Marina Svetayeva: “Həyat burda da çətindi, amma nəfəs almaq mümkündü”

  

1925-ci il noyabr ayının 1-də Marina Svetayeva əri və uşaqları ilə birlikdə Parisə gəlib, məşhur inqilabçı V.M.Çernovun keçmiş arvadı- şairənin rəfiqəsi O.E.Çernova-Kolbasinanın Ruve küçəsi, ev 8-də yerləşən evində qonaq olub. Elə həmin ilin dekabrında Riqada yayımlanan “Seqodnya” qəzetinin müxbiri Andrey Sedıx Svetayeva ilə görüşüb və müsahibə alıb. Bu kiçik həcmli müsahibə qəzetin yeni il – milad sayında çap olunur.
 
Beləliklə, Marina Svetayevagildə
 
(“Seqodnya”qəzetinin Paris bölgə müxbirindən)
 
Svetayeva olduqca uzaqda yaşayır – demək olar, şəhərdən kənarda. Burada uzun müddət qalacağını düşünmür, bəlkə də milada qədər. Parisə isə ruslara xas olan xüsusi bir həyəcanla nəzər salır.
 
Marina Svetayeva çox gəncdir. Toxunma yun papağın altında sarışın, buruq saçları, əynindəki yaşıl paltosu diqqəti cəlb edir. Gözləri isə harasa uzaqlara baxır, fikirli, dərin baxışlarla…
 
– Paris necə də böyük şəhərdi. Mən hələ demək olar ki, heç nə görməmişəm, çünki ancaq yerin altı ilə – metro ilə gəzirəm. Bir dəfə piyada getdim, elə qorxurdum ki, avtomobil vurar. Küçənin tinində dayanan polis uşaq kimi əlimdən tutub, məni yolun digər tərəfinə keçirtdi. Özü də dayanmadan təkrarlayırdı “Qorxmayın, lütfən qorxmayın”… Mənsə qorxuram, öyrəşməmişəm axı. Avtomobilləri sevmirəm.
 
 
Burda yaşayıram. Sakit, səssiz küçəmiz var… Bura şəhərin sonudu. Bu küçədə qəribə qarılar yaşayır – isti, toxunma libaslı. Çox yaxşı, qədim qarılar…
 
       ***
 
 – Məndən Rusiya haqda soruşursuz… Nə zamansa çoxdan – sovetlərin tərkibində, mən orda çox ağır şərtlər altında yazırdım… Burda da yazıram, elə burda da yazmaq asan deyil. Bilirsiz, mən düşünürəm ki, yazıçı bekarçılıqdan, dəbdəbədən yox, məhz yazıçılıq onun həyat tərzi olduğu üçün yazır və o, hər yerdə, bütün şərtlər altında yaza bilər. Bir də o yerdə ki, rahat yaşayırsan, orda yazmaq da asan olur. Mən maddi tərəfləri nəzərdə tutmuram: həyat burda da çətindi, amma nəfəs almaq mümkündü.
 
Müasir Rusiyaya qayıtmaq haqda dəhşət içərisində düşünürəm və mövcud şərtlər daxilində əlbəttə ki, qayıtmayacağam. Deyirlər, rus yazıçısı Rusiyadan kənarda yaza bilməz… Düşünmürəm. Mən həm şeirlərimdə, həm də bütün ruhumla əsl rusam. Ona görə də Rusiyada olmamaq məni qorxutmur. Mən Rusiyanı özümdə, öz qanımda, canımda daşıyıram. Əgər gərək olsa, hətta bundan sonra 10 il də burda yaşayası olsam belə, rus olaraq qalacağam… Kütləvi yazıçı yəqin ki, orda yaşamalı, həyatını qaydaya salmalıdı. Mənsə yox… Axı mən 1920-ci ildə – ən qorxulu ildə – Moskvada Kozanova haqda yazmışam. Burda – sərhəddən uzaqda isə, “Əlaçı” haqda yazdım… Hərdən adama elə gəlir ki, uzaqdan hər şey daha yaxşı, daha əmin görünür…
 
Svetayeva üzü küləyə olan enli pəncərədən küçəyə baxır. Qaranlıqda Parisin qışa məxsus dumanında sanki fabriklərin bacaları da əriyir… Svetayeva düşünür və siqaret çəkir. Toranlıqda onun yaşıl libası divanın tünd rəngli fonu ilə qarışır…
 
ANDREY SEDIX
 
“Seqodnya” qəzeti 251-ci say, Riqa, 25 dekabr 1925-ci il


Rus dilindən tərcümə etdi: Xatirə Nurgül 

http://sim-sim.az/slider/marina-svetayeva-h%C9%99yat-burda-da-c%C9%99tindi-amma-n%C9%99f%C9%99s-almaq-mumkundu/ 
 

0 şərh