Rey Bredberi

Rey Duqlas Bredberi 20-ci əsrin ən fantastik və fantast yazıçısı...  Əfsanə və reallıq astanasında olan bir həyat... Əsərlərini oxuyanlar «ağlasığmazdır!», «mümkünsüzdür!» deyirlər.
Əcdadları 1630-cu ildən Amerikaya köçdüyündən onu köklü amerikalı saymaq olar. Anası isveçli olduğu üçün özünü vikinqlərin nəslindən də saya bilərdi. Anasıyla daha yaxın olan Rey atasının onu özündən uzaq saxlamasından narahat olurdu. Sonralar, böyüyəndən və atasıyla münasibətini səliqəyə salandan sonra «Melanxoliyaya qarşı dərman» əsərinin girişində «Mənim atama ithaf edilir. Onun bir qədər gecikmiş sevgisi məni çox təəccübləndirmişdi» yazmışdı.

«Heç vaxt baş verən möcüzələrə şübhə eləmə!»
Uşaqlıq qorxularını əsərlərində elə aydın görmək olurdu ki: «Pilləkənlə qalxıram və sonuncu pillədə məni gözləyən yırtıcını, eybəcəri görürəm. Qışqırıb anamın üstünə qaçıram. Sonra onunla birgə pillələri yenidən qalxırıq. Anlaya bilmirəm, anam niyə bu eybəcəri görə bilmir? Həyatımın ilk 10 ilində kabuslar, skeletlər və bu kimi başqa uşaq qorxuları başımda mənimlə birgə  yaşayırdı».
Qorxuya xüsusi sevgisi olan Rey anasının oxuduğu kitabların içindəki qorxulu anlardan lap çox xoşlanırdı. Sehrli filmləri də çox sevərdi. Bir dəfə məşhur fokusçu Blekstounun çıxışlarını gördü. Magiya tamamilə onun beynini zəbt elədiyindən fokusçu olmağı da düşünürdü. 8 yaşında olanda balaca Reyin əlinə kvartalda bir dəfə buraxılan «Amazing Stories Quarterly» fantastik jurnalı düşür. Bu magiya dolu kağız xəzinənin üz qabığında iri, ikimetrlik qarışqalar insanları təqib edirdi. Jurnal ona SEHR vəd eləyirdi. Bu sehrin işığı iri qarışqaların qorxusunu da məhv eləyə bilirdi. Böyük Depressiya ucbatından Arizonaya köçməmişdən bir gün əvvəl isə o, yenə də magiyanın təsirinə düşdü. Səyyar sirkin illüzionçusu Mister Elektriko ona dedi ki, 1918-ci ildə vəfat etmiş dostunun ruhunu Reydə görür. Maqın sözlərinə görə, o, indi həmin adamın ruhunun daşıyıcısıdır. «O, «əbədi yaşa» deyib mənə gələcəyimi bağışladı, üstəlik təzə bir keçmiş də hədiyyə elədi...» deyə xatırlayan Bredberi hesab eləyir ki, məhz bu görüşdən sonra yazmağa başlayıb.
Arizonada da onu əsl xəzinə gözləyirdi. Yerli uşaqlardan biri bir yeşik fantastik jurnal tapmışdı. Rey onların hamısını bitdə-bitdə oxudu. Tarzan haqqında əhvalat və Edqar Raysın Mars  epopeyası onu o qədər həyəcanlandırdı ki, özü çırmanıb yeni macəra və sərgüzəştlər yaratmağa baş vurdu. Həmin ilin sehrləri siyahısına yalnız böyük hərflərlə yaza bilən yazı makinası da əlavə edildi.

«Dünyada tənha olduğunu anlayana qədər heç kimin qocalmağa haqqı çatmır»
İki ildən sonra Los-Ancelesə köçən vaxtlarda Rey beysbol oynamağa gedəndə kök, eynəkli oğlan idi. Yoldaşarı onu oynamağa çağırmırdı. Oxumaqdan başqa əlacı yoxuydu. İndi üstündən 70 il keçəndən sonra da o, yenə də uşaq kimi təmiz ürəkli və uşaq təbəssümlü eynəkli tosqun kimi hələ də qalmaqdadır: «Özünün bu dünyada tamamilə tək olduğunu anlayana qədər heç kimin qocalmağa haqqı çatmır».
30-cu illərin sonunda - tənhalıq hissini təzəcə duymağa başladığı vaxtlarda günlərin bayağılığından məhv olurdu. Anası sonuncu pillədə dayanan eybəcəri hələ də görə bilmirdi. Ola bilər ki, Rey də tədricən sehri unudub adi izgüzara çevriləcəkdi. Amma təsadüflər aman vermirdi, sehr onu qarabaqara izləyirdi. 13 yaşında o, diyircəkli konkidə Hollivuda girib ordan şayiələr kraliçası Luelli Parnosun limuzinində evə qayıtmışdı. Bu uğurundan az qala bayılacaqdı. Daha sonra o, bukinist dükanında bir oğlanla tanış olur. Həmin oğlan onu Elmi Fantastik Liqanın aylıq iclaslarına dəvət edir. Bu təsadüfdən yaman təsirlənmişdi. Axı o, özü kimi uydurulmuş dünyalarda azmış və onun qədər də uğursuz olan bir dəstə adama rast gəlmişdi. Bundan sonra sehrin olmasına necə inanmayasan?!

«Fantastika bizim arzularımızın memarlığıdır»
Nəhayət ki, Rey Bredberi işıqforların və dayanacaqların olmadığı bir şoseyə çıxmışdı. Həmin iclaslarda ona Liqanın üzvlərinin hekayələri çap olunmuş əldəqayırma jurnal da verdilər. Onun ürəyində ümid yarandı, bəlkə, o da öz fantaziyalarını reallaşdırıb bu jurnalda çap eləyə bilər? Onun ilk qələm təcrübəsində həvəskar yazıçının buraxa biləcəyi bütün səhvlərin hamısı vardı. Amma əsərin qəhrəmanı zamanı dayandırmaqla saxlamaqla enerji toplamaq fikrindəydi.
Amma bu fantastik dünyada Rey hələ də heç kim idi. Bu boşluğu doldurmaqçün o, təlxəklik edir, müxtəlif jurnallarda zarafatlarını çap eləyir, hamını güldürməyə çalışırdı. İndiyədək əli çatmayan jurnallar onun zarafatlarını çap eləsələr də, ciddi, ya da fantastik mövzuya keçid alan kimi həmin qapılar yenidən üzünə bağlanırdı.
Liqanın üzvlərini də bu enerjili, impulsiv insan «Necə məşhur olmalı?», «Professionallığa necə çatmalı?» kimi suallarıyla haldan salırdı. Maneəsiz çap olunmaqçün adamın gərək öz jurnalı ola, deyilmi? Cəmi 4 sayını buraxa bildiyi «Futuria Fantazia» jurnalında dövrünün butun utopik ideyaları öz əksini tapmışdı.

«Ömür boyu işləmək istəmirsənsə öz işini sev»
Bredberi Nyu-Yorkda özünə ədəbi agent tapa bilmişdi. Əlyazmalarını ona verib geri - Los-Ancelesə qayıdan Reyin qəzet paylayandan başqa fərli bir iş tapmaq şansı yoxuydu. Gələcəyin klassiki küçələrdə «Qaynar xəbərlər!» deyib çığıranda ondan «Sən burda nə edirsən?» soruşarlarsa, «Yazıçı oluram» deyirdi. «Axı sən yazıçıya heç bənzəmirsən» deyənlərə isə «Nə olsun, özümü yazıçı kimi hiss eləyirəm ki!» deyib cavab qaytarırdı. Onun agenti bir il yarımdan sonra Bredberinin ilk hekayəsini sata bilmişdi. İlk hekayə agentin haqqını çıxsaq, 27 dollar yarım xeyir gətirmişdi.
İndi qəzet satmaqdan əl çəkmək də olardı. Abırlı yazılarından bir seçim eləyib yenə də agentinin yanına, Nyu-Yorka yollanır. Onlar birlikdə oturub yazdıqları hekayəri daha tez «itələmək» mümkün olurdu. Birlikdə işləyərkən Bredberi gündə bir dəfə səkinin o tayından süd və hamburger almaqçün stulundan qalxırdı. Bundan artığına imkanı çatmırdı. Amma işbirliyindən sonra hekayələrinə baxanda Bredberi çox narazı qalırdı. Oradakı magiya tamamilə yoxa çıxmışdı. Sonra təklikdə yazdıqlarını qəbul eləyən tapılmasa da, əsərləri geri qaytaran redaktorların buzu tədricən əriməyə başladı. Detektiv, mistika jurnalları, fantastika – artıq Bredberi kimliyini çox yaxşı anlamışdı.

«İnsanlar canlı zaman maşınıdır»
Bredberi fantastikayla böyüdü, onun fəxrinə, yeni mərhələsinə çevrildi. Hekayələri əldən-ələ gəzir, sseraniləri Hollivudda çəkilirdi. «Marsın şahzadəsi»ni bir vaxt hərisliklə oxuyan balaca oğlan indi özünün «Mars xronikası»nı yazırdı. Qorxulu hekayələrlə çörək pulu qazanan yazıçı indi «Günəşin qızıl almaları»nı dərirdi. «Mars xronikası»nı yazanda 30 yaşı vardı. İrəlidə mükafatlar, bütün dillərə tərcümələr, müasirlərin vurğunluğu və canlı klassik şöhrəti olacaqdı... Amma hələ ki, böyümək istəməyən oğlan «Tarzan»ı oxuyub müəllifinin öldüyünü eşidəndə hönkürtüylə ağlayırdı. Hələ də sevimli bayramı Hellouindir. Ən qatı düşməni  isə Zamandır: «Güzgüyə baxanda hələ də başında arzular, həyat sevingi dolaşan bir oğlanı görürəm. Nə olsun ki, onun başı ağappaqdır?».

Dəlilik də nisbidir
Müsahibələrinin əksəriyyətində o, Marsa uçmaq istədiyindən danışır. Yaşadığı ştatdan ayağını qırağa qoymayan yazıçı jurnalistlərə kələm şorbası olan konserv qablarında basdırılmağı arzuladığından danışır. Təkidlə sübut eləməyə cəhd edir ki, Marsa uçmaq arzu yox, zərurətdir: «Bir adamı Marsa göndərməkçün lazım olan məbləğ Pentaqonun büdcəsiylə müqayisədə çox balacadır». Bu sözü deyəndə onun 85 yaşı vardı...
Öz bioqrafiyasını Bredberi bir qədər gec danışmışdı: «Jül Vern atam olub, Uells ağıllı əmim. Edqar Allan Po əmimoğlum sayıla bilər, çünki yarasa kimi həmişə bizim çardağın qaranlıqlarında gizlənərdi. Fleş Qordan və Dak Rocers qardaşlarımdı. Bu qohumlarımın sırasına anamı da qatmalıyam, çox guman ki, o, «Frankenşteyn»in yaradıcısı Mari Uollstonkraft Şelli olub». Belə qohum-qardaşla fantast olmamaq mümkündürmü?

«Mən Marsa uçmaq istəyirəm, mənimlə gedirsən?»
Bioqrafiyasını danışarkən o, nədənsə bir faktı danışmamışdı. Orta məktəbi qurtaranda Reyə təzə pencək ala bilməmişdilər. Ona görə buraxılış gecəsinə rəhmətlik Lester əmisinin pencəyində getməli olmuşdu. Oğruların gülləylə aşsüzənə çevirdiyi pencəyin qarnındakı və kürəyindəki deşikləri səliqəylə yamamışdılar.
Bredberilər ailəsində ulu nənələrindən hansısa birinin inkvizisiya vaxtı tonqalda yandırılması barədə əfsanə gəzirdi. Ona görə Rey özünü cadugərin nəvəsi hesab eləyirdi: «Göbəyimin kəsilməyini xatırlayıram. Anamın döşünü necə əmdiyim də yadımdadır. Psixoloqlar çağanın heç nə görmədiyini deyir, amma mən görür, eşidir və hər şeyi bilirdim!».
Cavan yazıçının hesabında 8 dollar olanda arvadına evlənmək təkliyfi eləməsi də artıq əfsanəyə çevrilib. «Marsa uçmaq istəyirəm. Mənimlə gedirsənmi?» kimi təklifə müsbət cavab verən Merri sonrakı uzun illər boyu gecə və gündüz işləməyə məcbur idi ki, Rey evdə oturub hekayələrini yaza bilsin.
Rey Bredberidən bir dəfə soruşurdular ki, «Neçə illər keçəndən sonra özü haqqında hansı sözün deyilməsini arzulardı?» O cavab verir ki, 100 ildən sonra onun qəbrinə gələn oğlan qəbir daşında «Burda nağıllar danışan insan yatır» cümləsini təbaşirlə yazmasını çox arzulayır...

«Sonuncu dəfə fillərin həyətdə gül açdığı vaxt»
«Səfər axşam saatlarında mən Bernard Şou ilə, C. K. Çevterton və Çarlz   Dikkenslə söhbətlə başımı qatıram. Hərdən kor, amma çox ulu və ağıllı olan Oldos Xaksli yanımızda əyləşir. 3-cü Riçard bizə tez-tez gəlib qatilliyi az qala xeyir kimi qələmə verməyə çalışır. Hardasa Kanzasın mərkəzində gecəyarı mən Sezarı dəfn eləmişəm. Biz Eldeberi-Sprinqsə çıxan vaxt Mark Antoni natiqliyiylə hamını heyran eləmişdi...»
Rey Bredberini fantastikanın metri adlandırırlar. Hadisəni nə qədər qəlizləşdirsə də, heç vaxt oxucunu çıxışa, nəticəyə gətirmir. Gününü kitab oxumaqda keçirən yazıçı, nə qədər qəribə olsa da, kollecə daxil ola bilməmişdi. Təhsilini isə formal olaraq məktəb səviyyəsində bitirməyə nail olmuşdu. Bu barədə o «Kollec əvəzinə mən kitabxananı bitirmişəm, yaxud 1032-ci ildə ayda olmuş şagirdin fikirləri» məqaləsində ətraflı yazmışdı: «Mən köhnə fanar dirəyi olmaq istərdim. Birdən siz azıb mənə «Salam» deməkçün qəbrimə gələrsiz. Bu fanar həmişə yanar, sönər, sirləri bir-birinə qatıb toxuyardı. Gələsi olsaz, kabus üçün alma gətirməyi unutmayın»

Aforizmləri:
 Biz mümkün olmayan kainatın mümkünsüzlüyüyük.
 Biz dəliyik, amma birlikdə dəli olmaq necə də xoşdur!
 İnsanlar məndən gələcəyi soruşur, mənsə onun qarşısını almaq istəyirəm.
 Biz ağlımızın səsinə qulaq assaydıq, heç vaxt sevə bilməzdik. Heç vaxt da dostumuz olmazdı. «O, məni atacaq», «Bir dəfə aldanmışam» deməklə bütün ömrünü əldən buraxa bilərsən. Qayadan aşağı uçarkən qanadları uçuş vaxtı yetişdirmək lazımdı.
 Mənə bir ovuc fakt verin, sabah axşam çay süfrəsində əvəzində sizə bir yük maşını dolu nəzəriyyə qaytarım.
Ölüm arxadan səni izləyirsə, «Həyatın mənası nədədir?» sualı çox mənasızlaşır.

Müəllif: Gülnarə RƏFİQ [email protected]

 

0 şərh