Molla Nəsrəddin lətifələri

Qorxulu dilənçi

Teymur Ləng Molla Nəsrəddinə əmr eləyir ki:

-Şəhər dolub dilənçi ilə. Özləri də elə üzlü, elə həyasız olublar ki, tutduqlarını buraxmırlar. Kağız-qələm götürüb lap o həyasızlarının siyahısını tutarsan, şəhərdən sürgün eləyəcəyəm.

Molla kağız-qələm götütüb, Teymurun öz adını birinci yazır, özünə verir. Teymur kağıza baxan kimi dəli olur. Molla deyir:

-Niyə hirslənirsən, qibləyi-aləm! Özün dedin ki, lap həyasız dilənçilərin adını yazıb sənə verim. Mən də yazdım də.. .

Teymur deyir:

-A kişi, mən boyda Teymur Ləng dilənçiyəm? Özü də lap həyasızı?

Molla deyir:

-Niyə hirslənirsən, qibləyi-aləm?! Cidanı çuvalda gizlətmək olmaz. Dilənçisən özü də lap həyasızından.

Teymur deyir:

-Demək sənin fikrincə, gərək mən şəhərdən sürgün olunam?

Molla deyir:

-Bəli qibləyi-aləm! O biri dilənçilər sənin kimi qorxulu deyillər. Onlar camaatdan yalvarıb-yaxarıb alırlar. Amma sən döyüb-söyüb alırsan.

 

Səni pozaram, özümü yazaram

Yenə də günün birində Teymur Ləng Mollaya əmr eləyir ki, sarayda olan axmaqların siyahısını tutub ona versin. Molla Teymurun fikrini başa düşür. Bilir ki, o, adları axmaqlar siyahısına düşmüş əyanları ələ salıb oynatmaq, bununla da əylənmək istəyir. Molla bunu da başa düşür ki, sonra bu əyanların hamısı ona düşmən olacaqlar. Çox fikir-xəyaldan, götür-qoydan sonra böyük bir kağız götürüb başında yazır: “Teymur sarayındakı axmaqlar”.

Varağın ortasında da iri xətlə bircə Teymurun öz adını yazıb ona verir.

Teymur axmaqlar siyahısında təkcə öz adını görcək dəli olur. Cin vurur təpəsinə. Soruşur:

-Bu nədir?

Molla deyir:

-Axmaqların siyahısıdır.

Teymur deyir:

-Demək sənin fikrincə, bu sarayda bircə axmaq var, o da mənəm?

Molla deyir:

-Bəli. Səndən axmağını tapa bilmədim.

Teymur dəli kimi qışqırıb soruşur:

-Sən nə ilə sübut eləyə bilərsən ki, mən axmağam.

Moll deyir:

-Qibləyi-aləm sağ olsun! Sən özün mənə tapşırdın ki, saraydakı axmaqların siyahısını tutum. Demək, sən özün bilirsən ki, buraya yığılan vəzir-vüzəranın, vəkil-vükəlanın hamısı da olmasada çoxu axmaqdı. İndi ki, sən özün bunların axmaq olduqlarını bilə-bilə bu saraya yığmısan, özlərini də belə hörmət-izzətlə saxlayırsan, demək ən böyük axmaq elə sən özünsən də.. .

Teymur baxır ki, Molla yaman yerdən tutub, sözünün qabağında söz deyə bilməyəcək. Bir az fikirləşib deyir:

-Yaxşı, əgər mən sənə sübut eləsəm ki, bunların heç birisi axmaq deyil, hamısı ağıllı adamlardılar, onda necə?

Molla deyir:

-Onda elə yenə də siyahıda bircə sənin adın qalacaq.

Teymur soruşur:

-Niyə?

Molla deyir:

-Ona görə ki, axmaqların siyahısını tutmağı sən mənə əmr eləmisən. Əgər sübut olunsa ki, sarayda axmaq yoxdur, olanların hamısı ağıllıdır, onda demək əsl axmaq sənsən ki, ağıllı adamları axmaq hesab eləyirsən.

Teymur görür yenə də tutmadı. Lap dəli olur. Deyir:

-İndi mən sübut edəcəm ki, bu sarayda bircə axmaq var o da sənsən, onda?

Molla deyir:

-Yenə də siyahıda sənin adın olacaq.

Teymur soruşur:

-O niyə?

Molla deyir:

-Ona görə ki, ağıllı adam axmaqların siyahısını tutmağı axmağa tapşırmaz.

Teymur deyir:

-İndə mən cəlladı çağırdıb sənin o dilini dibindən kəsdirsəm necə?

Molla deyir:

-Onda siyahıdan sənin adını pozub öz adımı yazaram ki, bir də heç kəs axmaqlıq edib sənə sözün düzünü deməsin.

 

Badımcan məsələsi

Bir gün Molla Teymur Lənglə bir süfrədə əyləşib xörək yeyirmiş. Ortalığa badımcan boranısı gətirirlər. Teymur Mollanı sınamaq məqsədi ilə deyir:

-Dünyada mənim ən çox sevdiyim şey badımcandır.

Molla Nəsrəddin deyir:

-Mənim də, qibləyi-aləm!

Biraz keçəndən sonra Teymur deyir:

-Amma xörəyi o qədər də yeməli olmur. İllərlə badımcan xörəyi yeməsəm heç yaddıma düşməz.

Molla Nəsrəddin deyir:

-Mənim də, qibləyi-aləm!

Bir azdan Teymur deyir:

-Bu badımcanı yeyəndən sonra həmişə mənim ürəyim döyünür, başım ağrıyır.

Molla Nəsrəddin deyir:

-Mənim də, qibləyi-aləm!

Teymur deyir:

-Amma burası var ki, zəhrimar çox qüvvətli, çox da mənfəətli şeydir. Yeyən kimi elə bil ki, gözlərinimin işığı artır.

Molla deyir:

-Mənim də, qibləyi-aləm!

Naharın sonunda Teymur aşpazı çağırıb deyir:

-Bir də süfrəyə badımcan qoysanız dərinizi badımcan kimi soyduracağam. Bir dəfə bilin ki, mənim badımcandan zəhləm gedir.

Molla tez yediyi badımcan boranısını itələyib deyir:

-Mənim də, qibləyi-aləm, görməyə gözüm yoxdur.

Teymur deyir:

-Ay Molla sən ə qəribə adamsan?! Mən bu yazıq badımcan haqqında bu gün nə dedimsə, sən təsdiq elədin. Dedim xoşuma gəlir, dedin mənim də. Dedim xoşuma gəlmir, dedin mənim də. Bu necə olan şeydi?

Molla deyir:

-Bu çox aydın məsələdi, qibləyi-aləm. Gərək elə belə də ola. Çünki mən səndən donluq alıb sənə qulluq eləyirəm, badımcana qulluq eləmirəm ki.. .

 

Sonra gözüm üstə

Bir gün Teymur Ləng Molladan soruşur:

-De görüm, məni nə qədər istəyirsən?

Molla deyir:

-Mən Molla Nəsrəddinəm, sən də qibləyi-aləm Teymur. Demək ki, mən sənin o qədər istəyirəm, nə qədər ki, Molla Nəsrəddin Teymuru isətəyə bilər.

Teymur deyir:

-Yaxşı, mənim xatirim üçün ölümə gedərsənmi?

Molla:

-Özüm gedə bilməsəm də, cəlladlar kömək eləyərlər.

Teymur:

-Məsələn, əgər mən əmr eləsəm, bu saat özünü dənizə atarsanmı?

Molla bu sözü eşitcək durur ayağa. Teymur soruşur:

-Haraya?

Molla cavab verir:

-Qibləyi-aləm sağ olsun! Sənin yolunda dənizə atlıb boğulmaq mənim üçün şərəfdir. Ancaq icazə ver, qabaqca gedib üzməyi öyrənim, sonra gözüm üstə!

 

İki günlük aclığın nəticəsidir

Günlərin birində Teymur Ləngə bir yaxşı eşşək bağışlayırlar.Məclisdəkilər yalmanıb-yaltaqlanıb eşşəyin tərifini göyə çıxarırlar.Məclisdə iştirak edən Molla da söhbətə qarışaraq deyir:

– Eşşəyi doğrudan da yaxşı təriflədiniz. Ancaq bu eşşəyin bir yaxşı
sifəti də var ki, onu heç biriniz görə bilmirsiniz. Mən bu gözəl heyvanda
çox böyük istedad görürəm. Bu, mənim əlimdə olsa, buna yazıb oxumaq
öyrədərəm.

Teymur çox maraqlanıb deyir:
– Əgər sən belə bir iş eləyə bilsən, hər nə istəsən mən sənə verərəm.

Molla baş əyib deyir:
– Qibleyi-aləm sağ olsun. Heç indiyə kimi görübsənmi ki, mən
dediyim şeyi eləmiyim. Eliyərəm, özü də heyvan çox kamallı, zehinli
heyvandır, öyrənər. Ancaq bunun şərti var.

Teymur deyir:
– Hər nə şərtin var, de, Molla, hər nə istəsən verəcəyəm.

Molla deyir:
– Şərtim budur ki, əvvələn, gərək mənə iki ay möhlət verəsən.İkinci, bu iki ayın ərzində eşşəyin kitab, dəftər və başqa ləvazimatxərci üçün hər gün bir qızıl pul verəsən.

Teymur razılaşıb, əmr edir Mollaya istədiyi qədər pul verirlər.
Molla eşşəyi evə aparıb dərsə başlayır, iki ay başa çatır. Axırıncı gün
camaat yığılır meydana. Hamı əyləşir, Molla da eşşəyin noxtasından tutub çəkir ortalığa. Eşşəyin qabağına bir stol qoyurlar. Molla qoltuğundakı kitabı stolun üstünə açır. Eşşək kitabı görcək dili ilə varaqlamağa
başlayır. Hər üç-dörd varaqdan sonra üzünü Mollaya çevirib anqırır. Məclisdəkilər mat-məəttəl qalırlar. Teymur çox xoşlanıb Molladan soruşur:
– Molla, hər nə istəsən verəcəyəm. Ancaq düzünü de görüm, bunu
necə öyrədibsən?

Molla deyir:
– Qibleyi-aləm sağ olsun! Bir neçə ceyran dərisini kitab kimi tikib aralarını arpa ilə doldurdum. Tamam on beş gün eşşəyi beləcə arpa yeməyə öyrətdim. On beş gündən sonra təlimin ikinci hissəsi başlandı. Eşşəyi iki gün ac saxlayıb üçüncü gün dəri kitabın üstünə buraxdım. Eşşək dili ilə dəriləri qaldırıb aralarındakı arpanı yedi. Yavaş-yavaş dəri kitabı çevirib həqiqi kağızı kitab elədim. Bir ay da buna sərf elədim. Sonra başladım üçüncü dövrə. O da bundan ibarət oldu ki, bəzən qəsdən kitabın içinə arpa tökməyib boş qoyurdum. Eşşək axtarıb-axtarıb arpa olmadığını görcək anqırırdı, gətirib arpa verirdim.Beləliklə, eşşək kitabı varaqlamağı və anqırmağı öyrəndi. Bugünkü bu imtahan haman iki günlük aclığın nəticəsidir.

 

Arvad kimi bir şeydi

Bir məclisdə Molla Nəsrəddindən soruşdular ki:

-Molla, sən bilərsən, bu dünyada arvad çoxdu, yoxsa kişi?

Molla deyir:

-Arvad

Soruşurlar:
-Niyə?

Molla deyir:

-Ona görə ki, arvadlar elə arvaddı, arvad kimi bəzənib-düzənən kişilər də arvad kimi bir şeydi.

3 şərh

pascal
Əsrlərdir nəsildən-nəsilə keçən Molla Nəsrəddin lətifələri təkcə gülmək xətrinə dildən-dilə keçməyib, bu lətifələrin «lətifliyi», onların həmişə insanları güldürərək düşündürməsindədir.  
Kenan_Elxanoglu
Axmaq məsələsi çox xoşuma gəldi. İndi düz söz demək üçün  gərək axmaq olasan, ya da ki, dinməzcə durub özünü axmaqlığa vurasan