Qız qaçırma və ona münasibət

Azərbaycanını bəzi bölgələrində ta qədimdən qız qaçırma ənənəsi mövcuddur. Respublikanın bir sıra bölgələrində elçiliklə qız almaq əvəzinə qaçırma yoluna üstünlük verilir. Belə hallar ya evlənmək istəyən gənclərin ailəsi izdivaca razı olmayanda baş verir, ya da qızın özü oğlana ərə getmək istəməyəndə onu zorla qaçırırlar. Bu ənənə indi də qalmaqdadır. Baxmayaraq Azərbaycan qanunvericiliyinə görə, qız qaçırma adam oğurluğu hesab edilir.

Ölkəmizin bəzi regionlardakı adət-ənənəyə görə qızı zorla qaçırılan ailə milli mentaliteti əsas tutub hüquq-mühafizə orqanlarına şikayət etməz. Sadəcə, qızı qaçırılan ata-ana bir neçə gün bu olaya sərt münasibət göstərər, el ağsaqqallarının məsələyə müdaxiləsindən sonra ara sakitləşər. Amma elə bölgələr də var ki, orada qız qaçırılmasına sərt münasibət var və belə hadisə hətta arada düşmənçiliyə, adam öldürülməsinə səbəb ola bilir.
Araşdırmalar göstərir ki, keçmişdə çox vaxt qızın ailəsinin oğlan evindən tələb etdiyi yüksək məbləğdə "başlıq pulu"nun ödənməməsi üzündən qız qaçırmaya əl atılırdı. İndi isə ya qızın ata-anası razı olmayanda, ya da onun özü oğlanı istəməyəndə qaçırılma yoluna əl atırlar.
Ümumilikdə Azərbaycan cəmiyyətində qadının iradəsinə zidd olaraq onun evlənmək məqsədilə qaçırılmasına pis münasibət var.

Qız qaçırma ənənəsi, yaşlı və orta nəslin fikri


Respublika baş prokurorun müavini Namiq Əsgərov bir müddət öncə bildirib ki, 2008-ci ildə respublikada 18 qız zorla qaçırılıb. 2009-cu ilin 10 ayında isə ölkənin müxtəlif regionlarında 15 qız qaçırma halı qeydə alınıb. Təbii ki, statistika gerçəyi əks etdirmir.
Onu da qeyd edək ki, ümumi göstəriciyə nəzər saldıqda qız qaçırma halları ölkənin Cənub-qərb bölgəsində daha çoxdur.

76 yaşlı Füzuli rayon sakini Əzizə nənə deyir ki, 16 yaşında bir oğlana qoşulub qaçıb: "Keçmişdə qız qaçırmaq dəbdə idi. Kənd yerində buna pis baxmırdılar. Ona görə göyçək bir oğlana qoşulub qaçdım. Amma oğlanı yaxşı tanımırdım. Rəhmətlik anam mənə dedi ki, qaç. Həm də qız qaçanda valideyinlərin işi yüngülləşir axı... Sonra arxamca anam tərəfin qohumları gəldi. Mən öz razılığımla gəldiymi dedim, çıxıb getdilər. Toyumuza kimi, ağsaqqallar toplaşıb iki ailəni barışdırdı".
Əzizə nənə deyir ki, nəvələrinin heç birinə qaçmağı (qaçırmağı) məsləhət bilmir: "23 nəvəm, 5 nəticəm var. Amma istəmərəm hansısa biri bu addımı atsın. Çünki indi zəmanə o zəmanə deyil. Şərait, imkan, yaxşıdır. Aiələnin razılığı və elçiliklə toy  eləmək lazımdır".

81 yaşına qədəm qoyan Murtuza baba qızın qoşulub qaçmasının tərdarıdır: "Bizim dövrümüzdə qızın ailəsi oğlan evindən "başlıq pulu" tələb edirdi. Elə mən də bu səbəbə görə o vaxt seçdiyim qızı qaçırdım qohumlarımdan birinin evinə. Ancaq sonra ağsaqqalların köməyi ilə tərəflər yola gəldi".
Murtuza babagilin kəndlərində qız qaçırma halları tez-tez baş verirmiş: "Qızın ata-anası razı olmayanda, ya da özü oğlanı istəməyəndə zorla qaçırırdılar. Hətta kənddə bir dəfə qız qaçırma ölüm hadisəsi ilə nəticələnmişdi. Qızın qardaşı onun bu hərəkətini bağışlamayıb, bacısını öldürmüşdü".

Orta yaşlı nəslin nümayəndəsi Zəminə Nəsirova qızı qoşulub qaçdığı üçün onu bağışlaya bilmir: "Beş ildir ki, qızımla əlaqə saxlamağa yoldaşım icazə vermir. O, bu hərəkəti ilə bizi yerə vurdu. Yaxşı ailə olmadıqları üçün biz qızımızın istədiyi oğlanla ailə qurmasına razılıq vermədik. O, da qoşulub qaçdı".

İstədiyi oğlana qoşulub qaçan Aybəniz Məmmədova bu hərəkətinə görə peşiman deyil: "Üç ildir ki, evliyik. Çox mehriban da dolanırıq. Qaçmağımın da səbəbkarı ailəm oldu. Məni başqa birinə verirdilər. Mən də bu yolu seçməli oldum".
Bu sarıdan bəxti gətirdiyini deyən Aybəniz ailəsi ilə də barışıb: "Bir il valideynlərim məni danışdırmadılar. Ancaq əlacsız qalıb axırda ağsaqqaların köməyi ilə barışdıq. Qaçan vaxt polisin də müdaxiləsi olmuşdu. Çünki orta məktəbdə oxuyurdum. Bunu da birtəhər yoluna qoya bildik".

Qız qaçıran Namiq Babayev də həyat yoldaşını qaçırmağa məcbur olub: "Mən Ağdam rayonundan olduğum üçün qız tərəf məni istəmirdi. Guya biz tərəf arvadı yaxşı saxlamır. Amma sonradan özləri səhvlərini başa düşdülər".

Şövkət  Quliyeva isə qoşulub qaçdığı üçün peşmançılıq çəkdiyini deyir: "Ailə qurduğum insan mənə subay olduğunu demişdi. Evdə məndən böyük 3 bacım olduğu üçün bilirdim ki, məni ona verməyəcəklər. Qoşulub ona qaçmağa məcbur oldum. Heç toyum da olmadı. Sonra mənə məlum oldu ki, oğlan evli imiş. Valideyinlərimin köməyi ilə ondan ayrıldım. İnanın ki, indi çox peşiman olmuşam".

Esmira Mehdiyeva qoşulub qaçandan bəri ailəsi ilə əlaqə saxlaya bilməyib: "7 ilə yaxındır ailəm məni danışdırmır. Bəlkə də onlar haqlıdır. Çünki səhv məndə olub. Əgər indiki ağlım o zaman olsaydı, heç vaxt qaçmazdım".

Gənclər nə düşünür?

Qız qaçırma ənənəsinə subay gənclər də müxtəlif fikirlər bildirdilər.

24 yaşlı Samir Cəfərovun münasibəti ikilidir: "Əgər qızın öz razılığı yoxdursa, o zaman onu qaçırmaq ağılsızlıq və həm də gələcək ailə həyatı üçün problemlidir. Ancaq problem hər hansı tərəfin valideynindədirsə, o zaman bu barədə dərindən düşünmək və imkanları nəzərə almaq lazımdır. Çünki qızı qaçıran oğlan sonradan maddi və ya başqa problem yaşamaq təhlükəsi ilə üz-üzədirsə, o zaman qızı qaçırıb onu bədbəxt etməyə dəyməz. Mənim özümə qaldıqda, doğrusu, bu barədə heç vaxt düşünməmişəm. Amma mən istənilən riskə gedə bilən insanam, çox güman ki, belə bir situasiya ilə üz-üzə qalsam, qaçırma əməliyyatından istifadə edə bilərəm".

21 yaşlı Günay Kərimovanın qoşulub qaçanlara münasibəti pisdir: "Bunu heç qəbul edə bilmirəm. Çünki mənim üçün öncə ailəmin fikridir. Ümumiyyətlə, qızın qoşulub qaçması onun üçün baş alçaqlığından başqa bir şey deyil".

Digər subay Sirac Ələkbərov bu məsələdə optimistdir: "İndiki zəmanədə danışıqlarla həll olunmayacaq məsələ yoxdur. Bu təbii ki, ailə münasibətlərinə də aiddir. Ailəm mənə inanırsa və mənə hörmət edirsə, deməli, mənim seçimimə də hörmətlə yanaşacaq. Məncə müasir dövrdə belə radikal ailələr çox az qalıb".

Lalə Kazımovanın fikri mənfidir: "Qız qaçırmaq keçmişin dəbi idi. Adətən bir-birini sevən iki gənci ayırmağa çalışan valideynlərin bu hərəkətlərinə etiraz xarakteri daşıyırdı. Bu gün isə heç də aktual deyil. Bəlkə də ola bilər, amma bildiyiniz kimi, sonu qazamatdır. Çünki qanunda - "adam oğurluğu"na aid xüsusi maddə var və cəzası da ağırdır".

Yaqut Ağayeva da buna normal yanaşmır: "Ən azı ona görə ki, valideyinlərin xeyir-duası olmur. Bu isə mənimçün çox vacibdir. Fikrimcə, qız qaçırma halları əksər hallarda işin maddi tərəfi ilə bağlı olur".

Qız qaçırma adam oğurluğuna bərabərdir

Qeyd edək ki, Cinayət Məcələsinin 144-cü maddəsinin 1-ci bəndinə əsasən, evlənmək məqsədilə qız qaçıran şəxsləri 5 ildən 12-ilə qədər həbs cəzası gözləyir. 144.2-ci maddə isə əgər olay tamah məqsədilə törədilibsə, 8 ildən 12 ilədək cəza nəzərdə tutur. 144.3-cü maddəyə görə, olay zərərçəkənin ölümü ilə nəticələndiyi halda, əməli törədən şəxs 10 ildən 15 ilə qədər müddətə azadlıqdan məhrum olunur.
Hüquqşünas Rafiq Alışov Cinayət Məcəlləsində göstərilənləri düzgün hesab edir: "Əgər qız nigah yaşına, yəni 17 yaşına çatmayıbsa və məcburi qaçırılırsa, bu, adam oğurluğuna bərabərdir. Cinayət Məcələsinin 144-cü maddəsinin bir neçə maddəsində bu məsələ tam əks olunub. Belə ki, evlənmək məqsədilə qız qaçıran şəxsləri 5 ildən 12-ilə qədər həbs cəzası, olay tamah məqsədilə törədilibsə, 8 ildən 12 ilədək cəza, zərərçəkənin ölümü ilə nəticələndiyi halda, əməli törədən şəxs 10 ildən 15 ilə qədər müddətə azadlıqdan məhrum olunur. İnsana mənəvi, psixi təsir göstərilirsə, təbii ki, bu oğurluqdur. Ancaq nigah yaşı tamam olan qız öz istəyi ilə gedirsə, bu zaman cinayət işi açılmır".

Qoşulub qaçmaq dində günah sayılır

"Təzə Pir" məscidinin axundu Hacı Faiz deyir ki, qızın qoşulub qaçması dində qadağan edilir: "İslam nöqteyi-nəzərindən qızın məcburi qaçırılması günahdır. Ancaq adət-ənənə də var. Bəzən olur ki, ata-ana razı olmur, ya da müəyyən problemlərə görə qoşulub qaçırlar. Ümumiyyətlə, kəbinsiz qızın başqa oğlanın evində qalması böyük günah sayılır. Hətta bəzən toy olur, qız 2-3 aylıq hamilə olanda kəbin kəsdirirlər. Bu, İslamda haram hesab edilir. Bütün bunun günahı ilk növbədə valideyinlərin boynunda qalır. Çünki cavanların bir az ağlı kəsmir, riskə gedirlər".

"Polis strukturlarında psixoloq olmalıdır"

"Qadın Krizis Mərkəzi" nin rəhbəri Mətanət Əzizova son zamanlar bu halla bağlı müraciətlərin sayının azaldığını deyir: "2002-2003-cü illərlə müqayisədə son illər bizim mərkəzə edilən müraciətlərin sayı xeyli azalıb. Ola bilsin bu, Cinayət Məcəlləsinə edilən dəyişikliklə bağlıdır. Ancaq o demək deyil ki, bu problem tam həll edilib. Hələ də bölgələrdə problem qalmaqdadır".
M.Əzizova polis strukturlarında psixoloqlara ehtiyac olduğunu deyir: "Bəzən olur ki, oğlan qızı hədələyir. Qız da məcbur olub öz xoşu ilə qaçdığını deyir. Bizə edilən müraciətlər arasında belə bir hadisə olmuşdu. Nəticədə oğlan narkotika xatrinə xarici ölkələrin birində qızı satmışdı. Bu məsələni araşdıran hüquq-mühafizə orqanlarında psixoloqa ehtiyac var. Çünki müstəntiq oğlanı dindirərkən sualları düz vermir, qız və oğlanı eyni otaqda oturub sorğu-sual edir. Ancaq xarici dövlətlərin polis strukturlarında psixoloq fəaliyyət göstərir. Çünki onlar ünsiyyətin necə qurulmasını yaxşı bilirlər".
M.Əzizova qoşulub qaçan qızlarda gərgin psixoloji durumun yarandığını deyir: "Çünki məcburi intim həyatı qurmaq, ondan uşaq dünayaya gətirmək qadın üçün böyük zərbədir. Onlar arasında hətta özünə qəsd etmək istəyənlər də olur.  Məcburi qaçırılan qız bizə məktubda yazmışdı ki, əgər intihar etsə onun səbəbkarı birgə yaşadığı insandır.

Valideynlər də uşaqlarının bu hərəkətinə laqeyd yanaşır və deyirlər ki, məcbur olub yaşamalısan. Çünki özbaşına ərə getmisən. Bu da qadının psixoloji gərginlik yaşamasına gətirib çıxarır. Ailədə münaqişələr yaşanır. Qoşulub qaçan qız ailəsinə də qayıda bilmir. Çünki valideyinlər qəbul etməyəcək".

Psixoloq Azad İsazadə  deyir ki, hər qız qoşulub qaçma qərarı qəbul edə bilməz: "Çünki bu faktiki ailədən imtina etmək deməkdir. Qız getdiyi ailədə də psixi təsirlərə məruz qalır. Bir sözlə, çoxlu sayda fəsadlar yarana bilər. Ona görə də ilk növbədə çalışmaq lazımdır hər iki ailə barışsın. Çünki artıq hər şey olub keçib".
Psixoloq orta məktəblərdə təbliğat aparılmasını vacib sayır: "Qızların əksəriyyəti orta məktəbdə oxuyarkən erkən izdivaca girirlər. Bunun qarşısını almaq üçün məktəblərdə seminar və treninqlər təşkil olunmalı, daim psixoloq uşaqlarla bu barədə söhbət etməli və ailə həyatı haqqında onlar məlumatlandırılmalıdır".

Müəllif: Günay Musayeva-modern.az
 

16 şərh

SABINA ZZ
Bele adamlara ne deyesen?!serhsiz
SABINA ZZ
Qadinlar omur boyu zorakiliga meruz qaliblar ne olsun 21ci esrdir,25ci esr olsa yene eyni seyler tekrarlanacaq.Ne vaxt qurtaracaq bu problem bir ALLAH bilir.guya baki paytaxtdir,kucede yerimeye nifret edirsen,kendlerde bele sey normal olacaqda.ALLAHdan bela tapmaqlarini isteyirem sadece.Oz ana-bacilarini dusunsunler camaatin qizini zorla qaciranda.
doYwanka

baxir hansi halda. meselcun qizin valideynleri razi deyilse cunki  onlarin fikrince «qohuma versem yaxwi olar,qizim pis gun gormez...» bax o  halda istediyi oglan qacirirsa niyedeki yox.

peqasus

men qiz qacirmaga pis baxiram bele ki bezen her iki ailenin toya pulu catmir ve raziliqla qizin qacirilmasina ve sadece nigahin olmasina qerar verirler bu halda olar bezen ana-ata heqiqeten qeddar ola bilir onlar qizlarini hec cure istemediyi adama vermeye calisir veya qizlarindan oz niyyetleri ucun istifade etmeye calisir ve s bu halda da olar amma qalan butun hallarda qacirmaga hedden artiq pis baxir ve qebul eliye bilmirem ana-ata butun hallarda her hensi yad oglandan ustundu! zorla qacirilma hadisesisine gelince belelerine deyesi soz yoxdu onlar buna gore Allaha cavab verecekler! mehebbet heyatda her sey demek deyil sirf ondan otru her seyi ede bilmezsiz ve yaxud elediklerinizin gunah sayilmadigini bu sebebden elnddiyi ucun bagislanir oldugunu dusunmeyin sebeb ne olursa olsun sehv sehvdi ve bunun cezasi verilmelidi!


 

MaksiMuS
İşin hüquqi tərəfi buduki, qaçırılan qızla bağlı 2 nüansa diqqət yetirilir: Öz istəyi ilə qaçıbmı? və yetkinlik yaşındadırmı? Öz istəyi ilə qaçmayıbsa əlbət ki, cinayət işi açıla bilər.İnsan oğurluğu, qaçırılması üzrə..Yox əgər istəyi ilə olubsa 2 ci sual dövrəyə girir.Yetkinlik yaşındadırmı? Əgər elədirsə qaçdığı oğlanın yanında qalmaqda sərbəst, yox əgər az yaşlıdırsa ata evinə göndərilir.
O ki qaldı işin etik, mentalitet, dəyər tərəfinə ?
Elimizdə qız qaçırtmaq çox zaman müsbətə yozulub.Çün keçmişdə qız həqiqətən də ailə qurmaq, birgə yaşamaq istəyi ilə sevdiyi oğlanla qaçıb ki, Bu da müsbət qarşılanıb. Ama indiki dövrdə bu heçdə belə deyil. Mən də qız qaçırdılmasının əleyhinəyəm.Ən gözəl yol, qız atasının Yox cavabına səbəb olan faktorları aradan qaldırmaqdı. YOx əgər haqsız səbəbdən qızını vermirsə oğlan ailəsinin dəstəyi ilə bu addımı ata bilər. Əvvəl axır qız evi barışığa gələcək.Çün uduzan, prinsipial tərəf gənclər olur.
Daha plansız, dəlisovcasına qızı maşına salıb qaçırtmaq, adı olsun ki qızı qaçırtmışam. Bunlar gəncliyin şıltaq, dəlisov, peşmançılıq gətirən əməlləridir. Əl əxsus qızın adına söz, ləkə gəlir.Oğlana nə vare. Olan qıza olacaq. Odurki  100 ölçüb, sora qaçın :)
MaksiMuS
Düzəliş: «Uduzan tərəf qızın valideynləri, prinsipial tərəf isə gənclər olur.»
lili95
kim ne deyir desin menim buu adetden xosum gelir.elbet ki, koku sevgiye dayanan.
Rene

Qızı zorla qaçıran oğlanlar barəsində bir söz deyə bilərəm: belələri ruhi xəstədir.
Qızın öz xoşu ilə qaçmasına da müsbət baxmıram, ata evindən vağzalı ilə çıxmağın öz ləzzəti var, məncə. Allah bunu bütün subay qızlara (içi mən qarışıq) xeyirlisiylə qismət eləsin. :) Amma bəzi istisna hallarda, məs, valideynlər əsaslı səbəb olmadan nigaha razılıq vermirsə, övladlarını öz maraqlarına qurban verirlərsə məncə qaçmaq olar. Amma bu addımı da hər qız ata bilməz, şəxsən mən risk etməzdim yəqin ki.

Shabnam_Ilham
Mənim münasibətim yaxşı deyil. Məncə hər şeydən önəmli valideynlərin razılığı, xeyir-duasıdır. Ən azından məncə onlar daha çoc təcrübəyə malikdirlər və inanmıram ki, hər hansı valideyn öz övladının bədbəxtliyini istəyər. Məsələn əgər oğlan ailə saxlamağa qadir deyilsə, işləmirsə, evi yoxdursa qaçmağın mənası yoxdu. Tək sevgi hər şeyi həll eləmir. Evlənərkən hisslərlə deyil ağılla hərəkət etmək lazımdır.Bu mənim şəxsi fikrimdir təbii ki.
vilhelmina
məncə indiki dövrdə belə hadisələrə az rast gəlinir.əsas rayonlarda üstünlük təşkil edir...heç də xoşuma gəlmir…
soni_memmedzade
Sevgi hər şeyi həll etmir deyəndə bir az yaxşı baxmıram.sevgi ilə hansı maneələri aşmaq olmaz?Güc birlikdədir.hər bir çətinliyin öhdəsindən gəlmək olar,amma valdeyn xeyr-duası olmadan heç bir naliyyət əldə etmək olmaz.bundan əvvəlki yazılarda buna oxşar şərhlər yazılmışdı.valdeyn xeyir-duası almayan övlad əsla və əsla xeyir tapmır.bunu həyat dəfələrlə subut edib.məncə elə sevginin gücünü göstərib,qacırmaq yöx ,kişi kimi sözün üstə durub almaq lazımdır.Qoşulub qaçan qız şerindəki çərhimdə bu barədə geniş yazmışdım.təbii ki bu mənim subyektiv fikrimdir.
məryam

Qız qaçıran Namiq Babayev də həyat yoldaşını qaçırmağa məcbur olub: «Mən Ağdam rayonundan olduğum üçün qız tərəf məni istəmirdi. Guya biz tərəf arvadı yaxşı saxlamır. Amma sonradan özləri səhvlərini başa düşdülər».

 

Rayonun qız qaçırmağa ne dexli var?)


Mənim fikrimcə bu hec də yaxşı deyil. Hər hal ki valideynləri bir cürdə olsa razı salmaq olar. Həm valdeyn nəyə görə qoymur evliliyə bu problemi tapıb, çözmək daha yaxşıdı. Hər iki tərəf razə qalar onda. Yaxşı kürəkən, anasının-atasının xeyir-duasını almış gəlin. Həm inanıram ki valideynlər cavanların fikirinə hörmətlə yaşanar. Amma əgər qaçırmağa qədər gəlibsə, onda qaçdığın adamı tanımalıdı o qız. Çünkü qaçsan da qaçmasan da bir ömür sürəcəyin adamı tanımalısan. 

Medikamentoz
Qız qaçırılması mədəniyyəti yalnız geri düşüncəli cəmiyyətlərə xas bir əlamətdir.
asel
he, xo.um gelmir bu ənənədən.her bir qız valideyn xeyir-duası ilə gelin köcsə lap yaxşı olar.Allah her birimize xeyirli qismet yetirsin
Medikamentoz
İfadənin özü bəli təhqiramizdir.