Amerika xalqları böyük coğrafi kəşflər ərəfəsində

Amerika xalqları XV əsrdə. XV əsrdə avropalılar 3 qitəni, yəni Avropa, Asiya və Afrika qitələrini tanıyırdılar. 1000-ci ildə Skandinaviya dənizçiləri Qrenlandiyanı kəşf etdilər. Oradan Şimali Amerikaya gedib çıxdılar. Bu dövrdə Amerika xalqları ibtidai icma quruluşunda yaşayırdı, əsasən, ovçuluq və balıqçılıqla məşğul olurdular. Əmək alətləri və silahlar ağac, daş və tuncdan idi. Onlar kotan, odlu silah, təkər və dəmirin nə olduğunu bilmirdilər. Ölkənin simalında ancaq it və lamalar əhliləşdirilmişdi. Yalnız Mərkəzi və Cənubi Amerikada əkinçilik və sənətkarlıqla məşğul olan xalqlar var idi. Amerikada yaşayan tayfalar kartof, günəbaxan, qarğıdalı, pomidor, kakao becərir, torpağı ağac xışla şumlayırdılar. Mayya, astek, ink xalqlarının inkişaf səviyyəsi Amerikanın başqa xalqlarına nisbətən yüksək idi.

Mayyalar Mərkəzi Amerikadakı Yukatan yarımadasında yaşayırdılar, qədimdən əkinçiliklə məşğul olurdu və şəhər-dövlətlər yaratmışdılar. Hökmdarlar yaxın adamlarını nəzarətçi qoyur, vergi toplayırdılar. Mayyalarda sənət inkişaf etmişdi, onlar gözəl saray və məbədlər tikirdilər. Onların hökmdarları hündür saraylarda yaşayırdılar. Mayyalarda torpaq icmaya məxsus idi. İcma hər bir ailəyə meşədən təmizlənmiş pay torpağı verirdi. Sadə icma üzvləri həm özlərinin, həm də əyan və kahinlərin torpağını becərirdilər.

Asteklər Meksikada, dəniz səviyyəsindən 2000 m yüksəklikdə yaylada yaşayırdılar. Paytaxtı Mexiko idi. Ölkəni irsi hakimiyyətə malik hökmdar idarə edirdi. Dövlət vəzifələrinə varlılar təyin edilirdi. Müharibə vaxtı onlar 150 minlik ordu çıxara bilirdilər. Ölkənin paytaxtında iki qul bazarı var idi. Asteklərdə əkinçilik, bağçılıq, bostançılıq, sənət və ticarət inkişaf etmişdi. Asteklər qonşu qəbilə və tayfaları özündən asdı salır, onlardan bac qul və döyüşçü alırdılar. Mexiko şəhərində gözəl küçələr, şəhəri kəsib keçən kanallar, ona xüsusi gözəllik verən Məbəd və saraylar var idi.astek,ink,mayya xalqları

İnklər Cənubi Amerikanın qərbində And dağlarında min km-lərlə məsafədə Peruda yaşayırdılar. Paytaxtı Kusko şəhəri idi. Onlar XII əsrdə dövlət yaratmağa başlamışdılar. Dövlətin başında hökmdar dururdu. İnklər tabe etdikləri tayfaların hesabına yaşayırdılar. Ölkədə hər şey müharibənin tələblərinə tabe edilmişdi. Ordu onluq, yüzlük, minlik dəstələrə bölünürdü. Say çoxluğu ilə düşmənə qələbə çalırdılar. Bir nəfərin üzərinə 20 nəfər yeriyirdi. Yeriş zamanı sıradan çıxana ölüm cəzası verilirdi. İnklərdə əkin sahəsi üç yerə bölünürdü: kahinlərə, hökmdarlara, icma üzvlərinə məxsus sahələr. Məhsulun üçdə biri onu becərənə çatırdı. Nikaha girmək məcburi idi. Acından ölən adam olduqda həmin ərazinin məmuru edam edilirdi. Peru dağlıq ölkə olduğuna görə yollar tunellərdən və uçurumlar üzərində salınmış asma körpülərdən keçirdi. Ayrı-ayrı ərazilər arasında poçt rabitəsindən istifadə olunurdu.

Amerika xalqlarının mədəniyyəti

Mayyalar məbədlər, padşah sarayları, rəsədxanalar, ehramlar tikmişdilər. Məbədlər pilləli ehramlar idi. Uşmaladakı hökmdar sarayı VIII-IX əsrlərə aiddir. Məbəd və saraylar allahların heykəlləri və qabarıq şəkillərlə bəzədilmişdi. Mayyalar daş döşənmiş yollar çəkirdilər.

III əsrdə mayyaların heroqliflərdən ibarət yazısı var idi. Yazı, əsasən, məbədlərin divarlarına və daş sütunlara yazılırdı. Onlarda əkinçilik təqvimi yaradılmışdı. Bu qədim xalqların ən dəqiq təqvimidir. Mayyalar hindlilərdən əvvəl sıfırdan istifadə etmişdilər. Mayya kahinləri planetlərin Günəş ətrafında fırlanmasını hesablamış, Günəş və Ayın tutulmasını əvvəlcədən xəbər vermişdilər. Onlarda riyaziyyat və astronomiya elmləri inkişaf etmişdi. Orta əsrlərdə Çiçen-İtsada (XII-XIII əsrlərdə) ehram tikilmişdi. XI-XII əsrlərə aid Çiçen-İtsada rəsədxana inşa edilmişdi.

Asteklərdə mədəniyyət inkişaf etmişdi. Mexiko şəhərindəki məktəblərdə əkinçilik, sənətkarlıq və hərbi iş öyrədilirdi. Uşaqlar yazmaq, oxumaq, hesablamaq ilə yanaşı, tarixi, mifologiyam, dini, astronomiyanı, poeziyanı da öyrənirdilər. Dramlar və şerlər asteklərin ən gözəl ədəbi nümunələri idi. Mexiko böyük gölün ortasında yerləşirdi. Şəhərdə düz küçələr əmələ gətirən kanallar çəkilmişdi. Məbədlərin tikintisi asteklərdə riyaziyyatın inkişaf etdiyini göstərirdi.

İnklər böyük coğrafi kəşflər ərəfəsində tunellərdən, asma körpülərdən, poçt rabitəsindən istifadə edirdilər. Peruda olan iki abad yol uçurumlar üzərində asma körpülərdən ibarət idi. Ölkənin ayn-ayrı yerləri arasında poçt əlaqəsi yaradılmışdı. Sənətkarlar pambıq parça, tikmə, naxışlı xalça hazırlayırdılar. Gil qablar və ağacdan qədəh düzəldirdilər. İnklərdə məktəb fəaliyyət göstərirdi. Günəşin oğlu adlandırılan hökmdarların uşaqları xüsusi məktəblərdə təhsil alırdılar. Musiqi və poeziya təlim prosesinin tərkib hissəsi idi. İnklər saraylar, məbədlər, qalalar inşa edirdilər. Əsas qala sayılan Kuskonun şəhərlə əlaqəsi yalnız tunellə idi.

Amerika xalqları Kolumbun kəşfinə qədər Avropa və Asiya xalqlarının mədəniyyəti ilə əlaqəsi olmayan orijinal bir mədəniyyət yaratmışdılar.

Kolumbun Amerikanı kəşf etməsi

XV əsrdə dənizçilər yerin kürə şəklində olması ilə maraqlanırdılar. Belə adamlardan biri Xristofor Kolumb idi. O, İtaliyanın Genuya şəhərindən idi və güman edirdi ki, qərbə tərəf üzərək Hindistana gedib çıxmaq olar, guya bu yol Afrikanı dolanmaqdan qısadır. 0,1492-ci ildə 3 karavella gəmisi ilə yola düşdü. Onun gəmiləri 70 gündən sonra Kuba və Haiti adalarına gəlib çıxdı. Kolumb həmin yolla daha 3 dəfə Amerikaya səfər etmişdi. Kolumb belə hesab edirdi ki, kəşf etdiyi ərazi Hindistandır. Ona görə buranı «Hindistan», əhalisini isə «hindular» adlandırdı.

İtaliya səyyahı Ameriqo Vespuççi 1499-1504-cü illərdə Cənubi Amerikanın şimal sahillərini öyrəndi və oranı Yeni Dünya adlandırdı. Sonralar bu qitə onun şərəfinə Amerika adlandırıldı.

Nəsrəddin Tusi Kolumbdan 200 il əvvəl Amerika materikinin olduğunu göstərmişdi. Kolumbun müəllimi Toskanelli bu haqda Kolumba məlumat vermişdi. Beləliklə, Amerikanın kəşfində Azərbaycan elminin böyük rolu olmuşdu.

Böyük coğrafi kəşflərin nəticələri

Coğrafi kəşflər nəticəsində dünya ticarəti meydana gəldi. Uzaq qitələr arasında ticarət genişləndi. Əsas ticarət yolları Aralıq dənizindən okeanlara keçdi. Avropada əmtəə istehsalı artdı. Ticarət yolları Aralıq dənizindən dünya okeanına keçdiyinə görə Genuya və Venesiya yeni ticarət yollarından kənarda qaldı. Müstəmləkələrlə ticarəti, əsasən İngiltərə, Niderland, Portuqaliya aparırdı və ticarət bu dövlətlərin limanlarında cəmləşmişdi. Niderlanddakı Antverpen limanı dünya ticarətinin əsas mərkəzinə çevrildi. Coğrafi kəşflər nəticəsində İspaniya və Portuqaliyaya çoxlu qızıl gətirildi, lakin onlar geridə qalmış ölkələr olduğuna görə bu sərvət Avropanın inkişaf etmiş ölkələrindəki tacir, bankir və sənaye sahiblərinin əlinə keçdi. Beləliklə, coğrafi kəşflər Amerika, Asiya, Afrikada müstəmləkə əsarətinin əsasını qoydu.

7 şərh

2ral
Mayya mədəniyyəti xüsusilə maraqlıdır.Çeçen-İtsa məbədi haqqında yaxınlarda post yazacam.
Freddie
Maraqlı postdur, amma çatışmayan cəhətləri çoxdur. Əvvəla bilmirəm, bu yazını 8-ci sinif Orta Əsrlər Tarixinin elektron versiyasındanmı yoxsa hardan bura paste etmisiz, bir qüsur gözümə dəydi. Məsələn, bir sualıma cavab verin:
yazmısız ki, «Nəsrəddin Tusi Kolumbdan 200 il əvvəl Amerika materikinin olduğunu göstərmişdi. Kolumbun müəllimi Toskanelli bu haqda Kolumba məlumat vermişdi». Ondan yuxarıda isə «O, güman edirdi ki, qərbə tərəf üzərək Hindistana gedib çıxmaq olar». Ondan bir az da yuxarıda isə «XV əsrdə dənizçilər yerin kürə şəklində olması ilə maraqlanırdılar. Belə adamlardan biri Xristofor Kolumb idi». Bir sözlə, bir-birinə zidd olan üç cümlə. Əgər tarixçi olsaydınız, bu cümlələrə görə sizə ölüm hökmü düşərdi. Kolumb Yerin kürə şəklində olduğunu təsadüfən kəşf edir. Yəni belə məqsədi olmayıb. Daha yaxşı olardı ki, Osmanlı imperiyasının güclənməsi nəticəsində, avropalıların Hindistana gedən yollardan məhrum olması və beləliklə də, digər yollar axtarmağa başlamaları haqda qeyd edərdiniz.
papatürk

Orta məktəb üçün dərslikləri,ali məktəb mühazirələri,bir az özüm. Əziyyətin hamısı mənim deyil,Turalın köməkliyilə etmişəm.


Birinci və ikinci fikir arasında ziddiyyət yoxdur.Kolumbun Yerin kürə şəklində olması haqqında fikrini isə yazmamışam.Yerin kürə şəklində olmasını Böyük Coğrafi Kəşflərdə Magellan sübut edib(dünya səyahəti ilə),Kolumbu gəlin bu araya qarışdırmayaq.Deməli məsələ belə olub çox güman ki:


Şərqdə tusi koordinatları hesablayır,Vest-Hind adaları haqda bəzi fikirlər yazır.Sonra coğrafiya elmi zəif inkişaf etmiş Avropada Toskanelli bundan xəbər tutur,sonra Kolumba da bu barədə deyir.Kolumb isə fikirləşir ki,İspaniyadan qərbə tərəf üzməklə avropalıların tanımadığı yerlərə çatmaq olar.


Məncə burda ziddiyyət yoxdur.

Freddie
Hə yaddan çıxmamış, +1 verdim. Yenə də bir çox səviyəsiz postdan minqat yaxşıdır. Tənqidlərə görə həvəsdən düşməyin :)))
papatürk

Xoşdur.Təki müzakirə olsun.Həqiqət müzakirələrdə yaranır.


P.S. həvəsdən düşsəydim reytinq yarışından sonra fəaliyyətimi dayandırardım.

telebe
Səbirsizliklə 2012-ci ili gözləyirəm. Görək mayyaların proqnoz etdiyi kimi dünyanın sonu olacaqmı?
Shefiqr
17.01.2017
22.39