Təcavüzün “mədəniyyət sandıqları”

Deyəcəyim fikirlərə lap uzaqdan, yad coğrafi bir məkandan başlamaq istəyirəm. Kolumbiya qəbilələrinin birində belə adət vardı. Hindu başqasından borc götürəndə əmanət kimi öz adını girov qoyurdu. Borcunu qaytarana qədər isə adsız yaşayırdı. İbtidai qanunlar olsa da, qəbilədə insan adının şərəfi, onun başqası qarşısında məsuliyyəti nə qədər qiymətlidir. Belə bir aforizm var, mərdlik olmasa müdriklik faydasızdır. Dünyada hakimlik edən marginalların “mərdliyi”nin əsas məqsədi isə özgələrə öz iradəsini qəbul etdirib «yol göstərməkdir».

Təəssüf ki, təcavüzün yazılmayan qanunları çoxdur. Kim güclüdürsə, o da haqlıdır. Dünya mədəniyyətinə, elminə sahib olmaq üçün nə qədər müharibə aparılıb, günahsız qanlar tökülüb? “Müharibə və mədəniyyət bir araya gəlmir, onlar ayrı-ayrı dillərdə danışır.” (V.Bıkov).

Qədim zamanlarda Yunanıstanda muzeyin ilk beşiyi məbədlər, sonralar isə varlı insanların topladığı şəxsi kolleksiyalar olmuşdu. Sonra müharibələr dövründə qalib tərəf yad ölkənin incəsənət əsərlərini mənimsəyirdi. Əsərlər öz doğma məkanını tərk etdikdən sonra məşhurlaşmağa başlayır, pərəstişkarlarının sayı çoxalırdı. Məsələn, Roma imperatoru Adrian Yunanıstan və Misirdə gördüyü incəsənət əsərlərinin surətini çıxartdıraraq, əsl müzeyləri geridə qoya biləcək zəngin kolleksiya yarada bilmişdi.

Səlib yürüşlərində (1096-1291-ci illər ərzində) Qərbi Avropada öz mövqeyini möhkəmlədən, var-dövlətini zənginləşdirən ruhanilər, cəngavərlər azmı qənimətlər qazanıblar? Benjamin Franklinin fikri bunlara sərt cavabdır: “Əxlaqdan məhrum siyasətdə qanunlar nə iş görə bilər?” Düşünürsən ki, “gözəllik aşiqləri” müharibələrdə sənət əsərlərinin bahalı qiyməti qədər də insan həyatını məhv ediblər. İnsanların ölümü hesabına isə əsərlər ölməzləşir.

Qəribədir, şərq mədəniyyətinin nümunələri Avropaya daşınsa da, orda sərgilənən əsərlər, heykəllər, əlyazmalar, zinət əşyaları onsuz da öz adı, vətəni ilə ziyarətçilərə təqdim olunur. Məsələn, Berlində yerləşən muzeydə Romanın məşhur Milet bazarının darvazası, İştar darvazası, Nefirtitinin büstü və s. Darvaza da öz yerini dəyişərmiş?! Bu məqamda Gənsə qapısının acı taleyi yadıma düşdü.

XVIII əsrin ortalarında gürcü çarı II İrakliy Gəncəyə hücum edir. Qənimət kimi Gəncə qapısını Gürcüstana aparır. Döymə üsulu ilə naxış və ornamentlərlə bəzənmiş neçə tonluq dəmir qapıların üstündə ərəb dilində «Rəhimli və mərhəmətli Allahın adı ilə» yazılmışdı. Gürcü kilsəsində biri qapı, ikincisi isə kilsənin dam örtüyü kimi istifadə olunmuşdu. İslam dinini əks edən bu qapıların xristian dininə nə dəxli var?!

Coğrafiyanı dəyişib Qafqazdan keçək Qərbi Avropaya. Mədəniyyət yüklü qiymətli karvanlar yalnız şərqdən qərbə doğru irəliləyir. 1830-cı ildə Karl Fridrix Şinkelin layihəsi əsasında Berlinin mərkəzində muzey adası yaradılır. Prussiya krallarının topladığı sənət əsərlərinin kolleksiyası bu muzeydə toplanılıb. Muzey demək olar ki, bəşəriyyətin 6 minillik tarixinin qədim mədəni irsinin zəngin kolleksiyasına malikdir. Doğrudan da Berlin muzeyi sanki incəsənət adasıdır. Lakin bu zənginliyə yad əllərin uzanması onu bir çox sənət incilərindən məhrum edir.

İkinci Dünya müharibəsindən sonra Almaniyanın Şəkil Qalereyası Fondu 593 əsər, Milli Qalereya isə 852 əsər itirir. Bunlara sahib çıxan sovet zabitləri, amerika və ingilis hərbi heyyəti olmuşdur.1958-ci ildə Sovet Dövləti tərəfindən mənumsənilən əsərlər Almaniyanın muzeylərinə qaytarılsa da, yenə çox hissəsi Moskvanın Puşkin muzeyi və Peterburqun Ermitaj muzeyinin ehtiyat fondunda saxlanılır. Karavadjo, Rubens, Van Deyk və bir çox görkəmli sənətkarların bəzi şəkillərinin dəqiq yeri bilinmir.
Muzeylərin divarları arasında əsrlərin tarixi, əsərlərin, heykəllərin insan kimi taleləri yaşayır. İnsandan fərqli olaraq onların ömrü zamansızdır. Dəyişilən məkan və ziyarətçilərdir...

Avropanın şimal hissəsində 1753-cü ildə ilk dəfə Londonda muzey açılır, amma onu ziyarət etmək üçün əvvəlcədən yazılı surətdə razılıq almaq vacib idi. Zəngin kolleksiyaya malik muzey 6 milyon eksponata malikdir. İngiltərə muzeyində incəsənətin ibtidai dövrlərindən başlayaraq Avropa və Asiyanın orta əsrlər incəsənətinə qədər əsərlər, mədəniyyət abidələri toplanmışdır. Misirin sarkofaq və mumiyaları, Afrikanın, Amerikanın etnoqrafik abidələri, əlyazmaları, məişət əşyaları, dünyanın yeddi möcüzəsindən biri olan Qalikarnas movzoleyinin heykəlləri və barelyefləri muzeyin ən möhtəşəm qənimətləridir. Həmçinin XX əsrin əvvəllərində Mesopotamiyada aparılan arxeoloji qazıntılar zamanı aşkar olunan qədim əşyalar muzeydə qorunur.

Yunanıstan və Misir dövlətləri hələ də dünya muzeylərindən öz mədəni sərvətlərinin geri alınmasına nail ola bilmirlər. Ən maraqlısı odur ki, İngiltərənin Milli Muzeyində dünya mədəniyyətinin tarixi abidələrini mühafizə edən peşəkarlarla bərabər siçan və siçovulları ovlayan altı pişik də oranın işçi ştatında çalışır. Yəqin onun əsas məvacibi ovladığı gəmiricilərdir.

Hal-hazırda İngiltərədə 240 muzey fəaliyyət göstərir. Onların çox hissəsi ziyarətçilər üçün pulsuzdur.
Avropada zəngin, möhtəşəm incəsənət məbədlərindən biri də Fransanın Luvr muzeyidir. O 1793-cü ildə Fransa İnqilabı dövründə açılır və kütləvi surətdə xalqın xidmətinə verilir. Muzey əvvəllər Napoleonun adını daşıyırdı. Tarixdən məlumdur ki, Napoleon ordusunun təcavüzü nəticəsində dünyanın ən görkəmli rəssam və heykəltaraşlarının şah əsərləri Fransaya gətirilmişdir. Onların arasında Leonardo da Vinçinin “Cakonda”, Rafaelin “Gözəl bağban” şəkilləri var. İspaniyadan Hindistana qədər islam mədəniyyətini əks edən tarixi abidələr, əsərlər Luvrda sərgilənir.

Yadımdadır, “Azərbaycan nyus” jurnalı üçün (on il əvvəl) Şirvanşahlar sarayından məqalə yazarkən qoruğun keçmiş direktorundan soruşmuşdum ki, orta əsrlərdə sarayın varı, sərvəti, kitabxanası ölkəmizə təcavüz edənlər tərəfindən talandı, indi onların bir qismini dünya muzeylərindən geri almaq mümkündürmü? Dedi ki, çalışırıq...

Belə nəticəyə gəlmək olar ki, təcavüzün qurbanı olan mədəniyyət abidələri vətəndən ayrılanda öz xalqının taleyini yox, ancaq adını daşıyır.
Evlərə, saraylara gəlinlərlə bir yerdə cehiz köçən xoşbəxt naxışlı milli, bənzərsiz xalılarımız özgələrin ayaqları altına atılıb. Növbəti təcavüzlərdən biri də 1988-ci ildən başlayır. Ermənilər tərəfindən 100 mindən artıq əşyaya malik olan 22 muzeyimiz işğal olundu. Çörəyimizə nankor çıxan ermənilər Ağdamda Çörək muzeyini bombaladılar. Nə vaxtsa torpaqlarımızı geri alacağıq, muzeylər də bərpa olunacaq, amma torpağından zülmlə ayrılanlar, düşmən gülləsinə tuş gələnlər, məhv olunanlar bir də vətəninə geri dönməyəcək, doğma sərin bulaqlardan su içməyəcək, xarı bülbülü yaxasına taxmayacaq...Ağır, çətin günlərin sirdaşı olan bu kərkük bayatısı, görək zülm çəkən xalqların (əsasən müsəlmanların) dilindən nə deyir:

Divara daş qoymuşam,
Uğrunda baş qoymuşam.
Gözlərimdən qan gəlir,
Adını yaş qoymuşam.

Dünyada fəaliyyət göstərən bir çox müzeyin eksponatları hansı ölkənin neçənci illərdə hansı coğrafi ərazilərdə işğalçılıq siyasəti ilə məşğul olduğunu üzə çıxarır.Təcavüzün “mədəniyyət sandıqları”nın yerdəyişmə marşrutlarının, ölkələrarası hərəkətinin dünya xəritəsini tərtib etsək, bir çox qaranlıq mətləblərə aydınlıq gələr. Beynəlxalq məhkəmələrdə incəsənət sahəsi üzrə ədaləti bərqərar edə biləcək araşdırmalar, təhqiqat işləri aparılsaydı, obrazlı desək, “əsir övladlar” ana vətəninə qaytarılardı. İngilis filosofu Tomas Hobsun da bu fikirləri həbsə məhkumdur: “Qisas alarkən törədilmiş pisliyin ölçüsü yox, qisasdan sonra yaranacaq xeyrin ölçüsü nəzərə alınmalıdır.” “Qisas” dünyada ən dəhşətli, vəhşi bir xüsusiyyətdir insanda. Çünki qisas olan yerdə mərhəmətə yer yoxdur. Həmin “xeyir ölçüsü” isə müharibələrdən sonra mənimsənilmiş qənimətlərdir.

Ürək ağrısıyla demək lazımdır ki, Azərbaycanın qədim sənətkarlıq nümunələri, ornamental və süjetli xalıları, zərgərlik məmulatları Moskvada, Sankt-Peterburqda, Macarıstanda, Amerikada, İsveçrədə, Almaniyada, İngiltərədə və s. ölkələrdə qürbət ömrünü yaşayır. Nə yaxşı ki, Vatikanın Apostol kitabxanasında Azərbaycanla bağlı 60-dan çox qədim əlyazma, 500-dən çox sənəd aşkar olunmuşdur. Surətləri də olsa vətəninə gətirildi. Bu sənədlər tarixi əhəmiyyət kəsb edir. Onların arasında Elxanilər, Atabəylər, Ağqoyunlu, Qaraqoyunlu, Qacarlar, Səfəvilər dövlətinin hökmdarlarının Vatikana göndərilən məktubları var. Yei gəlmişkən qeyd edək ki, 1475-ci ildə əsası qoyulan Vatikan kitabxanasında altmış min əlyazmadan ibarət cildliklər, yüz min müəllif əlyazmaları, yüz min qravyura və coğrafi xəritələr mövcuddur. Dünyada ən böyük muzeylərdən biri Vatikana məxsusdur. Yeganə yerdir ki, Vatikanın bayrağı kosmik gəmi Appolon-11-in kosmonavtları ilə aya qonaq aparılmış, hal-hazırda o muzeydə nümayiş olunur.

Yuxarıda deyilənlərlə yanaşı, bir tarixi hadisəni də yada salmaq istəyirəm. 1933-cü ildə Berlində yəhudi muzeyi fəaliyyət göstərirdi. Nassistlər hakimiyyətə gələndən sonra muzey bağlanır, daha sonra yəhudilərin başına gələn faciələr isə tarixdən məlumdur. Göründüyü kimi, siyasi mübarizə ilk öncə xalqın milli mənəvi sərvətinə təcavüzdən başlanır. Uzun illərdən sonra 1988-ci ildə muzeyin sərgi zalının sahəsinin genişləndirilməsi məqsədi ilə memar Daniyel Libeskind binaya öz keçmiş taleyini xatırladan forma verməyə nail olur. Bina uzaqdan uzun baraka oxşayır, üstündə sınıq xətlər isə ensiz pəncərələri əvəz edir. Binanın daxilində divarların görünüşü, tünd rəngi ziyarətçilərə mənfi təsir göstərir, maili döşəmədə irəliləmək isə çox çətinliklə başa gəlir.

Bir sözlə, muzeyin əhəmiyyəti ondan ibarətdir ki, keçmiş tarix gənc nəslin yaddaşında yaşamaqda, xatırlanmaqda davam edir...Yəqin ki, nə vaxtsa Azərbaycanın torpaqları işğaldan azad edildikdən sonra xalqın taleyində yaşanan acı tarix öz məzmununa uyğun yeni muzeyin yaranmasına kömək edəcəkdir.

1934-cü ildə muzeylərin fəaliyyəti ilə bağlı Hitler, Gebbels tərəfindən keçirilən tədbirlərə qısaca da olsa nəzər yetirək. Həmin ildə Nyunberqdə partiya iclasında Hitler qeyd edir ki, kubistlər, futuristlər, dadaistlər bədii sabotaj yaradır, bədii sərsəmlik ideyalarını yayırlar. O dövrdə Reyxdə silahlanmanı gücləndirmək üçün böyük vəsait tələb olunurdu. Reyxs-marşal iqtisadçı Qerman Qerinq “degenerativ incəsənət” adı altında muzeydən bahalı, məşhur sənət əsərlərinin satışını təşkil etmək ideyasını irəli sürür. Bununla yanaşı, ancaq alman sənətkarlarının əsərlərinin nümayişi, təbliği təklif edilir.

1937-ci ildə həmçinin modernist, avanqard janrda çəkilən əsərlər muzeylərdən uzaqlaşdırılır. Hitler bunu onunla əlaqələndirir ki, alman mədəniyyətinə qarşı guya “yəhudilər sui-qəsd hazırlayırlar”. O, təkid edir ki, bu ideya hər yerdə geniş təbliğ olunsun. Qara siyahıya düşən müəlliflərdən Van Qoq, Anri Matiss, Pablo Pikasso, Mark Şaqal və başqalarının əsərləri xaricdə auksionlarda satılır. 1939-cu ildə isə Berlində yanğın söndürənlərin həyətində məxfi surətdə təxminən 5000 əsər yandırılır.

Bir haşiyəyə çıxım. İkinci dünya müharibəsi dövründə almanların yəhudilərə qarşı amansız münasibəti fonunda cəsur qadın İrina Sandlerin qəhrəmanlığı xüsusi diqqət çəkir. Bu nəcib alman qadınını nasistlərin vəhşilikləri əsla qorxutmur. O, nasistlərin yəhudilərə qarşı ölüm düşərgələrində təşkil etdikləri amansız planlardan xəbərdar idi. Öz gizlin məqsədinə çatmaq üçün Varşava gettosuna texniki işçi kimi işə düzəlir. O, çilingər alətləri üçün nəzərdə tutulan çantasının dibində işin axırında hər dəfə bir balaca uşağı yük maşınında gizlədirdi. Uşaqların səsini gözətçilər eşitməsin deyə, özü ilə it də götürürdü. Beləcə, 2500 uşağı ölüm düşərgəsindən xilas edə bilmişdi. Bir müddətdən sonra humanist, fədakar qadın kimi o, Nobel mükafatına təqdim edilir, lakin mükafat başqasına nəsib olur.

İrina Sandler məşhur alim, yazıçı, rəssam, bəstəkar deyil, onun ən böyük "əsəri" geniş qəlbi və insanları ürəkdən, təmənnasız sevib qiymətləndirmək keyfiyyətidir. Minlərlə uşağı ölüm təhlükəsindən xilas edib onlara ikinci həyat vermək dünyada xeyrin şər üzərində qələbəsi deyilmi?!
Təəssüf ki, ölüm düşərgəsində hamı xilas ola bilməyib. Polşada Osvensiumda nasistlərin əsirlərə qarşı törətdiyi cinayətlərdən sonra uşaqdan qocaya qədər onların geyim əşyaları ayrı-ayrı nəhəng şüşə arxasında toplanılmışdır. Təqribi hesablamalara görə, beş milyona yaxın əsir sobalarda yandırılmış yaxud qazla zəhərlənmişdir.

1947-ci ildən bu ölüm düşərgəsi Auşvis-Birkonau Dövlət Muzeyi kimi fəaliyyət göstərir. Başqa muzeylərdən fərqli olaraq bu muzey öz ziyarətçilərinə estetik zövq vermir. Şəxsən özüm muzeyi vaxtı ikən ziyarət etmiş, gördüklərimdən sarsıntı keçirmişəm. Burda başqa muzeylərdə sərgilənən şah əsərlərdən qat-qat dəyərli olan insan talelərinin acı xatırələri yaşayır. Bu muzeydə rəssam tarix özüdür. Ürək ağrıdan mənzərələrdən biri muzeydə nəhəng şüşə arxasında tavana qədər yüklənmiş uşaqların əzik, köhnə ayaqqabılarıdır. Bu günahsız uşaqlar cəhənnəmin nə olduğunu “yerdə gördüm”, deyə bilərlər. Deyilənə görə, Osvensium və Buhenvaldda insanlar Hitlerin sevimli bəstəkarı, ilhamçısı Vaqnerin musiqisinin sədaları altında qaz sobalarına göndərilirdi.
Alman qadını İrina Sandler 2500 körpəni xilas etməklə, dünyaya sübut etmişdir ki, nə cinayətkarın, nə humanist insanın qarşısında din, siyasət çəpər ola bilməz.

Lakin dünyada xoşbəxt uşaqlığın da ayrıca ünvanı- muzeyi var, o Londonda yerləşir. Adı belədir: “Uşaqlığın milli muzeyi.” XIX sərdə inşa edilmiş Viktoriya və Albert muzeyinin pavilyonlarından biri olmuşdur.1974-cü ildən muzey belə adlanır. Muzeyin kolleksiyasında eramızdan əvvəl 1300-cü ilin Misir gəlincikləri, oyuncaq əsgərlər, yumşaq oyuncaqlar, gəlincik evcikləri, konstruktorlar, stolüstü oyunlar, XVI əsrdən başlayaraq ekspozisiyada uşaq geyimləri, ərəbəciklər, uşaq mebeli, qablar və s. toplanmışdır. Hər bir ziyarətçi bu zəngin kolleksiyada uşaqlığının tanış oyuncağını tapa bilər.

Nə yaxşı ki, tarixin yaddaşı muzeylərdə qorunur. Bu yaddaşın dağıdılıb məhv edilməsi qədər böyük cinayət yoxdur. Muzeylərdə sənət əsərləri ilə yanaşı mədəniyyət abidələrinin nümunələri arxeoloqların gərgin əməyi nəticəsində üzə çıxır. Bu, xalqın öz mədəniyyətini daha dərindən tanıması üçün vacibdir. Fikirlərimiz bizi Avropadan Yaxın Şərqə-İraqa doğru aparır. Bəşəriyyətin mədəniyyət mərkəzlərindən biri olan məkanda müharibənin nəinki insanlara, mədəniyyət abidələrinə vurduğu ziyan ölçüyə gəlməzdir. Lakin təqdirə layiq haldır ki, 1923-cü ildə ingilis arxeoloqu Gertruda Bellinin təklifi ilə Bağdad muzeyi yaradılıb.

Nəmrud padşahın xəzinəsindən qızıl əşyalar, bir çox qədim arxeoloji qazıntılar aşkar olduqca muzeyə təhvil verilirdi. Təəssüflər olsun ki, bu başıbəlalı muzey də bir neçə dəfə təcavüzə məruz qalıb. Qədim mədəniyyətin beşiyi olan bu torpaqda vaxtı ikən Babil qülləsi ucalıb. İstedadlı holland rəssamı Piter Breyqelin (Böyük) məşhur “Babil qülləsi” adlı rəsm əsəri əsasında təxmini də olsa qüllənin əzəməti haqda təsəvvürümüz var. “Babil” sözünün mənası “Tanrının darvazası” deməkdir. İnsanlar bu pilləvari darvazanı ərşə qədər ucaltmaq istəyi ilə Allahın nəzərində daha da kiçildilər.

Yadımdadır, 2003-cü ildə televizorda xarici xəbərlərdə İraqın dövlət muzeyinin direktoru Nabxal Amin gördüyü dəhşətlərdən bərk sarsılıb yerə çökərək, iki əli ilə başına vurduğunu göstərdilər. Onun fikrincə, son təcavüzdə 170 min qədim eksponatlar sındırılıb, oğurlanıb. Düzdür, bir neçə ildən sonra muzey əşyalarının bir qismi beynəlxalq təşkilatlarının ümumi səyi ilə geri qaytarılsa da, qədim mədəniyyət nümunələrinin çoxu nə vaxtsa uzaq ölkələrin qənimətinə çevriləcək. İstər-istəməz qədim şərq nağılı yadıma düşür.

Bağdad küçələrində fənərləri yandıran qoca kişinin aramsız təkrar etdiyi “Bağdadda sakitlikdir” sözünə indi, ancaq “Ələddinin sehirli çırağı” nağılında rast gəlmək olar...Yəqin çoxunuz, 1960-cı illərdə sovet kinosunun istehsalı olan “Ələddinin sehirli çırağı” filminə dəfələrlə baxmısınız. Nağılın sonunda məğribli dərviş sehirli çırağa sahib çıxa bilmir, amma bu günün müasir “nağılında” məğribli daha güclüdür. Bu təcavüz siyasətçiləri ilk baxışdan “humanizm müdafiəçiləri kimi” diqqəti cəlb edirlər.Təəssüf ki, muzeylə yanaşı İrakın milli kitabxanası da oğurlanıb, yandırılıb. Əlbəttə, bunu sehirli çırağın cini etməyib.

Rəvayətə görə, ikiüzlü Yanus məbədinin qapısı həmişə müharibələr dövründə taybatay açılır. Dünyada gedən müharibələrdə milyonlarla insan məhv olduğu kimi, milyonlarla dəyəri olan milli sərvətlər də öz vətənindən didərgin düşür. Məncə onlara da “məcburi köçkün” statusu verilsəydi ədalətli olardı.

2009-cu ildə Bağdadın muzeyi yenidən açılıb. “Google”-un internet saytında virtual İrak Milli Muzeyi yaradılıb. Yaxşı atalar sözü var: “Samanlığın yanırsa heç olmasa əlini qızdır.” Atlanta Universitetinin professoru, tarixçi Qordon Nyubi deyir: “Keçmişi dərk etmək imkanlarından məhrum olmağımız ən böyük itkidir.” Bu gün dünyanın hər hansı bir ölkəsində dinindən asılı olmayaraq, günahsız qətlə yetirilən, şəhid gedən cavanlara necə deyək ki, evindən ev törənsin, ömründən ürəyincə doyasan. Bu, irak-kərkük alqışı qarğışa düşən insanlardan daha yan ötür.

Təəssüf ki, “sehirli çıraq” müasir libaslı “məğribli dərviş”in ixtiyarındadır. Onu geri qaytarmaq çətin məsələdir. Çünki sadəlövh, tənbəl məşriqli Ələddin milli qəhrəman səviyyəsinə qalxa bilmir.

Bir məsələyə də toxunmaq istəyirəm ki, qədim dövrlərdə fironlar arasında qansız ötüşən mübarizələr baş verir, qarşı tərəfin yazılı abidələri, mədəniyyəti məhv edilirdi. Düşmənin adı, şöhrəti gələcək tarixdən silinirdi. Təəssüf ki, ən qorxulu düşmən özgə xalqın mədəni sərvətlərini məhv edənlərdir.
Bir sözlə, dünya muzeylərinin taleyi haqda geniş yazı yalnız neçə cildlik kitablara sığa bilər. Biz təkcə onu deyə bilərik ki, muzeylər mənəviyyata açılan pəncərələrdir. 1977-ci ildən mayın 18-i Beynəlxalq Muzeylər günü kimi qeyd olunur. Bu mənəviyyat pəncərələrinin isə o gün qapıları da ziyarətçilərin üzünə təmənnasız açılır. Ona görə də o gün “açıq qapı” günü elan edilir.

Bu yaxınlarda Bakıda R.Mustafayev adına Dövlət İncəsənət Muzeyində təşkil olunan “Fransanın inciləri. Fransız incəsənəti Renesansdan bu günədək” sərgisindən zəngin, unudulmaz bir təəssüratla ayrıldım. Bu sərgidə yuxarıda qeyd etdiyim kimi, “məcburi köçgün” statuslu əsərlər yox idi. Ona görə də fransız müəlliflərinin əsərləri ziyarətçidə ikiqat maraq oyada bilirdi. Fransa rəssam və heykəltaraşlarının boyakarlıq, heykəltaraşlıq nümunələri və qobelenlərdəki qədim qəhrəmanlarla ziyarətçilər arasında dil baryeri yox idi, onların hər biri incəsənət dilində canlı ünsiyyət yarada bilmişdi. Biz muzeylərdə adətən həyata rəssamların gözü ilə baxır, insanları, təbiəti daha yaxından öyrənirik. Bəlkə də özümüzüdərk də sakit muzey zallarının müdrik sükutunda baş verir. Çünki biz burda tarixi həqiqətlərlə kənar müdaxilə olmadan təkcə, üz-üzə qalırıq.

Qədim zamanlarda ziyarətçilər yumruğunu yumruğunun üstünə qoyub boruya bənzər boşluqdan rəsm əsərinə diqqətlə baxırdılar. Sanki əsərin qəhrəmanını daha yaxından görməklə bir məkana düşürdülər. Yunan sözü olan “muzey” “muzalar məbədi” adlanır. Fikir vermisinizsə, muzeylərdə davranış qaydalarına, nizam-intizama çiddi nəzarət mövcuddur. Xüsusilə, Vatikan muzeyində ziyarətçilərə qısa şalvarda, yubkada, sinəsi çox açıq koftada görünmək qadağandır. Bəlkə bu, tarixin səhnəsində əsrlərcə yaşı olan şah əsərlərə dərin hörmətin nəticəsidir ki, əfsanəyə çevrilən qəhrəmanların daldığı sükutun pozulmasını istəmirlər. Çünki onlar sanki qədim dövrün ab-havasından ayrı bir mühiti heç təsəvvürlərinə belə gətirmirlər.

İtaliyadan Luvr müzeyinə gəlin köçən Mono Liza hələ də öz ecazkar, sirrli təbəssümü ilə milyonlarla ziyarətçinin qəlbinə hakim kəsilir. Bu günədək bu qadın obrazı haqqında bir-birindən təzadlı, mübahisələrə səbəb olan fikirlər yaranmaqdadır. Mono Liza isə 500 ildir ki, öz cavanlığını, təravətini, cazibəsini itirmir. O, nəzakətli qadın kimi hamını baxışları ilə qarşılayıb yola salmağı bacarır. İncəsənətin belə möcüzələri var. Rəsm əsərlərinin sehirli aləminə düşən insanların xoşbəxt anlarını Pablo Pikasso belə təsvir edir: “İncəsənət gündəlik həyatın tozlarını qəlblərdən təmizləyir.”
Muzey ziyarətçiləri sosial mövqeyinə görə bir-birindən seçilsə də, incəsənət onlara həyata yeni nəzərlərlə baxmaq öyrədir. Lətifəsi sizdən uzaq, belə bir məzəli lətifə yadıma düşdü: varlı adam muzeydə rəsm əsərinə baxanda yalnız onun satış qiymətini düşünür, kasıb adam isə deyinir ki, xalq yeməyə heç nə tapmır şəkili isə yağlı boya ilə çəkirlər. Bu məqamda ingilis rəssamı Uilyam Bleykin sözlərini də xatırlamamaq mümkün deyil: “Səfeh və ağıllı eyni ağacda eyni şeyi görmürlər.”

Bahalı rəsm əsərləri alan, evi “muzey” olan adamlar üçün bu muzeylər filiallara bənzəyə bilər, lakin onlar bir-birindən öz məqsəd və mövqeyi ilə çox seçilirlər. Əsl muzeyin mənəvi xəzinəsi xalqın üzünə həmişə açıqdır. Doğma tarixdən də qiymətli sərvət nə ola bilər?! Mədəni irsimizi nəsldən-nəslə ötürməkdə muzeylərin fəaliyyəti əvəzsizdir. İncəsənət gənclərin şəxsiyyət kimi formalaşmasında, gözəlliyi qiymətləndirməsində, estetik tərbiyəsində mühüm rol oynayır. Uzun əsrlərdir ki, ifadə formaları, rənglərin dili, janrları ilə seçilən dahi rəssamların əsərləri öz ziyarətçilərini bəşəri duyğularla kökləyib, onları yalnız kamilliyə, müdrikliyə dəvət edir.

Biz isə gözəgörünməz ağ kətandan toxunan sehirli məkanın rəssamı, yol bələdçisiyik — həyatı, özümüzü dərk və təsdiq etmək istedadımızla. Deyirlər ki, elm insanı Allah, incəsənət isə əsl insan edir.

Müəllif: Zöhrə Əsgərova, yazıçı-publisist. 2006-cı ildən Gənclər və İdman Nazirliyində birinci dərəcəli dövlət qulluqçusu, baş məsləhətçidir. İki övladı var. Müxtəlif illərdə onun “İki tale”, “Tənhalıq”, “Özgə evin işığı”, “Mirvari toy”, “Özəl poçtdan məktub var” nəsr kitabları çap olunub.
 

0 şərh