Azərbaycanın relyefi

Azərbaycandakı coğrafi obyektlərin hündürlüyü Baltik dənizinin səviyyəsindən ölçülür. Azərbaycanda orta hündürlük 657 m, maksimum hündürlük 4466 m (Bazardüzü), minimum hündürlük - 27 m-dir (Xəzərin sahilləri). Relyef amplitudası 4466 +(-27) = 4493 m. Ərazinin 60%-i dağlıqdır. Azəraycanın ən mühüm geomorfoloji vahidləri: Böyük və Kiçik Qafqaz, Talış dağları və Kür-Araz ovalığıdır.Azərbaycandakı dağlar şimal-qərbdən cənub-şərqə doğru alçalır. Bunun səbəbi həmin istiqamətdə dağəmələgəlmə prosesinin zəifləməsidir.
Böyük Qafqaz - 4 silsilədən: Baş Qafqaz Suayrıcı silsiləsi (Bazardüzü- 4466 m, Bazaryurd - 4126 m, Yarıdağ - 4116 m, Raqdağ - 4020 m, Babadağ - 3629 m), Yan silsilə (Şahdağ- 4243 m), Qovdağ və Niyaldağ silsilələrindən ibarətdir.
Kiçik Qafqaz- 6 silsilədən - Şahdağ silsiləsi, Murovdağ silsiləsi (Qamışdağ-3724 m), Şərqi Göyçə silsiləsi, Qarabağ silsiləsi (Böyük Kirs-2725 m), Zəngəzur silsiləsi (Qapıcıq-3904 m), Dərələyəz silsiləsi (Kükü dağ - 3120m) və Qarabağ vulkanik yaylasından ibarətdir.
Talış dağları - 3 silsilədən: Peştəsər, Burovar, Talışdan ibarətdir. Ən hündür zirvələri - Gömürgöy-2493 m və Qızyurdu 2433 m-dir.
Naxçıvanın relyefi mürəkkəbdir. Dərələyəz və Zəngəzur silsilələri Ermənistanla sərhəddə yerləşib, cənub-qərbə doğru alçalır. Kiçik Qafqazın ən hündür zirvəsi Qapıcıq və Biçənək aşırımı Zəngəzur silsiləsindədir. Araz çayı boyu ilə hündürlüyü 600 m-dən artıq olan maili Arazboyu (Şərur, Sədərək, Böyük düz, Ordubad, Yaycı) düzənliyi yerləşir.

Azərbaycanın 40%-i düzənlikdir. Bura Kür-Araz, Samur-Dəvəçi və Lənkəran ovalıqları daxildir ki, bunun da əsas hissəsi okean səviyyəsindən aşağıda yerləşir.
Səthi akkumlyativ mənşəli çökmə süxurlarla örtülmüş , hamar Kür-Araz ovalığı aşağıdakı düzlərdən ibarətdir. Kürün sağ sahilində Gəncə-Qazax, Qarabağ, Mil, Muğan, Salyan; sol sahilində Şirvan, Cənub-Şərqi Şirvan.
Bundan başqa Böyük Qafqazın şimal-şərq yamacında – Şollar düzü, Qusar maili düzənliyi, cənubunda – Qanıx–Əyriçay vadisi, Acınohur-Ceyrançöl ön dağlığı, cənub-şərqində isə – Ələt tirəsi və Qobusan əraziləri yerləşib.
Azərbaycanda relyefin formalaşmasında aşağıdakı ekzogen qüvvələrin rolu böyükdür:
Denudasiya Böyük və Kiçik Qafqaz, Talış dağlarında sürətlə gedir. Arid denudasion relyef Qobustan, Acınohur-Ceyrançöl və Naxçıvanın Araz boyu düzənliklərində geniş yayılıb. Arid iqlim şəraitinin və yumşaq süxurların olması burada yarğan-qobu şəbəkəsinin geniş yayılmasına səbəb olmuşdur.
Akkumlyasiya Kür-Araz, Samur-Dəvəçi və Lənkəran ovalığında geniş yayılıb. Bu ovalıqların Xəzər sahili sahələrində dəniz dalğalarının təsiri ilə abrazion düzənliklər yaranıb.
Buzlaq relyef formaları uca dağ zirvələrində xüsusi Böyük Qafqazda geniş yayılıb. Əsas formaları-təknəvari (troq) dərələr, karlar, sirklər, moren çökəklikləri və s-dir.
Külək eroziyası - sahilboyu düzənliklərdə xüsusi Abşeron-Qobustanda geniş yayılıb. (qum tirələri)
Səth sularının eroziyası Böyük Qafqazda çaylar dik relyefli yumşaq süxurları yararaq kanyonvari dərələr yaradır. Böyük və Kiçik Qafqaz, Naxçıvanın yüksək dağlıq hissəsində bərk süxurlarda formalaşan çaylar dərin, dar V (ve) şəkilli dərələr yaradır.
Qanıx-Əyriçay və Kür-Araz ovalığının dağətəyi sahələrində səth sularının təsiri ilə gətirmə konusları əmələ gəlir.
Mütləq hündürlüyünə görə dağ silsilələrinin təsnifatı: Baş Qafqaz, Yan silsilə, Zəngəzur, Murovdağ, Qarabağ, Talış silsilələri.
Mütləq hündürlüyünə görə dağ zirvələrinin təsnifatı: Bazardüzü-4466 m, Şahdağ-4243 m, Tufan-4191 m, Bazaryurd-4126 m, Yarıdağ-4116 m, Raqdağ-4020 m (hamısı B.Qafqazda), Qapıcıq-3906 m, Qamışdağ-3724 m (K.Qafqazda), Gömürgöy-2493 m (Talış).
Relyefdən istifadə Azərbaycanda hündürlük və yamacların meylliyi artdıqca ərazinin mənimsənilməsi azalır.
1. Düzənliklərdən əkinçilikdə, nəqliyyat və şəhər salmaqda geniş istifadə olunur.
2. Hündürlüyü 1500 m olan alçaq və orta dağ ərazidən dəmyə əkinçiliyi, heyvandarlıqda istifadə olunur.
3. 1500-2000 m hündürlüklü ərazilərdən otlaq və biçənəklər.
4. Yüksək dağlıqda (2000-dan çox) yay otlaqları kimi istifadə olunur.
Uca dağ zirvələrində (2700-dən artıq) sıldırım qayalar, sərt iqlim, dik yamac və nival-buzlaq sahələri olduğundan təsərrüfatda istifadə olunmur.

Zirvələrin adı

Dəniz səviyyəsindən yüksəkliyi

Yerləşdiyi dağ sistemi

Böyük Qafqazda
Bazardüzü
Şahdağ
Bazaryurd
Tufandağ
Yarıdağ
Raqdağ
Babadağ
Salavat aşırımı
Dübrar

 

4466
4243
4124
4191
4116
4020
3632
2915
2205

 

Baş Qafqaz suayrıcı silsiləsində.
Yan silsilədə
Baş Qafqaz suayrıcı silsiləsində.
Baş Qafqaz suayrıcı silsiləsində.
Baş Qafqaz suayrıcı silsiləsində.
Baş Qafqaz suayrıcı silsiləsində.
Baş Qafqaz suayrıcı silsiləsində.
Baş Qafqaz suayrıcı silsiləsində.
Baş Qafqaz suayrıcı silsiləsində.

Kiçik Qafqazda
Qapıcıq
Biçənək aşırımı
Dəlidağ
Gamışdağ
Hinaldağ
Qoşqar
Kəpəz
Böyük Işıqlı
Qızılboğaz

 

3904
2346
3616
3724
3367
3361
3066
3550
3581

 

Zəngəzur silsiləsində.
Zəngəzur silsiləsində.
Qarabağ vulkanik yaylasında.
Murovdağ silsiləsində.
Murovdağ silsiləsində.
Murovdaq silsiləsində.
Murovdağ silsiləsində.
Qarabağ vulkanik yaylasında.
Qarabağ vulkanik yaylasında.

Talış dağlarında
Gömürgöy
Qızyurdu

 

2493
2433

 

Talış silsiləsində
Talış silsiləsində

1 şərh

Deha
Təşəkkürlər