Yun, yoxsa sintepon?

Azərbaycanda yun yorğan və quş tükündən olan yastıqlardan istifadə etməyən ailələrə çox nadir hallarda rast gəlinir. Əksər Azərbaycan qadını hətta evindəki yun yorğan və quş tükündən olan yastıqlarının sayının çoxluğu ilə də öyünür.

Yun və quş tüklərinin çox vaxt allergiyaya səbəb olması, bəzi dəri xəstəliklərinin yaranmasına rəvac verməsi də qadınlarımızı bir o qədər qorxutmayıb. Lakin son illərdə daha gənc qadınlarımızın yun yorğan və quş tükündən olan yastıqlara olan “sevgisi” azalıb, bunun yerini isə sintepon yorğan və yastıqlar tutub.

Əslində «sintetik» termininə müsbət yanaşmadığımız üçün sintepon yorğan və yastıqdan istifadə zamanı bizdə onlara qarşı bəzi şübhələr də yaranır və yun, yoxsa sintepon yorğan və yastıqdan istifadənin daha xeyirli olması barədə özümüzə sual veririk.
Davamı →

Yorğan-döşəyin sırınması

Azərbaycan ailələrində yorğan-döşək, adətən, yundan hazırlanır. Qoyunun yunu ildə 2 dəfə qırxılır: yayqabağı və payızda. Yayqabağı qırxılan yun uzun və zərif olduğu üçün ondan yorğan salınır. Payızda qırxılan yun isə üstdən qırxıldığı üçün qısa olur, buna güzəm deyilir. Güzəmdən döşək salınır.

Yunun yuyulması və çırpılması
Ev şəraitində yun böyük ləyənlərdə yuyulur. Təzə qırxılmış yun bir gün əvvəldən islağa qoyulur. Bir neçə dəfə çirkli suyu axıdıldıqdan sonra otaq temperaturlu suya hər hansı yuyucu tozlardan bir az töküb yunu onun içində saxlayırlar. Ertəsi gün yunu həmin suda övkələyib yenidən təmiz suya tökür və yuyurlar. Əgər yun çoxdursa, onda ya hissə-hissə yuyur, ya da ayaqlayırlar. Təmiz yuyulmuş yunu bir neçə dəfə soyuq suda yaxalayırlar. Sonuncu dəfə yaxalayanda suya naşatır spirti tökülsə, yun yumşaq olar və tez çırpılar. Yuyulub yaxalanmış yunu torlara yığıb suyu süzülmək üçün asırlar. Sonra yunu quru parçanın üzərinə sərib gün tutan yerdə qurudurlar. Yun çırpılmaq üçün bir qədər nəm olmalıdır.
Davamı →