İbn Sina

Avropada Avitsenna adı ilə tanınan böyük alim, həkim, şair, filosof Əbu Əli Hüseyn ibn Abdulla ibn Sina dünya mədəniyyəti xəzinəsini zənginləşdirən bir irs qoyub gedib.İbn Sina 980-ci ildə Buxara yaxınlığındakı Afşana kəndində anadan olub. Onun istedadı lap uşaqlıqdan üzə çıxıb. Deyilənə görə, balaca Hüseyn bir gün əlində saxsıdan bir oyuncaq oynadırmış. Birdən saxsı əlindən düşüb çilik-çilik olur. Buna çox sarsılan körpə ilk sözü tələffüz edir: «Niyə?» Və bütün ömrü boyu o, müxtəlif «niyə»lərə cavab axtarıb. Valideynləri ondakı istedadı görüb uşağa yetərli tərbiyə vermək üçün Buxaraya köçürlər.
Buxara o vaxtlar böyük Samanilər dövlətinin paytaxtı, eyni zamanda nəinki Şərqin, ümumiyyətlə, dünyanın ən böyük mədəniyyət mərkəzlərindən biri idi. Şəhərdə böyük məscid və mədrəsələr, indiki terminologiya ilə desək, akademiya var idi. Buraya dünyanın müxtəlif yerlərindən elm və incəsənət adamları – filosoflar, arxitektorlar, həkimlər, şairlər gəlir, onlar çox zəngin saray kitabxanasından istifadə edir, elmi məclislər, disputlar düzənləyirdilər. Şəhərdə çoxlu kitabxanalar da vardı. Hətta onların bəzisində oxuculara pulsuz kağız, qələm, mürəkkəb verilirdi. Başqa yerlərdən gələnlərə isə mehmanxanada pulsuz yer, hətta təqaüd ayrılırdı. Bundan başqa, özünə hörmət edən varlı adamların hamısının fərdi kitabxanası olurdu.
Buxaraya köçəndən sonra İbn Sinanı müəllimlərə tapşırırlar. Amma qısa müddətdə yeniyetmə onları heyrətə salır. O, paralel şəkildə, ərəb dilini, fəlsəfəni, stilistikanı, tibbi, astronomiyanı… öyrənmək üçün ayrı-ayrı müəllimlərin yanına gedirdi. Deyilənə görə, unikal zəkaya sahib olan ibn Sina səkkiz yaşında artıq Quranı əzbər bilirmiş. Necə çalışması barədə o, xatiratında belə yazır: «On altı yaşım olanda gecələri və gündüzləri elm öyrənməkdən başqa heç nə ilə məşğul olmurdum. Kitabxanalarda işimi qurtarıb evə qayıdandan sonra şamı yandırıb oxumağa başlayırdım. Bəzən yuxu məni təntidir, yatırdım. Amma yuxuda da məni narahat edən mövzular barədə düşünürdüm. Bütün elmləri öyrənənə qədər belə davam elədi». On yeddi yaşı olanda elmi dairələrdə İbn Sinanı yetişmiş alim kimi qəbul edirdilər. İyirmi yaşı olanda artıq ibn Sina bir neçə kitabın müəllifi idi: təbii elmlərə aid geniş ensiklopediya, qanunların 20 cildlik izahı, etikaya dair kitabı və tibbi lüğəti vardı.

Tibb ilə maraqlanması

On dörd yaşı olanda İbn Sina tiblə maraqlanır. Deyilənə görə, onu tiblə məşhur həkim Əbu Səhl Məsihi maraqlandırıb. Məsihi dövrün böyük alimi, Hippokrat və Qalenin davamçısı idi. Birgə çalışmaları Xarəzmdə olub. Buxarada saray çevrilişi olanda ibn Sina Xarəzmə köçür. Çox keçmədən böyük alim Əbu Reyhan Biruni və Məsihi də bura köçürlər. Xarəzmşah alimləri himayə edən bir insan idi. O, sarayda tez-tez disputlar təşkil edirdi. Onlar birlikdə çalışır, fizika və kimyadan təcrübələr edir, gecələr ulduzları, meteoritlərin düşməsini seyr edirdilər. Məsihi ilə ibn Sina insan bədəninin quruluşunu öyrənməyə başlayırlar. Hələ gənc ikən ibn Sinanın başına çoxlu elm təşnəsi olan şagirdlər toplaşır. Onların içində hətta ağsaqqal adamlar da olurdu. 18 yaşı olanda fizika, fəlsəfə və astronomiya üzrə Şərqin böyük alimləri ilə yazışır, diskussiyalara girirdi.

Bibliyadan sonra ikinci

İbn Sina (Avicenna)İbn Sina taun, vəba, sarılıq kimi xəstəliklərin səbəblərini analiz edib, meningit, mədə xorası və bir sıra başqa xəstəliklərin müalicə üsullarını göstərib. İlk dəfə göz əzələlərinin quruluşunu da o təsvir edib. Ona qədər dünya tibb elmində hesab olunurdu ki, göz fənər kimi işıq şüalandırır və bu şüalar obyektə dəyib qaytması ilə insan görür.
İbn Sinanın elmi irsi çox böyükdür. Tam dəqiq olmasa da, 450-yə qədər əsər yazdığı güman edilir. Bunlar çox müxtəlif sahələri əhatə edir: fəlsəfə, tibb, riyaziyyat, astronomiya, mineralogiya, poeziya, musiqi və s. Ən məşhur kitabı isə «Qanun ət-Tibb» adlanır. Beş cildlik kitabda farmokologiya haqqında əsas biliklər, ürəyin, qara ciyərin, beyinin detallı təsviri verilir. Bundan başqa, taun və vəbanın fərqi verilir, plevrit və ciyərlərin sətəlcəmi, cüzam, şəkər xəstəliyi, mədə xorası haqda o vaxt üçün çox qiymətli bildgilər toplanıb. Qısa müddətdə «Qanun» bütün dünyada tibb ensiklopediyası kimi qəbul olunur. Çap dəzgahı ixtira olunandan sonra ilk nəşr olunan kitab Bibliya, ikincisi isə «Qanun» olub. Avropada beş əsrdən artıq tibbi bu kitabdan öyrəniblər. Yalnız 800 il keçəndən sonra fransız alimi Paster yolxucu xəstəliklərin səbəbinin viruslar olması haqqında ibn Sinanın hipotezini sübut etməyə müyəssər oldu.

«Yaxın günlərdə pişik doğacaqsan»

Bundan başqa, ibn Sina nəbz haqqında nəzəriyyə də yartadı. «Nəbz dalğavari, milvari, ikizərbəli, uzun, titrək, kiçik, yavaş, əsəbi gərgin, alçaq, qarışqavari mişarvari, dolu və boş ola bilər» deyə o «Qanun»da  yazır. Deyilənə görə, o nəbzə görə xəstələrə diaqnoz da qoya bilirmiş. İbn Sinanın bu bacarığı barədə də bir əfsanə var. Deyilənə görə, İran şəhərlərinin birindən keçəndə xəstə adamlar toplaşıb xahiş edirlər ki, böyük loğman onlara heç olmasa diaqnoz qoysun. Vaxt az, növbə isə həddən artıq imiş. İbn Sina təklif edir ki, adamlar sıraya düzülsün. Hər kəs öz biləyinə bir kəndir bağlasın. İbn Sina sıranın önündən keçib o kəndirləri əlinə almaqla nəbzə görə hər kəsin diaqnozunu qoyacaq. Qoca bir qadın ona inanmadığından, sınamaq istəyindən  və ya zarafat məqsədi ilə donunun atında bir bir pişik gizlədir və kəndiri pişiyin biləyinə bağlayır. İbn Sina adamların xəstəliyini deyə-deyə gəlib çatır qadının bərabərinə. Onun kəndirini əlinə alandan sonra qarıya deyir: «Sən bu günlərdə pişik doğacaqsan».

İbn Sina və Bəhmənyar

İbn Sina tibb üzrə olduğu kimi, fəlsəfədə də dövrünün böyük alimi, Şərq peripatetikir məktəbinin görkəmli nümayəndəsi idi. O, başqa sahələrdə olduğu kimi, fəlsəfədə də nəhəng irs qoyub və çoxlu alimlər yetişdirib. Onun şagirdlərindən biri də böyük Azərbaycan filosofu Bəhmənyar ibn Mərzban olub. Onların tanışlığı haqqında maraqlı bir rəvayət var: İbn Sina tannmış alim olanda Bəhmənyar hələ uşaq imiş. Rəvayətə görə, bir gün ibn Sinanın laboratoriyasına qonşuluqda yaşayan bir uşaq gəlir. O deyir ki, ocaq qalamaq üçün olara köz lazımdır. Alimlər uşağa deyirlər: «Sən özünlə heç nə gətirməmisən. Közü necə aparacaqsan? Uşaq bir anlığa duruxur. Sonra yerdən bir qoşa ovuc torpaq götürüb deyir: «Közü bura qoyun». Alimlər uşağın fərastinə heyran olurlar. İbn Sina isə onun validenylərinin yanına adam göndərib xahiş edir ki, uşağın onun şagirdi olmasına icazə versinlər. Bəhmənyar ibn Sina haqda xatirələrində belə yazır:  "Bir dəfə şənbə günü fəxrlə dərsə gəlmişdik. Elə oldu ki, müzakirədə lazımınca iştirak edə bilmədik. Müəllimimiz dedi: "Görünür, sizin istirahət gününüz faydasız keçib" (o vaxtlar cümə istirahət günü olurdu). Mən də yoldaşlarım kimi cavab verdim ki, istirahət günü gəzməyə getmişik və buna görə də dərsimizi yaxşı öyrənə bilməmişik. Bu cavabdan sonra müəllim ah çəkərək, gözü yaşarmış halda söylədi: "Kəndirbaz işi ilə gündəlik məşğul olduğundan öz kamilliyi ilə hər şeydən baş çıxaran müdrikləri belə heyrətə sala bilir. Niyə sizin aranızda bir ağıllı və müdrik uşaq çıxmadı ki, dərs oxumağı avaraçılıqdan üstün tutsun?" İbn Sina özü yazırdı ki, Bəhmənyar ona doğma oğlundan da yaxındır. Onu da qeyd edək ki, Azərbaycan filosofu Şərq peripatetiklər məktəbinin ən böyük nümayəndələrindən biri, fəlsəfədə ibn Sinanın ən qüdrətli davamçısı olub.

Qırx dərman əfsanəsi

İndinin özündə Buxarada ibn Sina haqqında çox maraqlı əfsanə və rəvayətlər dolaşmaqdadır. Bu əfsanələrin birində deyilir ki, o, qocalanda elə qırx dərman düzəldibmiş ki, bununla ölünü diriltmək olarmış. Sonra şagirdinə tapşırır ki, bu qırx dərmanı o öləndən sonra lazımi ardıcıllıqla tətbiq etsin. 
Çox keçmədən ibn Sina ölür və şagird işə başlayır. Dərmanlar çox möcüzəli təsir göstərirmiş. İbn Sinanın bədəni nəinki pozulmur, əksinə dərmanın təsirindən daha cavan və təzə olurmuş. Axırıncı şüşə dərmanı işlətmək zamanı gələndə artıq alimin bədəni bu saat yuxudan oyanıb danışacaq gözəl, gənc bir oğlanı xatırladırmış. Bu, şagirdi lap həyəcanlandırır. O, axırıncı – qırxıncı dərmanı istifadə üçün gətirəndə elə həyəcanlanır ki, əlinədki dərmanı saxlaya bilmir və möcüzəli tərkiblə dolu qab əlindən düşüb sınır.
Bu əfsanədə ibn Sinanın biliyinin gücünə inam ifadə olunub. İllər boyu bu əfsanə onu sevdirməklə yanaşı, həm də insanları elmə, biliyə çağırıb, zəkasının gücünə diqqəti cəlb edib.

Dünya şöhrəti

Böyük alim hələ sağlığında çoxlu yüksək titullar qazanmışdır: Hüccətül-Həqq (Haqqın sübutu), Şeyxür-rəis (müdriklər başçısı), Həkimi büzürg (böyük həkim), Şərəfülmülk (ölkənin şərəfi)…
İbn Sina hələ həyatda ikən haqqında əfsanələr dolaşırdı. Ölümündən sonra da onun adı hər zaman dillər əzbəri olub. Böyük dramaturq Aligyeri Dante məşhur «İlahi komediya»sında İbn Sinanı anaraq əsərdə onun fəlsəfəsindən yararlanır. «İlahi komediya»nın «Cənnət» adlı üçüncü əsas bölməsi o vaxtkı ənənəvi sxolastik görüşlərdən fərqlənir. Dante kosmik fəzadakı bütün cisimlərin böyük bir qüvvədən – məhəbbətdən güc alaraq hərəkət etdiyini yazır. Onun bu fikirləri ibn Sina və Nizami Gəncəvinin konsepsiyası üzərində qururlub. Məşhur ispan dramaturqu Löpe de Veqa «Valensia gicbəsərləri» əsərində ibn Sinanı yada salıb. Dahi fransız yazarı Fransua Rable həkimlik fəaliyyətində onun tibbə dair əsərlərindən yararlanıb. Böyük alim,ensiklopedik zəka sahibi olan  ibn Sina 1037-ci ildə 57 yaşında Həmədanda vəfat edib. Qəbri də oradadır.  

İbn Sinanın aforizmləri
* Kainatın ruhu həqiqətdir.
*Əgər dostum düşmənlərimlə dostluq edirsə, onunla dostluğu davam etdirmək olmaz. Zəhərlə qarışmış qənddən özünü qoru. Ölmüş ilanın üstündə oturmuş milçəkdən özünü qoru.
* Kim xoşbəxt olanda onu qiymətləndirmirsə, o, bədbəxtliyə yaxınlaşır.
* Zaman keçmir, keçən bizik.
* İşsizlik və avaralıq təkcə cəhalət yaratmaqla qalmır, onlar eyni zamanda xəstəlik mənbəyidir.

Mənbə: Bizim Yol qəzeti

8 şərh

ekoibrahim
Maraqlı idi təşəkkürlər Burla XAtun..:)
tenqo
Hadisə Buxarada vaqe olur. Bir gün vəzirin oğlu xəstələnir və bütün məşhur həkimlər biçarə qalıb oğlanın dərdini tapa bilmir. Oğlan isə nə yeyir, nə içir, nə də ki, ağzına bir kəlmə söz alıb dillənmir. Ancaq olsun halsız-taqətsiz yataqda uzanır. İbn-Sinanı dəvət edirlər və o, anındaca müəyyənləşdirir ki, oğlanın xəstəliyinin səbəbi aşiq olmasıdır. Vəzir həyəcanlanır: «Yaxşı, bəs indi qızın kim olduğunu necə bilək?». İbn-Sina Buxaranın küçələrini yaxşı tanıyan birini yanına çağırtdırır və ona oğlanın yanında bir-bir küçələrin adlarını sadalamağı tapşırır. Özü isə əli ilə oğlanın nəbzinə nəzarət edir. Qızın yaşadığı küçənin adı çəkiləndə oğlanın nəbzinin sürəti artır və qızın yaşadığı küçəni müəyyənləşdirirlər. Sonra qızın adını öyrənmək qalır, eyni üsulla həmin küçədə yaşayan bütün qızların adını sadalayaraq, qızın kim olduğunu müəyyənləşdirirlər. Qızı tapıb evə dəvət edirlər və bir müddət qulluqdan sonra oğlan tezliklə özünə gəlir və sağalır.
Ferbara
Məncə əvvəlcə qız adlarını sayırlar. Sonra küçələrin adını sayırlar. Qızın adı və yaşadığı ünvanı biləndən sonra qızın evinə elçi göndərirlər. 
«Qızı tapıb evə dəvət edirlər və bir müddət qulluqdan sonra oğlan tezliklə özünə gəlir və sağalır.» Qızı evə dəvət etmək nədi? Elə şey olmaz. :))
tenqo

Bütün qız adlarını saymaq səmərəli olmazdı, ilk öncə küçəni tapmaq asan olardı. Nyu-york olsaydı, onda qız adlarını saymaq daha səmərəli olardı :)


O biri məsələ ilə razıyam, mən oxuyanda elə özümə də qəribə gəlmişdi, özü də həmin dövr üçün :) Oxuduğum mənbə yəqin remake edib əhvalatı :)

tenqo

Bir dəfə İbn-Sina şagirdlərinə həyatları boyu daim ayıq-sayıq olmalarını tapşırır və insanın əzələlərini və düşüncələrini məşq etdirdiyi kimi hisslərini də məşq etdirməyi bacardığı barədə danışırdı. O deyirdi:


— Məsələn, hansısa məkana daxil olanda sizin hissiyyatınız ən vacib detalları qeyd edir...


Bu an müəllimə xəbər verirlər ki, sizin yanınıza gələn var və bayırda sizi gözləyir. «Siz əyləşin, mən indi gəlirəm» — deyib çıxdı otaqdan.


Şagirdlər müəllimin hissiyyatını yoxlamaq üçün onun əyləşdiyi həsirin altına bir kağız vərəqi qoyurlar. Müəllim içəri daxil olanda şagirdlərin nəsə etdiyini hiss etdi və yerinə əyləşib uşaqlara diqqətlə baxaraq:


— Ya mənim boyum artıb, ya da tavan alçalıb.

Ferbara
Mən isə bunu başqa cür bilirdim. İbn Sina özü də şagird olur. Altında kağız qoyurlar, narahat olur, dərsə diqqət edə bilmir. Sonra ona deyirlər ki, altında kağız var. Tam dəqiq bilmirəm. :)
lalika1
cox sagolun.muellim eve tapwiriq vermiwdi.mende burdan axtardim.axtardigimi tapdim