Müəssisələr, onlarin növləri

1. Müəssisə nədir.
2. Müəssisələrin növləri,
3. Müəssisələrin təşkilati-hüquqi formaları
4. Formal və qeyri – formal təşkilatlar
5. Müasir idarəçilik formaları.

Təbii sərvətlərdən istifadə olunması, cəmiyyət üçün faydalı olan istehlak mallarının yaradılması və bazar tələbatının ödənilməsi, işçinin bilavasitə istehsal vasitələri ilə təması müəssisələrlə bağlıdır. İstehsalın bütün həlqələrində ən başlıca amil və ən əsas özək müəssisədir.
Müəssisə - mülkiyyət formasından asılı olmayaraq ictimai tələbatın ödənilməsi və qazanc əldə edilməsi məqsədilə məhsul istehsal edən və satan, işlər görən və xidmətlər göstərən, qanuna müvafiq yaradılan hüquqi şəxs olan müstəqil təsərrüfatçılıq subyektidir.
Müəssisə, onun növləri və təşkilati – hüquqi formalarıbarədə aşağıdakıları bilmək vacibdir.
Təsərrüfat fəaliyyətinin növü və xarakterinə görə bütün müəssisələr aşağıdakı beş qrupa ayrılır:
a) Sənaye müəssisələri - sənayenin müxtəlif sahələrində yaradılır və fəaliyyət göstərir;
b) ticarət müəssisələri – əmtəələrin alqı – satqısı üzrə əməliyyatları həyata keçirir;
c) nəqliyyat müəssisələri – yüklərin daşınması ilə məşğul olur;
ç) nəqliyyat – ekspeditor müəssisələri isə məhsulların istehlakçılara çatdırılması ilə məşğul olurlar;
d) sığorta müəssisələri - əmlakın və yüklərin sığortalaşması ilə məşğul olur.
Məlumdur ki, müəssisə hüquqi şəxsdir, müəyyən əmlaka malikdir, ondan istifadə və onu idarə edir, müstəqil balansı var, istehsal – təsərrüfat fəaliyyətinin nəticəsi olan mənfəəti və ziyanı aşkar edə biləcək mükəmməl uçot və hesabat aparır. Müəssisə dövlət və istehlakçıların sifarişi, tapşırıqları və müqavilələri əsasında öz planlarını işləyib hazırlayır və onu həyata keçirir.
Hüquqi vəziyyətinə görə bütün müəssisələr iki qrupa ayrılır:
Fərdi müəssisələr – vətəndaşın və ya onun ailə üzvlərinin ümumi pay mülkiyyətində olan müəssisələrdir. Fərdi müəssisə vətəndaşın ya da ailə üzvlərinin başqa mülkiyyətçilərə məxsus olan müəssisələrin satın alınması yolu ilə də yaradıla bilər. Bu növ müəssisənin mülkiyyətçisi müəssisənin öhdəliklərinin yerinə yetirilməsinə görə öz əmlakı ilə Azərbaycan Respblikasının qanunvericiliyində nəzərdə tutulan qaydada məsuliyyət daşıyır.
Müəssisə birlikləri – həmin birliyin tərkibinə daxil edilmiş müəssisələrin fəaliyyətinin əlaqələndirilməsi, hüquqlarının müdafiə edilməsi, ümumi mənafelərin dövlət və digər orqanlarda və beynəlxalq təşkilatlarda təmsil olunması və digər müəssisələr ilə könüllülük əsasında sahə, ərazi və başqa prinsiplərə əsasən ittifaqlar, konsernlər, şirkətlər və digər birliklər yarada bilərlər. Birlik təsisçilərin təsdiq etdikləri Nizamnamə əsasında fəaliyyət göstərir.
Müəssisə birliklərinin aşağıdakı növlərini fərqləndirirlər:

  • Şərikli (tam ortalıqlı) müəssisələr – azı iki fiziki və hüquqi şəxs tərəfindən müqavilə əsasında təsis edilir. Müəssisənin şərikləri onun öhdəliklərinin yerinə yetirilməsinə görə özlərinin bütün əmlakı ilə məsuliyyət daşıyırlar.
  • Payçı (kommandit ortalıqlar) müəssisə – azı bir şərik və bir payçı tərəfindən təsis edilir. Şərik və payçı həm fiziki şəxs, həm də hüquqi şəxs ola bilər.
  • Məhdud məsuliyyətli müəssisə – bir və ya bir neçə fiziki və yaxud hüquqi şəxs tərəfindən yaradılan, Nizamnamədə müəyyən edilmiş həcmdə fondun təsis müqaviləsi ilə paylara bölünən müəssisədir. Müəssisənin təsisçiləri onun öhdəliklərinə görə ancaq Nizamnamə fondundakı payları həcmində məsuliyyət daşıyırlar.
  • Səhmdar cəmiyyəti – təsərrüfat fəaliyyətini həyata keçirmək məqsədilə Nizamnamə fondunu səhm buraxmaq yolu ilə fondlaşdıran fiziki və ya hüquqi şəxslərin könüllü sazişi əsasında yaradılan müəssisədir. Səhmdar cəmiyyəti azı üç fiziki və ya hüquqi şəxs tərəfindən təsis edilir. Mövcud qanuna əsasən səhmdar cəmiyyətinin öhdəliklərinə görə səhmdarlar özlərinin verdikləri pay həcmində məsuliyyət daşıyırlar. Səhmdar cəmiyyəti səhmdarların əmlak öhdəliklərinə görə məsuliyyət daşıyır.
  • Konsern – formal olaraq müstəqil, üzərlərində maliyyət nəzarəti qoymaq yolu ilə bir sıra müəssisələri birləşdirən təsərrüfat formasıdır. Konsern adətən, müxtəlif sənaye sahələrinin müəssisələrini, ticarət formalarına, bankları, nəqliyyat və maliyyə kompaniyalarını birləşdirir. Müasir şəraitdə trestlərin konsernlərə çevrilməsi geniş yayılmışdır.
  • Maliyyə qrupları – bir və yaxud bir neçə qarşılıqlı əlaqədə olan kapital sahibkarlarının maqnatlarının nəzarəti altında olan sənaye, bank, sığorta, nəqliyyat, ticarət və başqa kompaniyaların məcmusundan ibarət olan maliyyə təşkilatıdır, birliyidir.
  • Dövlət müəssisələri – dövlət mülkiyyəti əsasında yaradılır və onun fəaliyyəti dövlət orqanları tərəfindən tənzimlənir. Hazırda dövlət müəssisələri respublikanın iqtisadi inkişafında mühüm rol oynayır. Bu, onunla izah edilir ki, hələlik orta və iri müəssisələr dövlətə məxsusdur. Dövlət müəssisələrinin iki növünü fərqləndirirlər: əmlakı tamamilə dövlət mülkiyyətinə əsaslanan müəssisələr və səhmlərinin nəzarət poketi dövlət orqanlarına məxsus olan müəssisələr. Dövlət müəssisəsi tərəfindən ona təhkim edilmiş əmlak üzərində AR-nın qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və hüdudlarda sahiblik, istifadə etmək və sərəncam vermək məlahiyyətlərini həyata keçirir.
  • Kooperativ müəssisələr – «Kooperasiya haqqında» Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istehsal, elmi-istehsal, tikinti, ticarətsatınalma, xidmət və s. fəaliyyət növləri ilə məşğul ola bilərlər. Kooperativlər şəriklik əsasında yaradılır. Kooperativlərin nəzdində «Qız» firmaları və digər filiallar fəaliyytət göstərə bilərlər. Bundan başqa, kooperativlər öz maliyyə vəziyyətlərini yaxşılaşdırmaq və elmi texniki nailiyyətlərdən tez istifadə etmək üçün qiymətli kağızlar (səhmlər) buraxa bilərlər.

Kapital və nəzarət mülkiyyətinə görə müəssisələr 3 qrupa ayrılır: milli, xarici və qarışıq.
Ümumxalq mülkiyyətinə əsaslanan - müəssisələr milli müəssisələr adlanır. Məsələn, Azərbaycan Dövlət Neft Şirkəti milli müəssisədir. Xarici sahibkarların kapitalı əsasında yaradılan və onların nəzarəti altında fəaliyyət göstərən müəssisələrə xarici müəssisələr deyilir. İki və daha çox ölkənin kapitalları əsasında yaradılan müəssisələr qarışıq (müştərək) müəssisələr adlanır.
Buraxılan məhsulun iqtisadi təyinatına görə – bütün müəssisələr iki əsas qrupa bölünür: istehsal vasitələri istehsal edən müəssisələr və istehlak vasitələri (əmtəələri) istehsal edən müəssisələr.
İstehsal etdikləri xammal və materialın xarakterinə görə hasilediciemaledici müəssisələr fərqləndirilir.
Miqyasına görə müəssisələr üç cür: iri, orta və kiçik olurlar. Son illərə kimi Azərbaycanda bütün müəssisələrin təqribən 60-70%-ni iri və orta müəssisələr təşkil edirdi. Hazırda isə onların sayı xeyli azalmış və bütün müəssisələrin təxminən 55 – 60%-ni kiçik və müştərək müəssisələr təşkil edir.
İxtisaslaşdırılması dərəcəsinə görə – müəssisələr ixtisaslaşdırılmış, universal və qarışıq müəssisələr qrupuna ayrılr.
Formal və qeyri – formal təşkilatlar da mövcuddur.
Formal təşkilatlar - rəhbərlik (və ya dövlət) tərəfindən yaradılan, qeydiyyatdan keçən, möhürü, blankı və bankda hesablaşma-hesabı olan hüquqi şəxslərdir.
Qeyri-formal təşkilatlar – əsasən formal təşkilatların tərkibində dövri yaranan və hər hansı bir problemin aradan qaldırılmaısı məqsədlərinə xidmət edən, adətən müvəqqəti xarakter daşıyan qruplar və ya təşkilatlardır.
Bazar münasibətlərinə keçid və dövlət mülkiyyətinin özəlləşdirilməsi ilə əlaqədar olaraq yuxarıda qeyd edilən çoxsaylı idarəetmə formalarının əksəriyyətindən ölkəmizin sahibkarlıq mühitində istifadə olunur. Kimya və neft – kimya sənayesində: şirkət (konsern), birlik, müştərək müəssisələr artıq yaradılmışlar və fəaliyyət göstərirlər. Bir sıra müəssisələr isə öz mülkiyyət formalarını dəyişdirmişlər və səhmdar cəmiyyəti kimi fəaliyyət göstərirlər.
Bazar iqtisadiyyatı şəraitində iqtisadiyyatın idarə edilməsində geniş tətbiq edilən müəssisə formaları əsasən aşağıdakılardır: konsern, konsorsium, səhmdar cəmiyyəti, birgə müəssisələr, assosiasiyalar, kiçik müəssisələr, kooperativlər, məhdud məsuliyyətli cəmiyyətlər və s.
Lakin müəssisələrin təşkilati formaları təkcə istehsal göstəricilərilə deyil, daha geniş şəkildə təzahür olunur. Həmin müəssisələr əsasən:
İnnovasiya xarakterli – yeni məhsul işləyib hazırlayan şöbə, yeni ixtisaslaşdırılmış idarə orqanı, yeni riskli kiçik təşəbbüs qrupu, bilavasitə inteqrasiya məsələlərilə məşğul olan fəaliyyət qrupu, sərbəst təsərrüfat vahidi, yeni vençur bölmələri, inkubatorlar və s. idarəetmə forması kimi olurlar. Eyni zamanda praktik olaraq - strateji alyans (ittifaq), maliyyə, kontrakt, kollektiv, tərəfkeşlik və s. təşkilati formalar da fəaliyyət göstərirlər.
Maliyyə xarakterli təşkilati formaya - françayzinq firmaları və törəmə müəssisələr, tərəfkeş  formaya isə tam və qarışıq yoldaşlıq, məhdud məsuliyyətli və səhmdar tipli cəmiyyətlər aiddir.
Onların təsnifatını aşağıdakı kimi ümumiləşdirmək olar:

  • innovasiya;
  • maliyyə;
  • müqavilə (kontrakt);
  • kollektiv;
  • tərəfkeşlik (partnyorluq).

İdarəetmənin yuxarıda göstərilən firmadaxili təşkilati formaları və növləri, bütünlükdə müəssisəyə iki qarşılıqlı dinamik xarakterli sistemin tərkib hissəsi olan «planlaşdırılmış davranış» və «sərbəst strateji davranış»ın formalaşmasına şərait yaradır. Birincisi, müəssisənin idarə quruluşunun və strateji planlaşdırma sisteminin formal təşkilini təmin edir, ikincisi isə formal qəbul edilmiş strateji xəttdən çıxaraq, daha geniş fəaliyyət dairəsinə və təşəbbüskarlığa şərait yaradır. Həmin firmadaxili təşkilati formaların diqqəti cəlb edən üstünlüyü ondadır ki, onlar əsaslı xərc tələb etmədən müəssisələrin mövcud istehsal - təsərrüfat şəraitində yaradılırlar. Lakin onların geniş tətbiqinə mane olan başlıca şərt, bütün innovasiya layihələrində olduğu kimi, müvafiq hüquqi bazanın olmaması və ya zəif olmasıdır.

Menecmentin forma və metodlarına həsr edilmiş iqtisadi ədəbiyyatlarda inteqrasiya ilə bilavasitə məşğul olan fəaliyyət qurumunun yaradılmasına üstünlük verilir. Belə ki, bu idarəetmə formasında strateji əhəmiyyətli yeniliklər əsas istehsalla sıx əlaqədə olur, müəssisənin iqtisadi cəhətdən inkişafına şərait yaradır. Odur ki, müəssisənin mövcud idarəetmə sistemi çərçivəsində yaradılan «birbaşa inteqrasiya» forması ali rəhbərliyin nəzarəti altında yaradılaraq, müəssisənin konstruktor - texnoloji, istehsalın idarə edilməsi və s. idarə orqanları ilə sıx əlaqədə fəaliyyət göstərir.
Göstərilən firmadaxili idarə forması ilə yanaşı rəqabət qabiliyyətli məhsul istehsal edən müəssisələrdə (firmalarda) yeni məhsul işləyib hazırlayan və ya təsərrüfat fəaliyyətinin inkişaf istiqaməti ilə məşğul olan, böyük strateji əhəmiyyətə malik, əsas istehsala yenilik baxımından bilavasitə təmasda olan idarə orqanları da yaradılır. Belə orqanlar adətən, sahibkar xarakterli layihələrin həyata keçirilməsi üçün yaradılır. «Yeni ixtisaslaşdırılmış» idarə orqanı isə “yenilik xarakterli” olsa da, strateji əhəmiyyətə malikdir, lakin o, əsas istehsalla az əlaqədə olur. Qüvvətli inzibati nəzarət, həmin orqanın yalnız strateji vəzifələrini yerinə yetirməyə müvəffəq olur. Həmin orqanlar uzun müddət səmərəli işlədikdə müəssisənin sərbəst istehsal vahidi statusunu alaraq fəaliyyət göstərə bilir.
Yeni riskli kiçik təşəbbüs qrupu” dəqiq müəyyən edilmiş strateji əhəmiyyətli yeniliklər işləyib hazırlayır və əsas istehsalla sıx əlaqədə olur. Onlar istehsalat bölmələrinin tərkibində yaradılır və “ikinci dərəcəli” yenilik işləyib hazırlayırlar. Əvvəlki idarə orqanından fərqli olaraq, burada inzibati nəzarət zəifdir və təşəbbüs qrupu böyük sərbəstliyə malikdir. Lakin onların fəaliyyəti üçün ayrılan vəsaitə, bu işin yerinə yetirilməsi müddətinə hədd qoyulur. Eyni zamanda, həmin qrup müəssisələr digər elmi – texniki laboratoriyalarla, informasiya bazası ilə, təcrübə – sınaq sahəsi və s. ilə sıx əlaqədə işləyir və öz işlərinin nəticələri haqqında texnoloqlara operativ məlumatlar təqdim edirlər.
Menecmentin digər firmadaxili təşkilati formaları haqqında sahə iqtisadçılarının əsərlərində kifayət qədər izahat verildiyindən, onların təfsilatından yan keçməyə üstünlük veririk. Lakin firmadaxili idarəçilikdə yalnız həmin formalarla kifayətlənmək düzgün olmazdı. Odur ki, bazar münasibətlərinə keçid şəraitində müəssisələrin və firmaların müasir rəqabət qabiliyyətliliyini, onların firmalararası əlaqələrini, elmi - tədqiqat potensialından istifadə etmək imkanlarını nəzərə almamaq mümkün deyildir.
Deməli, müasir şəraitdə innovasiya meylli birgə fəaliyyətin yaranmasına daha çox ehtiyac vardır. Bu baxımdan, daha çox yayılmış idarəetmə forması “françayzinq”“dir. Bazarın tam formalaşmadığı və istehsal edilən məhsulların nisbətən aşağı keyfiyyətdə olması, erqonomik tələbatlara zəif cavab verdiyi şəraitdə “françayzinq formasının tətbiqi xüsusi əhəmiyyət kəsb edir. Bu formaya görə müəssisə öz məhsulunu sərbəst fəaliyyət göstərən ticarətçilərə verir, onlar müəyyən ərazidə həmin məhsulları satdıqdan sonra istehsalçıya pulunu ödəyirlər. Deməli, “françayzinq“” satışın genişlənməsinə maksimum şərait yaradır, tələbatın dəyişilməsini operativ hiss edir və bazar sisteminə daxil olmağa şərait yaradır. Eyni zamanda, bu forma çərçivəsində müəssisə öz “ticarət markası”nı“ yeni bazarda yayır, satış obyektlərini genişləndirir, məhsulların satışı və xidmətlərin göstərilməsi üzrə xərcləri azaldır. Çox zaman göstərilən forma “konsaltinq” “injinirinq” sazişləri ilə tamamlanır.
Bazar iqtisadiyyatlı ölkələrdə geniş yayılmış idarəetmə formalarından biri də “strateji alyans”lar (ittifaqlardır). Sonuncu, adətən iki və ya üç firmanın (kompaniyanın) uzun müddətli istehsal və bazar fəaliyyətlərinin əlaqələndirilməsidir- koordinasiyasıdır. Strateji alyanslar, birgə müəssisələrdən fərqli olaraq, müxtəlif sənaye sahələrinin müəssisələrini cəmləşdirir. Onun strateji məqsədi, alyansa daxil edilən bir müəssisənin məhsulunun digəri tərəfindən alınmasını stimullaşdırır. Digər tərəfdən alyans, müəssisələrin istehsalat, satış, elmi – tədqiqat, konstruktor – texnoloji fəaliyyətlərini birləşdirərək, xərcləri tarazlı bölüşdürür və o zaman bu və ya digər sahədə qüvvətli tərəfkeş istifadə edir. Beləliklə, alyansa daxil olan müəssisələr müflisləşmə təhlükəsindən qorunmuş olurlar.
Son illər bazar iqtisadiyyatlı ölkələrdə firmadaxili idarəçilik formaları içərisində «inkubator»lara üstünlük verilir. Təəssüf ki, bu təcrübə MDB iqtisadi məkanında, o cümlədən bizim ölkəmizdə tətbiq edilmir. Xarici ölkələrin iqtisadçı alimlərinin əsərlərində əsasən inkubatorların bir təyinatından (funksiyalarından) onların köməyilə yüksək ixtisaslı idarəetmə və mühəndis kadrlarının hazırlanmasından söz açılır, halbuki həmin təşkilati formanın daha geniş potensial imkanları mövcuddur. Belə ki, inqubatorlar özünün fəaliyyət dairəsində iştirakçılara səhvlər və risklər üzrə eyni hüquq verir, mühəndis-texniki işçilərin bazar münasibətlərinin tələblərinə uyğun hazırlanmasına və kollektivə rəhbərlik etmək bacarığının formalaşmasına şərait yaradır. İnkubatorların həmin fəaliyyəti ilə yanaşı, «vençur» kapitalı tətbiq edilən yerdə yeni texnologiyanın qeyri-mərkəzləşdirilmiş istehsal bölmələrinin təşkilində yeni metodların, menecmentin innovasiya və strateji planlaşdırılma sahəsində yeni üsulunun tətbiqinə şərait yaradır. Bütün göstərilən hallarda müəssisənin istehsal proqramının yerinə yetirilməsinə mənfi təsir edilmir.

Müəllif: Ağasəf İmran
Mənbə: ”Menecment”(dərslik) BAKI-2007

 

0 şərh