Hərbi xidmət

  • Hərb

İlk olaraq Qədim Misirdə tətbiq olunan məcburi hərbi xidmət hələ də dünyanın bir çox ölkəsində mövcuddur. Bəzi ölkələr isə peşəkar ordu ilə kifayətlənirlər. Məcburi hərbi xidmət tədbiq edilən ölkələrdə də xidmət müddəti müxtəlifdir. Bəzi ölkələrdə ordunun müxtəlif növlərində hətta 10 illik hərbi xidmət mövcuddur.

18 aya qədər hərbi xidmət tədbiq edilən ölkələr

Almaniya: Ölkə I Dünya Müharibəsində məcburi hərbi xidmət tədbiq etdi və böyük bir ordu qurdu. Məcburi xidmət Almaniyada hələ də qüvvədədir. Hərbi xidmət kişilər üçün 6 aydır. Qadınlar da könüllü olaraq əsgərlik edə bilər.

Yunanıstan: 2009-cu ildən Yunanıstanda kişilər üçün 9 ay məcburi hərbi xidmət tətbiq olunur. Yunan ordusuna qadınlar da maaşlı işçi olaraq xidmət edir, amma bu məcburi deyil. Peşəkar orduda xidmət edən hərbçilərin maaşı 800 Avrodır.

Avstriya:18-35 yaş arası kişilər üçün 6 ay əsgərlik məcburidir. Əsgərlik etmək istəməyənlər isə 9 ay ictimai işlərdə çalışa bilər.

Braziliya: Məcburi hərbi xidmət sistemi tətbiq olunur. Hərbi xidmət müddəti 12 aydır. Bu müddət 18 aya qədər uzadıla bilər, ancaq hansı hallarda bunun edilməsi naməlumdur. Alternativ xidmətin müddəti normal hərbi xidmətdə olduğu kimi 12 aydır.

Norveç: Məcburi hərbi xidmət sistemi tətbiq olunur. Hərbi xidmət müddəti 12 aydır.

Gürcüstan: Məcburi hərbi xidmət sistemi tətbiq olunur. Xidmət müddəti 18 aydır. Alternativ xidmət üçün 36 ay nəzərdə tutulub. Ordunun NATO standartlarına uyğun qurulması üçün işlər görülür. Məcburi xidmətin ləğv edilməsi nəzərdə turulur. Peşəkar heyət sayının artırılaraq ümumi sayın 2/3 səviyyəsinə gətirilməsi planlaşdırılır.

Danimarka: Məcburi hərbi xidmət sistemi tətbiq olunur. Xidmət müddəti rütbəyə və ordu növünə görə 3 ay ilə 14 ay arasında dəyişir. (Orta hesabla müddət 9 aydır). Alternativ xidmət müddəti də 3 aydan 14 aya qədər dəyişir.

Estoniya: Məcburi hərbi xidmət sistemi tətbiq olunur. Əsgərlik müddəti 8 aydır. Məmurlar və bəzi xüsusi vəzifəlilər üçün isə 11 aydır. 1991-ci ildə qəbul olunan qərara görə, hərbi xidmət keçmək istəməyənlər 16 aylıq alternativ xidmətlərdə çalışa bilərlər.

Finlandiya: Məcburi hərbi xidmət sistemi tətbiq olunur. Xidmət müddəti ordu növünə və rütbəyə görə 180, 260 və ya 362 gün olaraq təyin olunub. 1931-ci ildən alternativ hərbi xidmət qüvvədədir. Alternativ xidmət müddəti isə 395 gündür. Məcburi hərbi xidmətin ləğv edilməsi planlaşdırılır.

Litva: Məcburi hərbi xidmət sistemi tətbiq olunur. Xidmət müddəti 12 ay, ali məktəb və kollec məzunları üçün isə 6 aydır. 1992-ci ildən alternativ hərbi xidmət qüvvədədir. Alternativ xidmət müddəti 18 aydır.

Çin: Məcburi hərbi xidmət sistemi tətbiq olunur. Ehtiyac olduğu halda qadınların da hərbi xidmət keçməsi nəzərdə tutulub. Xidmət müddəti quru qoşunlarında 3 il, dəniz və hava qoşunlarında 4 ildir.

Polşa: Məcburi hərbi xidmət sistemi tətbiq olunur. Xidmət xidməti 10 ay, ali məktəb məzunları üçün isə 3 aydır. 1988-ci ildən alternativ hərbi xidmət tədbiq edilir. Alternativ xidmətin müddəti 18 ay, ali məktəb məzunları üçün isə 6 aydır.

Bolqarıstan: Məcburi əsgərlik sistemi tətbiq olunur. Xidmət müddəti 9 aydır, ali məktəb məzunları üçün 6 aydır. 1991-ci ildən alternativ hərbi xidmət qüvvədədir. Alternativ xidmət müddəti 13,5 ay, ali məktəb məzunları üçün isə 9 aydır. Avropa Birliyinə namizəd və NATO-ya üzv olan ölkə hal-hazırda Qərb standartlarına çata bilmək səy göstərir. 2010-cu ildə hərbi xidmət müddətinin 45 günə endirilməsi nəzərdə tutulur.

Belorus: 18- 27 yaş arası kişilər üçün hərbi xidmət məcburidir. Ali təhsili olanlar 12 ay, olmayanlar da 18 ay hərbi xidmət keçir.

18 aya qədər məcburi hərbi xidmət keçən digər ölkələr: Azərbaycan, Kamboca (Kampuçiya), Kolumbiya, Fil dişi Sahili, Madaqaskar, Laos.

18 aydan daha çox hərbi xidmət tədbiq edilən ölkələr

İran: İranda məcburi hərbi xidmət 18 yaşdan etibarən başlayır. Müddəti isə vəziyyətə və yerinə görə dəyişir. Sərhəddəkilər 16 ay, yoxsul bölgələrdən olanlar 18 ay, normal bölgələrdən gələnlər də 20 ay əsgərlik edir. Fiziki, ya da zehni qüsuru olanlar və təhsilini davam etdiriənlər hərbi xidmətdən azaddır.

İsrail: İsraildə 18 yaşı olan qadın və kişilər üçün hərbi xidmət məcburidir. İsrailli ərəblər, hamilə və evli qadınlar, zehni və ya fiziki qüsuru olanlar hərbi xidmətdən azaddır. Hərbi xidmət qadınlar üçün 2, kişilər üçün 3 ildir.

Rusiya: Məcburi əsgərlik sistemi tətbiq olunur. Xidmət müddəti 24 ay, ali məktəb məzunları üçün 12 ay olaraq təyin edilib. Alternativ xidmət 2004-cü ildən qüvvədədir.

Tayvan: Məcburi əsgərlik sistemi qüvvədədir. Xidmət müddəti 2 ildir. Alternativ xidmət barədə qərar qəbul olunub. 2014-cü ildən isə ordunun tamamilə könüllülük prinsipi əsasında qurulması planlaşdırılır.

Ukrayna: Məcburi hərbi xidmət sistemi qüvvədədir. Xidmət müddəti 18 ay, dəniz qüvvələrində 24 aydır. Ali məktəb məzunları üçün xidmət 12 aydır. 1996-cı ildən alternativ hərbi xidmət qəbul olunub. Alternativ xidmət müddəti 27 ay, ali məktəb məzunları üçün 18 aydır. Müdafiə Nazirliyi 2005-ci ildə xidmət müddətinin 12 aya endiriləcəyini açıqlayıb. AB namizədliyi üçün adı çəkilən ölkə 2015-ci ilə qədər peşəkar hərbi xidmətə keçməyi məqsəd qoyub. Ancaq mövcud müqaviləli əsgərlərlə belə bir çox problemin olması bu hədəfin reallaşma ehtimalını sual altına qoyur.

Ermənistan: 18-27 yaşları arası kişilər iki il məcburi hərbi xidmət keçir.

İraq: Səddam Hüseyn rejiminin aradan qaldırılması ilə nəticələnən ABŞ-ın hərbi əməliyyatlarından sonra hərbi xidmət sistemi barədə dəqiq məlumat yoxdur. Səddam Hüseyn dövründə məcburi hərbi xidmət sistemi qüvvədə idi. Xidmət müddəti 2 il, ali məktəbləri üçün isə 1,5 ildir.

Suriya: Məcburi hərbi xidmət sistemi tətbiq olunur. Əsgərlik müddəti 30 aydır.

Cənubi Koreya: Məcburi hərbi xidmət sistemi tətbiq olunur. Xidmət müddəti 26 aydır, ancaq səhiyyə sektorunda işləyənlər ilə yerli və mərkəzi dövlət idarələrində rəhbər şəxslər tutanlar üçün bu müddət 28 ay, bəzi xüsusi hallarda isə isə 32 aydır.

Şimali Koreya: Məcburi hərbi xidmət sistemi tətbiq olunur. Qadınlar hərbi xidmət etməyə məcbur edilmir, ancaq 40 yaşına qədər illik olaraq hərbi təhsil keçməlidirlər. Hərbi xidmət quru qüvvələrində 5-8 il, dəniz qüvvələrində 5-10 il, hava qüvvələrində 3-4 ildir.

Misir: Məcburi hərbi xidmət sistemi tətbiq olunur. Xidmət müddəti 3 il, ali təhsillilər üçün 18 ay müəyyən edilib.

Kipr: Məcburi hərbi xidmət sistemi tətbiq olunur. Xidmət müddəti 26 aydır. Ən az dörd uşaq sahibi olanlar və xaricdə yaşayanlar üçün 13 aylıq qısa dövr hərbi xidmət imkanı var. Digər AB üzvlərindən fərqli olaraq alternativ hərbi xidmət tədbiq olunmayıb. 1992-ci ildən Milli Təhlükəsizlik Doktrinasında bu məsələ əksini tapıb. Doktirnada alternativ hərbi xidmətdən istifadə edənlər üçün ordu içərisində silahsız olaraq 36 aylıq, ordu xaricində isə yenə silahsız olaraq 42 aylıq hərbi xidmət nəzərdə tutulub.

18 aydan daha çox hərbi xidmət tədbiq edilən digər ölkələr: Konqo, Kuba, Qazaxıstan, Qırğızıstan, Liviya, Mozambik, Sinqapur, Sudan, Tacikistan, Tailand, Türkmənistan.

Məcburi hərbi xidmət tədbiq olunmayan ölkələr

ABŞ: Vətəndaş müharibəsində (1861-65) cənub və şimal məcburi hərbi xidmət sisteminə müraciət etdilər. Amma, 19-cu əsr boyunca ABŞ-da sülh dövründə məcburi hərbi xidmət tətbiq olunmadı. ABŞ məcburi hərbi xidməti Vyetnam müharibəsi zamanı tətbiq etdi və buna 1973-cü ildə son verdi. 1973-cü ildə ABŞ prezidenti Riçard Nikson məcburu xidmət əvəzinə könüllü əsgərlilik sistemini yaratdı.

Fransa: Fransada məcburi hərbi xidmət 2001-ci ildə ləğv edilib. Hərbi xidmət artıq peşəkar sistem olaraq tətbiq olunmaqdadır.

İngiltərə: İngiltərə II Dünya Müharibəsində məcburi hərbi xidmət tətbiq etdi. I Dünya Müharibəsində İngiltərə ordusu nizamlı əsgərlərdən və könüllülərdən qurulmuşdu. 1930-cu illərdə İngiltərə, olduqca kiçik nizamlı ordu ilə kifayətləndi. II Dünya Müharibəsi bütün ölkələrin orduya baxışlarını dərhal dəyişdirdi. İngiltərə də iki illik bir müddət üçün gəncləri əsgərə çağıraraq güclü ordu qurdu. İngiltərədə məcburi xidmət 1960-cı ilə qədər davam edib. İndi isə ordu tamamilə könüllülərdən ibarətdir.

Yaponiya: İkinci Dünya Müharibəsindən sonra imzalanan razılaşmalara görə, bu ölkənin rəsmi olaraq silahlı qüvvələrə sahib olması qadağan edilib. Ancaq ölkənin peşəkar ordusu vardır.

Kanada: Peşəkar ordusu vardır. Məcburi hərbi xidmətin tətbiq olunması ilə bağlı qanunlarda hər hansı bir tənzimləmə yoxdur.

Pakistan: Pakistanda digər ölkələrdən fərqli bir hərbi xidmət sistemi var. Əslində məcburi xidmət yoxdur, ancaq Pakistandakı yerli qəbilələrin müəyyən sayda könüllü əsgər vermək məcburiliyi var.

İsveç: 2010-cu ilin əvvəlinə kimi xidmət məcburi idi. 18-47 yaşarası kişilər hərbi xidmətə çağırılırdı.

Bosniya_Hersoqovina: 2006-cı ildən etibarən məcburi hərbi xidmət ləğv edilib.

Hindistan: 1948-ci ildə müstəqilliyini qazanan ölkədə məcburi hərbi xidmət heç bir zaman tətbiq olunmayıb. Ancaq təhlükə halında məcburi xidmət sisteminin qüvvəyə minəcəyi ilə bağlı qanun var. Hal-hazırda məcburi hərbi xidmətin gələcəyi müzakirə edilir.

Argentina: 1994-cü ildə məcburi hərbi xidmət qaldırılıb. Ancaq müharibə və ya fövqəladə hallarda məcburi xidmət sistemi qüvvəyə minir.

Latviya: 2007-ci ildə məcburi hərbi xidmət ləğv edilib.

Livan: Məcburi 1 il hərbi xidmətin tətbiqi 2005-ci ildə qaldırılıb.

Avstraliya: 1972-də hökumət məcburi hərbi xidməti qaldırıb.

Şri-lanka: İstər İngiltərənin hakimiyyəti altında ikən, istərsə də müstəqilliyini qazandığı 1948-ci ildən sonra məcburi hərbi xidmət tədbiqi olunmayıb.Ordusu tamamilə könüllülərdən ibarətdir.

İtaliya: 2000-ci ildə parlamentdə qəbul olunan qərara görə, 2007-ci ildən sonra tamamilə peşəkar bir ordunun qurulması nəzərdə tutulub. Ancaq keçid müddəti nəzərdə tutulduğundan daha sürətli və müvəffəqiyyətli olduğundan daha iki il əvvəl, 2005-ci ildə peşəkar orduya keçid baş tutub.

Belçika: 1994-cü ildə məcburi hərbi xidmət qaldırılıb. 2010-cu ilin əvvəlində isə hərbi xidmətdə könüllülük tədbiq olunub.

İspaniya: 2002-ci ildən etibarən məcburi hərbi xidmət qaldırılaraq peşəkar ordu qurulub.

İrlandiya: Məcburi hərbi xidmət isitemi ölkə tarixində heç bir zaman tədbiq olunmayıb. Ölkənin peşəkar ordusu vardır.

Macarıstan: 2003-cü ildə peşəkar orduya keçməsi ilə bağlı qərar verilıb.

Peşəkar ordu qurulan digər ölkələr: Lüksemburq, Makedonuya, Mərakeş, Hollandiya, Yeni Zellandiya, Tanzaniya, Panama, Peru, Filippin, Polşa, Portuqaliya, Rumınıya, Slovakiya, Sloveniya, Cənubi Afrika Respublikası.

 

0 şərh