Vinfild Skott

Amerika tarixində böyük sərkərdələr hər hansı başqa ölkələrin, məsələn, Rusiyanın hərb dühalarından sayca qat-qat çoxdur. Çünki bu ölkə nəinki indiyə kimi apardığı müharibələrdə heç vaxt məğlub olmamış, hətta kömək etdiyi Vyetnam və Koreya kimi ölkələri də tamamilə kommunist əsarətinə düşməkdən xilas etmişdir. Bu cəhətdən ABŞ peşəkar hərbi qüvvələrinin banisi Skottu qeyd etməmək qeyri-mümkündür. 20 ilə qədər ABŞ hərbi qüvvələrinin baş komandanı olmaq çox şey deyir.

O, Virciniya şəhəri yaxınlığındakı Lorel Branç qəsəbəsində anadan olmuş, Uilyam və Mariya kollecində təhsil almışdır. Daha sonra hərbi xidmətə başlayıb 22 yaşında general rütbəsində olan komandiri Uilkinsonu satqınlıqda ittiham etməyə cürət etmiş, ilk vaxtlar hərbdən kənarlaşdırılsa da, sonra bəraət alıb işinə qaytarılmışdır. İlk döyüş təcrübəsini Kanadaya girmək istəyən ingilislərlə toqquşmada almışdır.
Vinfild SkottO, podpolkovnik rütbəsində əsir düşmüş, ancaq üç aydan sonra azad edilmişdir. Skott ABŞ-İngiltərə hərbi konfliktlərində ölkənin hərbi qüvvələrini təkmilləşdirmək planını qarşısına məqsəd qoymuş, xüsusilə briqada generalı olanda planını həyata keçirməyə, yəni könüllülərdən ibarət ordu deyil, yüksək hazırlıqlı professional silahlı qüvvələr yaradılması uğrunda fəaliyyətə başlamışdır. O, ciddi təlimlər aparmaqla öz ordusunda məqsədinə nail olmuş, sonra ölkənin baş komandanı olanda isə bütün ordu hissələrində bu yüksək peşəkarlığı və hazırlığı tətbiq etmişdir.

5 iyul 1814-cü ildə Skott ilk hərbi qələbələrindən birini Kanadanın Çippeya çayı sahilində qazandı. 1700 nəfərlik qoşunu olan ingilis generalı Braun birdən-birə qarşısında hindu könüllüləri əvəzinə nizami ordu görəndə heyrətdən qışqırmışdı. Ancaq artıq gec idi. Toqquşmada 236 ingilis ölmüş, 332-si yaralanmış və 46-sı əsir düşmüşdür. Skott isə cəmi-cümlətanı bir nəfər itki vermişdi. Bu qələbə ona ABŞ-da geniş şöhrət gətirdi. Skott qərargaha qayıdıb ordu təşkilatı və hərbi nizamnamə və dərsliklər hazırlamağa başladı.

Skottun çox zaman prinsipial məsələlər barədə konqresmenlər və hətta prezidentin özü ilə mübahisələri düşür. Amma onun necə təmiz şəxsiyyət və hərbi istedad olduğunu bilib güzəştə gedirdilər. Bütün bunların nəticəsində 5 iyul 1841-ci ildə o, ABŞ hərbi qüvvələrinin baş komandanı təyin olundu. Az sonra ABŞ-Meksika müharibələri başlandı. Əhvalat Texasda baş vermişdi. Bu nəhəng ştat əhalisinin əksəriyyəti amerikalılardan ibarət idi. Elə onlar da 30 iyul 1835-ci ildə Meksika hökumətinə qarşı qiyam qaldırmışdılar. Buna cavab olaraq Meksika prezidenti Antonio Lopes Santa-Ana 23 fevral 1836-cı ildə 3 min nəfərlik ordu ilə Alamo fortunu mühasirəyə aldı. Fortun 180 nəfərlik müdafiəçisi təslim olmaq təklifini rədd etdi. General Lopes forta həmlə əmrini verdi və martın 6-da Alamo alındı. Qalanın 180 nəfərlik müdafiəçilərinin hamısı həlak oldu. Amma onların hər biri meksikalılardan düz 8-ni qırdılar.

Texas öz müstəqilliyini elan etdi. Əsl müharibə də bundan sonra balandı. Müharibənin uzanacağını görən Skott təklif etdi ki, döyüşçüləri Meksika ərazilərinin içərisinə aparmaq və paytaxtlarını alıb onlara Texasın müstəqilliyini qəbul etdirmək lazımdır. ABŞ prezidenti Ceyms Polk müəyyən tərəddüddən sonra bu fikri təsdiq etdi və general Skott cəbhəyə gəlib fəaliyyətə başladı. Onun qarşısında 100 kilometrlərlə yarımsəhra yolları sürətlə keçmək kimi çətin bir vəzifə dururdu. Və general bu vəzifəni yerinə yetirdi.
Prezident Santa-Ana Skottun yürüşünün uzun çəkəcəyini düşünüb 5-6 qat artıq qüvvə ilə general Teylora qarşı hərəkət etdi. Amma toqquşmada Amerika artilleriyasının qabağında dayana bilməyib geri çəkildi.

Bundan sonra Skott dalbadal meksikalılara qalib gələrək inamla onların paytaxtlarına doğru irəlilədi. Və nəhayət, Puedlonu da alıb əsas məqsədə — Mexikoya tərəf yeridi. O, həmin ay ərzində dalbadal parlaq qələbələr qazanaraq nəhayət 14 sentyabrda Mexikonu aldı. Onun yanında zabit kimi iki gələcək məşhur general — Qrant və Li də iştirak edirdilər.
 

0 şərh