Yeraltı sular

Yeraltı su yataqlarının kəşfiyyatı, ehtiyatların hesablanması və istifadə imkanlarının müəyyənləşdirilməsinə dövlət standartları və normativ təlabatlar nəzərə alınmaqla yeraltı suların əlverişli toplanma şəraitinə malik düzənlik və dağətəyi bölgələrdə əhatəli geoloji-kəşfiyyat işləri aparılmışdır.
Müxtəlif illərdə Naxçıvan, Gəncə, Xankəndi, Yevlax, Ucar, Ağdaş, Göyçay, Qazax, Tovuz, Şəmkir, Quba, Qusar, Xaçmaz, Ağdam, Şamaxı, Beyləqan, Imişli, Füzuli, Zəngilan, Cəbrayıl, Ağsu, Şuşa, Xocavənd, Hadrut rayonlarının yaşayış məntəqələrinin, sənaye obyektlərinin su təchizatı məqsədi ilə yeraltı suların kəşfiyyatı aparılmış, ehtiyatları təsdiq edilmişdir.
Bakı şəhəri və Abşeron yarımadasının su təchizatı problemlərinin həll edilməsi məqsədi ilə uzun illər ərzində III Bakı su kəməri ilə əlaqədar Samur-Vəlvələçay düzənliyinin yeraltı sularının dəqiq kəşfiyyatı aparılmış, ehtiyatları təsdiq edilmişdir. Böyük miqdarda yeraltı su götürülməsinin ətraf mühitə, ilk növbədə meşə örtüyünə təsirini öyrənmək üçün Azərbaycan Respublikası Elmlər Akademiyası ilə birlikdə Xaçmaz rayonu ərazisində xüsusi təcrübə sahəsində unikal tədqiqatlar aparılmış və neqativ təsirin olmaması müəyyən edilmişdir.
Azərbaycan Respublikasının şirin (1,0 q/l-dək) və az minerallaşmaya
(1-3 q/l) malik yeraltı sularının istismar ehtiyatları


Sıra
N-si

Regionlar

Yeraltı suların istismar ehtiyatları, min m3/gün

Cəmi

Aprobasiya
olunmuşdur

Cəmi

1

2

3

4

5

I. Dağətəyi və düzənlik bölgələr

1

Samur-Dəvəçi düzənliyi

1686,1

-

1686,1

2

Şəki-Zaqatala düzənliyi

2000,0

-

2000,0

3

Gəncə-Qazax düzənliyi

447,4

3771,2

4218,6

4

Qarabağ-Mil düzənliyi

665,8

1565,7

2231,5

5

Cəbrayıl düzənliyi

234,6

-

234,6

6

Naxçıvan düzənliyi

902,2

-

902,2

7

Şirvan düzənliyi

158,7

359,0

517,7

8

Muğan-Səlyan düzənliyi

76,0

-

76,0

9

Lənkəran düzənliyi

86,0

-

86,0

10

Abşeron yarımadası

0,3

-

0,3

11

Böyük Qafqaz

17,7

-

17,7

12

Kiçik Qafqaz

74,6

-

74,6

13

Naxçıvanın dağlıq hissəsi

24,3

-

24,3

14

Şamaxı-Qobustan bölgəsi

9,8

-

9,8

 

CƏMİ

6383,5

5695,9

12079,4

Bakı şəhəri və Abşeron yarımadasının alternativ su təchizatı mənbəyi kimi Alazan-Əyriçay vadisində, Oğuz və Qəbələ rayonları ərazisində hidrogeoloji tədqiqatlar nəticəsində saniyədə 15 m3 miqdarında yeraltı su götürülməsinin mümkünlüyü araşdırılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab I.Əliyevin Bakı, Sumqayıt və Abşeron yarımadasının digər yaşayış məntəqələrinin əhalisinin ekoloji təmiz içməli suya olan tələbatının yaxşılaşdırılması barədə tapşırığını yerinə yetirmək üçün "Azərsu" SC-nin sifarişi ilə 2005-ci ildə Oğuz-Qəbələ sahəsində yeraltı suların kəşfiyyatı aparılmış, saniyədə 5 m3 miqdarında yeraltı su götürülməsinin mümkünlüyü müəyyən edilmişdir.
Yeraltı sulardan suvarmada istifadə edilməsi imkanlarını araşdırmaq üçün respublikanın müxtəlif regionlarında əhatəli tədqiqatlar aparılmış və təkliflər verilmişdir. Bu tədqiqatların nəticələri əsasında 70-ci illərdən başlayaraq respublika ərazisində 15 mindən çox su istismar quyusu qazılmışdır.
Yeraltı sulardan suvarmada istifadə edilməsi imkanlarının müəyyənləşdirilməsi respublika ərazisinin hidrogeoloji-meliorativ şəraitinin tədqiqi ilə müşayiət olunmuşdur.

Azərbaycanda termal sular

Ənənəvi olmayan günəş, külək və yeraltı termal suların enerjisindən istifadə olunması problemlərinin həlli ilə əlaqədar dünyanın bir çox inkişaf etmiş ölkələrində elmi və təcrübi tədqiqatlar aparılır. Termal suların yeraltı istilik enerjisinin akkumulyatoru və yüksək istilik-enerji tutumluğu xüsusiyyətlərinə malik olması ənənəvi olmayan enerji mənbələri sırasında termal suları xüsusi əhəmiyyətli enerji daşıyıcısı kimi səciyyələndirir.
Azərbaycanda 1964-1970-ci illərdə Talış zonasında (Astara, Lənkəran və Masallı rayonlarında) termal suların öyrənilməsi üçün geoloji-kəşfiyyat işləri aparılmışdır. Bu məqsədlə 17 ədəd kəşfiyyat quyusu qazılmış və bu quyuların hamısında temperaturu 38-64°C olan termal sular aşkar edilmişdir. Onlardan istilik enerjisi kimi istifadə edilməsi məqsədilə qış aylarında faraş tərəvəzin (pomidor, xiyar) yetişdirilməsi üçün 10 ədəd oranjereya yaradılmış və il ərzində 2-3 dəfə məhsul alınmasının mümkünlüyü müəyyən edilmişdir.
Carlı strukturunda qazılmış, dərinlikləri 3200-4500 m olan neft kəşfiyyat quyularında termal sular açılmışdır, onların ümumi debiti 2500 m3, yer səthində temperaturu isə 72-97°C olmuşdur. 
Xəzəryanı (Xudat-Xaçmaz) zonasının 3000 m-dək dərinliyi olan kəşfiyyat quyuları vasitəsi ilə ümumi debiti 30000 m3/gün-dən artıq və yer səthində temperaturu 50-81°C təşkil edən termal sular aşkar edilmişdir.
Quba-Xaçmaz zonasında aşkar edilmiş Xudat-Xaçmaz termal sular yatağının kəşfiyyatı aparılmış və 25,7 min m3/gün miqdarında istismar ehtiyatları təsdiq edilərək Dövlət Balansında qeydə alınmışdır. 
Termal suların respublika ərazisində geniş miqyasda yayılmasına baxmayaraq, onlardan təsərrüfatın müxtəlif sahələrində istifadə edilməsi qənaətbəxş deyildir. 
Hal-hazırda termal sulara qazılmış geoloji-kəşfiyyat quyuları Xaçmaz rayonunda müalicə və məişət-kommunal xidməti məqsədilə qismən istifadə edilir. 
Respublika üzrə termal suların proqnoz istismar ehtiyatları aşağıdakı kimi qiymətləndirilir:

  • Böyük Qafqazın cənub yamacı - 2000 m3/gün (t-30-50°C) ;
  • Quba-Xaçmaz zonası - 21000 m3/gün (t-40-85°C) ;
  • Abşeron yarımadası - 20000 m3/gün (t-40-90°C) ;
  • Kiçik Qafqazın dağlıq hissəsi - 4000-5000 m3/gün (t-30-74°C) ;
  • Naxçıvan MR - 3000 m3/gün (t-40-50°C) ;
  • Talış dağlıq bölgəsi - 15000 m3/gün (t-31-43°C) ;
  • Lənkəran düzənliyi - 7000-8000 m3/gün (t-44-64°C) ;
  • Kür çökəkliyi - 170000 m3/gün (t-30-71°C) ;
  • Respublika üzrə - 249000 m3/gün.

Termal su yataqlarının geoloji materiallarının təhlili göstərir ki, bütünlükdə termal suların istismar ehtiyatları yuxarıda qeyd olunandan dəfələrlə artıqdır.
Ekoloji cəhətdən təmiz enerji mənbəyi olan yeraltı termal suların başqa yanacaq növləri (əsasən neft, qaz) ilə bərabər, kompleks şəkildə öyrənilməsi və onun xalqın xidmətinə verilməsi böyük əhəmiyyət kəsb edir. 
Hazırda Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən respublika ərazisində aşkar edilmiş termal sulardan istifadə istiqamətlərinin müəyyən edilməsi məqsədi ilə xüsusi tədqiqatlar aparılır.

 

0 şərh