Azad medianın yaratdığı totalitarizm

Sistemin tələyə salıb öz oyununa şərik etdiyi fərdin azadlığını, mübarizəsini görməzdən gəlib onu necə zərərsizləşdirdiyini ən canlı şəkildə göstərən nümunə, məncə, Frans Kafkanın “Qəsr” romanıdır. Laqeydliklə zərərsizləşdirilmiş fərd isə romanın qəhrəmanı — həm mütəxəssis, həm şəxsiyyət kimi lazımsızlaşdırılmış K.- dır.
Günümüzün “Qəsr”i əsl sahibinin kim olduğunu bilmədiyimiz sosial şəbəkələrdir və hər birimiz bu gün bu “qəsr”ə öz lazımsızlığı ilə lazım olan K.-larıq. Zukerberq olsa-olsa bu “qəsr”in Barnabasıdır, o, formaya nəzarət edir.
Azad medianın yaratdığı totalitarizm
Bir şeyi ucuzlaşdırmaq üçün onun bolluğunu yaratmaq lazımdır, istər qarpız olsun, istər söz. Bolluq trolluq, trolluq totallıq yaradır.
Fransızcadan gələn “total” kəlməsini dilimizə “ümumi” kimi tərcümə etmək olar. Yaxud onun, yeri gəldikdə, dilimizin izahlı lüğətində “bir yerə yığılmış”, “ləbələb” kimi mənaların qarşılığı kimi verilən “dəc” sözü ilə də əvəzlənməsi mümkündür. Total, yəni bir şeyin dəci, ümumiləşməsi, ləbələb olması...
Sosial şəbəkələr də ayrı-ayrılıqda mənəvi dəyəri, ictimai təsiri olan fərdi azadlıqların, söz və fikir özgürlüyünün, dissident cəsarətinin dəcləşdiyi, ümumiləşdiyi, ləbələb olduğu məkandır; təhlükə kəsb edən hər şeyin bir-birinə dolaşıb ayrılmaq istəsə, ayrıla bilməyən, başları və quyruqları bir-birinə qarışan ilan yumağıdır.
Totalitarizm deyilən şey, əslində, azadlığın məhdudlaşdırılmasından daha çox onun ümumiləşdirilməsidir, eyni boya uyğunlaşdırılmasıdır. Totalitarizmdə insanı təhqir edən vəziyyət başqasının azadlığını yaşamağa məcbur edilməsidir. Totalitarizmə üsyan, bir üzünə baxanda, azadlıqların bərabərliyinə, ümumiliyinə üsyandır. Bu zorakı bərabərlik eyni zamanda totalitarizmin cazibədar tərəfidir. Çünki total bərabərlik uca boylardan kəsib qısa boylara yamayır. Eyni cazibədarlıq sosial şəbəkələr üçün də keçərlidir; bərabər ölçüdə paylanmış söz və fikir azadlığı öz total bərabərlik mühitini yaratmaqla sözü və fikri olmayanların boyunu sözdən və fikirdən savayı heç bir şeyi olmayanların boyu ilə bərabərləşdirir.

Bu, kimə, nəyə lazımdır?
Bu yerdə müasir cəmiyyəti araşdıran fransız filosof Liotara qulaq asmaqda fayda var.
Liotar «Postmodern vəziyyət» adlı kitabında iddia və izah edir ki, indi torpaq, sərvət uğrunda döyüşən dövlətlər bir müddətdən sonra məlumat (bilgi) uğrunda müharibələr edəcəklər. İndi torpaqların həqiqi sahibinin kim olması mübahisə yaratdığı kimi, bir müddətdən sonra da bilginin, məlumatın həqiqi sahibinin kim olduğu bilinməyəcək.
İnkişaf etmiş ölkələr məlumatı istehsal edib inkişaf etməkdə olan ölkələrə satacaqlar. Dünya məlumat istehsalçıları və məlumat istehlakçıları olaraq iki yerə bölünəcək. İnternetləşmə, kompüterləşmə dünyada məlumat ticarətini yaradacaq.
Gələcəyin məlumat bazarının alıcıları bu gün sosial şəbəkələr vasitəsilə qeydiyyatdan keçir. Artıq internetə qoşula bilən hər bir kəs haqqında bütün məlumatlar sosial şəbəkə depolarında arxivləşdirilir, bu mərkəzlərin məlumat banklarında yığılır. Liotara görə, bu məlumat bankları dünyanı siyasətçilərin əlindən almaq üzrə olan texnokartlara lazımdır. Çünki artıq dünyanın ehtıyaclarını onlar yaradırlar və cəmiyyətləri də bu ehtiyacların əli ilə onlar idarə edirlər.

Gəlib çıxdıq sözümüzün mustafasına.
Liotara görə, modern azlıq kütlələr üzərində öz hökmranlığını totalitar dil oyunları ilə yaradır, bu hökmranlığı yıxmaq üçün çoxluğun dil oyunlarını yaratmaq lazımdır. Yəni, eyniliklərin totalitarizmini fərqliliklərin totalitarizmi ilə əvəzləmək lazımdır. Biz bunu ən aydın şəkildə media quruluşlarının, sosial şəbəkələrin davranışlarında görürük; fərqlilərin məlumat xorunda.
Bu platformalarda hər bir söz və fikir subyekti azadlığı və fərqliliyi təmsil edir, amma bütün söz və fikirlər eynidir, bir-birinin təkrarıdır və fərqlilərlə fərqliliklərin yaratdığı bu məlumat eyniliyinin totalitarlığı özündən olmayan müstəqil bir düşüncəyə düşmən kəsilən mütəşəkkilliyi ilə özünü göstərir. Bu mütəşəkkil düşmənçilik ən çox dil oyunları üzərindən aparılır. Məsələn, siz öz nitqinizdəki “kar” kəlməsinin üstünə başqa ağızlardan hücum çəkən “eşitmə əngəlli” kəlmələrinin ordusunda fərqli qrupların təmsilçilərinə rast gələ bilərsiniz. Yaxud “feminizm” sözünü bir balaca ucadan demək yetər ki, fərqli qrupların dilində adınız “qadın düşməni” kimi hallandırılsın. Bu fərqli qrupların ortaqlığını, həmrəyliyini yaradan totalitar dil oyunlarıdır.
Bayaq fərqliliyin xoru deyərkən bunu nəzərdə tuturdum; çoxluğun dil oyunları üzərində qurulan ortaqlığını.
Postmodern çoxluq da bu ortaqlığı modern azlıq kimi totalitar dil oyunları ilə yaradır; məsələn, müxtəlif sosial qrupları təmsil edən insanları ortaq bir “hashtag”ın harayına səsləməklə. Bu sınanmış metoddur, bu gün sosial şəbəkələrin divarlarını bəzəyən “hashtag” ikonunun məşhur olmadığı dövrlərdə kommunistlər fərqlilərin ortaqlığını «Bütün ölkələrin proletarları birləşin» totalitarlığının altında yarada bilmişdi.
Yaşadığımız postmodern xaosun üç əsas kəşfindən biri cəmiyyətin (geniş mənada dünyanın) məlumat totalitarizmi yaratmağa amadə olan azad media, sosial şəbəkələr vasitəsilə idarə olunmasıdır.
Postmodern iqtidarlar mediaya elə bir azadlıq verirlər ki, ayrı-ayrı qurumların, fərdlərin azadlığını ölçmək və bunu donoslaşdırmaq, yəni məlumat bazasına çevirmək imkanı olsun. Medianın azadlığı yerdə qalanların azadlığına nəzarət funksiyasi ilə görəvləndirilir. İqtidarlar azad medianın təlimatlarına baxaraq qurumların və fərdlərin həyatına müdaxilə edir; onları ya mükafatlandırır, ya cəzalandırır.
Media azadlığı bütün dünyada medianın özünə deyil, ona bu azadlığı verənin maraqlarına xidmət edir. Söz aşağılarla yuxarılar arasında alğı-satqı vasitəsinə çevrilir.

Azadlıq səlahiyyətləşdirilir.
Söz mənəviyyat daşıyıcısi libasını çıxarır, informasiya, məlumat daşıyıcısı uniformasını geyinir.
«Azad söz» deyimi, əslində, sözə geyindirilmiş uniformadır. O, medianın dil oyunlarında məlumat jandarması rolunu oynayır. Azad söz sosial medianın əlində bir linç daşıdır. O, həqiqətin deyil, məlumatın keşiyini çəkir, yaxud onun başını əzir. Bu gün azad söz öz sahibini qəhrəmanlaşdıraraq kölələşdirir.
Azadlıq yeniçəriləşdirilir.
O, artıq əmrə tabedir!
 
 
 
 
Müəllif: Aqşin Yenisey
Mənbə: kulis.az
 

0 şərh