Nifrət

Burda bir qız sevinir
Özünə nifrət dolu.
Burda bir qız sevinir
Qəlbində ancaq. Solur
Səssizcə burda bir qız
Solur hamıdan gizli, solur hamıdan yalqız.
Solur burada bir qız,
Solur hər gündüz-gecə,
Solur burada bir qız
Diksinərək hər səsə.

İndi sevinməliydi axı fişəng səsinə, 
Deyilən sağlıqlara, dəyən qədəh səsinə.
İndi sevinməliydi burda toy olacaqdır -
Əri ərənə döndü, dağda toya yollandı.
Bura vəhşət çökübdür. «Ay nazəndə sürməli,
Toy nədir? — Qayalarda indi mamır bitməli»
Deyib getdi səngərə, Ondan yoxdur soraqlar,
Burada bir qız sevir, Onun gözləyəni var...

Əcəl zəngi yorulmur, susmur bircə dəqiqə.
İndi çox tanış adda bir meyit gəlir kəndə.
Gözü yaşlarla dolu, qəlbində kinli hənir
«Nə yaxşı ki O deyil» — deyib, bir qız sevinir...

Orda bir qız sevilir
Güllə boran altında,
Orda bir qız sevilir -
Sevilməyəcək daha.
Kəndə yenə gedəcək, al-siyahlı cənazə -
Ölüm axı gələndə, soruşmur ki icazə....

Nə yaman qış sərt keçir, niyə ərimir bu qar?
Qana doymuş torpaqlar, qara bağlı qapılar.
Gedənə ölüm düşdü, qalana itim qaldı.
İnsan cüdaya döndü — Vətəndən yetim qaldı.

Bu dərd zamanla itməz, zaman bu dərddə itir.
Birdə göstərmə Allah, bizə vətən həsrəti


Cavidan Hacıyev
 

2 şərh

pascal
Şeir hal-hazırda davam edən müharibəli günlərimizin bir parçasının reallığını özündə əks etdirir. İlk misralarda paradoksal fikirlərin maraq yaratmasıyla yanaşı sadə, axıcı, oxunaqlı tərzi şeiri sona qədər oxumağa sürüklədi məni. Hətta, nə yalan söyləyim, müəllifin hər şeirini bəyənməsəm də, bu şeirin təqdirəlayiq olduğunu bildirmək üçün oxuduqdan sonra şərh yazmağı da özümə borc bildim.

Hər şeir ürəyə toxunmur. Hər şeir də cərəyan edən hadisəni özündə tam dolğun əks etdirmir. Bu şeirdə əsgərlərimizin arxa cəbhədə gözü yolda qalan sevgililərinin nisgili, qayğısı, qorxusu, müharibəyə nifrəti incə məqamlarla tam olmasa da, yaxşı təsvir edilib. 
pascal
Bu arada, itmiş admini tapan-görən olsa, desin ki, arada sayta baxsın. Bir robot istifadəçinin ümidinə saytı qoyub, çıxıb gedib.