Sonsuzluq içindəki bir aləmdə yaşayırıq. Doğuluruq, yaşlanırıq və ölürük. Elə bilirik ki, artıq hər şey bitdi. Öldük və son… Lakin elə deyil. İnsanın doğulduğu andan etibarən onun üçün sonsuzluq başlayır. Həyat bu dünyada başlayır və əbədi axirət yurdunda sonsuza qədər davam edir. İnsan bu dünyada orta hesabla 60-70 il yaşayır. Bundan sonra isə axirət həyatı başlayır. Çoxları axirətin varlığına inanmasa da, bu mövcuddur və axirət həyatının necə olacağı bu dünyadakı həyat tərzimizdən asılıdır. 60-70 illik zaman ərzində insan vicdanının səsini dinləyib-dinləməməsi mövzusunda müxtəlif imtahanlardan keçir.
İnsan bu qısa, lakin çox mühüm zamanı özünü aldadaraq keçirərsə, imtahandan keçə bilməz. Axirət həyatının olmadığına, həyatın təkcə bu dünyadan ibarət olduğuna, güclülərin hər zaman qalib, zəiflərin, məzlumların isə məğlub olduğuna özümüzü inandırmaq nə həqiqəti dəyişdirə bilər, nə də ki, Allah və vicdanımız qarşısındakı məsuliyyətlərdən bizi xilas edər.
İnsanın həqiqətlərdən qaçması onun öz əleyhinədir. Vicdanını örtərək həqiqətləri görməzdən gələn, Allah qarşısındakı məsuliyyətlərdən qaçan insan daha sonra bu ağılsızlığına görə çox peşman ola bilər. Buna görə də, insan şüuru açıq bir şəkildə və diqqətlə bu həyatdakı insanlıq vəzifələrini yerinə yetirməlidir. Bunlar insana çətin gələ bilər. Çünki biz azad və sərbəst, çərçivələrsiz həyat yaşamaq istəyirik. Amma bunu da bilməliyik ki, azad olmaq heç də düşüncəsiz olmaq deyil.
Hər an vicdanımızın səsini dinləməliyik. Hər keçən saniyə ölümə və hesab gününə bir az da yaxınlaşırıq. Bütün davranışlarımızın və ağlımızdan keçən bütün düşüncələrin yox olmadığını, hər şeyi görən Allah tərəfindən yazıldığını bilmək və buna uyğun hərəkət etmək ən gözəl və ən doğru yoldur.
Bunu da bilməliyik ki, hər insanda vicdan eynidir. Lakin vicdanını istifadə etməsinə görə insanlar müxtəlifdir. Bəziləri vicdanından istifadə edir, bəziləri isə etmir, qulaqlarını tıxayır, gözlərini yumur.
Ardı →