Qrafologiya

Qrafologiya sözü iki yunan sözünün: “gropho”- yazıram və “logos”- öyrənirəm sözlərinin birləşməsindən əmələ gəlmişdir. Qrafologiya kəlməsini termin kimi ΧΙΧ əsrdə fransız abbat Mişon işlətmişdir.

Qrafologiya istənilən şəxsin yazısını analiz edərək onun xarakteri, eyni zamanda xarici görünüşü haqqında məlumat verən psixodiaqnostik bir elm sahəsidir. Qrafologiya dəqiq elm deyil, emperik biliklərə və xüsusi eksperimentlərə söykənərək formalaşmışdır. Ona görə də qrafoloji analiz kompyuterləşdirilməmışdir. Yazının analizi müxtəlif metodlarla aparılsa da burda qrafoloqun həssaslığı çox vacibdir.

Qrafoloji analizdə insanın temperamenti, xarakteri, yazı yazdığı zaman psixo-fizioloji vəziyyəti haqqında, sosial mövqeyi haqqında və yazdığına münasibəti haqqında məlumatları əldə etmək olar.

Qrofoloji analiz bizə imkan verir ki, tədqiq olunanla ünsiyyətdə olmadan onun psixoloji portretini verək. Eyni zamanda qrafoloji analiz bizə imkan verir ki, tədqiq olunana gərəkli məlumatlar və məsləhətlər verək.


Ardı →

Yazılarda aqressiyanın müəyyən edilməsi

Aqressiyanın müxtəlif növləri və dərəcələri vardır. Kimdə isə bu özünə olan sonsuz inamsızlıqdan formalaşır, insanın ətrafdakılara münasibətində, sərt davranışlarda, kimdə isə bu laqeyd davranışında ifadə oluna bilinər. Bu halda insanda aqressiya gizli olaraq, “sakit” formada keçir. Kimdə isə bu ana südü ilə verilib, həyata baxışı “yalnız güclülər haqlıdır”, “güc qalibdir” kəlmələri çərçivəsindən qaynaqlanır. Kimdə isə bu yeganə ünsiyyət vasitəsidir. O, özünü ifadə etmək üçün, diqqətə alınmaq üçün, tanınmaq üçün aqressiv davranışlardan, fiziki üstünlüklərindən istifadə edir.

Hər bir halda aqressiya boş yerdə yaranmır. Bu bir növ dərin travmadan qaçmaq üçün müdafiə olunma mexanızmlərindən biridir. Onlar başqa cür davrana bilmirlər. Aqressiyanın əsasında təmin olunmamaq, uğursuzluq, təəssüfkeşlik, ümidsizlik, həyata etiraz durur. Çox vaxt aqressiya uşaqlıqda gərəkli şəkildə alınmayan, verilməyən sevginin boşluğunda cücərməyə başlayır. Zaman-zaman bunu cəmiyyətdəki laqeydlik, qəbuledilməzlik daha da qüvvətləndirir.

Yazıda aqressiyanın əlamətləri aşağıdakılardır:
İlkin olaraq yazının sahədə mövqeyinə nəzər salmaq lazımdır. Əgər yazı dar, bir sıx kütlə təəssüratı verirsə, sanki bir yumyuqdur, bu aqressiyanın ilk əlaməti sayılacaq. Bu zaman sətrlər və sözlər arasındakı məsafələr az, ya da heç olmayacaq. Sətrlər və hərflər bir-birinə qarışmış olacaq.
Ardı →

Yuxularımızda oxşarlıq varmı görəsən? ("Esther`ə Məktublar" adlı kitabımdan)

...Günəş xəfif addımlarla yaxınlaşır Bakıya...
Şərqdən gələn ilk şəfəqləri hiss edən quşlar bir ağızdan oxuyurlar.
Mən bunu anladım o səslərdən :
— Nəisə başlayacaq.
Bu qaranlıq çəkildiyi vaxt, daha öncə heç nə olmamış nəisə olacaq. Bütün canlıların dörd gözlə gözlədiyi, yoxluğuna neçə vaxtır ki güclə davam gətirəcəyimiz nəisə. Bir möcüzə.
Ardı →

Mən yazıyam (esse)

Mən yazıyam. Yazılmışam. Qələmin mürəkkəbi sərf olunub mənə. Ya da XXI əsrdi, yəqin klavişlərə yazılmışam. Hər halda artıq yazıyam.

Özümü çox vacib varlıq hesab edirəm. Ən azı ona görə ki, siz mənim hesabıma  minillər əvvəlindən xəbərdar ola bilirsiz. Mən olmasam fikirlərinizi sizin səsiniz yetməyən yerlərə çatdırmağınız mümkün olmayacaq. Mən elə bir əhəmiyyətli varlığam ki, bütün qanunlardan, qaydalardan, məxfi sənədlərdən xəbərdaram. Dövlət işlərinin hamısını bilirəm. Hətta insanların şəxsi həyatlarından da xəbərim var.

Mən bəzilərinin gündəliyi, bəzilərinin ürəyindəkiləri çatdırdğı vasitəyəm. Mən, bəzən düşünülüb, lakin deyilməyə cürət edilməyən fikirlərəm. Mən sizin beyninizəm, düşündüklərinizəm. Mən hekayələr, esselər, məqalələr, məktublaram. Hətta romanlar, epopeyalar da mənəm.

Hə, indi gördüz ki, mən nə qədər əhəmiyyətliyəm. Amma məndən öz miskin fəaliyyətləri üçün istifadə edənlər də var. Mən, yüzlərlə, bəlkə minlərlə və bəlkə də daha artıq müharibənin səbəbkarıyam. Mən olmasam hökmdarların mənasız yazışmaları olmazdı, mən olmasam həmin hökmdarlar bir-birini hədələyə bilməzdilər. Mən olmasam xəritələr olmazdı. Dünya hissələrə bölünməzdi. Mən dünyanın ölkələrə bölünməsinə səbəb olmuşam. Mən ölkələrin bölgələrə parçalanmasına səbəb olmuşam. Ən dəhşətlisi mən, bəzən bir ölkənin iki yerə bölünməsinə səbəb olmuşam.


Ardı →

Ferat - Sənsizlik




Sənsizlik

“Səssizlikdən qorx əzizim, sənsizlikdən qorxduğum kimi. Nağıllarda xoşbəxtlik yoxdu, nağıllarda yalanlar var. Sən, mən və bizim nağılımız. Sən, mən və bizim “yalanımız”. Ən böyük yalanlar gözlərdə gizlənib. Baxışlarda deyilən yalanlar. Həqiqətlər belə şirin olmur. Həqiqətlər isitmir bizi ən böyük yalanımız kimi. Tənhalığın ağuşunda boğularkən səssizlikdən, ən böyük yalanımız nəfəs verir.”
… və beləcə başladım yazmağa. Davamı isə gəlmədi. Nə qədər məcbur etsəm də özümü, yaza bilmədim. Sonra yazmağı unudub stolda sağ küncümdə duran və səhərə qədər bitirəcəyimi qarşıma məqsəd qoyduğum bir şüşə dolusu ucuz şəraba baxdım. Onsuz son günlər yarımçıq yazılarla dolmuşdu vərəqlər. Artıq adət halını almışdı. Heç bunun dərdini çəkmədən sol küncümdəki stəkanı əlimə alıb bir qurtum içib diqqətlə şərabın stəkanda dalğalanmasını izlədim. Otağın səssizliyini qramafonda adını unutduğum gözəl bir qadın səsinə həvalə edib isti sobanın qırağında oturdum. Boynuma alıram şərabı bitirməmiş elə ilk qədəhdən sərxoş olmuşdum. Axı mən içən deyiləm. Arada bir içirəm. Onda da belə tez təsir edir. Təsadüfən əlimdə oxumağa qərar verdiyim kitabın düz ortasından bir səhifə açıldı və gözlərim bax bu cümlələrlə rastlaşdı: “Mən yıxıldım, sevgilim isə yoluna davam elədi. Yəqin ki, mənim yıxılmağımı heç görməmişdi. Əgər görsəydi, mütləq ayaq saxlayıb mənə tərəf əyilər, köməy etməyə çalışardı. Lakin o, yoluna davam etdi və mən də fikirləşdim ki, yıxılmağımı görmədi.” Və təkrar… təkrar… təkrar… beləcə düz bir saat bu cümlələri təkrarladım. Mən yıxıldım və sevgilim getdi. Hara getdi? Hm… Mən qaldım və o getdi. O yıxıldı və mən getdim. Kimsə yanımızda yıxıldı və biz ikimiz getdik. Biz yıxıldıq yanımızdan keçənlər heç bizə fikir vermədən getdi. İnsanlar gəlir, insanlar ölür, yeni insanlar doğulur… Onlar yaradır, sonra məhv edir. Bir sevgili digəri ilə yolda əl-ələ gedir. Sonra oğlan yıxılır. Qız başqa bir oğlanın əlini tutur və gedir. Beynim qarışdı. Gözlərimi tavana zilləyib düşünürdüm. Əgər o, səni sevirsə niyə heç geriyə belə baxmadı? Sonda qarışan beyin və sərxoş halla kitabın həmin səhifəsindəki son cümlənin altından bir cümlə yazıb sabahın olmayacağını düşünərək elə sobanın qırağındaca yatdım. O gün heç yuxu da görmədim. Bəlkə də görmüşəm yadımdan çıxıb. Səhər duranda kitabın həmin səhifəsi hələ də açıq idi. Və ora yazdığım cümləni sanki başqa bir adam yazmış kimi bir də oxudum: 
“Həyat bizə özünü bakirə kimi sırımağa çalışan fahişə kimidir.”
Müəllif: Feratfacebook səhifəsi: https://www.facebook.com/WriterFerat
Davamı →

Ferat - Yoxluq

  

əllərimdə yad qadınların əl izləri
gözlərimdə son baxışından qalan nifrət
gedirəm sənsizlikdən uzaq bir şəhərə
bircə "əlvidam" qalacaq məndən geridə
bir də sənsizlik

Hər günə eyni səhərlərlə başlamaq… İlk səni axtarmaq… Gözlərini, əllərini, dodaqlarını… Amma yenə də məyusluq… Məyusluğa vadar edən boş otaq mənzərəsi… Bu mənzərənin eybəcərliyinə səbəbkar yoxluğun... 
Hərdən, yox elə tez-tez, əslində hər gün məni sənə aparır bizdən bəhs edən mahnılar. Otururam, səni düşünürəm. Şirin bir ağlamaq tutur. Sonra şirin bir gülüş. Kaşkilərə bağlanır arzular sənli xatirələri düşündükcə. Və hər düşündüyümdə öldükcə. Ölüb də hər sabah yenidən doğulduğumu gördükcə. Və kiçildikcə Bakının hər gün ucalan göydələnləri arasında. Mən bir az da sıxılıram sənsiz… Darıxıram.
Sənsizlik dilimə əzbər olub bu aralar, daha doğrusu sən gedəndən bəri. Sənsizlik həsrətə, həsrət tənhalıq adlı xislətə, bu ucuz xislətdən əzaba, əzabdan da ağrılara çevrilib həm ürəkdə, həm başda. Qələmimin mürəkkəbinə hopub. Sənli günlərlə başlayıb sənsiz günlərlə bitir yazılar. 
Bəzən rədd olub da gedə bilsəm deyirəm bu şəhərdən. Səni də qoysam geridə. Silsəm yad şəhərlərdə sənli illərin xatirələrini. Quru-quru yazılan bu sənsizlik yazılarından, bu pessimizimdən xilas olsam da, daha xoşbəxtlikdən yazmağa başlasam deyirəm. Amma bir də baxıram ki, sənsizlik də xoşbəxtlik imiş. Amma bir də baxıram ki, sənsizlik bədbəxtlik imiş. Yox, bir də baxıram ki, sənsizlik elə “sənsizlik”di. Başqa adı yoxdu yoxluğunun. 
Bəzən qayıtsam deyirəm dünənə. Bu gün əslində dünəndi desəm. Dünənimdə səni görsəm. Baxsam gözlərinə. Gözlərinə baxıb titrəyəndə hər şey aydın olardı bəlkə də. Onda bəlkə bu uzun uzadı yazdığım yazıda ifadə etmək istədiyimi, titrəyərək sadəcə bir sözdə ifadə edə bilərdim bundan daha yaxşı. Bəlkə sən də daha yaxşı anlaya bilərdin məni. Və mən bu sənsizliyin içində çaşıb qalmazdım səni düşünərək. 

Müəllif: Ferat

Fb səhifə: https://www.facebook.com/WriterFerat
Davamı →