"Qızıl Əli" ləqəbli prokuror

El arasında hamı onu “Qızıl Əli” deyə tanıyırdı, apardığı qüsursüz işə görə fərqlənirdi.

 Orucov Əli Müseyib oğlu (25.08.1932 –05.11.1992).
Əli Orucov Müseyib oğlu Şəmkir (Şamxor) rayonunda doğulmuşdur. 1949-cu ildə orta məktəbi bitirdirdikdən sonra həmin ildə ADU-nun (İndiki BDU) hüquq fakultəsinə daxil olmuşdur. 1954-cü ildə Universiteti əla qiymətlərlə bitirərək, hüquqşunas diplomuna yiyələnmişdir.

Əli Orucov tələbəlik illərində (1949-1954) boksla məşğul olmuş, orta ağır çəkidə tələbələr arasında Respublika üzrə keçirilən boks yarışlarında dəfələrlə çempion adını qazanmışdır. Hətta SSRİ üzrə tələbələr arasında keçirilən boks yarışlarında Azərbaycan Respublikasını təmsil edərək, vətənə gümüş medallarla qayıtmışdır. Tələbəlik illərində Əlini “boksçu Əli” kimi tanıyırdılarsa, bu qələbələrdən sonra hamı onu “çempion Əli”- deyə, çağırırdı. Tələbə dostları, yoldaşları onu indiyədək “boksçu”, “çempion Əli” kimi xatırlayırlar.

Əli Orucov Müseyib oğlu Universiteti fərqlənmə ilə bitirdikdən sonra Bakı və Şəmkir (Şamxor) şəhərlərində Rabitə şöbəsinin rəisi vəzifələrində, 1960-cı illərin əvvələrindən 1992-ci ilin sonunadək Azərbaycan Prokurorluğu orqanında prokuror köməkçisi və prokuror vəzifələrində çalışmışdır. Ədliyyə müşaviri rütbəsinə qədər yüksəlmişdir.
Ardı →

Ruhi xəstə olmuş 10 dahi

Bu şəxslər dünyada öz sözünü demiş, dünya ədəbiyyatının, fəlsəfəsinin xəzinəsini dəyərli ideyaları, əsərləri ilə zənginləşdiriblər.

1. Edgar Allan Poe — Amerika yazıçısı (1809-1849)
Onun hekayə və əsərləri qorxunc hadisələr üzərində qurulmuşdur. 20 yaşından sonra Poe tez-tez depressiyaya düşürdü. İçki düşkünü olması da onun psixikasını pozurdu. Ruhi tarazlığı tamam pozulmuş yazıçının mütəmadi tutmaları tutur, idarəolunmaz məxluqa çevrilirdi. Şəxsi həyatındakı uğursuzluq da bir yandan onu üzürdü.

Həyat yoldaşı Virginia gənc yaşlarında vərəmə tutulmuşdu. 5 il Poe-nun gözləri qarşısında əriyən Virginia nəhayət canını tapşırır. Bu yazıçıya ağır zərbə olur. Bundan sonra o iki dəfə evlənməyə cəhd etsə də, heç biri alınmır. Birincisində yazıçının əcaib davranışlarından qorxuya düşən qız ona «yox» cavabı verir. İkincisində isə toy ərəfəsində Poe-nun qəfil yoxa çıxması işləri pozur.

Poe o qədər içir ki, gecələr evə də gəlmir. Bir dəfə isə onu axtarıb 5 gün sonra Baltimorun ucuz qəlyanaltıxanalarının birində tapırlar. Yazıçını ruhi xəstəxanaya yerləşdirirlər. Dəhşətli hallüsinasiyalardan qurtula bilməyən yazıçı 5 gün sonra vəfat edir. 1849-cu ilin 7 oktyabrında gecə saat 3 radələrində keçinəndə Poe-nun yanında yaxınlarından kimsə yox idi. Ölümqabağı o, sayıqlayıb Ceremi Reynoldsu (şimal qütbünü öyrənən səyyah) çağırırmış.
Ardı →

Nəriman Nərimanov

Nəriman NərimanovNəriman Nəcəf oğlu Nərimanov 1870 – ci il aprelin 14- də Tiflis şəhərində anadan olmuşdur.
Doğulduğu və gənclik illərini keçirdiyi Tiflis mühiti onun əqli və mənəvi inkişafında böyük rol oynamışdır.O zaman Dağıstan və Qafqaz xalqlarının, o cümlədən azərbaycanlıların az – çox mədəni – maarif ocaqlarını idarə edən təşkilatlar burada yerləşirdi.

Odur ki, dövrün qabaqcıl fikirli ziyalıları burada yerləşən gimnaziyalarda, şəhər məktəblərində müəllimlik edərək qabaqcıl mədəniyyəti, dünyəvi elmləri yaymaqla məşğul idilər. Bütün bunlar kiçik Nərimanın dünya görüşünün təşəkkülünə müsbət təsir göstərməyə bilməzdi. N.Nərimanov 1890 – cı ildə Qori seminariyasını bitirərək elə həmin il Tiflis Quberniyası Borçalı qəzasının Qızıl Hacılı kənd məktəbində pedaqoji fəaliyyətə başlayır.

1891-ci ildə Bakı şəhərinə köçür və burada əməli pedaqoji fəaliyyətilə məşğul olur, bazar günü məktəblərində və axşam kurslarında dərs deyir. Daha sonra o, böyük pedaqoq S.M. Qənizadənin köməyi ilə A.İ. Pobedanostev 6 sinifli gimnaziyasının hazırlıq şöbəsinin aşağı sinfinə müəllim təyin edilir, 5 ildən sonra isə çoxdankı arzusuna çatır, həmin məktəbin əsasında Bakı oğlan klassik gimnaziyasını təşkil edir. Bu məktəblərdə ancaq Daxili İşlər Nazirliyinin razılığı olan şəxslər işləyə bilərdilər.
Ardı →

İlk azərbaycanlı kosmonavt | Musa Manarov

Musa Manarov1961-ci il aprelin on ikisi dünya tarixinə kosmosun fəthi günü kimi daxil olub. Həmin gün ilk insan kosmosa uçub. Kosmonavt (astronavt) Yuri Qaqarin Yer kürəsi ətrafında dövr edən ilk insan olub. Qaqarinin idarə etdiyi «Vostok-1» kosmik gəmisi Yerin ətrafında saatda 27 min kilometr sürətlə dövr edib. Bu tarixi uçuş cəmi 108 dəqiqə davam etmişdi. Uçuşun ən zirvə nöqtəsi Yerdən 327 kilometr yüksəklikdə olub. Bu uçuşda onun şifrli ləqəbi «Kedr» olub. Bu şifrənin hazırlanması isə azərbaycanlı general Kərim Kərimova həvalə olunub.

Bu yazıda Yuri Qaqarin haqqında geniş yazmaq fikrim yoxdur. Sadəcə kosmosa çıxan ilk kosmonavtın uçuşunu şifrləşdirən mütəxəssisin azərbaycanlı olması diqqətimizi çəkdi və Kərim Kərimovdan başqa hansı azərbaycanlının kosmonavtika ilə məşğul olmasını araşdırmaq qərarına gəldik.

Bu sahədə ən tanınmış şəxs, ilk azərbaycanlı kosmonavt Musa Manarovdur.

365 gün kosmosda
Kosmosda tam olaraq 365 gün keçirən Musa Manarov 22 mart 1951-ci ildə Bakı şəhərində anadan olub. SSRİ Hava Qüvvələrində mayor rütbəsinə qədər yüksəlib. 1974-cü ildə Moskva Aviasiya İnstitutunu bitirib. Futbol, basketbol və xokkeylə maraqlanıb. Tələbələr arasında güclü və peşəkar boksçu kimi tanınıb.


Ardı →

Mövlana; Hz. İmam Əli (ə.)

O, açıqlayan imam, Allahın vəlisi, səfa əhlinin vücud günəşidir. Yerdə, göydə, məkanda və zamanda Haqla olan o imamın zatı, ikiüzlülükdən qurtulmuşdur, pakdır.
 
 Onun torpağı birlik aləmidir. O, insanın həqiqəti və canı kimi idi. Hər şey fanidir, lakin can yaşayar, ölməz. Onun hərəkəti diri olan Əzəli Varlıqdandır. 
 
 Üzünün nurlu parıltısı öz ziyasından bir günəş yaratdı. O, Haqq ilədir, Haqq ondan görünür. Həqiqətən də o, Haqq ilə əbədidir.
 
 Allah yolunda gedənlər istəyənlərdir, Əli (ə.) isə istəniləndir. Söyləyənlər söyləyib susarlar, o isə susmaz, söyləyər. Əbədi elm onun köksündə parlayıb göründü.  Vəhy olunanların sirlərini o, həqiqət olaraq bildi və bildirdi.

                                                           İxlas 

 Hal və hərəkətdə ixlasın necə olacağını Həzrəti İmam Əlidən (ə.) öyrən. O Allah aslanını hiylə və riyadan uzaq bil.

 Bir savaşda müşrik bir pəhləvana qalib gəldi və qılıncını qaldırıb onu öldürmək üçün tələsdi.
 
 O məğlub olan müşrik pəhləvan hər vəlinin iftixar səbəbi olan Həzrəti İmam Əlinin (ə.) üzünə tüpürdü.

  Həzrəti Əli (ə.) o anda qılıncını yerə atdı və onu öldürmək fikirindən daşındı. Bu vəziyyətə çox təəccüblənən məğlub olmuş pəhləvan dedi:

 -Ey Əli! Sən ağıldan və nəzərdən ibarətsən. Nə gördünsə, ondan bir xəbər ver. Məni məhv etmək əvəzinə, bu mərhəmət göstərməyinin səbəbi nədir? Əjdaha kimi bir düşmənə izin vermək kimin yoludur?

 Həzrəti Əli (ə.) sualı belə cavablandırdı:
  — Mən Allah rizası üçün qılınc vururam. Çünki Allahın quluyam, tən (bədən) məmuru deyiləm. Səni cəzalandıracağım anda üzümə tüpürməyin nəfsimi hiddətləndirdiyi üçün qılıncı yerə atdım. Çünki o hiddətlə səni öldürsəydim, Allah rizası üçün deyil, nəfsimin intiqamını almaq üçün öldürmüş olacaqdım. Mənim namım  Allah üçün sevən, məqsədim Allah üçün buğz (nifrət) edənlərdən olsun deyə səni öldürmədim.

 Mövlana bu ibrətli hadisəni bu ifadələrlə bitirir:

 -Allahı sevənin biri onu bir səbəb üçün, məsələn, «Muradımı ver» deyə sevər. Digər bir sevənin isə Allaha sevgisi qarşılıqsızdır.
 
 Qərəzlərdən, səbəblərdən ayrı və uzaq olaraq Allahı sırf Allah üçün sevən haradadır? Məhz əsl muxlis (ixlaslı şəxs) odur. 



                                                                                Mövlana Cəlaləddin Rumi.
Davamı →

Karl Marks

Karl Marks1818-ci ildə alman şəhəri olan Tririn Bryukkerhas küçəsində yaşayan vəkil Henrix Marksın ailəsində sevinc yaşanırdı. Səbəb onun üçüncü övladının dünyaya gəlməsiydi. Körpəni Mozes Mordeham Levi adlandırdılar. Bu uşaq sonradan sadəcə Karl Marks adı ilə  məşhurlaşdı.

Əksəriyyətimiz yaşadığı sovet dönəminin təsiri ilə Lenini birmənalı qaydada tanıyırdıq, hətta tanımağa məhkum idik də. Marks və Engelsə gəldikdə isə əsas fərqləndirici göstərici saqqal idi. Yeri gəlmişkən, Marksın saqqalla bağlı xüsusi fikri olub. Bu fikir özündənrazılıqla çulğalaşır və ortaya olduqca maraqlı mənzərə çıxarır.

Karl hələ tələbəlik illərində hamının onu tanıdığı xarici görkəmə özünün xüsusi statusunu göstərmək üçün müraciət etmişdi. Nə az, nə çox, iddialıydı ki, dünya onu yeni peyğəmbər və ya yeni fəlsəfənin yaradıcısı olaraq tanısın. Haradasa Musa ilə Sokrat, bəzi ehtimallara görə hətta Məhəmməd Peyğəmbər kimi görünmək istəmişdi. İnqilabı isə Gertsendən belə demək mümkünsə, oğurlamışdı.

Marks saqqalsız gəncliyi dönəmində o zaman hələ doğulmamış Mayakovskinin sonradan daşıyacağı böyük miqyaslı təbliğatçı, uca və zəhmli səslə danışmağa üstünlük verən natiq və lider funksiyasına iddialıydı. Tələbəlik illərində daşıdığı ləqəblər də bunu deməyə əsas verirdi. Hələ Bonn Universitetinin birinci kursunda oxuduğu vaxtlarda «vəhşi qaban» kimi tanınan Marks üçün xarakterik xüsusiyyətlər daim qalmaqalda olmaq, inadkarlıq idi. Daha sonra onu «Pivə həvəskarları klubunun prezidenti» və ya sadəcə «Prezident» adlandırmağa başladılar.


Ardı →

Böyük mağazaların yaradıcısı - Aristid Busiko

“Bon Marşe” əsl qadın xoşbəxtliyinə çevrilmişdi, çünki orda hər şey daha ucuz və daha çox satılırdı… Gəlirlər də artırdı. Bunun üçün bir az fikirləşmək kifayət idi!Aristid Busiko

 İlk “böyük mağaza” Parisdə hələ 3-cü Napoleonun dövründə Bak və De Sevr küçələrinin tinində açılmışdı. O, “Bon Marşe”( «Ucuz olan yer») adlanırdı və məşhur olmayan normand sahibkarı Aristid Busikoya məxsus idi.

 Azens.az saytının məlumatına görə, bir neçə il ərzində orijinal fikir sayəsində o bütün ticarət dünyasını və fransızların iqtisadiyyata olan kifayət qədər məşhur münasibətini alt-üst etdi. Digər məkanlara nisbətdə hər şey daha ucuz satıldığına görə bu mağaza adı işçi xanımlardan tutmuş burjuaziya dünyasının mühüm xanımlarına kimi bütün qadınların diqqətini cəlb edirdi.

 Baş magaza xidmətçisi

 Bellemdə şlyapa ticarəti edən valideynlərindən Aristidə bir su (Fransada frankın iyirmidə birinə bərabər pul) belə miras qalmamışdı, lakin onun bütün dünya qızılına dəyən nadir istedadı – pul qazanmaq bacarığı var idi. 18 yaşında o, adi satıcı kimi yeni məhsulların satıldığı mağazada işləməyə başladı və orada alıcıların adət etmədikləri əşyaları satmağı və sahiblərinin ayrılmaq istəmədiyi əşyaları ucuz almaq qabiliyyətinə yiyələndi. Daha sonra o, Parisdə işə düzəlir və 17 illik məşəqqətli əməkdən sonra vəzifə başına keçir. Həmin dövrdə o, sosial-iqtisadi nöqteyi nəzərdən marşal rütbəsinin ekvivalenti olan baş mağaza xidmətçisi vəzifəsinə keçir.


Ardı →

Malcolm X

Malcolm XMalcolm X (Malcolm Little ve daha sonrasında əl-Hac Malik əl-Şahbaz) (Omaha 1925 — Nyu York 1965) amerikalı siyasi xadim və qaraların hüquqlarının müdafiəçisidir.

1952-ci ildə Malcolm X adıyla “Black Muslims” hərəkatına qoşuldu. Elijah Məhəmmədin ideologiyasını mənimsədi və ona ABŞ daxilində müstəqil Qaralar Respublikasının qurulması fikrini aşıladı. Ancaq, 1964-cü ilin mart ayında iki liderin arası dəydi; Malcolm X Afrika — Amerika Birliyi Dərnəyini qurdu ve 1964-cü ildə Afrika ilə Orta Şərqə (Məkkəyə həcc üçün getdi) iki dəfə səfər etdi. Qayıtdıqdan az sonra öldürüldü.

Malkolm 1925-ci il may ayının 19-da anadan olub. Babtist vaizi, rahib olan atası Earl Little, Markus Qarveyin qurduğu UNİA (Dünya Zənciləri Həmrəyliyi Birliyi) cəmiyyətinə üzv olaraq bu cəmiyyət uğrunda həyatını qurban vermişdi. Bu cəmiyyətin əsas məqsədi istər Amerikada, istərsə də dünyada olan bütün zənciləri öz dədə-baba vətəni olan Afrikaya geri qaytarmaqla orada yaşamağa təşviq etmək idi. Bu məqsədlə demək olar ki gününün çoxunu evindən uzaqda keçirən atası getdityi hər yerdə, iştirak etdiyi hər bir məclisdə bu cəmiyyətin əsas fikrini aşılamağa çalışırdı. Onsuz da ağ dərilərdən bezən, onlardan bir dəfə də olsun xoş söz eşitməyən və hər yerdə əzilən zəncilərin bunlara inanmaqdan başqa çarələri qalmamışdı. Çünki o vaxtlar zəncilər ən aşağı silkin nümayəndələri hesab olunurdular ki, bu da “Vətən”i dəyişdirməyə nədən olan kifayət qədər nifrətin mövcudluğunu göstərən açıq aşkar bir dəlil, həqiqət idi… Ingilis Qərb İndiasında doğulmuş anası Leose Littlenin atasının ağ dərili olduğu üçün onun ağ qadınlardan heç bir fərqi yox idi. Ancaq Malkolm bəzi zəncilərin bu səbəbdən özlərini xoşbəxt saydıqları kimi fikirləşmir, hətta ağ dərili atası olduğu üçün utanırdı.


Ardı →

Təbib Leonardo

Leonardo da VinciBəlkə də, rəssamın təbabətə aid məqalə ilə çıxışı qəribə görünür. Lakin bunun tutarlı səbəbi var. Bu da bütün dövrlərin fenomeni olan Leonardo da Vinçinin anatomiyanı mükəmməl bilməsi ilə bağlıdır. Bu yazıda onun anatomik qabiliyyəti haqqında söhbət açmağa çalışacağıq. Dahi hər zaman öz dövrünü qabaqlayır, o, müasirləri tərəfindən az başa düşülür və qiymətləndirilir. Adətən onun aqibəti yalnız minnətdar nəsillərin tərəfindən vəfatından sonra tanınmaq və qəbul olunmaq olur. Leonardo da Vinçinin həyatı ilə dərindən tanış olarkən, onun çoxdan məlum olan yaşayışı haqqında yazılmış səhifələri vərəqləyərkən, bir çox şeylərə gözlənilməz nəzər nöqtəsindən baxmağa başlayırsan.

Çox təəssüf ki, Leonardonun əlyazmaları, XVIII əsrin ortalarına qədər məlum olmayıb və müasir dövrə natamam, dağınıq şəkildə gəlib çıxıb. Yüz illiklər ərzində Leonardonun bir çox elmi ixtiraları və nailiyyətləri naməlum qalmışdır. Anatomik şəkillər və yazılara gəldikdə isə, onlar yalnız XVIII əsrin 60-cı illərində məşhur anatomlar İ.F.BIumenbax və Uilyam Gönterin diqqətini cəlb edib. O yazırdı: «Мәn Leonardonun rəsmlərində ən yaxşı halda, rəssama lazım olan anatomik qeydləri aşkar etməyi gözləyirdim, lakin təəccüblə yəqin etdim ki, Leonardo anatomiyanı, onun tam genişliyi və dərinliyini əhatə etməklə öyrənib".


Ardı →

Parasels (1493-1541)

Paraselsİsveçrənin Sürix şəhərinin yaxınlığında kiçik bir kənddə dünyaya gözünü açan bu körpəyə atası Fillipp adını verdi. Parasels adını isə Fillipp özü qazandı. Daha doğrusu, dövrünün qədim təbibi Selsin şan-şöhrətini, uğurunu yaşamaq məqsədilə Fillipp «Selsə oxşayan» anlamını verən bu adı şəxsən özü seçdi. Baxıcı anası və həkim atası ailəni çətinliklə dolandırırdı. Onlardan övladlarına qalacaq yeganə var-dövlət isə zəngin kitabxanadan ibarət idi.

Tərcümeyi halında məktəb təhsili haqda heç bir məlumat verilmir. Mənbələr onun özbaşına təhsil almasında israrlıdır. Məktəb təhsili olmadığı üçün nəzəri biliklərin öyrənilməsi və mənimsənilməsinə marağı az olmuşdur. O öz fəaliyyətində praktiki vərdiş, adət-ənənə və müşahidələrə üstünlük vermişdir.

Paraselsin məşhurlaşmasında qadın faktoru önəmli yerlərdən birini tutur. Çünki o dövrdə qadınlar öz xəstəliklərini həkimlərə bildirməkdən ya çəkinir, ya da utanırdılar. Elə bu məqsədlə də onlar özlərini cadugər, falçı və ovsunçulara etibar edirdilər. Digər bu qisim peşə sahibləri də, öz növbəsində, qadın xəstəliklərini təbib, həkim və loğmanlardan yaxşı mənimsəmişdilər. Anasının qəbulunda olan belə qadınların problem və xəstəliklərini dərindən müşahidə edən Parasels sonralar öz pasiyent dairəsini məhz qadınların hesabına daha da genişləndirir. Təsadüfi deyil ki, dövrünün ilk «Qadın xəstəlikləri» kitabı ona qədər olan heç bir təbib tərəfindən yazılmamışdır.

Əlkimyanı dərindən bilən atasının sayəsində isə həkimlik fəaliyyətində dərman terapiyasının sirlərinə yiyələnməsi onun əlindən tutur.


Ardı →