Əzim Əzimzadə | Rəssamlığın Sabiri

Dünyaya ruhunda gəzdirdiyi gözəllik duyumunu gerçəkləşdirmək missiyası ilə gələn Əzim Əzimzadənin Azərbaycan təsviri sənət tarixində xüsusi yeri vardır. Gəncliyində ailələrinə çörək pulunu ən müxtəlif sahələrdə işləməklə qazanan Ə.Əzimzadə nə vaxtsa hiss və duyğularını rəng və cizgilərlə ifadə edəcəyinə böyük inamı olduğundan sonda arzusuna yetişərək böyük sənətkar kimi tanınmışdır. Amma bu, onun üçün heç də asan başa gəlməmişdir....
Əzim Əzimzadə
Belə ki, rəssam olmaq niyyəti ilə Bakının varlılarına üz tutub maddi dəstək istəyən gəncə «Bala, ağlını yığ başına, get özünə sənət tap. Bizə mühəndis lazımdır, şəkil çəkən lazım deyil” cavabının verilməsi də onun tutduğu yoldan çəkindirməyib. Bu cavab əslində, ona mollaxanada şəkil çəkməyi qadağan edən mollanın, evdə təsviri məşğuliyyətini təqdir etməyən atasının ona dediklərinin davamı idi. O dövrdə onun bu sənətin dalınca getmək səylərinə mənəvi dəstək verən yalnız „xozeyin”i Ağabala Quliyevin imarətini bəzəyən rus rəssamı Durov olmuşdu. Ancaq o zaman gənc Əzimdə böyük istedadın işartılarını görən Durov da gələcək rəssamın təhsil alması üçün bir şey edə bilməmişdi. Rus rəssamı Əzim Əzimzadəni ona köməkçi verməyi A.Quliyevdən xahiş edəndə o, “Yox!” demiş, üzünü Əzimə çevirərək „Sən müsürman balasısan, ağlını başına yığ, burda fikrini ticarətə ver, adam ol. Rəssamlıq nədir? Ata-baban şəkil çəkib? O (Durovu nəzərdə tutur – Z.Ə.), daim məsti-layəqəl sərsəridir. Sənə boş butulkadan başqa nə verə bilər? Get işinə yaxşı bax!” sözlərini söyləmişdi. Amma eşitdiyi çoxsaylı “yox”lar sənət həvəsli gənci „mavi arzusu”na doğru gedən yoldan çəkindirə bilmir. Davamlı səyləri nəticəsində ruhunda gəzdirdiyi yaratmaq istedadının üzərinə Durovdan əxz etdiyi sənət vərdişlərini və kitab və jurnallardan köçürdüyü, eyni zamanda təxəyyülü sayəsində çəkdiyi rəsmlərdə nümayiş etdirdiyi istedadı sərgiləyən Əzim Əzimzadə, bununla belə sonda rəssamlığa olan sədaqətinin “qurban”ı olur. Gəncin beynindən rəssam olmaq istəyini çıxara bilməyən A.Quliyev onu işdən çıxarır. Bundan sonra Bakıda Ələkbərov qardaşlarının un anbarında çalışmağa başlayan Əzim burada müəssisənin şəriklərdən birinin – kiçik qardaş Hacıağanan mərhəməti ilə qarşılaşır. Onun maddi dəstəyi ilə yaradıcılıq axtarışlarını daha da genişləndirir. Elə gənc rəssamın ilk rəsmlərini Tiflisdə çap olunan „Molla Nəsrəddin” jurnalına göndərməsi də həmin vaxta təsadüf edir. Yenicə nəşrə başlayan jurnalın 7-ci sayında (1906) Əzim Əzimzadənin “İrşadın müştərisi” adlı karikaturasının çap olunması onun davamlı səylərinin nəticəsi, gələcək uğurlarının başlanğıcı idi, desək, həqiqəti ifadə etmiş olarıq...
Əzim Əzimzadə əsərləri
Yeni əsrin ilk on ili özünü həyatda və sənətdə təsdiqləməyə çalışan Əzim Əzimzadə üçün əsl sınaq dövrünə çevrilir. Sənətlə bağlı olmayan sahələrdə çörək pulu qazanmaq məcburiyyətində qalan gənc həmin illərdə həm də ailə qurur, rəssam olmaq ümidlərini möhkəmləndirir, bibisini İran və İraq ziyarətində müşayiət edir və ən nəhayət, Bakıya döndükdən sonra fəaliyyətini paytaxtın mədəni məkanı ilə əlaqəli şəkildə davam etdirməyə başlayır. Bir müddət „Zənbur” jurnalında məsul müdir vəzifəsində çalışır, 1910-1912-ci illərdə isə Bakı məktəblərində rəsm dərsi deməklə yanaşı, həm də rəssamlıq sahəsində müxtəlif mövzulu əsərlər yaradır. 1912-ci ildən “Kəlniyyət” jurnalında işləməyə başlayan rəssam, çəkdiyi satirik mövzulu əsərlərlə onu əhatələyən mühitdəki çatışmazlıqlara bədii münasibət bildirməyə imkan tapır. Həmin dövrdə o, həm də „Baraban”, “Biç”, „Məzəli”, “Tuti” və „Babayi-Əmir”, 1919-cu ildə isə “Zənbur” jurnalları ilə əməkdaşlıq edir, onların səhifələrinin karikatura və rəsmlərlə bəzədilməsində iştirak edir. Bu yerdə deyək ki, zəmanənin çox qarışıq bir dövründə obrazlı desək, „qoçuluq dövrü”ndə karikatura və şarj çəkməklə rəssam özünə çoxlu bədxahlar da qazanmışdı. Hədə-qorxularla başlanan təzyiqlər hətta bir dəfə onun həbsi ilə sonuclanmışdı. Bir sözlə, onun yaradıcılığının üzərindən ona çoxtərəfli nəzarəti həyata keçirən hədə tutumlu “Domokl qılıncı” asılmışdı. Amma rəssamı öz amalından döndərmək çətin idi. Onun zəmanəsinin güzgüsünə çevrilən M.Ə.Sabirin „Hophopnamə”sinin ikinci nəşrinə (1914) çəkdiyi illüstrasiyalar sözün əsl mənasında Əzim Əzimzadənin bütün yaradıcı potensialını görməyə imkan verdi. Şairin vəfatından sonra onun yaxın dostlarının (Abbas Səhhət, Mahmud bəy Mahmudbəyov, Mehdi Hacısinski və Seyid Hüseyn) köməkliyi ilə nəşr olunan “Hophopnamə”yə gələcəkdə „rəssamlığımızın Sabiri” adlandırılacaq Ə.Əzimzadənin çəkdiyi 24 rəngli illüstrasiya daxil edilmişdi. Onun “A şirvanlılar”, „Millət necə tarac olur olsun, nə işim var?!”, “Fəhlə, özünü sən də bir insanmı sanırsan?!”, „Əkinçi”, “Oxutmuram, əl çəkin!”, „Qoyma, gəldi!”, “Bu boyda!” və s. adlanan bu rəsmlərdə şeirlərin məna-məzmun tutumuna verilən bədii şərh kifayət qədər cəlbedici və təsirli idi. Poetik misralara ona müvafiq „bədii güzgü” tutmağı bacardığını sərgiləyən Əzim Əzimzadə “Hophopnamə”nin yeni – 1922-ci il nəşrinə iyirmidən çox yaddaqalan illüstrasiya çəkməklə, XX əsr milli kitab qrafikası saxlancının ən dəyərli nümunələrini yaratmağa nail olmuşdur. Bu rəsmlər sözün əsl mənasında Əzim Əzimzadənin „tanınma nişanı”na çevrilmişdir. Buna səbəb “Hophopnamə”nin xalq arasında bütün zamanlarda yayılması və sonsuz dərəcədə sevilməsi olmuşdur...
Azərbaycanın sovetləşməsi rəssamın da həyatına duyulası təsir göstərmişdir. Belə ki, o, yaradıcılıqla yanaşı bir çox mədəni-maarif orqanlarında da çalışmışdır. Əvvəlcə Xalq Maarif Komissarlığının məktəbdənkənar təhsil şöbəsi nəzdindəki incəsənət işlərinə baxan yarımşöbədə müdir, Bakı Dövlət Teatrında və Tənqid-Təbliğ Teatrında tərtibatçı rəssam, „Kommunist” qəzetində bədii redaktor, sonra isə bir vaxtlar ilk əsəri çap olunan “Molla Nəsrəddin” jurnalının baş rəssamı, ən nəhayət, təsviri sənət üzrə gənc kadrların yetişdirdiyi Azərbaycan Dövlət Rəssamlıq Texnikumunun direktoru vəzifəsində çalışmışdır. Sonralar bu məktəbə Ə.Əzimzadənin adı verilmişdi...
1927-ci ildə yaradıcılığının 20 illiyi təntənəli şəkildə qeyd olunan Ə.Əzimzadə „Azərbaycanın xalq rəssamı” fəxri adına layiq görülmüş, 1938-ci ildə isə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyünün bədii tərtibatını uğurla həyata keçirdiyinə görə “Şərəf nişanı” ordeni ilə təltif olunmuşdur. Sovet dönəmində Azərbaycan rəssamlarının lideri kimi qəbul olunan görkəmli fırça ustası, bundan əlavə çoxsaylı təltiflərə və təqdirlərə layiq görülmüşdür.

Sual oluna bilər: „Əzim Əzimzadə sənətinin gücü nədəydi?” və yaxud da “Onun yaradıcılığı niyə xalq tərəfindən bu qədər sevilirdi?” Doğrudan da Azərbaycan təsviri sənət məkanında fenomen kimi qəbul olunan Əzim Əzimzadə xüsusi ixtisas təhsili almasa da, yaratdıqları ilə hamını ovsunlamaq gücündəydi. Onun ən müxtəlif mövzuda və janrda çəkdiyi əsərlərdəki təbiilik və inandırıcılıq yəqin ki, onu başqalarından fərqləndirən başlıca bədii xüsusiyyət idi. Xalq həyatını dərindən bilən, onun uzaq-yaxın hadisələrini göz yaddaşında qoruyub saxlamaqla qeyri-adi tutumda bədiiləşdirməyi bacaran rəssamın əsərləri həm də tarixə bələndiyindən bu gün zamansızlığa qovuşmuş kimi qəbul olunurlar. Realizm ənənələrinə həm də milli kolorit qatmağı bacaran rəssam, çəkdiyi düşündürücü lövhələrdə bu bədii qovşağı duyğulandırıcı qaynağa çevirməklə, özünün bu yöndə tayı-bərabəri olmadığını hələ zamanında sübut etmişdi.
O, „Kasıb evində toy”, “Varlı evində toy”, „Kasıb evində Ramazan”, “Varlı evində Qurban bayramı”, „İnnabı rəng bizə məxsusdur”, “Qurban bayramı”, „Su üstündə dalaşma”, “Günün tutulması”, „Köhnə Bakı tipləri” və s. əsərlərində məna-məzmun tutumundan qaynaqlanan təzadları rəng vasitəsilə yaddaqalan tərzdə ifadə etməklə, tamaşaçısını ovsunlayan və düşündürən bənzərsiz lövhələr ustası olduğunu sərgiləmişdi. Onun teatr və kitab qrafikası sahəsində yaratdıqları əsərlər də bənzərsizdirlər.
Əzim Əzimzadə İkinci dünya müharibəsi illərində arxa cəbhədə çalışan bir çox rəssamlarla birlikdə faşist işğalçılarını ifşa edən və insanları düşmən üzərində qələbəyə ruhlandıran plakat, karikatura və şarjlar yaratmaqla, ümumxalq qələbəsinə duyulası töhfələr vermişdi. Bu rəsmlərin xoş sorağı o vaxtlar Kremlə qədər gedib çıxdığından, İ.V.Stalin 1943-cü ildə Azərbaycan rəssamlarının Tretyakov Qalereyasında ümumi sərgisinin təşkilinə göstəriş vermişdi. Bundan bir qədər əvvəl Moskva tamaşaçıları Ə.Əzimzadənin fərdi sərgisinə (1940) baxmışdılar.
Əzim Əzimzadə xalqımızın yaddaşında həm böyük rəssam, həm də bənzərsiz insan kimi qalmışdır. Təkcə bir hadisəni xatırlamaqla onun necə böyük ürək sahibi olduğuna əmin olmaq mümkündür… Müharibə illərində Ə.Əzimzadənin sevimli tələbələrindən sayılan Mikayıl Abdullayevə cəbhəyə getmək üçün çağırış vərəqi gəlir. Bunu eşidən Ə.Əzimzadə dərhal M.C.Bağırova telefon açır və deyir: “Hazırda mənim üç oğlum cəbhədir. Mən onlardan hansınınsa müharibəyə getməməsi üçün sizə müraciət etməmişəm. Amma M.Abdullayevə görə bunu etməyə məcburam. Onun yaxın gələcəkdə xalqımıza başucalığı gətirən sənətkar olacağına əminəm. Odur ki, sizdən onun döyüşən orduya çağırılmamasına göstəriş verməyinizi xahiş edirəm...” Xəttin o başından zəhmli adam kimi tanınan M.C.Bağırovun çox qısa cavabı eşidilir: „Oldu!”
Bu telefon danışandan sonra M.C.Bağırov həm də rəssamın Həbib adlı oğlunun cəbhədən geri çağırılmasına göstəriş verir. Əlavə edək ki, bu o vaxt olur ki, artıq rəssam “bron”u ola-ola cəbhəyə yollanan kiçik oğlu Lətifin „qara kağız”ını almış və infarkt keçirmişdi. Elə onu çox sevdiyi Lətifin yoxluğu öldürdü, desək, yanılmarıq...
 
 
Mənbə: artkaspi.az

1 şərh

Ayazdizayner
cooox gozel paylawimdi tewekurler ezyyet ceen wexse