Zeytun Cənubi Avropa, Afrika, Cənubi Asiya və Avstraliyanın mülayim isti və tropik zonalarında yayılmışdır. 20-yə yaxın növü var.
Zeytun həmişə yaşıl halda, 4 — 6, nadirən 10 — 12 m hündürlükdə ağac olub, boz-yaşıl rəngli lansetvarı yarpaqlara malikdir.
Nəzəri o qədər də cəlb etməyən xırda ağ və ya yaşıltəhər rəngli çiçəkləri və yetişəndə qara-bənövşəyi rəngə boyanan meyvələri vardır.
Meyvəsi birtoxumludur, lətli, yağlı yanlığı var, toxumları uzunsov, qonur rənglidir.
Zeytun may-iyun aylarında çiçək açır, meyvələri oktyabr-noyabrda yetişir.
Meyvələrinin lət hissəsində 70 %-ə qədər, toxumunda isə 25 — 30 % əla keyfiyyətli piyli yağ vardır. Bu yağdan həm yeyinti sənayesində, həm də təbabətdə geniş istifadə olunur.
Zeytun dünyanın subtropik ölkələrində çox qədimdən becərilən qiymətli bitkidir. O, hələ eramızdan 2500 il əvvəl qədim misirlilər tərəfindən becərilmiş və meyvələrindən və onun yağından bir sıra xəstəliklərə qarşı [revmatizm, yanıq, göz xəstəlikləri və s.], həmçinin yeyinti məhsulu, xoş dadlı və ətirli ədviyyat kimi istifadə edilmişdir.
Zeytun hazırda da ən qiymətli piyli yağlı bitki, eləcə də bəzək bitkisi kimi dünyanın bir sıra subtropik ölkələrində geniş miqyasda becərilir. Zeytun sənaye əhəmiyyətli bitki kimi çoxdan bəri Qara dəniz sahillərində, Krımda, Gürcüstanda geniş becərilir.
Ardı →