Reyçel Korri və "Fatimə günləri"


Diqqətinizə çatdırım ki, İslam tarixində mübariz və müqavimət göstərən qadınlar kifayət qədər çox olub. Elə İslam dini uğrunda mübarizə apardığına görə ilk şəhid olanlardan biri də qadın olub (Əmmar Yasirin anası Süməyyə). Bu silsilə peyğəmbər qızının mövcud sistemə qarşı mübarizəsi ilə daha da qabardı və demək olar ki, bu prosesdə Həzrət Fatimənin mübarizliyi elə dəqiqliklə tarixə həkk oldu ki, bu günlərdə də bu qəhrəmanlıqdan söhbət açılmaqdadır. Bu müqavimətin sonu şəhadətlə bitmədi. Peyğəmbər qızı ölümüylə belə, mübarizə və müxalifətçiliyini biruzə etdi. Belə ki, indiyə qədər o xanımın məzarı gizli olaraq qalır. Bunun səbəbini  öyrənmək istəyən hər bir kəs, mübarizənin əsaslarını, müqavimət və dayanışı, dözümlü, mətanətli, rəşadətli olmağı o Həzrətdən öyrənməyi özünə vəzifə bilir. Bu şəhadət əsrlər boyu o xanımı tarixin əbədiyyətinə həkk etdirdi ki, müsəlmanlar indilərdə də o xanımın əziz xatirəsini yad edir və «Fatimə günləri»ni qeyd edirlər. 

Daha sonra bu proses çox ictimailəşdi. Bu qədər tarixi fakt olduğu halda, İslam dininin qadının hüquqlarını tapdalayıb, onu xanəneşin və ər köləsi etdiyini deyən insanlar çox təəssüf ki, indi də var. Axı, nə üçün bir kəs Peyğəmbər reyhanəsinin həyatına baxmır?

 

Bu «Fatimə günləri»ndə mən bir xanım haqqında azacıq da olsa yazmaq istəyirəm. O da Reyçel Eylien Korridir. Sual edə bilərsiz ki, nə üçün mən bu xanımdan yazıram? İlk əvvəl onu deyim ki, İslamda kifayət qədər mübariz qadınlar vardır və bu haqda da kifayət qədər yazılıb. Mən bu xanımın mübarizliyini mütaliə etdikdə, kişilik ruhum lərzəyə gəldi və bu olayın da (mən təsadüflərə inanmıram) «Fatimə günləri»ndə baş verməsini bir hikmət hesab etdim. Bu günlərdə Həzrət Fatimə haqqında kifayət qədər danışılacaqdır, mən isə bu xanımdan danışmaq istərdim və Tanrıdan diləyərdim ki, Həzrət Fatimə xatirinə Reyçelə əbədi və xoş səadətli bir axirət dünyası nəsib etsin.

 

23 il yaşadı Reyçel, heç 24 yaşını da qeyd edə bilmədi. O yaşının çılğın zamanında həmyaşıdları kimi eyşə-işrətə aludə olmadı. Məzlum, kimsəsizlərin yanında olaraq zalıma qarşı müqavimət göstərdi. Həzrət Fatimə ilə Reyçeli müqayisə etmirəm, edə də bilmərəm. Amma bir oxşar cəhəti qeyd etmək istəyədim ki, hər ikisi gənc olublar, bu dünyada başqaları kimi xam-xəyal quraraq yaşamayıblar. Həyat hədəfləri tamam başqa olub. Gənc olmaq enerjinin hara gəldi tullanılması, israf olunması deyil. Gənc olmaq dolğun enerjinin düzgün istiqamətə xərclənməsidir. Bəzi gənclər var ki, cəmiyyətdə sağlam gənclik toplumu olsun deyə, öz gəncliklərindən imtina edirlər.

 

İsrailin İordan çayının qərb sahilində yer alması, İraq müharibəsinə qarşı çıxmış amerikalı fəal qadın “Beynəlxalq Həmrəylik Hərəkatı”nda (International Solidarity Movement) fəaliyyət göstərirdi, onların proqramları "İnsan hüquqları, sülh keşikçiliyini təmin etmək və fələstinlilərə beynəlxalq yardım göstərmək" idi. Bu xanım Qəzzada həlak oldu, həlak olmasının səbəbi isə qanunsuz olaraq fələstinlilərin evinin sökülməsinin qarşısını almaq idi. Evi sökməyə çalışan buldozer bu qızın həyatına da son qoydu.

 

Müqavimətçilər hər dəfə İsrail buldozerlərinin qarşısında dayanaraq beynəlxalq konvensiyaları meqafon vasitəsilə səsləndirərdilər. Belə bir müqavimət bir neçə dəfə təsir göstərmişdi. Reyçel Korrinin də tərkibində olduğu dəstə Qəzzada olan həyat çətinliyini dərk etmək üçün fələstinli evə məskunlaşmışdılar. Bu xanım əhalinin ehtiramını qazanmaq üçün ərəb libası geyər, onlarla bir etiraz edərdi, hətta Buş administrasiyasınanın cinayətlərinə   qarşı bayraqlarını belə yandırmışdı.

Lakin bu dəfə tamam fərqli oldu. O ev və buldozerin arasında durmuşdu. Hadisə açıq sahədə baş verirdi və buldozer operatorları onu yaxşı görürdülər. O əli ilə buldozer sürücüsünə saxlaması üçün işarə edirdi. Reyçel son ana qədər buldozerin qarşısında durdu. Ona yaxınlaşan buldozer qalxanını aşağı saldı və yeri kürəməyə başladı. Adətən digər aktivistlərin etdiyi kimi Reyçel torpaq təpəsinin üstünə çıxdı, belə halda buldozerlər duraraq, geriyə çəkilirdi. Şahidlərin dediyinə görə o, buldozerin kabinəsindən görünürdü, lakin bu zaman operator buldozeri saxlamadı. Buldozer qızı vurub yıxaraq, üstündən elə keçdi ki, o tamamilə altında qaldı. Camaatın qışqırıqlarına baxmayaraq buldozer hələ də 5 metr hərəkət etdi, bir neçə saniyə sonra qalxanı qaldırmadan düz trayektoriya ilə geri çəkildi. Korri çoxlu yaralar alması səbəilə xəstəxanaya gedən yolda dünyasını dəyişdi.

 

Bu xanımın qanı yerdə qaldı. Daha sonra məhkəmələr, qarşıdurmalar olsa belə, haqqı bərpa olunmadı və məsələyə təsadüfi hal kimi qiymət verib, onu bağladılar. Hətta dəfn mərasimində hörmətsizlik edərək, mərasimi dağıtdılar.

 

Bu həqiqətən bir faciədir. Lakin bu faciə özü ilə böyük ismarıclar yadigar qoyub getdi. Zülmkarlar indiyə qədər hansı cinayətlərini boynuna alıblar ki, bunu da alaydılar? Lakin kimisə qətlə yetirmək, səsini boğmaq həqiqəti susdurmaq deyil. Həqiqət heç zaman susdurulan deyil. Hətta bütün dünya həqiqətin müdafiəsindən geri çəkilsə, bu cür insanlar biz gözləmədiyimiz yerdən çıxıb zülm qarşısında özlərini sipər edəcəklər. Bəs o zaman biz nəyin tərəfində olacağıq? Haqqın ya zülmün?

 

Sonda bu kiçik yazımı qəhrəman xanım Reyçel Korrinin sitatı ilə bitirirəm: “Zülm bizdəndirsə mən bizdən deyiləm”.

 

Fərid Abdullah

 

2 şərh

pascal
Nə yalan söyləyim, ilk dəfə sizin yazınızla bu xanımla «tanış oldum» 24 yaşında belə məğrur, qorxmaz bir qadın. Həm də, xristian ola-ola fələstinlilərin müdafiyəsi naminə (haqqın naminə desəm daha düzgün olar) özünü ölümə atan… Gözəl də deyib: «Zülm bizdəndirsə mən bizdən deyiləm». Nə deyim, Allah rəhmət eyləsin.
Yazıya görə sağ olun, Farid_Abdullah.
Farid_Abdullah
Oxuduğunuza görə təşəkkür edirəm. Bəli, haqlısınız.