Edit Piaf

Şəhər jarqonunda «Piaf» «sərçəcik» deməkdir. Olmazın məşhurluq, çoxlu pullar qazansa da Edit Piaf hamı üçün Paris ətrafında yeməyə toplaşmış sərçəcik olaraq qalacaq. Nə qədər böyük istedad sahibi olmalısan ki, küçə həyatından başlamış ömründə dəbdəbə və heyranlar izdihamını yaşayandan sonra da uşaqlara və dilənçilərə xas olan kədər və səmimiyyəti özündə saxlayıb və həmişə sevimli qala biləsən.

Trotuarda doğulan qız
Edit küçədə doğulmuşdu və anasının onu səkidəcə doğub sonra köməyə gələn polislərin plaşına bürünmüş vəziyyətdə xəstəxanaya çatdırılmasını danışmağı sevərdi. Doğulduğu tratuar onun ilk səhnə meydançası da oldu. Atası Lui Qassion səyyar akrobat idi. Küçə tamaşaları vaxtı pul yığmaq  6 yaşlı Editin vəzifəsiydi. Əlbəttə ki, Edit akrobatlıq eləyə bilmirdi, amma bir dəfə «Marselyeza»nı oxumağa ürəkləndi. Bundan belə səyyar sirkin repertuarında mahnı janrı da əmələ gəldi.
Editin fahişəxanada keçirdiyi 3 ilini əsil uşaqlıq illəri adlandırmaq olar. Anası onu doğulan kimi alkoqolik nənə və babasının yanında atıb getmişdi. Atası cəbhədən qayıdanda qızını əldən duşmuş, baxımsızlıqdan cır-cındır içində və konyuktevitdən gözləri kor olmuş vəziyyətdə tapır. Ona görə də Editi fahişəxana sahibəsi olan anasının yanına göndərir. Burda qızı yuyundurub, yedirib, qayğı ilə əhatə eləyirlər. Körpəni yedirəndə nənəsi süd əvəzinə ona suyla qarışdırılmış şərab verərdi. Danışırlar ki, kor qızcığazın gözlərinə işıq məlum sənət sahibləri makiyajsız, sadə geyimdə müqəddəs yerlərə ziyarət edəndən və nənəsinin 10 min frank nəzir deməsindən sonra Müqəddəs Tereza günündə qayıdıb.
Balaca qız cəmi bir il məktəbə gedə bildi. «Abırlı» insanlar öz uşaqlarını fəhişəxanada yaşayn uşaqla bir sinfə verməkdən imtina edirdilər deyən o, məktəbi atmalı oldu.

Arzular həmişə puç olur
16 yaşında Edit fikirləşirdi ki, qadın mütləq segilisinin dalıyca dünyanın axırına getməlidi və ona görə də Balaca Lui ləğəbli oğlanın dalına düşür. Onlar uşaq kimi xoşbəxt və bir-birinə vurğun idilər. Lui işlədiyi dükandan mal əkişdirir, Edit isə küçədə mahnı oxuyaraq qazancına aldığından axşam evdə nahat improvizə eləyirdi. 17 yaşında hamilə olan Editə artıq oxumaq olmazdı. Doğulan qızın adını Marsel qoyurlar. Yenə də Piqal məhəlləində ucuz oteldə otaq, pəncərə altında quruyan paltarlar, çatlaq  divarlar və hər gün çarpayının altına süpürülən zir-zibilə baxmayaraq onlar xoşbəxtdir. Düzdü hərdən mehmanxanadan cizlincə qaçmalı olurduluar ki, pulu verməsinlər.
Qızı Marsel iki yaşında mininqitdən vəfat etdi. Dərddən az qala ölən valideynlərin uşağı basdırmağa pulu yox idi. Küçə dostlarından birtəhər pul toplayan Editin 10 frankı çatışmayanda o, ilk dəfə özünü satmaq üçün küçəyə çıxdı. Müştəriylə cəmi 10 franka sövdələşdi. Ucuz oteldə müştəriyə xidmət göstərmək anında o, hönkürüb pulun ona nə üçün lazım olduğunu danışdı. Müştəri bu pulu verib Editi yola saldı. Qızı dəfn eləyəndən sonra Balaca Lui «Sən mənim həyatıma arzu kimi gəlmisən. Arzularsa həmişə heç olub yoxa çıxır» deyərək Editi boş otaqda qoyub qapını çırpıb getdi.

«Mən hamı üçün oxumuram, hər kəs üçün oxuyuram»
Edit öz həyat hekayətini bütün həyatını dəyişmiş bir insana rast gəldiyi soyuq oktyabr gecəsindən başlayır. «Sərçə kimi doğuldum, sərçə kimi yaşadım, sərçə kimi öldüm» sözləriylə mahnını oxuyanda o, yalın ayaqlarını cırıq ayaqqabıda gizləmiş, dar paltosunu əyninə keçirib oxuyanda rəfiqəsi akkordeonda onu müşayiət edirdi. Eleqant, zövqlə geyinmiş bir kişi onlara yaxınlaşıb «Sən necə də axmaqsan. Belə oxusan səsini batıracaqsan, anlamırsan?» dedi. Bu kabarenin sahibi Lui Leple idi ki, çirkin, balaca müğənnidə böyük istedad görmüşdü. Bir-iki kəlmə danışandan sonra Editə sınaqdan keçməyi təklif elədi. «Piaf» ləğəbini Editə və bütün dünyaya Lui Leple bəxş eləyib. Öz kabaresində daimi iş verərək onu əsil səhnəyə çıxaran da o olur: «Heç vaxt dinləyicinin zövqünə cüzəştə getmə. Ən böyük sirr elə özün kimi qalmaqdadı. Həmişə özün kimi ol!». Bir neçə məşqdən sonra Editi səhnəyə buraxan Lei Leple onu dinləyicilərə belə təqdim elədi: «Onun bayır paltarı yoxdu. Əynindəki yubkası 4 su qiymətinədir. O qrimsiz və corabsızdır. Edit Piaf (sərçəcik)Bax bu qızcığaz Parisin övladıdır. Ona qəbul edin – Edit Piaf!»
Edit uşaqlıqdan bəri toxumağı sevərdi. Hətta dolabı ən məşhur kuturyenin paltarlarından zığ vuranda da bu üsulla əsəblərini sakitləşdirirdi. Amma gəncliyində bu bacarığı onun çox karına gəlirdi. Səhnəyə ilk çıxışında geyəcəyi paltarı da özü toxumalıydı. Amma çıxışa 10 dəqiqə qalanacan toxusa da qolun biri hazır deyildi. O biri qolunu ağ rəngli şərf örtməliydi. Tərs kimi ifa zamanı da o da sürüşüb yerə düşdü. Edit ağzını açan kimi hamı onun çəlmsiz görkəmini də, qolsuz paltarını da unutdu.
Kabare sahibi Leple öz yataq otağında güllənəndə bütün qəzetlər Editdən yazmağa başladı. Şübhəli şəxslərdən biri kimi onun da adı hallanırdı, çünki Leple ona kiçik məbləğdə pul vəsiyyət eləmişdi. Qəzetlərdə adının hallanmasını həmişə arzulayan Edit bu dəfə onları heç əlinə də almaq istəmirdi.

Küçə ədaları ilə mübarizə
Savadlı Raymon Asso Editi «çirkin ördək»dən gözəl qu quşuna çevirə bildi. Asso düşünürdü ki, Edit fransız mahnısında yeni mərhələ açmalıdı, həyati həqiqətləri söyləyən və yumruğa çevrilmiş mahnılar oxumalıdı.  «Oxuduğunun mənasını özün anlamırsansa başqalarını necə inandıra bilərsən» kimi arqumentlər səsləndikcə Edit əriyib muma dönürdü. Çətinliklə yazıb bir az da hecalamaq bilən qəhrəmanımızın savadsızlığı ilə bərabər küçə ədalarıyla mübarizə də edirdi: «Stəkanı axıracan doldurma, yeyəndə marçıldatma, ağzı dolu danışma» və s. iradları eşidəndə Editin 21 yaşı vardı. Piafı böyük səhnəyə çıxaran da Asso olur. Parisin məşhur «ABS» müzik xolunda səhnəyə balaca, qısa paltarda (o vaxtlar səhnəyə yalnız uzun paltarda çıxırdılar) dilənçi görkəmində çıxan qadın ağzını açan kimi sehlənmiş zal sonra «Bir az da, bir az da» çığırıb lərzə gəlirdi. Səhəri gün bütün qəzetdən «Fransada yeni dahi müğənni doğulub» yazdı. Bu gecədən sonra onun həyatında nə eniş, nə durğunluq, nə də dayanacaqlar olacaqdı.

120 əsir haqqında ballada
Piaf düşünmədən ətrafındakı sevdiyi, bəyəndiyi insanlara gücünü və pulunu sərf eləməkdən yorulmazdı. O milyonlar qazanır, amma pullar əlinə keçməmiş harasa yoxa çıxırdı. Onun evi həmişə adamlarla dolu olurdu. Hətta təsadüfi adamlar orda aylarla yaşıyırdı. Hər gün süfrə arxasına azı 20 nəfər otururdu.
İnsan qəlbinə yönəldilmiş, hər kəsi anlamağa, kömək eləməyə can atan müğənnini istedadı təkcə səhnədə yox, həm də həyatda reallaşırdı. Cəsarətli Piaf faşitlərə qarşı vuruşan Avropanın simvoluna da çevrilmişdi. Onun mahnıları hətta hərbi əsirlərin düşərgələrinə maneəsiz yol açırdı. Bir hərbi düşərgədə əsirlərlə şəkil çəkdirməyi istəyəndə alman hakimiyyəti ona mane ola bilmədi. Piaf sonra həmən 120 nəfərin ayrılıqda şəklini çıxartdıraraq saxta sənədlər hazırlayaraq gələn dəfə həmən düşərgəyə gələndə onları xatirə imzası paylamaq adıyla gizlincə ötürmüşdü. Həmən 120 nəfər onun sayəsində azadlığa çıxa bildi.

«Mən sevgidən ölməyə bəhanə tapmıramsa onda can verirəm»
Pol Meris tanıdığı kişilərin içində paltonu tutmaqda ən bacarıqlı sı idi. Onun təmkini və sakitliyi Editin xaotik naturasını valeh eləmişdi. Onlar birgə az yaşadılar. Amma onların həyatından Jan Koktonun «Etinasız cavan» adlı tamaşası yarandı.  Bu tamaşada cəmi iki rol var. Kişi obraz tamaşa boyu ağzını açıb bir kəlmə də demir. Qadın rolunu isə Edit Piaf özü oynayırdı. Hadisələr ucuzvari otelin otağında cərəyan eləyir. Qadına etinasız olan cavan oğlanla həyat sanki daimi gözləmə zalıdır. Kişi daxil olur, dinməzcə pijamasını geyir, uzanır və siqaret çəkir. Qadın isə daim danışır. Onun monoloqu ehtiraslı təkidlərdən incə hədələmələrə, göz yaşından isterik gülüşə keçir. Kişi isə artıq çoxdandır ki, yatıb. Qadın onu oyadır, silkələyir, yalvarır, itaətkar olacağına söz verir. Kişi yuxudan ayıldığından əsəbləşir, qadına şillə vurub otaqdan çıxır. Pərdə endikcə qadın «Emi-il!» deyə çığıraraq pəncərəyə sarılır… Bu tamaşanı Edit Piafın dramatik aktrisa kimi şedevri sayırlar.

«Xoşbəxtliyin haqqını göy yaşlarıyla vermək lazımdır»
Onu da deyirlər ki, Edit əsil duyğularla bircə məşhur boksçu Marsel Serdanı sevib. Onlar haqqında murdar sözlər danışır, onları təqib edirdilər. Edit Piaf xatirələrində boynuna alır ki, Marselə rast gələnə qədər məşhur müğənni olsa da mənəvi cəhətdən ümidsiz idi. O, həyatı məsğərə sayır, kişiləri heyvan adlandırırdı. Hesab edirdi ki, həyatda məşğul olas bir şey varsa o da gülmək, içmək və dəlilik eləyərək ölümü gözləməkdir. Kobud sənətin sahibi olan boksçu Edit Piafın həyatına sakitlik gətirərək incəlik və xeyirxahlığını kəşf edib. Komiksdən başqa ömründə bir şey oxumayan Marsel də tədricən nəinki oxumağa başlayır, həm də gəzişmək həvəsi gələndə kitabxanalarda gəzişirdi. Marselin qəzada ölməsi xəbərini alanda Edit dəlilik dərəcəsində idi. Amma həmən gecə o, mütləq çıxış eləməliydi. Onu yarımcan halda xərəkdə cətirib hələ bağlı pərdənin altında yerə qoyurlar. O indi özündə güc tapıb tamaşaçıyla üzbəüz dayanmalıdı. Həmən gün o yalnız sevgidən oxuyurdu…

Yumruğa dönmüş mahnı
Kaputsin bulvarında Olimpiya adlı kiçik teatr var. Bu gün konsertin ikinci hissəsində Edit Piaf oxuyacaq. Camaat giriş qarşısında toplaşıb. Zal ağzınacan doludur. Pərdə qalxır və iki projektorun işığı zülmət içində dayanmış solğun bir üzü işıqlandırdı. Kiçik, arıq vücud qara və son dərəcə sadə paltara bürünüb. Boynünda zümrüdlərlə bəzənmiş xaç açılıb. Edit sandal geyinmiş ayaqlarını güclə sürüyür, onun reviotizmi var. Görkəmi çox üzülmüş görünür, axı dərmansız yuxulaya bilmir. Sürdüyü boqema həyatı dodaqları və gözlərinin ətrafında dərin qırışlar şəklində iz salıb. Onun cəmi 45 yaşı var, amma o, artıq əlacsız xəstədir. Edit ağzını açan kimi tamaşaçılar elə bil ki, nəfəs almağı da dayandırırlar. Bayqdan əziyyət yazılmış üzündə indi xoşbəxtlik ifadəsi var. Bu çəlimsiz qadın bir neçə saniyə ərzində dünya gözəlinə çevrildi… Heç kim anlaya bilmir ki, beli donqar, ensiz çiyinləri olan zəif qadında bu qədər güc hardandı. Onu bir dəfə dinləyənlər Edit Piafı heç vaxt unuda bilmir.

 
«Mən hər gecə azı 500 dəfə sevgidən ölürəm»
Serdanın ölmündən sonra əsəblərini sakitləşdirmək və yuxusuzluğu aradan qaldırmaq üçün Editə xəstəxanada morfi vururlar. Belə həssas bədənə bir neçə dəfə iynə vurmaq kifayət elədi ki, Edit narkomana çevrilsin. Hər çıxışından əvvəl yubkası və corabının üstündən ayağına novbəti dozanı vurub hədəqədən çıxan gözləri və həyəcandan ağarmış üzüylə səhnəyə çıxıb repertuarını parlaq ifa edirdi. Konsertdən sonra ayaqlarını güclə sürüyüb otağındakı taxta yıxılıb qalır və tədricən özünə, tənha və kədərli həyatına qayıdırdı. Amma o, morfidən canın qurtarmalıdı. Anasının xəstəxanada «doza» tələbiylə ölümqabağı çığırtıları hələ də qulağından cetməyib. Mütləq sağalmaq lazımdı, mütləq…: «Morfiyə nifrət edirəm! Sağlam olmaq istəyirəm!..» Xəstəxanadan sonrakı 8 ayı otağında bağlı pəncərələrin qaranlığında keçirdi. Amma o, mahnıya qayıtmaya bilməzdi.
Bir dəfə onun yanına mahnı gətirirlər. Mahnı gözəl və işıqdı məhəbbətdən danıhırdı. Mahnını dinləyəndən sonra Edit dedi: «Bir mənə baxın, kim inanar ki, mən sevgidə xoşbəxt ola bilərəm. Mən tamaşaçı qarşısına işıqlı melodiya ilə çıxsam mənə heç kim inanmaz. Mən yalnıh sevgi axtarışına çıxa bilərəm, yalnız axtarışa».
Əməliyyatlar, itkilər, qəzalar, morfi asılılığı, alkoqolizm, revmotizm kimi bədbəxtliklər sırasına indi qara ciyərin sirrozu da qoşuldu. 27 yaşlı yunan Teo Sarapo ilə evlənməkçün katoliklikdən imtina etməsi və haqqında yazılan çirkin yazılar, sancmalar Editin sağlamlığına və əsəblərinə bir daha zərbə vurdu. Özündən 20 yaş cavan əri insafən onu həqiqətən də əlində gəzdiridi. Amma söz verdiyi kimi Yunanıstana yox, xəstəxanaya aparmalı və son mənzilə yola salmalı oldu.
«Həyat ən yaxşı özünü öldürmə alətidir»
Müğəninin dəfn mərasimində 40 mindən artıq insan toplaşmışdı. Onlar göz yaşlarını gizləməyə çalışmırdılar. O qədər gül var idi ki, insanlar onları tapdayıb üstündən keçməyə məcbur olurdular. Qəbristanlığın qapısına çatanda Editin xilas elədiyi hərbi əsirlərdən biri əlində üçrəngli bayraq tutmuşdu. Editlə birgə elə bil Parisin həyatından da nəsə getdi. Hamı nədənsə düşünürdü ki, bu mərasimdə istirak eləməyə borcludur. Axı, Edit bütün Parisə məxsus idi.
«Ümidvaram ki, məni son mənzilə çoxlu insan yola salacaq, axı mən tənhalığı sevmirəm. Mən istəyirəm ki, mənim «Etiraf»ımı oxuyanlar Mariya Maqdalenaya dedikləri kimi mənə də «ona bağışlanacaq, çünki o sevirdi» deyəcəklər».

Müəllif: Gülnarə Rəfiq
Mənbə Bizim Yol qəzeti

Edit Piafın musiqilərini aşağıdakı musiqilərini yükləmək üçün 40 Chansons d`or (Edith Piaf) basa bilərsiniz:

  • Fais-Moi Valser (3.11 Мб)
  • L`etranger (3.18 Мб)
  • Mon Amant De La Coloniale (2.96 Мб)
  • `Y Avait Du Soleil (3.03 Мб)
  • Mon Apero (3.37 Мб)
  • Les Hiboux (3.13 Мб)
  • Mon Legionnaire (3.55 Мб)
  • Un Jeune Homme Chantait (2.71 Мб)
  • Paris-Mediterranee (2.85 Мб)
  • Browning (3.06 Мб)
  • Ding Din Don (3.24 Мб)
  • Le Grand Voyage du Pauvre Negre (3.41 Мб)
  • Le Fanion De La Legion (3.04 Мб)
  • Madeleine Qu`Avait Du Coeur (3.06 Мб)
  • C`Est Lui Que Mon Coeur A Choisi (3.05 Мб)
  • Le Mauvais Matelot (3.38 Мб)
  • Je N`En Connais Pas La Fin (2.99 Мб)
  • Les Deux Copains (2.66 Мб)
  • Le Petit Monsieur Triste (2.55 Мб)
  • Elle Frequentait La Rue Pigalle (3.24 Мб)
  • L`accordeoniste (2.94 Мб)
  • Embrasse-moi (2.67 Мб)
  • Jimmy c`est lui (2.68 Мб)
  • C`etait un jour de fete (3.56 Мб)
  • J`ai danse avec l`amour (3.01 Мб)
  • Ou sont-ils mes petits copains? (3.22 Мб)
  • Le Vagabond (3.11 Мб)
  • C`etait une histoire d`amour (3.99 Мб)
  • Un coin tout bleu (2.55 Мб)
  • Simple comme bonjour (2.71 Мб)
  • Le disque use (3.72 Мб)
  • Histoire de coeur (4.34 Мб)
  • Tu es partout (2.56 Мб)
  • Le brun et le blond (2.85 Мб)
  • `Ya pas d`printemps (2.40 Мб)
  • Coup de grisou (3.96 Мб)
  • C`est toujours la meme histoire (3.84 Мб)
  • Le chasseur de l`hotel (3.31 Мб)
  • Regarde-moi toujours comme ca (3.42 Мб)
  • De l`autre cote de la rue (3.07 Мб)
 

1 şərh

_BUMERANQ_
Edit Piafın həyatından bəhs edən "La Mome" filmi də olduqca maraqlıdı. Filmdən sonra mahnılar bir başqa təsir edir sanki.
Marion Kottilard da çox gözəl canlandırıb Edit rolunu. Rolu kimin ifa etdiyini öyrənəndə inana bilmədim.