4.2.2. Fransa bankı

Avropanın ən qədim mərkəzi banklarından biri olan Fransa Bankı 1800-ci ildə Napoleon Bonapart tərəfindən təsis edilmişdir. 1803-cü ildə Banka təqdim edilmiş və 1806-cı ildə təsdiq olunmuş emissiya hüququ 1945-ci ilə qədər dörd dəfə təzələnmişdir. Doqquz əyalət emissiya bankının udulma­sından sonra 1848-ci ildən başlayaraq Fransa Bankı ölkənin bütün ərazisində inhisarçı emissiya hüququnu əldə etdi.
1936-cı ilə qədər Fransa Bankını 15 «reqent»dən ibarət olan Şura idarə edirdi. Lakin 1936-cı ildə Şura artıq 20 direk­tordan ibarət olan Baş şura ilə əvəzləndi. 1945-ci il 2 dekabr qanunu ilə Fransa Bankının kapitalı dövlətə verildi və bu səbəb­dən də, o indiyədək dövlət müəssisəsi statusunu saxla­maq­­dadır.
1993-cü il 4 avqust qanununa uyğun olaraq aparılmış islahat Fransa Bankının tarixində dönüş nöqtəsi oldu. Milli pul vahidinin stabilliyini və Bankın həyata keçiridiyi mone­tar siyasətin ardıcıllığını təmin etmək məq­sə­dilə ona müstə­qil­lik statusu verildi. Eyni zamanda Fransa Bankının nizam­namə­sində onun müstəqilliyinə zə­manət verən təshihlər aparıldı:

  • Fransa Bankı qiymət stabilliyinin təmin edilməsi məq­sədilə monetar siyasətin hazırlanmasına və reallaş­dırıl­masına cavabdehdir;
  • qərarlar monetar siyasət Şurası tərəfindən kolle­gial şəkildə  qəbul olunur. Şura doqquz nəfərdən ibarət olur və nizamnamədə onların təyinatları və səlahiyyət müddətləri ilə bağlı maddələrdə onların fikir sərbəstlyinə zəmanət verilir;
  • monetar siyasət Şurasının müstəqil statusunun təmin edilməsi məqsədilə qərarların qəbul edilmə pro­se­sində şura üzvlərinə hökumətin bu sahədəki fikrini öyrənmək və göstəriş­lərinə əməl etmək qadağan olunur.

Monetar siyasətin hazırlanmasında və reallaş­dırıl­ma­sında Fransa Bankının nisbi müstəqilliyinə bax­ma­ya­raq, fran­kın paritetinin və mübadilə kursu rejiminin müəy­yənləş­dirilmə məsələləri ilə hökumət məşğul olur. Fransa Bankı isə yalnız frankın və xarici valyutaların nisbətini dövlə­tin adından və monetar siyasətin ümumi istiqamətləri çərçivə­sin­də tənzim­lə­yir. Fransanın monetar siyasətinin əsas məqsə­di ilə 1994-cü ildən inflyasiya səviyyəsinin konkret göstəricisi müəy­yən­ləşdirilmişdir. Bu isə inflyasiyanın targetinq siyasə­tini real­laş­dıran ölkələr sırasına Fransanı aid etməyə imkan verir.
Inflyasiyanın targetinq siyasəti bir neçə elementdən ibarətdir: 
1. Inflyasiyanın konkret göstəricilərinin əldə edil­mə­si üzrə ortamüddətli deklarasiya;
2. Inflyasiyanın məq­sədli parametrlərinin ölkə inkişafının uzunmüddətli konsep­siyasına daxil edilməsi;
3. Inflyasiyanın optimal səviyyəsinin əldə edil­mə­si üzrə ümumi strategiyada aralıq göstəricilərin, məsələn, pul kütləsi artımının rolunun azalması;
4. Uzun­müd­dətli monetar siyasətin şəffaflığı, cari vəzifələrin və planların aşkar­lığı;
5.Inflyasiyanın məq­sədli səviyyələ­rinin əldə edilməsi üçün mər­kəzi bankın hesabat verməsi.Inflya­siyanın məqsədli səviyyələrinin əldə edilməsi üçün Fransa Bankının istifadə etdiyi əsas alətlər aşağıdakılardır:

  • dinamikası bilavasitə frankın valyuta kursunun dinamikasına və dövriyyədəki pulların miqdarına təsir edən faiz dərəcələrinin tənzimlənməsi. Faiz dərəcələrinin tənzim­lən­mə mexanizmi banklararası bazarda kredit hərracları vasi­tə­silə və ya veksellərin 5-10 günlük girovu altında kredit inter­ven­siyalarına əsaslanır;
  • valyuta intervensiyaları. Monetar tənzimlənmə orqanları valyuta bazarlarında intervensiyaları müxtəlif məq­sədlərlə, o cümlədən mübadilə kursunun saxlanması və bey­nəl­xalq ehtiyatların arzuolunan səviyyəsinin əldə edil­məsi üçün apara bilər. Milli valyuta kursunun qal­dı­rılması üçün xarici valyutanı satmaq, milli valyuta kur­su­nun aşağı salın­ması üçün isə xarici valyutanı almaq lazımdır.
  • məcburi ehtiyat normaları vasitəsilə manevr etmə (1971-ci ilin aprelindən tətbiq olunmuşdur);
  • açıq bazarda əməliyyatlar və başqaları.

Fransa Bankının strukturu iki şuradan ibarətdir: mone­tar siyasət üzrə Şuradan və Baş şuradan.
Monetar siyasət  üzrə Şurasının səlahiyyətlərinə dövlə­tin monetar taktika və strategiyasının hazırlanması, əsas pul aqreqatlarının müəyyənləşdirilməsi və monetar siyasətin son məqsədlərinin əldə edilməsini təmin edən digər göstəricilərin müəyyənləşdirilməsi daxildir. Şuraya Bankın müdiri başçılıq edir. Ondan başqa Şuraya nazirlər şurası tərəfindən təyin edilmiş səkkiz üzv daxildir.
Fransa Bankının operativ fəaliyyətinə Baş Şura rəh­bərlik edir. Baş Şura kadr məsələləri ilə, Bank gəlirinin müəy­yənləşdirilməsi və başqa işlərlə məşğul olur. Təş­ki­lati olaraq Baş Şuraya monetar siyasət üzrə Şura, Na­zirlər şurasının, xəzinədarlığın və digər strukturların nümayən­dələri daxildir.
Fransa Bankının regionlarda mövcudluğu XIX əsrin ortalarına qədər məhdudlaşdırılmışdır. O dövrdə bankın yalnız 15 şöbəsi var idi. XX əsrin əvvəlində şöbələrin sayı 160, 1928-ci ildə isə 258 olmuş və bu miqdar 40 il ərzində dəyişməz olaraq qalmışdır. Son 30 ildə Fransa Bankının ərazi müəs­sisə­lər şəbəkəsi iki dəfə dəyişikliklər dalğasına məruz qalmışdır. 1970-ci illərin əvvəlində 27 şöbə bağlan­mış, 2 şöbə açılmışdır. 1980-ci illərin axırlarında 23 şöbə ləğv olunmuş, 1 şöbə yaradılmışdır. Bu dəyişikliklər aşağı­dakı faktorların təsiri altında baş vermişdi:
*1970-ci ildə müəssisələrin veksellərinin birbaşa uçotunun ləğv edilməsi nəticəsində Fransa Bankının bilavasitə kreditləşmə əməliyyatları kimi funksiyasının ləğv edil­məsi və mərkəzi bank qismində rolunun güclən­diril­məsi;
*1970-ci ildən 1986-cı ilə qədərki dövrdə Fransa Bankı tərəfindən veksellərin yenidən hesablanmasının tədi­riclə ləğv edilməsinin nəticəsi olaraq kredit müəs­sisə­lərinin yenidən maliyyələşdirmə texnikasının gələcəkdə təkmil­ləşməsi və onun mərkəzləşdirilməsi;
*təhlükəsizliyin artırılması və xərclərin azaldılması məqsədilə pulların daşınmasında mərkəzləşmə ilə əla­qədar olaraq, nağd banknotların dövretmə kanallarına toxu­nan dəyişiklilər, o cümlədən pulların dövretmə sahə­sinin kom­pyu­ter­ləşmə şəraitində qeyri nağd hesab­laş­maların inkişafı.
Fransa Bankının bütün ərazi müəssisələri eyni hü­quqi statusa malikdirlər. 1980-ci illərin axırında aparılmış yenidən strukturlaşma nəticəsində ərazi müəssisələri ilə onların kontor­ları arasındakı fərqlər aradan götürüldü. Bağlanm­a­yan kon­tor­lar ərazi müəssisələrinə çevrildilər. Ərazi müəssisə­sinin direktoru Bankın müdiri tərəfindən təyin edilir və 6 nəfərdən 17 nəfərədək üzvü olan məs­ləhət şura­sına əsaslanır.
Fransa Bankının ərazi müəssisələrinin işçi heyəti müx­təlifdir: ən kiçik müəssisədə işçilərin sayı 10 nəfər­disə, Lionda yerləşən ən iri müəssisədə 256 əməkdaş çalışır. Fransa Bankının 211 ərazi müəssisəsinin 68-də əməkdaş­ların sayı 20-dən az, 83 müəssisədə 20 ilə 40 arasında, 45 müəssisədə 40 -80, 15 müəssisədə isə 80 nəfərdir.
Hər bir ərazi müəssisəsi, nəzəri olaraq, filiallar şəbəkəsinə aid olan bütün funksiyaları yerinə yetirməlidir. Fak­tiki olaraq, hər bir ərazi müəssisəsinin iştirakı əsasən yerli şəraitdən asılıdır.
Fransa Bankının ərazi müəssisələri şəbəkəsi təş­kilati olaraq coğrafi prinsiplə qurulmuşdur. Hər bir ərazi müəssi­səsi öz coğrafi zonasında fəaliyyət göstərir və bu zona adətən, inzibati vahidlərin (departamentlərin və dairələrin) sərhədləri ilə üst- üstə düşür. Ərazinin ölçüsü nə­zərə alınır. Belə ki, 66 departamentdə bir neçə ərazi müəssisəsi, 30 departamentin hərəsində isə bir ərazi müəssisəsi fəaliyyət göstərir.
Fransa Bankının ərazi müəssisələr şəbəkəsinin qurul­ma­sının funksional prinsipləri onların profil etibarilə ixtisas­laş­ması və fəaliyyətinin konkret istiqamətləridir. Onlar arasın­da aşağıdakıları göstərə bilərik:

  • nağd və qeyri nağd pul dövriyyəsinin və hesab­laşma sistemlərinin idarəetməsi;
  • xarici əməliyyatların idarəetməsi (o cümlədən ödə­niş balansı işində iştirakı);
  • bank sisteminə nəzarət və risklərin yoxlanması;
  • qeyri maliyyə müəssisələri barədə məlumatların top­lan­ması, analizi və informasiya-analitik materialların hazır­lanması;
  • statistik materialların, iqtisadi, maliyyə və pul-kre­dit icmallarının hazırlanması və yayılması;
  • fiziki şəxslərin həddən çox borcları barədə məlu­mat­la­rın hazırlanması, müştərilərin idarəetməsi, «Infobank» (Info­banque) informasiya pəncərəsinin fəaliyyəti və başqaları.

1993-cü ildə aparılmış islahat nəticəsində Fransa Bankı ərazi müəssisələr şəbəkəsinin idarəetməsinin yeni sxemini əldə etdi. Bu sxemin dünyada analoqu yoxdur və o, fransız mərkəzi bankının fəaliyyətinin özünəməxsus xüsusiyyətini ifadə edir. Belə ki, Fransa Bankı ərazi şəbəkəsinin tarixən təşəkkül tapmış təşkilini saxlayaraq, 211 şöbəyə malikdir (müqayisə üçün bildirək ki, Alman federal bankının 145 şöbəsi var və onların 9-u torpaqların mərkəzi banklarıdır, Italiya Bankının 99, Ingiltərə Bankının 2 şöbəsi var).

 

0 şərh