edəcəyimiz bu bəyyannamədə göstərilən və sonrasında qəbul etdiyimiz bayraqla da təsbit olunan millilik türk milli kimliyidir.

  1. Bu gündən etibarən Azərbaycan xəlqi hakimiyyət həqqinə malik olduğu kibi, Cənubi və Şərqi Zaqafqaziyadan ibarət Azərbaycan dəxi kamil-əl-hüquq müstəqil bir dövlətdir.
  2. Müstəqil Azərbaycan dövlətinin şəkli-idarəsi Xalq Cümhuriyyəti olaraq təqərrür ediyor.
  3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlər və bilxassə, həmcivar olduğu millət və dövlətlərlə münasibəti-həsənə təsisinə əzm ediyor.
  4. Azərbaycan Xalq Cümhuriyyəti millət, məzhəb, sinif, silk və cins fərqi gözləmədən qələmrovunda yaşayan bütün vətəndaşlarına hüquqi-siyasiyyə və vətəniyyə təmin eylər.
  5. Azərbaycan Xalq Cümhuriyyəti ərazisi daxilində yaşayan bilcümlə millətlərə sərbəstanə inkişafları üçün geniş meydan buraxır.
  6. Məclisi-Müəssisan toplanıncaya qədər Azərbaycan idarəsinin başında arai-ümumiyyə ilə intixab olunmuş şurayi-milliyəyə qarşı məsul hökuməti-müvəqqəti durur".
  7. Həsən bəy Ağayev, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Camo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyli, Nəriman bəy Nərimanbəyov, Cavad Məlik-Yeqanov, Mustafa Mahmudov.

Bu bəndlərdə də beynəlxalq münasibətlərdə və daxili məsələlərdə azərbaycan xalqının mövqeyi bəyan edilib.

  Son zamanlarda kimliyimizlə bağlı olan müzakirələrdə özümüzü azərbaycanlı, azəri, azərbaycan türkü və ya başqa necə adlandırılacağımız mübahisə doğurur. Milli mənəvi dəyərlər xüsusunda həm azərbaycanlılığımız, həm də türk milli kimliyimiz İstiqlaliyyət bəyannaməsində təsbit olunub. Düşünürəm ki, həm tarix içində müxtəlif dövrlərdə həm də bu günə qədər bu torpaqlarda qafqazdilli, irandilli və türkdilli (türkman) tayfalar yaşamışdır. Eyni zamanda bu torpaqlarda ilkin xristyanlığı, islamı həmçinin müxtəlif zamanlarda müxtəlif məzhəbləri yaşamışıq. Bütün bunlar zənnimcə bizim azərbaycanlılığımızdır. Amma məsələ tarix səhnəsindən yox olma, parçalanma, qeyri-millətlərin və ya «qara donlu kafirlərin» başımıza müsəllət olması olanda burda yaşayanlar bu torpaqların üzərində özlərini türk milli kimliyində ifadə etmişlər.


    Tural Osman

Araşdırmaçı-yazar.


tural-osman.blogspot.com 
Davamı →

ELMLƏR NEÇƏ NÖVDÜR?


          
Elmlərin insan üçün ümumi önəmi, onların nə qədər əqli, və insanın fitri ehtiyacına uyğun olmasından asılıdır.
Elmlər, genəl olaraq 3 cürdür:
1)Sırf əqli. 2)Qismən əqli. 3)Empirik.
Sırf əqli sahələr, biləvasitə həyatın mərkəzində dayanan və insanın, varlığı dərk etməsinə və insan olmanın gərəklərini ifa etməsinə birbaşa qatqıda bulunan sahələrdir; teologiya, psixologiya, sosiologiya, fəlsəfə, politologiya və s. adlarla nisbi olaraq bölünmüş elm sahələrinin ehtiva etdiyi sferalar kimi.
Qismən əqli və 2-ci dərəcəli sahələrə isə riyaziyyat, cəbr, həndəsə və s-i (həmçinin şahmatı) misal göstərmək olar.
Empirik və 3-cü dərəcəli elmlərə isə biologiya, kimya, coğrafiya, arxeologiya, tarix, dil və s-i nümunə göstərmək olar.
Riyaziyyat, həndəsə kimi sahələrin, 1-ci dərəcəli elm olmamasının səbəbinin izahı bizə görə belədir; bu elmlər, insanın fitri gərəksinimi üçün birbaşa olaraq vacib elmlər deyildir. Çünki rəqəmlər ya da fiqurlarla bağlı hansısa məqamlar, insanın praktiki yaşamı və əqli sferası üçün heç bir boşluğu dolduracaq ünsürlər deyildir və insanın bunlara fitri bir ehtiyacı yoxdur.
(Ustad Dekartın izahı isə belədir: Əqli elmlərin ən asanı və ən konkreti, həndəsə və riyaziyyatdır və bu elmləri bilmək üçün sadəcə diqqət yetərlidir; çünki bu sahələrin mövzuları sabitdir və bu elmlərdə, təcrübə ediləcək yeni bir şey olmadığı üçün, (dərin mənada) səhv etmə (və ya düz etmə) ehtimalı da olmur).
Ümumiyyətlə çox insan, bir yanılqıya düşərək, riyaziyyatın, məntiqin təməli və əsası olduğuna və dolayısıyla da bu elmin, məntiq üçün labüd olduğuna inanır; halbuki əslində tam əksinədir; riyaziyyat məntiqin deyil məntiq riyaziyyatın təməlidir və insan zatən düşünmənin ilk əsaslarına, doğuşdan və fitri olaraq sahibdir və üstəlik də düşünmənin digər əsaslarını qurmaq üçün yeganə yol da riyaziyyat deyil və hətta ondan xeyli daha önəmli yollar vardır. Bir sözlə, məsələn iki eyni keyfiyyətlərə və zəka yapısına sahib insan götürək; bunlardan biri, bütün ömrünü riyaziyyat, cəbr kimi sahələrə həsr edirsə; digəri isə bu elmlərlə heç məşğul olmayıb, insan həyatı üçün birbaşa zəruri sahələrlə (teologiya, psixologiya, sosiologiya və s.) məşğul olursa, ikincinin birincidən daha zəki və bacarıqlı olması daha güclü ehtimaldır.
Nəticə olaraq; əslində bizə lazım olan, hansısa elmin özündən çox, DÜŞÜNMƏKdir! O düşünməni, düzdür riyaziyyat da təmin edir; lakin bu düşünmə, əvvəla məhdud xarakterli olduğu üçün, həmçinin fitri yapımıza lazım olmayan məlumatlar əsasında olduğu üçün; hər düşünmənin bizə qatqısı da az olur; lazımsız olmaqla yanaşı bir də qısıtlı olan bu riyaziyyat bilgilərindən, çox da böyük «döngələr» çıxmadığı üçün dərin düşünmə və yanılma ehtimalı da yetərincə aktual olmur.
Bütövlükdə düşüncəmizin, həyatın kiçik bir modeli olduğunu nəzərə aldıqda, yaşamımızda bizə praktiki olaraq lazım olacaq bilgilərin əhəmiyyət ardıcıllığının, eynilə düşüncəmiz üçün də eyni sıraya və önəmə malik olduğunu; məsələn bir insanın, hansısa rəqəm və ya üçbucaq fiquru barədə məlumata ya da məsələn quşların hansı yapıya sahib olduğu bilgisinə və ya filan ölkənin hansı materikdə yerləşməsi barədə məlumata ya da tarixdə hansı hadisənin baş verməsi barədə bilgiyə birbaşa olaraq ehtıyacı olmadığını söyləmək olar. Bu bilgilərin, insan üçün önəmi, mikroskopik olduğu kimi, həyatın proyeksiyası olan düşüncəmizin və dolayısıyla da zəkamızın da onlara ehtiyacı eyni nisbətdədir.
Həyatda bizə lazım olan ən vacib bilgilər, elə həyatın və yaşamın nə olması ilə bağlı bilgilərdir və bizi buna birbaşa götürəcək hər yol, birinci dərəcəli önəmə sahibdir, dolayısıyla da bu sahə və yollar, elə insan zəkası və potensialı üçün də eyni qədər önəmə sahibdir.
Müəllif: Yunis Dürüst
Davamı →

Sanki , qaranlıq gecədə parlayan günəş

Tarix çox şahid olub  -  zamanın mənasız adətlərini, ədalətsiz qanunlarını   dəyişən ,  zülmət qaranlıqda bir işıq yandırıb insanlara nurla qaranlığın fərqini göstərən insanlara… İnqilabi mübarizəyə qalxmış bu insanlar daim cəmiyyətin diqqət mərkəzində olduğundan  İnsanlar daim onlarla, onların mübarizələri ilə maraqlanmalı olublar. Yaşadığı mühitin təsiri altına düşməyən, zamanın maskası ilə maskalanmayan bu inqlabçı insanlardan öz mübarizə xətti ilə seçilən və bütün insanlara nümunə ola biləcək xanımlar da var.

XÜSUSİLƏ BİR XANIM VAR Kİ ,   Onun çox qısa ömrünün hər mərhələsi


Ardı →

BABƏK QALASI – QARTAL YUVASI

  

  Babək qalası-Azərbaycan türklərinin min il bundan öncə yaratdığı azadlıq və istiqlaliyyət qalasıdır. Ulu türkün əskidən bəri tapındığı yurd yeri, tarixlər yadigarı, başı buludlara dəyən xürrəmilər məbədidir. Hər il Güneyli soydaşlarımız qədim qalanın ziyarətinə kütləvi xalq yürüşü keçirir, öz alp-ərənlik tarixini xatırlayır, əfsanəvi qəhrəman Babəki yada salıb tarixi bahadırlıq ənənələrini yaşadır. Bir millətin öz din-imanına, milli ənənə və mənəvi dəyərlərinə tapınması onun kamillik zirvəsi, özünü dərk edib dəyərləndirməsi deməkdir. Bu yolu tutan hər hansı bir xalqm kölə-qul həyatını yaşaması, yad təsirlərə düşüb əriməsi, tarix səhnəsindən silinib getməsi ağlasığmaz bir işdir. Özünə tapman bir millətin öz yaralarmı başa düşüb nəticə çıxarması, yüksək bir iradə nümayiş etdirməsi, meydana birgə çıxmaq imkanlarım dərk etməsi yeni bir amal və dünyabaxışın başlanğıcıdır.

 


Ardı →