Qurbanlığın ehkamları

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.

Bundan sonra:

Qurbanlığın tərifi və onun hökmü

Qurban-bayram günündə bayram səbəbiylə Allaha yaxınlaşmaq üçün kəsilən heyvana deyilir. Qurbanlıq Quran və Sünnədə sabit olan İslam ayinlərindəndir. Allah taalə belə buyurur: «Sən də Rəbbin üçün namaz qıl və qurban kəs!» (əl-Kövsar 2) Həmçinin belə buyurur: «De: “Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür!Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən müsəlmanların birincisiyəm”.» (əl-Ənam 162-163) Eləcə də Uca Allah belə buyurur: «Biz hər bir ümmət üçün qurbangah müəyyən etdik ki, Allahın onlara ruzi olaraq verdiyi heyvanları qurban kəsərkən Allahın adını çəksinlər. Sizin məbudunuz Tək olan İlahdır. Yalnız Ona itaət edin.» (əl-Həcc 34)

Ənəs (Allah ondan razı olsun) rəvayət edir ki, «Peyğəmbər (Allahın ona salavat və salamı olsun) iki buynuzlu ala qoç qurban etdi. Onları əlləri ilə kəsdiyini və ayağını onun hər birininin boynunun üzərinə qoyduğunu gördüm. Allahın adını zikr etdi və təkbir gətirdi.» (əl-Buxari 5565, Muslim 1966)

Abdullah İbn Ömər (Allah hər ikisindən razı olsun) belə rəvayət edir: «Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Mədinədə on il məskunlaşdı və qurban kəsdi.» (Əhməd 28/2, ət-Tirmizi 1507)

Uqba ibn Amr (Allah ondan razı olsun) belə rəvayət edir: «Peyğəmbər (Allahın ona salavat və salamı olsun) qurbanları aramızda böldü. Mənə erkək düşdü. Mən:»Ey Allahın Elçisi, mənə erkək düşdü?»deyə soruşduqda: «Onu qurban kəs» deyə buyurdu.» (əl-Buxari 5547, Muslim 1965)

Bəra ibn Azib (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) belə buyurmuşdur:«Bu gün bizim ilk öncə edəcəyimiz iş namaz qılmaqdır. Sonra qayıdaraq qurban kəsəcəyik. Kim belə edərsə sünnəyə müvafiq olmuşdur. Hər kim (namazdan qabaq) kəsmişsə, bu ailəsi üçün kəsdiyi ət sayılır və qurbanlıqdan onun heç bir payı yoxdur!» (əl-Buxari 5560, Muslim 1961)

Sələmə ibn Əkva (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir:«Sizlərdən kim qurban kəssə, (qoy bayramın) üçüncü gününün səhəri evində onun ətirindən heç bir şey qalmasın.» Növbəti il (bayram günü yetişdikdə) sahabələr dedilər: «Ey Allahın Elçisi, keçən ildəki kimi edəkmi?» Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: «Özünüz yeyin, (başqalarına) yedizdirin, üstəlik ehtiyatınızı da götürün. Belə ki, keçən il insanlara qıtlıq üz vermişdi, bu səbəbdən də mən sizin onlara yardım etməyinizi istədim.» (əl-Buxari 5569, Muslim 1974)

Qurbanlığın şərtləri

Qurbanlığın 6 şərti vardır:

1. Qurbanlıq şəriətdə icazəli olan heyvanlardan olmalıdır: dəvə, inək, qoyun, quzu və s. Necə ki, Allah Təalə buyurur: «Biz hər bir ümmət üçün qurbangah müəyyən etdik ki, Allahın onlara ruzi olaraq verdiyi heyvanları qurban kəsərkən Allahın adını çəksinlər. Sizin məbudunuz Tək olan İlahdır.» (əl-Həcc 34)

2. Qurbanlıq heyvanın şəriətdə yaşı müvafiq olan heyvandan olmalıdır, o da quzunu altı ayında,qoyunu bir ilində, inəyi iki ilində, dəvəni də beş ilində kəsmək olar. Heyvanın yaşı bu yaşdan aşağı olarsa, o zaman onu qurban kəsmək olmaz.

3. Qurbanlıq heyvanı xəstəlik, korluq, axsağlıq, cılızlıq kimi xəstəliklərdən uzaq olmalıdır. Həmçinin qurbanlıq heyvan hamilə olmamalı, bir ayağı qırıq və s. kimi eyiblərdən uzaq olmalıdır.

4. Qurbanlıq heyvanı qurban kəsənin şəxsi mülkü olmalıdır, yəni o, heyvanın sahibi olmalıdır. Oğurlanmış, qəsb edilmiş və ya başqa haram yolla əldə edilmiş heyvanı qurban kəsmək icazəli deyil.

5. Qurbanlıq yalnız qurban kəsənin öz haqqı olmalıdır, başqasından asılı olaraq qurban kəsmək icazəli deyildir.

6. Qurbanı şəriətə müvafiq olan vaxtda kəsmək gərəkdir ki, o da, bayram günü bayram namazından sonra Zul-Hiccə ayının on üçüncü günündən ta gün batanadək olan vaxtdır. Əgər kimsə bayram namazından öncə yaxud on üçüncü gecədən sonra qurban kəsərsə artıq qurbanlığı səhih olmayacaq, buna dəlil olaraq, əl-Bəra ibn Azib (Allah ondan razı olsun) belə rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) belə buyurur: «Hər kim namazdan qabaq qurban kəsmişsə, bu ailəsi üçün kəsdiyi ət sayılır və qurbanlıqdan onun heç bir payı yoxdur!»(əl-Buxari 5560, Muslim 1961)

Həmçinin Cundub ibn Sufyan (Allah ondan razı olsun) belə rəvayət edir, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) belə buyurur: «Kim ki, namazı qılmadan öncə kəsdisə onun yerinə başqasını kəssin.» (əl-Buxari 2562, Muslim 1960)

Nəbiyşətə əl-Həzəli (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) belə buyurur:«Təşriq (Zul-hiccənin 11, 12, 13) günləri yemək, içmək və Allahı zikr etmək günləridir.» (Muslim 1141)

Əgər kiminsə başına bir iş gəlsə və qurbanı yalnız vaxtı keçəndən sonra kəsməyi bacararsa o zaman da kəsə bilər, çünki o halında üzürlüdür, bunu da namazını yatıb qalana və yaxud unudana qiyas etmək olar, necə ki, namazı xatırladığı zaman qəzasını qılır.

Qurbanlığı gecə və gündüz vaxtında kəsmək icazəlidir, lakin bayram günü namazdan sonra kəsmək daha əfzəldir.


Kimlərə qurban kəsmək gərəklidir?

Hər bir kişi özü və ailəsi adından xırda buynuzlu heyvanlardan birini qurban kəsə bilər, necə ki, Aişə (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə belə deyir: «Peyğəmbər (Allahın ona salavat və salamı olsun) qara yerə ayağını basan, qara yerdə yatan və qaraya baxan buynuzlu qoç gətirilməsini əmr etdi. Onu qurban etmək üçün gətirdilər. Belə buyurdu: «Ey Aişə, bıçağı gətir! Sonra isə belə dedi: «Onu daşla itilə!» Mən də onun dediyini etdim. Bıçağı götürdü və qoyunu tutub yerə sərdi, onu kəsdi və belə buyurdu: «Allahın adıyla (Bismilləh). Allahım Muhəmməddən, Muhammədin ailəsindən və Muhammədin ümməti adından qəbul et.» Sonra onu qurban etdi.»(Muslim 1967)

Əbu Rafia (Allah ondan razı olsun) belə rəvayət edir: «Peyğəmbər (Allahın ona salavat və salamı olsun) iki qoçu qurban kəsdi, onlardan birini özü və ailəsi adından, o birini isə bütün ümməti adından kəsdi.» (Əhməd 8/6)

Bir ailə başçısı xırda buynuzlu heyvanlardan birini qurban kəsərsə artıq bütün ailəsinə də bu qurbanlığı şamil etmiş olar. Həmçinin dəvəni və inəyi yeddi nəfər öz aralarında şərikli kəsə bilər, və o paylardan biri ailə başçısına düşərsə artıq onu da bütün ailəyə şamil etmək olar. Xırda buynuzlu heyvanları iki və daha çox şəxs şərikli kəsə bilməz, çünki Quran və Sünnədə belə əməl varid olmamışdır.

Kəsilən Qurbanlıqdan hansı hissə yeyilir və hansı hissə paylanılır?

Qurban kəsən şəxs üçün ondan yemək, hədiyyə və sədəqə vermək icazəlidir, necə ki, Allahu Təalə buyurur: «Onlardan özünüz də yeyin, sıxıntı içində olan yoxsullara da yedirdin!» (əl-Həcc 28) Başqa yerdə isə belə buyurur: «Böyrü üstə yıxıldıqları zaman onlardan özünüz də yeyin, aza qane olan kasıba və dilənçiyə də yedirdin.» (əl-Həcc 36)

Sələmə ibn Əkva (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə qurbanlıq ətlər haqqında Peyğəmbər (Allahın ona salavat və salamı olsun) belə buyurur: «Özünüz yeyin, (başqalarına) yedizdirin, üstəlik ehtiyatınızı da götürün.»Yedizdirmək deyəndə varlılara hədiyyə vermək və kasıblara da sədəqə etmək qəsd olunur.

Aişənin (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə qurbanlıq ətlər haqqında Peyğəmbər (Allahın ona salavat və salamı olsun) belə buyurur: «Özünüz yeyin, ehtiyatınızı götürün və sədəqə verin.»

Alimlər yeyiləcək, hədiyyə və sədəqə veriləcək qurbanlığın miqdarı barəsində ixtilaf etmişlər. Bu işdə qurban kəsən şəxs istədiyi kimi bölgü apara bilər. Lakin ən çox seçilən görüş odur ki, Qurbanlıq ətin üçdə biri yeyilir, üçdə biri hədiyyə verilir, qalan üçdə biri isə sədəqə verilir. Daha doğrusunu Allah bilir.

Həmçinin Qurbanlıq ətini, dərisini və ya hansısa orqanını satmaq icazəli deyil və onu nəyinsə muqabilində pulun əvəzinə vermək də icazəli deyildir.

Qurban kəsən şəxs nələrdən çəkinməlidir?

Hicri təqvimi ilə Zul-Hiccə ayının 1-i daxil olduqda qurban kəsmək istəyənin saçından, dırnağından və bədəninin tükündən qurbanı kəsənədək nəsə götürməsi haramdır (qurban bayramı zul-hiccə ayının onunda baş verir, qurban kəsən şəxsdə on gün ərzində bunlardan çəkinməlidir), buna dəlil Ummu Sələmənin (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdir: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) belə buyurdu: «Əgər Zul Hiccə ayını görsəniz, başqa rəvayətdə: ilk on gün girdikdə sizdən biriniz qurban kəsmək istəyərsə qoy onda saçından və dırnağından heçnə götürməsin.»(Muslim 1977, Əbu Davud 2791)

Başqa rəvayətdə: «Saçından və dırnağından qurban kəsənədək heç nə götürməsin.»

Əgər bu on günün içindən birinin qurban kəsməkdə niyyəti olsa o zaman o niyyət etdiyi gündən bədənindən heçnə götürməməlidir, ondan əvvəl götürdüyünə isə ona günah yazılmır.

Bunun hikmətinə gəldikdə isə, həcc ziyarətinə gedən şəxs ehram geyindikdə artıq bədənindən tük və saç götürmək ona gadağandır və bu aməldə qurban kəsən şəxs həcc zəvvarıyla eyni əmələ şərik olur.Bu iş yalnız qurban kəsən şəxsə aiddir, onun ailə üzvlərinə bu hökm şamil olunmur, çünki Peyğəmbər öz ailəsinə bunu əmr etməmişdir.

Əgər qurban kəsən şəxs saçından, bədəninin tükündən və ya dırnağından nəsə götürərsə o zamam Allaha tövbə etsin və bir daha bunu etməsin, əgər bunu etsə belə ona qurban kəsməməyə heçnə mane olmamalıdır.

Bilməyərəkdən və ya unudaraq bədənindən nəsə götürənə buna görə günah yazılmaz.

Heyvan kəsməyin şərtləri

1. Heyvan kəsən şəxs ağıl sahibi və ağı qaradan seçməyi bacaran insan olmalıdır. Bir şeyi başqa şeydən ayırıb seçə bilməyən və ya dəlinin kəsdiyi heyvan halal sayılmır.

2. Heyvan kəsən şəxs müsəlman və ya əhli kitaba (yəhudilər, nəsranilər) nisbət olunan şəxs olmalıdır, necə ki, Allahu Təalə buyurur: «Kitab verilənlərin yeməkləri sizə halal, sizin yeməkləriniz də onlara halaldır.» (əl-Maidə 5). Həmçinin Peyğəmbər (Allahın ona salavat və salamı olsun) yahudi qadının ona hədiyyə verdiyi qoyundan yemişdi.(əl-Buxari 2617, Muslim 2190)

Lakin müsəlmana əhli kitabdan olmayanların kəsdiyi əti yemək halal deyildir. Həmçinin müsəlmanın və əhli kitabın kəsdiyi heyvanı necə kəsdiyini soruşmaq lazım deyil?! Kəsəndə Allahın adını çəkdi ya yox?! Buna dəlil Peyğəmbərimizin (Allahın ona salavat və salamı olsun) yəhudi qadının ona verdiyi ətdən yeyib və ondan heçnə soruşmamasıdır.

Başqa hədisdə Aişə (Allah ondan razı olsun) rəvəyat edir ki: Bir qövm Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) belə dedi: «Küfürdən çıxıb islamı yeni qəbul edən başqa qövmlərdən bizə ətlər gəlir və biz bilmirik onun üzərində Allahın adını çəkiblər ya yox?» Peyğəmbər dedi: «Siz onun üzərində Allahın adını çəkin və yeyin.» (əl-Buxari 5007)

3. Heyvan kəsən şəxsin qəsdi qurban kəsmək olmalıdır, əgər bir heyvan onun üstünə hücüm etsə və o, heyvanı öz canını qorumaq üçün öldürərsə o zaman onun kəsdiyi halal deyildir.

4. Kəsilən heyvan Allahdan qeyrisi üçün kəsilməməlidir, əgər Allahdan qeyrisi üçün kəsilsə o zaman onun kəsdiyi halal deyildir, necə ki, insanlar bütlərə, daşlara, ağaclara, qəbirlərə, mələklələrə və s. Allahdan qeryisinə kəsdikləri kimi.

5. Onun üzərində Allahın adından başqa heç kimin adı çəkilməməlidir, misal üçün: əgər Peyğəmbərin adıyla, mələyin adıyla, ya filankəsin adıyla deyib kəssə o zaman onun kəsdiyi halal deyildir, necə ki, Allahu Təalə buyurur: «Leş, qan, donuz əti, Allahdan başqasının adı ilə kəsilmiş, boğulmuş, döyülüb öldürülmüş, hündür bir yerdən yıxılıb gəbərmiş, buynuzlanıb öldürülmüş, yırtıcı heyvan tərəfindən parçalanıb yeyilmiş, – ölməmiş kəsdikləriniz istisnadır, – dik qoyulmuş daşlar (bütlər və s.) üzərində kəsilmiş heyvanlar və fal oxları ilə qismət axtarmanız sizə haram edildi.» (əl-Maidə 3)

6.Heyvan kəsilən an Allahın adını onun üzərində çəkmək gərəkdir, (yəni Bismilləh (Allahın adı ilə ) demək), necə ki, Allahu Təalə buyurur: «Əgər Allahın ayələrinə inanırsınızsa, üstündə Onun adı çəkilmiş – “bismilləh” deyilib kəsilmiş heyvanlardan yeyin.» (əl-Ənam 118), əgər kəsilən an Allahın adı çəkilməsə o zaman onun kəsdiyi halal deyildir, necə ki, Allahu Təalə buyurur: «Üstündə Allahın adı çəkilməmiş – “bismilləh” deyilib kəsilməmiş heyvanlardan yeməyin.» (əl-Ənam 121)

Əgər qurbanı kəsən insan laldırsa o zaman onu deməyə mükəlləf deyildir, necə ki, Allahu Təalə buyurur: «Nə qədər bacarırsınızsa Allahdan qorxun.» (ət-Təğabun 16)

7. Heyvanı kəsdikdə iti bir alətlə kəsmək gərəkdir. Rafi ibn Xədic (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) belə buyurdu: «Heyvanın qanı axıdıldısa və onun üstündə Allahın adı çəkildisə, ondan yeyə bilərsiniz.Lakin diş və dırnaqla kəsmək olmaz.Sizə bunun niyə qadağan olduğunu deyim: diş sümükdür, dırnaq isə həbəşilərin bıçağıdır.» (əl-Buxari 2488)

8. Heyvan kəsildikdə qanı axıdılmalıdır, necə ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) belə buyurdu:«Heyvanın qanı axıdılsa və onum üstünə Allahın adı çəkilsə, ondan yeyə bilərsiniz.»

Tokla və ya başqa bir alətlə qanı axıdılmadan heyvan kəsilsə o zaman o kəsilən heyvan halal deyildir.

9. Kəsilən heyvan şəriətdə kəsilməsi halal olan heyvan olmalıdır, halal olmayan isə iki növdür:

a) Allah Təalə tərəfindən haram edilib, necə ki, Allah Təalə buyurur: «Haram edildiyi sizə bildiriləcək heyvanlar və ehramda olarkən ovladığınız ov istisna olmaqla digər heyvanlar sizə halal edildi.» (əl-Maidə 1)

b) Oğurlanmış, qəsb edilmiş heyvanların qurban kəsilməsi haramdır.

Heyvan kəsməyin ədəbləri

1. Heyvan kəsildikdə, kəsildiyi an heyvanı qibləyə tərəf uzatmaq.

2. Rahat bir şəkildə heyvanı kəsmək, yəni iti bir alətlə və tez bir şəkildə bunu etmək lazımdır, necə ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) belə buyurur: «Şübhəsiz ki, Allah hər bir şeydə yaxşılığı fərz etmişdir. Elə isə, öldürdüyünüz zaman, gözəl bir şəkildə öldürün! Kəsdiyiniz zaman gözəl bir şəkildə kəsin! Sizlərdən biriniz (kəsdiyi) bıçağı itiləsin və kəsdiyi heyvanı rahat kəssin!» (Muslim 1955)

3. Dəvə kəsdikdə onu ayaq üstə dayanan vaxtda kəsmək (buda dəvənin kəsmə qaydasıdır), digər heyvanları isə yerə uzadaraq kəsmək gərəkdir.

4. Boyun damarıarıyla yanaşı ulğumu birdə gida borusunu kəsmək.

5. Qurban kəsilən heyvandan bıçağı gizlətmək lazımdır, yalnız kəsdiyi zaman onu görməsi istisnadır.

6. Allahın adını çəkdikdən sonra təkbir «Allahu Əkbər (Allah ən böyükdür)»  demək.

7. Heyvanı kəsdikə Allahın adını çəkib və təkbir dedikdən sonra, kimin adından kəsildiyini söyləmək, misal; Allahım bu qurbanı məndən qəbul et, başqasından olduqda isə:Allahım bu qurbanı filankəsdən qəbul et.


Heyvan kəsdikdə bu əməllərdən çəkinmək gərəkdir:

1. Qeyri iti alətlə heyvanı kəsmək.
2. Kəsdiyi aləti itilədikdə heyvana onu göstərmək.
3. Başqa bir heyvanın qabağında digər heyvanı kəsmək.
4. Heyvanı kəsmədən öncə ona əziyyət vermək, misal üçün: boynunu və ya ayağını qırmaq, tükünü yolmaq və s. bu kimi əməllər haramdır.

Hazırladı: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Məcid Məmmədov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Feqih.com

 

0 şərh