Elmi-texniki sahədə yeni təşkilati quruluşlar

Qərb ölkələrinin elmi-texniki siyasətinin tərkib hissəsi məhəlli elmi-texniki siyasətdir ki, bu da ölkənin ayrı-ayrı regionlarında ETS-nin inkişafının tənzimlənməsi və genişləndirilməsinə, kiçik innova­siya biznesinin inkişafı üçün əlverişli şərait yaradılan xüsusi zonaların və qurşaqların yaradılmasına yönəldilib.
Sahibkarlıq zonaları aşağıdakı funksiyaları yerinə yetirirlər:
- işsizliyin səviyyəsinin aşağı salınmasına kömək, durğun­luqda olan şəhərlərin və regionların təsərrüfatında yeni iş yerlərinin yaradılması;
- milli azlıqların iqtisadi və sosial inkişafına kömək edilməsi.
Zonaların qarşısında yeni elm tutumlu firmalar, ilk növbədə inkişafı üçün əlverişli şərait yaradılan kiçik və orta vençurların «yetişdiricisi» olmaq vəzifəsi qoyulur.
Risk kapitalının federal və ştat subsidiyalarının, vergi güzəştlə­rinin alması imkanlarının genişləndirilməsi üzrə tədbirlər görülür. Ştatlar tərəfindən yaradılan sahibkarlıq zonaları ilə yanaşı, federal sahibkarlıq zonaları da yaradılır ki, onlarında birincilərdən əsas fərqi odur ki, onlar federal hakimiyyət tərəfindən yaradılır və orada işgüzar fəallığın stimullaşdırılması federal vergilərin aşağı salınması yolu baş verir.
Bu və ya digər regionlar üçün federal zona statusu almağın əsas şərti orada işsizliyin daha yüksək səviyyəsi və ölkədəki orta həyat səviyyəsi ilə müqayisədə daha aşağı həyat səviyyəsinin olmasıdır.
Federal zonaların ərazisində əsas vergi güzəştləri bunlardır: fiziki şəxslərin əmlak vergisinə 5% güzəşt; tikintidən vergiyə 10% güzəşt; yerli əhalidən olanların işə götürülməsinə görə sahibkarlara vergi güzəştləri; kapital artımına verginin ləğv edilməsi.
AB-in Fransa, Böyük Britaniya, AFR, İtaliya kimi ölkələrində elmi-texniki siyasətin, proqramların işlənib hazırlanmasına böyük diqqət verilir.
Regional siyasətin əsas istiqaməti müxtəlif rayonlarda elmtu­tumlu sahələrin və müəssisələrin genişləndirilməsidir. İri tədris mü­əs­sisələri, universitetlər elmi-tədqiqat mərkəzləri yerləşən rayonlar üstünlüyə malikdirlər. Vergi və digər maliyyə güzəştlərindən istifadə edərək onların bazasında xüsusi zonaların yaradılması çox vaxt milli və xarici şirkətləri regionun iqtisadiyyatına investisiya qoymağa sövq edən əsas amildir.
Belə ki, ABŞ-da əksər ştatlarda yerli orqanlar elmtutumlu firmaların inkubatoru adlandırılan, aparıcı universitetlərin tərkibində kiçik elmtutumlu firmalar «yetişdirən» bölmə yaradırlar.
Məsələn: müasir dövrdə müxtəlif regionlarda kommersiya əsa­sında texniki cəhətdən qabaqcıl istehsalların yaradılması üzrə 35 «in­ku­bator» təşkil olunmuşdur. Onların çoxu məşhur universitetlərin bazasında yaradılırlar. Böyük Britaniyada xarici şirkətlər adətən öz filiallarını xüsusi olaraq hakimiyyət tərəfindən dövlətin regional siyasəti ilə xüsusi sektorun maraqlarının daha sıx əlaqələndirilməsi məqsədi ilə yaradılan zonalarda yerləşdirirlər.
Xarici firmalar ali tədris müəssisəsinin bazasında və güzəştli vergi qoyma olan sahibkarlıq zonalarında yaradılan «elmi parklara» xüsusi maraq göstərirlər.
Qeyd etmək lazımdır ki, məsələn Fransada «texnopolis» və «elmi park» terminləri sinonim kimi istifadə olunur, ciddi desək bu belə deyil. Texnopolis-şəhər və yaxud bir neçə yaxın yerləşmiş şəhərlərdir ki, onların da iqtisadiyyatında əsas rolu texnologiyalar və istehsallar yaradılan, bu texnologiyaları istifadə edən tədqiqat mərkəzləri oynayır. Park isə –icarə əsasında elm tutumlu firmaların yerləşdirildiyi ərazidə yaradılan kommersiya təşkilatıdır.

İnkubator – kiçik elm tutumlu firmaların yaradılması və inkişa­fına maddi, maliyyə, təşkilati idarəetmə və tədris-pedoqoci kömək göstərən strukturdur. Bu strukturun üstünlüyü ondadır ki büdcə xərcləri tələb etmir. Öz xərclərini ödəmə innovasiya firmalarının gələcək gəlirlərində iştirak hesabına həyata keçirilir. Onların ali müəssisələrinin yanında və ya nəzdində yaradılması yüksək ixtisaslı mütəxəssislərin məşğulluğu probleminin həllinə şərait yaradır.
Aydındır ki, hər 5 yeni kiçik müəssisədən orta hesabla 3-ü bi­rin­ci 6 il ərzində müflisləşir, Amerikan mütəxəssislərinin bəzi hesab­la­ma­larına görə, «inkubatorların» olması firmanın mövcudluğunun ilk 3 ili ərzində müflisləşmə səviyyəsini orta hesabla 50% aşağa salmağa imkan verir. Baxmayaraq ki, «inkubatorlardakı» bəzi firmalar surətlə inkişaf edirlər və öz satış həcmlərini 10-30 mln dollara çatdırırlar, onlar inkubator mərkəzlərində 4-5 il qalaraq onların köməyindən istifadə edirlər.
Adətən həmişə texnopolisin tərkibində bir və ya bir neçə elmi parklar və inkubatorlar olur. Özünün idarəetmə və xidmət sferası olan çox iri park prinsipcə texnopolisə çevrilə bilər.

Texnopark - tədrisin, elmin, və istehsalın xüsusi inteqrasiya forması olub işçilər üçün yaşayış yeri, təhsil almaq və lazımi qaydada istirahət etmək imkanı verən və məişət şəraitinə malik olan icarəyə götürülmüş və yaxud onun mülkiyyəti olan ərazidir.
Texnoparkın təşkilati strukturu özündə iki səviyyəni birləşdirir: Strateji və Operativ. Strateji səviyyə müşahidə və direktorlar şurası ilə təmsil olunur. Qapalı tipli səhmdar cəmiyyətlərinin səhmdarla­rının yığıncaqları arasındakı müddətlərdə texnoparkın ali idarəetmə orqanı direktorlar şurası olur. Onun tərkibinə texnoparkın təsisçiləri daxil olurlar, onların da regionun və ya şəhərin ilk növbədə xüsusiyyətlərini də tələbatlarını nəzərə alaraq parkın uzunmüddətli inkişaf strategiyasını müəyyən etməyə səlahiyyətləri var.
Müşahidə (ekspert) şurası texnoparkın ali elmi- metodiki idarə etmə orqanıdır və direktorlar şurasının aparıcı alimlərindən forma­laşır. Ekspert şurasına mütləq texnoparıkın baş təsisçisinin nümayən­dəsi daxil olmalıdır. Şuranın funksiyalarına yoxlamaların aparılması və texniki layihələrin seçilməsi, eləcə də ümumilikdə texnoparkın və onun ayrıca firmalarının və yaradıcı kollektivlərinin inkişafı barədə məsələlərdə məsləhətlər verilməsi də daxildir. Ekspert şurasının xüsusi funksiyası direktorlar tərəfindən işlənib hazırlanan texno­par­kın ümumi inkişaf strategiyasına uyğun olaraq metodiki işin aparılma­sıdır.
Bilavasitə idarəetmə və inkişafın qısamüddətli strategiyasının işlənib hazırlanması operativ səviyyəni təşkil edən elmi parkın icraçı müdriyyəti tərəfindən həyata keçirilir. İcraçı müdiriyyətin tərkibinə baş direktor, layihələr üzrə menecer (eyni zamanda maliyyə direktoru) daxildir. İcraçı müdiriyyətin funksiyalarına daxildir: Parkın mövcud bölmələrinin koordinasiya fəaliyyətinin təmin olunması; ərazi ilə əlaqələrinin inkişafının təmin olunması; parkın firmaların işlərinin vəziyyəti və onların problemləri haqqında informasiya al­maq məqsədi ilə onlarla daimi əlaqənin həyata keçirilməsi.
Parkın strukturuna konkret funksiyaları icra edən bir sıra böl­mələr daxil ola bilər: məsələn elmi parkın quruluş bölmələri  sahib­karların tədris mərkəzi, servis xidməti, texnologiya transfert mərkəzi, sərgi firması ola bilər.
Sahibkarların tədris mərkəzi bazar sisteminin milli xüsusiyyət­lərini nəzərə alaraq onun fəaliyyətinin ümumi problemlərinə dair kiçik firmaların rəhbərlərinin tədrisinin təşkili və aparılması; milli və xarici məsləhətçiləri və ekspertləri cəlb etməklə innovasiya sahibkarlığının dəstəklənməsi məsələləri üzrə dəyirmi masaların, milli və beynəlxalq konfransların təşkili üçün mövcuddur. Tədris mərkəzi həm də iki və çox istiqamətli beynəlxalq tədris proqramlarında iştirak edir.
Servis xidməti bölməsi telekommunikasiya və rabitə vasitələ­rinin, konfrans-zalın verilməsi üzrə, iştirakçılarının qeydiyyatının təşkili üzrə, sinxron tərcümə və texniki nümayiş vasitələrdən istifadəsi kimi xidmətlər göstərir. Qeyd etmək lazımdır ki, bütün texniki xidmətlər pulludur.
Texnoloji transfert (ötürmə) mərkəzi texnologiyaların elmdən istehsala ötürülməsi mexanizminin formalaşdırılması və istifadəsi məqsədi ilə yaradılır. Məqsədin yerinə yetirdiyi əsas funksiyalara: informasiyaların yüksək texnologiyalarla yığılması və emalı; elmi-texniki işləmələrin yoxlanılması və onların milli və xarici bazarlarda irəliləməsi imkanını müəyyən edən şərtlərə uyğunluğu; həm milli, həm də mümkün xarici istehlakçılar, sifarişçilər və investorlar barəsində verilən bankın formalaşdırılması aiddir. Mərkəz həm də texnologiyaların, istehlakçıların və eləcə də investorların axtarılması məqsədi ilə reklam tədbirlərini də təşkil edir.
Sərgi firması elmi parkın bir bölməsi olaraq təşkilata sərgilərin yerləşdirilməsi və rəsmiləşdirilməsini də daxil etməklə onların təşkilinə kömək göstərir.
Almaniyada ən yeni texnologiya və texnikanın bazasında pers­pek­tivli məhsul növlərinin işlənib hazırlanması və istehsalı üçün ya­ra­dılan «texnoloji parklar»-elmi-sənaye kompleksləri geniş yayılmış­dır. «Texnoloji parklar» universitetlərlə və elmi-tədqiqat mərkəzləri ilə sıx əlaqələrə malikdirlər. Texnoloji parkların yaradılmasının əsas məqsədləri aşağıdakılardır:
- Daha qabaqcıl elmtutumlu istehsal sahələrində (mikroelek­tronika, biotexnologiya və s.) elmi-texniki siyasətin sürətləndirilməsi üçün əlverişli şəraitin yaradılması, elm və sənayenin qarşılıqlı təsiri əsasında elmi-tədqiqat işlərinin nəticələrinin kommersiyalaşdırılması;
- Ənənəvi sənaye regionlarının struktur dəyişiklikləri proses­lərinin sürətləndirilməsi, yeni elmtutumlu istehsal sahələrinin Avropa­nın digər zonalarına yerdəyişməsinin qarşısını almaq cəhdi;
- Ölkənin ayrı-ayrı regionlarında işsizlik səviyyəsinin ixtisarı.
Texnoloji parkın inkişafının tənzimlənməsi üçün xüsusi cəmiy­yətlər yaradır ki, onların da vəzifələri zona üçün ümumi istehsal struktu­runun yaradılması, güzəştli şərtlərlə onun kiçik firmalara icarəyə verilməsi, ümumi xidmət sisteminin yaradılması, məhsulun reallaşmasına kömək göstərilməsi  və s ibarətdir. Belə cəmiyyətlərin şərikləri bir qayda olaraq regionun, torpaqların, şəhərlərin, ayrıca vahidlərin (kredit bankları, əmanət kassaları, müxtəlif   fondlar və s ) maliyə təşkilatları olurlar.
Kiçik firmaların fəaliyətinin maliyyələşdirilməsii problemi ərazi və şəhərlərə məxsus xüsusi kredit cəmiyytlərinin köməyi ilə həll edilir. Son zamanlar vençur kapitalı əsasında yaradılan səhmdar cəmiiyyətləri böyük nüfuz qazanıblar.
Maliyyələşdirən təşkilatın əsas vəzifəsi vençur firmaları üçün ilkin risk kapitalının təminatı çıxış edir. Onların yaradılan fıirmanın maliyyələşdirilməsindəki iştirakı yalnız məhdud vaxtla məhdudlaş­dırılır ki, bundan sonra qiymətli kağızların reallaşdırılması baş verir.
Universitetlər və elmi mərkəzlər xüsusi informasiya-potent mərkəzləri təşkil edirlər ki, bu mərkəzlər də güzəştli şərtlərlə kiçik firmalara lisenziyalar və «nou-xau» təklif edirlər. Bu firmalar elmi- tədqiqat mərkəzlərinə ərazicə yaxın yerləşirlər. Elmi mərkəzlər yeniliklərin işlənib hazırlanması və komersiyalaşdırılmasının bütün mərhələlərində vençurların fəaliyyətinin paylı maliyyələşdirilmə-sində (30% yüksək olmayaraq) iştirak edə bilərlər və öz əməkdaşlarını firmaya təcrübəyə göndərə bilərlər.
Texnoloji parkların yaradılmasının əsas yolları aşağıdakılardır:
- elmi mərkəzlərin əməkdaşları işləmələrin kommersiyalaş­dırıl­masına cəhd edərək sahibkarlar qismində çıxış edirlər və vençurlar yaradırlar:
-  kiçik elmtutumlu firmalar «öz işlərini « açmaq məqsədilə iri şirkətlərin elmi- texniki heyəti tərəfindən yaradılır;
Texnoloji park hududlarında təklif olunan güzəştlərdən istifadə etməyə səy göstərən müəssisə orada öz filiallarını yerləşdirir.
Texnoloji parklardakı kiçik və orta firmalar bir sıra güzəştlər və üstünlüklərdən istifadə edə bilərlər (icarənin güzəştli şərtləri, ümumi avadanlıqlardan istifadə imkanı, kreditin alınması üçün əlverişli şərait, digər firmalarla kooperasiya, ixtisaslı idarəedicilik və elmi-texniki kömək və s.) .
Uğurla fəaliyyət göstərən sahibkarlarla əlaqələr daha faydalı sa­yıla bilər, ba da «Pozitiv yaradıcı elmi-istehsal atmosferinin» yara­dılması prinsipini götürməyə imkan verir.
Bizim fikrimizcə əsas amillərdən biri kimi universitet elmi-tədqiqat mərkəzlərinin sənaye müəssisələr ilə praktiki işə keçməsini hesab etmək lazımdır.
Pozitiv amillərlə yanaşı, mütləq demək lazımdır ki, «texnoloji parkların» fəaliyyət təcrübəsində vahid istehsal məkanında işləməyin çoxlu çatışmazlıqlar (daha çox defisit avadanlığa çətin yol tapılması, qonşulardan «aktiv texniki götürülmə» təhlükəsi və s.) da vardır.
1980-ci ildə Yaponiya tərəfindən texnopolislərin yaradılması nəzə­riyyəsi irəli sürülüb. Bu nəzəriyyəyə əsasən, elmi-texniki siya­sətin sürətləndirilməsi, ölkədə elmtutumlu sahələrin inkişafı məqsədi ilə ixtisaslaşdırılmış elmi-istehsal şəhərciklərinin-texnopolislər yara­dılması nəzərdə tutulur ki, bu da texnopolislərdə elmi-tədqiqatların istehsal ilə üzvü şəkildə birləşdirilməsi, elmi-texniki siyasətin ən son nailiyyətlərinin sənayeyə sürətli tətbiqi üçün şərait yaratmış olur.
Yaponiyada yaradılmış və yaradılan texnopolislər haqqında danı­şarkən, mütləq qeyd etmək lazımdır ki, Yapon höküməti elmi-tex­niki amili dövlətin ümumi iqtisadi və regional strategiyalarında aparıcı amillərdən biri hesab edir. Texnopolislərin formalaşdırıl­ma­sın­da elmi-tədqiqat fəaliyyətinin stimullaşdırılmasını və qabaqcıl texnologiyaların tətbiqini prioritet istiqamət hesab edərək, haki­miyyət elmi-tədqiqat mərkəzlərinin, universitetlərin və labarotori­ya­ların yüksək texnologiyalar sahəsində birgə ETTKİ–ni subsidiya­laş­dıraraq xərclərin təxminən 1\3 –ni öz üzərinə götürür.
Texnoplislərə vəsait qoyuluşu edən firmalara hakimiyyət tərəfindən həm avadanlığın (istismarın I ilində 30% dəyəri ixtisar etmək olar), həm də bina və qurğuların (15%) amortizasiyası üçün güzəştli rejim yaradılır.
Yapon «texnopolisləşdirilməsinin» diqqət çəkən, bir qədər gözlənilməyən olan «ikinci dərəcəli (kənar)» nəticələrini də qeyd etmək lazımdır.
Birincisi-texnopolislərin tikilməsi üzrə Yaponların daha ixtisaslı və eyni zamanda daha varlı ekspertlər kimi tanınmasının, təsdiq edilməsi. Məsələn: Avstraliya Yapon hakimiyyətinin onun ərazisində bütün Sakit Okean regionuna elmi nümayiş mərkəzinin olacağı yüksək texnologiyaların beynəlmiləl şəhəri və ya «çoxfunksiyalı polis» yaratmaq təklifinə razılıqla cavab verdi.
İkincisi-Fransa və Yaponiya texnopolislərinin inkişafında oxşar­lıq, uyğunluq müşahidə olunur. Fransa iqtisadiyyatına sənaye, ma­liy­yə və dövlət sektorunun iri ölçülülüyü xasdır. Bunun nəticəsi olaraq elmdə dövlətin fransız təsərrüfatının planlaşdırılmasında birbaşa iştirakı digər qərb ölkələri ilə müqayisədə daha genişdir. Hakimiy­yə­tin sənayenin və elmin inkişafına təsiri Yapon təsiri ilə oxşardır, am­ma bu təsirinin mənbələri fərqlidir. Dövlət, xüsusi və akademik sektorlarla bölgü daha az nəzərə çarpandır. Bundan başqa, Fransa üçün sənaye tədqiqat işləmələrinin az firmalarda mərkəzləşdirilmə­si­nin yüksək səviyyəsi xarakterikdir. Elm və texnologiyalar nazirliyinin məlumatlarına görə burada tədqiqatlar və sınaqlarla təxminən 1500 sənaye firması məşğul olur, onlardan 1300-ü az və ya çox dərəcədə daimi təşkil edilənlərdir. Yalnız 100 müəssisənin 50-dən çox elmi işçisi vardır. Eyni zamanda qeyd olunmuş 1300 firmadan 900-ü əlavə 10 elm adamından istifadə edir və bu firmalardan ən azı 7,5%-i dövlət sifarişlərinin təxminən 2%-i yerinə yetirir. Bütün sənaye tədqiqatlarının 50%-dən çoxu milləşdirilmiş şirkətlərin payına düşür.
Sənayenin ərazi elmi potensialı Fransız sənaye müəssisələrinin bütün alimlərin 60%-dən çoxunu işlədiyi paytaxt regionunda cəmləş­di­rilmişdir. Bu da yenə də Yaponiyanın Tokio-Osaka elmi sənaye qurşağı ilə oxşardır. Bundan başqa Yapon və Fransız variantları üçün oxşar xüsusi cəhətləri qeyd etmək lazımdır. Bu cəhətlərdən biri vençur kapitalının rolunun azlığıdır. ABŞ-da adi bir şey sayılan risk kapitalının yaradılması və riskin səviyyəsi Fransız sənaye sektorunda mövcud deyil. Bu əsasən az sayda vençur bank firmalarında və ənənəvi bankların riskli müəssisə maliyyələşdirmək istəiməməsində özünü biruzə verir.
Nəhayət –bu bir neçə fransız ali məktəbidir. O iki tip tədris müəs­sisəsi: universtitetlər və texniki «böyük məktəblər» lə təmsil olunur. Hər iki tip ali təhsil müəssisəsi tətbiqi elm sahələrində nis­bətən zəif hazırlanmış alimlər mühəndislər, administratorlar buraxır.
İlk üç texnopolis Fransada XX əsrin 60-70 illərinin qovşağında meydana gəlmişdir. Onların yaranmasına yerli hakimiyyət və sınaq qaydası üzrə mərkəzi hakimiyyət tərəfindən dəstəklənən bir neçə ayrıca entuziastlar təşəbbüs göstərmişlər.
80-ci illərin əvvəllərində isə «texnopolisləşdirmə» ümummilli təkan qazandı və Fransanın sosial-iqtisadi inkişafının dövlət beşillik planlarının əsas tərkib hissələrindən biri oldu.
Texnopolislər və texnoparklar-iqtsadi cəhətdən inkişaf etmiş ölkələrin ayrılmaz tərkib hissəsidir və ölkənin ayrı-ayrı regionlarında elmi-texniki potensialın inkişafının həvəsləndirilməsinə və tənzim­lən­məsinə istiqamətlənir.
20-ci əsrin ortalarından müasir dövrədək dünyada 400-dən çox tex­nopark yaradılıb. Məsələn: 1995-ci ilin ortalarında ABŞ-da təxminən 100 texnopark, Almaniyada-60-dan çox, Çində-52, Böyük Britaniyada-40, Fransada-30, Rusiyada-27, Cənubi Koreyada-10, Sinqapurda-10 texnopark mövcud idi.
Texnoparkların dinamik və səmərəli inkişafına bariz nümunə Çindir. Birinci texnopark 1985-ci ildə yaradılıb. 1991-ci ilin martında Dövlət Şurasının qərarına görə 26 parkın, 1992-ci ilin noyabrında isə daha 23 elmi parkın yaradılması təsdiq olunub. 1995-ci ilə Çində 52 yüksək texnoloji park var idi, onlardan 27-si dövlət statusuna malik idi. Baxmayaraq ki texnoparklar Çin ərazisində öz inkişafına nisbətən bu yaxınlarda başlayır, onlardan bəziləri artıq əhəmiyyətli uğurlara nail olub.
1988-ci ildə yaradılan və öz ərazisində 50-yə qədər ali təhsil müəssisəsini, eləcə də Pekin dövlət Universitetini və Çin-Xua Uni­ver­si­tetini, 139 elmi tədqiqat institutlarını və laboratoriyalarını birləş­dirən Pekin texnoparkı 5000-dən artıq elmtutumlu məmulat istehsa­lını mənimsəyib, onlardan da 300-dən çoxu ixtiraya görə dövlət və bey­nəlxalq mükafatlara layiq görülüb. Texnoparkın 6-illik fəaliyyə­tində ümumi gəlirlərinin həcmi 5 milyona çatdı, ixracdan valyuta gə­lirləri isə 1988-ci ildəki 3 mln dollarla müqayisdə 1994-cü ildə təx­mi­nən 100 mln dollar təşkil edirdi.
Asiyanın yeni sənaye ölkələrində texnoparklar kifayət qədər uğur­la inkişaf edirlər. Tayvanın iqtisadi inkişafına əsaslı qoyuluş 1980-ci ildə Sinçu adlanan yerdə yaradılan texnopark edib. Bu texno­par­kın yanında iki nəhəng milli universitet –Tonqua və Çiatunq yer­ləşir. Parkda sənaye texnologiyasının elmi-tədqiqat institutu mikro­elek­tronika işləyib hazırlamaq üzrə birgə korporasiya, yarım keçiri­cilər üzrə tayvan şirkəti, elektronika sahəsində tədqiqatlar üzrə təşki­lat yerləşir. Əsas elmi –tədqiat işləmələri elektron sənayesinin inki­şafı ilə bağlıdır. Parkda 15 minə qədər yüksək ixtisaslı mütəxəssis çalışır. Sinçu hər məşğul nəfərə düşən məhsul buraxılışı həcminə görə məşhur amerikan Silikon vadisindən geri qalmır. Parkın əra­zisindən ixrac olunmuş məhsulun dəyəri 5 il ərzində 1989-cu ildə bir mlrd dollardan 1994-cü ilə qədər 8 mlrd dollara çatıb, milli ixrac­da isə onun payı 2%-dən 4%-ə qalxmışdır.
Keçid iqtisadiyyatlı ölkələrin əksəriyyəti üçün texnoparkların inkişafı və texnoplislərin yaradılması nəinki elmin, yüksək texnolo­giyaların və ənənəvi milli mədəniyyətin harmonik uyğunluğudur, həm də hərtərəfli inkişaf edən və yaradıcı insanlar üçün yeni biliyin yaradılmasıdır. Texnoparkların inkişafı «beyin axınını» dayandıra bilər, bu da müasir mərhələlərdə Azərbaycan üçün çox aktualdır.
Müasir dünyada elmin rolunu qiymətləndirməmək qeyri müm­kün­dür. Elmi tədqiqatlar dünya bazarında ən çox fayda gətirən məh­suldur. Bütün inkişaf etmiş ölkələrin doktrinaları elmi-texniki potensialın inkişafın istiqamətlənib.
İnkişaf etmiş ölkələrin iqtisadiyyatı hal - hazırda elmi-texniki  potensialın inkişafına istiqamətlənib.
ABŞ, Qərbi Avropa ölkələri və Yaponiyanın hakimiyyət orqan­ları bacarıqlı tələbələrin, aspirantların alimlərin və elmi-texniki ziyalı elitasının dəstəklənməsini özlərinin strateji məqsədləri hesab edirlər. Prioritet vəzifələrindən biri alimlər və ixtiraçılar tərəfindən yaradılan kiçik biznes fəaliyyəti sahələrinin qeydiyyata alınmasının hüquqi proseduralarını yüngulləşdirmək və sadələşdirməkdir.
Elmi, texniki, elmi istehsal firmaları; təşkilatlar, assosiasiyalar, elmi və texnoloji parklar şəklində mərkəzlər; iri elmi və sənaye mərkəzlərinin yanında texnoplislər yaradılır.
Vençur biznesi-riskli layihələrin reallaşdırılmasına yönələn sa­hib­karlıq fəaliyyətidir. Əgər riskli layihələrin reallaşdırılması uğurlu olursa, onda o yüksək gəlir gətirə bilər. Əksinə əgər bu layihələr, zə­rərlə nəticələnərsə onda bu zərər bütün iştirakçılar arasında bölüşdü­rülür. Belə şərait innovasiya layihələrinin idarə edilməsində, təhli­lində və seçilməsində ixtisaslaşmış vasitəçilərin sayının artmasına imkan yaradır.. Belə vasitəçilər arasında vençur kapitalistləri əsas rol oynayırlar.
Vençur kapitalı- surətlə artan şirkətlərin səhmləri fond bazarın­da qeydiyyata alındıqdan sonra yüksək mənfəət əldə etmək məqsə­dilə həmin şirkətlərin fəaliyyətinə investisiya edilən risk kapitalıdır. Vençur kapitalı iki vektorla təsvir olunur: formal və qeyri- formal
Formal sahədə bir sıra investorların resurslarını birləşdirən «ven­çur kapitalı firmaları» (VKF) üstünlük təşkil edirlər. Bu inves­torlara daxildir: korporasiyalar, xüsusi və dövlət təqaüd fondları, bir sıra fiziki şəxslər və vençur kapitalistlərinin özləri – VKF-nın sahib­ləri.       
VKF-dən başqa o, formal sektorun özündə kommersiya bank­larını, qız şirkətlərini və eləcə də dövlət investisiya proqramlarını da birləşdirir.
Qeyri-formal sektor-«biznes mələklər» adlandırılan vençur ka­pitalının şəxsi investorları və eləcə də yenidən yaradılmış kiçik firmaların ailə üzvüləridir.
«Biznes-mələklər»- bura əsasən peşəkarlar, uğurlu sahibkarlar və eləcə də iri şirkətlərdə yüksək vəzifələr tutan biznes sahəsində yük­sək əmək haqqı olan mütəxəssislərdir (hüquqşunaslar, məsləhət­çilər və s.) .
Qeyri-formal sektorun investisiyaları şirkətə məhsul konsepsi­yasının və təcrübi modelin işlənib hazırlanması mərhələsində daha çox lazım olur. Çünki, bu zaman istehsalın genişləndirilməsi,  məhsul satışı və həcminin artırılması üçün vəsait lazım olur.
Yüksək texnologiyalara əsaslanan sahədə firmanın bazar uğuru üçün əsas şərt onun inkişafının tezliyidir. Lakin yeni texnologiyaların tətbiqi yüksək start (başlanğıc) xərcləri ilə birbaşa bağlı olsa da, satış həcminin artması ilə istehsal xərcləri (yüksək texnologiyanı məhsul vahidinə düşən) aşağı düşür, eyni zamanda istehlakçılara rəqibləri ilə müqayisə də ona bu texnalogiyalardan istifadə etmək sərfəli olur.
Kiçik yüksək texnologiyalı firma inkişafının ilkin mərhələsində güclü təkan alaraq bazarın daha çox payını tuta bilər və standart müəyyənləşdirən ola bilər. Belə vəziyyətdə qeyri-normal bazar həlledici rol oynaya bilər. ABŞ və Avropa vençur kapitalının qeyri-formal sektorunun investisiyalarının həcmi formal sektorun investi­siyaların həcmindən bir neçə dəfə çoxdur.
Firmanın imicinin yaradılması üçün vacib şərt vençur kapitalistlərindən investisiyaların alınmasıdır, belə ki, bu zaman onun üçün digər xidmətlər də həmin an əlçatan olur. Belə ki,mühasibat firmaları bu firmalarla daha aşağı qiymətlərlə işləməyə razılıq verirlər, böyük güzəştlərlə müəyyən ərazinin (binanın) icarəyə götürülməsi mümkünlüyü yaranır.
Daha dinamik inkişaf edən sahələri dəstəkləyən vençur kapitalı ölkənin beynəlxalq rəqabət qabiliyyətliliyini təmin etməyə qadirdir. Vençur kapitalının birbaşa dəstəyi, köməyi hesabına Federal Ekspress, Lotus, DEC  kimi şirkətlər ayağa qalxdılar. ABŞ-da daha surətlə inkişaf edən şirkətlərin 4%-i yeni iş yerlərini yaradır və bu 4% firmaların əksəriyyəti vençur kapitalı tərəfindən aktiv dəstəklənir. Avropa sənayesində vençur kapitalının ölçülərinə görə şəriksiz lider Böyük Britaniyadır. Onun payına bütün vençur investisiyalarının demək olar ki 50%-i düşür.
Dünya təcrübəsində kiçik yüksək texnologiyalı sahibkarlıq (KYTS) vasitəsilə yeni məhsulların əksəriyətinin bazar aprobasiyası (bə­yənilməsi, təsdiq edilməsi) metodikası çox geniş tətbiq olunur. Dün­ya təcrübəsində KYTS təşkil etmənin bir neçə variantı möv­cuddur: onlardan bir neçəsi üzərində dayanaq.
Təşkiletmənin birinci variantında məhsulun işlənib hazırlan­ması, istehsalı və reallaşdırılması ilə layihələrin icraçıları- müəssi­sələr məşğul olurlar.
İkinci variant  məhsulun istehsal və reallaşdırılması üçün lisenziyaların kənar təşkilatlara satılmasıdır.
Üçüncü variant –birinci və ikinci variantın kompromisi-strateji tərəfdaşlıqdır. Bu zaman layihəni işləyib hazırlayanlarla kənar təşkilat arasında razılığa əsasən məhsulun birgə (müştərək ) istehsalı və reallaşdırılması həyata keçirilir.
Xarici təcrübəyə əsaslanaraq xüsusi olaraq qeyd etmək lazımdır ki vençur kapitalının qeyri-formal sektoru kiçik innovasiya firmaları üçün daha əhəmiyyətli maliyyə mənbəyidir. Vençur kapitalının qeyri-formal bazarının nümayəndələri vençur kapitalını bir dəfə başqasının öhdəsinə verə bilərlər ki, dostlarına biznesə başlamağa kömək etsin, amma onların arasında elələri də vardır ki,  daima sərfəli vençur investisiyaları üçün imkanlar axtarır, tapır və kifayət qədər tez-tez onları həyata keçirir. «Biznes-mələklər» tərəfindən təqdim edilən vençur kapitalını «dözümlü, səbirli»  adlandırmaq qəbul edilmişdir, belə ki investisiyaları verdikdən sonra onlar bütün investisiya dövrü, təxminən beş il ərzində faizlərin ödənilməsini tələb etmirlər. Amma xüsusi olaraq onu qeyd edək ki, «biznes-mələklər» filantrop (xeyriyyəçi, pulu sağa-sola xərcləyən) deyillər və onların əsas motivasiyası onların investisiya etdikləri kapitalın dəyərinin əhəmiyyətli dərəcədə artması perspektividir.


Mənbə: Məmməd Məmmədov Əməliyyatlar menecmenti kitabından

 

0 şərh