kayzen.az xoşbəxt olmaq istəyən, uğur qazanmaq üçün çalışan, həyatında yaxşılığa doğru dəyişikliklər etməyə can atan insanlar üçün veb-saytdır. Kayzen yapon dilində kaizen sözlərindən (改善) əmələ gəlib mənası yaxşılığa doğru dəyişmək,inkişaf etmək deməkdir. kayzen.az saytının fəlsəfəsinə görə:

  • İnsan xoşbəxt olmaq üçün yaranıb. Əgər o, buna nail ola bilmirsə, deməli günah onun özündədir.
  • İnsan həyatda uğur qazanmaq üçün çalışmalı, öz gələcəyini istədiyi kimi qurmaq üçün səy göstərməli, dayanmadan və davamlı olaraq inkişaf etməlidir.
  • İnsan özü ilə bərabər başqalarının da inkişafına nail olmalı, onların arzularının həyata keçməsinə yardım etməlidir.

kayzen.az saytında mütəmadi olaraq həyatını mənalı, maraqlı yaşamaq istəyənlər üçün seçilmiş mövzularda materiallar verilir. Onlar əsasən maarifləndirici, məsləhətverici funksiya daşıyır. Materiallar həm sayt administrasiyası tərəfindən,həm də bloqqerlərin özü tərəfindən yaradılır, redaktə edilir və yayımlanır. Saytda hər bir kəsin bloq açması, öz şəxsi gündəliyini aparması, həyatda qarşılaşdığı maraqlı məqamları qeyd etməsi təmin olunub.

kayzen.az sosial sayt olduğu üçün cəmiyyətin kiçik bir modelini xatırladır. Həyatda tez-tez yaxşını pisdən ayırmağa çalışan insanlar bu saytda da hər bir şeyə öz münasibətlərini reytinq sistemi vasitəsilə bildirir. Qeydiyyatdan keçən hər kəs digər insana, mövzuya, şərhə mənfi və ya müsbət səs verir. Ədalət prinsipini qorumaq üçün verilən səslər istifadəçinin reytinqindən asılı olur: reputasiyası yüksək olan istifadəçinin verdiyi səs daha böyük təsir göstərir. Reytinqi aşağı olan istifadəçi isə məhdudiyyətlərlə qarşılaşır. Saytda ab-havanı məhz istifadəçilər yaradır, kimin yaxşı, kimin pis olduğunu seçir. Bir sözlə, saytı demokratik quruluşa malik onlayn cəmiyyət kimi xarakterizə etmək olar.

kayzen.az-da əsas materiallar inkişafa doğru rubrikasındadır. Sayt yaradıcılarının fikrinə görə, insana ideal həyat üçün aşağıdakılar lazımdır.
1.Sağlam olmaq. Bunun üçün tibb, düzgün qidalanma, sağlam həyat tərzi,müxtəlif müalicə növləri, idmana aid məlumatlar müvafiq bölmədə yerləşdirilir.
2.Zəngin olmaq. Pulsuz həyatda nəyəsə nail olmaq qeyri-mümkündür. Odur ki,pul qazanmağın yolları, karyera imkanları, biznes layihələr, iqtisadiyyatın bütün sahələri-maliyyə, marketinq, menecment, beynəlxalq ticarət və s. aid hər bir şey istifadəçilər üçün hazırlanıb.
3.Gözəl olmaq. Cazibədar görünmək, ətrafdakıların diqqətini xarici görünüşü ilə cəlb etmək istəyənlər moda, gözəgəlimli imic, sevgi, intim dünya, ailə münasibətləri haqda maraqlı informasiya axtaranlar bu bölümdə axtardıqlarını tapa bilərlər.
4.Ağıllı olmaq. Elmlə maraqlananlar, intellekti yüksək olanlar, təhsil alanlar, əqli qabiliyyətləri ilə hamını heyran etmək istəyənlər burada riyaziyyatdan tutmuş coğrafiyaya qədər təhsilə aid məlumat əldə edə, elmi yenilikləri oxuya bilər. Xarici dil öyrənmək istəyənlər də burada çox şey tapa biləcək.
5.Nümunəvi olmaq. Nümunəvi insan dedikdə öz şəxsi mənəvi keyfiyyətləri ilə seçilən, zəngin daxili aləmi ilə fərqlənən insanlar nəzərdə tutulub. Burada din, əxlaq, mərifət, etiket qaydaları, ailə həyatı və s. bölümlərdə maraqlı informasiyalar gündəlik əlavə edilməkdədir.
Bunlardan başqa saytda digər rubrikalar da var.

kayzen.az bloqo-sosial servisdir. Yəni, o həm internet forumu, həm də bloqosferanı özündə birləşdirir. Öz fikirlərini bölüşmək, maraqlı bir məlumatı insanların nəzərinə çatdırmaq, digərlərinə daha yaxşı həyat qurması üçün kömək etmək, populyar müəllif olub qonorar almaq istəyənlər sadəcə olaraq qeydiyyatdan keçməli və  kayzen.az saytında xoşbəxt həyat üçün lazımlı mövzularda kontent yerləşdirməlidir. Siyasət,skandala meylli şou-biznes sahələrini çıxmaq şərtilə geniş mövzularda kontent yerləşdirmək olar. Kontent dedikdə aşağıdakılar nəzərdə tutulur.

  • gündəlik məqalə
  • elmi, ictimai, aktual yeniliklər
  • elektron kitablar
  • bədii əsərlər (roman,povest,poeziya,hekayə),publisistik oçerklər
  • araşdırma, analizə əsaslanan reportaj
  • istənilən növ elmi əsər, dissertasiya, diplom işi, səmərələşdirici təklif, kurs işi
  • xarici dillərdə olan resursların tərcüməsi
  • foto-,audio- və video-informasiya paylaşımı
  • məsləhət, tövsiyə və s.

Yerləşdirilən kontentin Azərbaycan dilində olması vacibdir (xarici dil öyrənməyə aid və bəzi spesifik mövzular istisna olmaqla). Kontentdə Azərbaycan dilinin qəbul olunmuş normalara uyğun olaraq istifadə edilməsi tövsiyə olunur. Yazılarda translitdən istifadə etmək, milli əlifbaya məxsus hərfləri (ə,ş,ğ,ı,ö,ü,ç) düzgün yazmamaq olmaz.

  • Yerləşdirilən kontentdə müəllif hüquqlarına riayət olunması mütləqdir.
  • Kontent xoşməramlı məqsədlərlə yerləşdirilməli, qəbul olunmuş ictimai və saytdaxili normalar çərçivəsindən kənara çıxmamalıdır.
  • Yerləşdirilən kontentdə Azərbaycan Respublikasının dövlət quruluşunu dəyişmək,onun milli rəmzlərinə,ümumilikdə Azərbaycan xalqına,böyük ictimai nüfuzu olan şəxslərə (Məhəmməd peyğəmbər, ölkə prezidenti və s.) qarşı fikirlər bildirmək, onları təhqir etmək qadağandır.
  • Yerləşdirilən kontentdə ədəb-ərkan qaydalarından kənara çıxılmamalıdır və fiziki qüsurları, dili, irqi, seksual oriyentasiyası, milli mənsubiyyətinə görə digər şəxsləri təhqir etmək olmaz.
  • Millətlər, dinlər, ictimai qruplar arası münasibətləri qızışdıran təbliğat aparmaq qadağandır. Mübahisəli faktlardan, tarixin qaranlıq məqamlarından, konflikt doğuran məsələlərdən yalnız tarixi həqiqətləri aşkara çıxartmaq, elmi araşdırma aparmaq, bəzi suallara cavab almaq, konstruktiv müzakirə aparmaq məqsədi ilə istifadə etmək olar.
  • Yerləşdirilən kontentdə dövlət və kommersiya sirlərinin açılmaması,müəyyən arzuolunmaz məqamların, o cümlədən intim hisslərin, şəxsi maliyyə göstəricilərinin və s. gizli saxlanması tövsiyə olunur.
  • Kontentdə ictimai nəzakət qaydalarını pozmaqdan, söyüş, ədəbsiz sözlər, vulqar ifadələr işlətməkdən çəkinmək məsləhət görülür.

Sayt istifadəçilərinə istədikləri bloqlara abunə olmaq, RSS, axtarış kimi servislər təklif edilir. Biznes-tərəfdaşlıq üçün də sayt əlverişli imkanlar yaradır. Sayt administrasiyası isə istifadəçilərin istəklərinə diqqətlə yanaşması, liberal siyasəti, operativ reaksiyası ilə seçilir.
Saytın qaydaları ilə tanış olmaq məsləhət görülür. Saytın fəaliyyəti ilə bağlı suallara cavab FAQ bölümündə ətraflı verilib.