Sona xanımın C.Cabbarlı ilə bağlı xatirələri

Mən, Cəfərin ayrı-ayrı əsərləri: “Almaz”, “1905-ci ildə”, “Sevil”, “Dönüş” və “Yaşar” pyesləri üzərində işləyərkən müşahidə etdiyim bəzi cəhətlərdən danışmaq istəyirəm. Xatirə xarakteri daşıyan bu kiçik qeydlər, şübhəsiz ki, dramaturqun öz əsərlərini necə yazdığı haqqında geniş, hərtərəfli məlumat verə bilməz. Mən yalnız, Cəfərin həmin pyesləri yazarkən əhval-ruhiyyədən danışacağam.                                                                                                               

Cəfər CabbarlıCəfərin belə bir xasiyyəti var idi: bir pyes yazmağı düşünəndə əvvəl onun qəhrəmanlarından birinin mahnısını fikirləşirdi. Bəzən bunu xalq mahnılarından götürür, bəzən də özü yeni bir mahnı yaradardı. Sözlərini yazır, hətta musiqisini də özü bəstələyirdi. Bu mahnını uzun zaman dodaqaltı oxuyur, pianoda çalırdı, sonra pyesi yazmağa başlayırdı. Məsələn: “Od gəlini”ndə Solmazın “Mən bir solmaz yarpağam ki”, “1905-ci ildə” Sonanın “Azad bir quşdum”, “Almaz”da Yaxşının “Gərək günəş dağları aşıb sönməyəydi”, “Yaşar”da Yaqutun “Küçələrə su səpmişəm”, “Sevil”də Sevilin “Sənə nə olub, zalım yar?” mahnıları belə yaranmışdır.

Cəfər “Sevil” əsərini yazmamışdan bir-iki ay qabaq belə bir mahnı oxuyardı:
Ardı →

Qadınsız fantast yazıçı | Əjdər Ol

Namiq müəllim hərdən qadın nəvazişinin həsrətini çəkirdi. Bir az da çılpaq desəm, könlü qadın istəyirdi. Deyirdi ki, gərək kişinin bədəninin bütün üzvləri eyni vaxtda qocalsın. Əgər özünü kişi kimi fəal hiss edirsənsə, qoca görkəmin istəyini dilə gətirməyə mane olursa, bu dəhşətdir.

«Bir səhər obaşdan kişi yanında yatan qadının hənirtisinə yuxudan ayılır. Qadın yataqdan durub vanna otağına keçir. Yarıyuxulu kişi mələfənin üzərində qadının bədən izlərini görür, hətta yataqda xoş ətir də duyur. Hava soyuq olduğundan ləzzətlə yorğana bürünüb ehtirasla qadını gözləməyə başlayır. Ancaq gözlədiyi gəlib çıxmır. Axırda kişi yerindən durub qadının dalınca gedir. Vanna otağında onu tapmır. İşığı sönmüş mətbəxdə də heç kəs yoxdur. Bəlkə qadın çölə çıxıb? Kişi əlini qapının dəstəyinə atanda yuxudan tam ayılır. Qapı içəridən bağlıdır. Axı, içəridə başqa kim ola bilərdi?! O ki, tək yaşayırdı.»

Bu əhvalatdakı Namiq müəllimdir. Qadınsız yaşayan kişinin belə illüziyaları olmalı idi.
Namiq müəllim yaşından artıq qocalsa da… Başımda onunla bağlı əhvalatlar sıraya düzülüb…

1980-ci ildə yazıçının «Gecələr uzanaydı» adlı fantastik hekayələr kitabı çıxandan iki-üç həftə sonra bir tələbə qız oxuduğu kitabın təsirilə onun iş yerinə zəng vurub müəlliflə görüşmək istədiyini bildirir. Onlar yazıçının iş yerinin qarşısına görüş təyin edirlər. Görüş yerində o, üzünü görmədiyi qızı uzaqdan tanıyır, çünki oxucunun əlində öz kitabını görübmüş. Müəllif qıza yaxınlaşıb salam verir. Qız ona yad adam kimi baxır.

Ardı →

Ailə saatı

Ailənizin müəyyən qayda-qanunları, bir yerdə keçirdiyiniz müəyyən saatları varmı? Ötən həftə bütün ailə üzvlərinizi, hətta bələkdəki körpənizi də nəzərə almaqla, ailənizlə neçə saatı birgə keçirdiniz? Oğul-uşaq bir yerdə, zövqlə bəzədilmiş çay süfrəsi arxasında nə qədər oturdunuz? Balacalar qovrulmuş qarğıdalıları içəri ötürəndə, böyük oğlunuz üstünə tökdüyü mürəbbəni göstərməmək üçün çarələr axtaranda həyat yoldaşınızla bir-birinizə baxıb güldünüzmü? Siz ciddi bir mövzudan bəhs etməyə çalışanda balaca qızınız dəqiqəbaşı " ata, ata " deyə sözünüzü kəsdimi?
Ardı →