Cəhənnəm onu “görənlərin” gözü ilə...

O biri dünyanın cəhənnəmi necədir, hardadır və nələr var?…
Bir çox dini təlimlərin iddiasına görə, ölümdən sonra günahkar bəndələrin ruhları onların hər zaman əzab çəkməyə məhkum olunduqları xüsusi bir yerə – Cəhənnəmə gedəcək. Cəhənnəm yerin altında yerləşir. Bu söz yunan dilində «Hades» kimi ifadə olunur ki, bu da «yeraltı şahlıq» mənasına gəlir. Cəhənnəm necə görünür, quruluşu necədir və digər suallar qədimdən insanları çox maraqlandırıb. Bəzi peyğəmbərlər və öngörücülərin Cəhənnəmi görmək bacarığı olub. Orta əsrlər Avropasında kilsə keşişləri və yazıçılar, şairlər öz əsərlərində bu dəhşətli məkanı təsvir etməyə çalışıblar.
Təsvirlər çox fərqli olub və bu günə qədər Cəhənnəmin xəritəsini heç kim tərtib edə bilməyib. Lakin bəzi məqamlar var ki, heç kəsdə şübhə doğurmur. Cəhənnəmin fərqləndirici əlamətləri cəhənnəm alovu, tüstü-duman, bəzi yazıçıların qeyd etdiyi dözülməz istidir. «Zülmət», «alaqaranlıq» – bu ifadələri yazıçı və din xadimləri yeraltı şahlıqdakı vəziyyəti təsvir etmək üçün istifadə ediblər.

Cəhənnəmdə günahkarların ruhlarından başqa Şeytan da yaşayır. O, Cəhənnəmin hökmdarıdı. Orada çoxlu sayda iblis məskunlaşıb. Və onlar insanlara zərər vermək üçün yer üzünə çıxırlar. Cəhənnəmi Allah yaradıb,  Şeytanı və onun tərəfdarların oraya sürgün edib. Bu barədə Bibliyada qeyd olunub. İlk xristian teoloqlarından biri və kilsə xadimi Müqəddəs Avqustin V əsrdə ilk dəfə olaraq Cəhənnəmi bu şəkildə təsvir etməyə çalışıb: «Cəhənnəm, başqa sözlə, od-atəşdən ibarət göldür. O, lənətlənmiş insanlar və şeytanın bədənini,ruhunu yandıracaq, işgəncə verəcək. Və hər kəsin qisməti eyni atəş olacaqdır».

1149-cu ildə naməlum irland monax «Tundalın qarabasması» traktatında Cəhənnəmi təsvir edir. Kilsə xadimləri hesab edirlər ki, monax Allahın seçilmişlərindəndir və ona sağlığında Cəhənnəmi görmək missiyası verilib. O, özünün həqiqi macəralarını kağıza köçürüb. Traktatın qəhrəmanı cəngavər Tundal günahkar həyat tərzi keçirir. Onun qoruyucu mələyi günahkara öz davranışlarını dəyişməyəcəyi təqdirdə düşəcəyi yeri – Cəhənnəmi göstərir.

Tundalın gördüyü ilk şey – kömür tüstüsü ilə örtülmüş böyük düzəngahdır. Orada dəmir qəfəslərdə iblislər günahkarları odda qızardırlar. Düzəngah bərk qızdırılmış dağlarla əhatə olunub. Orada iblislər iti çəngəllərlə kafir və bütpərəstlərin bədənlərini didib tökürlər. Tundal Cəhənnəmdə gözlərilə od püskürən nəhəng əjdahanı – Aşeronu görür. Tundal bir neçə km uzunluğunda və ovuc içi enində olan körpü vasitəsilə çaydan keçməyə məcbur olur. Çayda ac əjdahalar üzürdü. Onlar hər an cəngavərin suya düşməsini gözəyirlər ki, onu yesinlər. Xoşbəxtlikdən Tundal körpünü keçə bilir, lakin körpünün digər tərəfində onu dəmir caynaqları olan böyük quş gözləyirdi. O, bütün digər günahkarlar kimi, cəngavəri də yedi və Cəhənnəmin üstündən uçaraq onu donmuş bir gölə ifraz etdi. Tundal buzun içərisindən güclə xilas oldu.

Traktat müəllifinin sözlərinə görə, Şeytan böyük çuxurun ortasında yerləşən Cəhənnəmin paytaxtında yaşayır. Tundal yerə qayıdır və əyyaşlıq, əxlaqsızlıq etməkdən əl çəkir, öz varidatını yoxsullara paylayaraq səyahətə çıxır. Mömin cəngavər Şeytandan uzaqlaşmayanlara onları gözləyən dəhşətli cəza barədə xəbər yayır. Görünür, cəngavər haqda kitab yazan monax özü də məhz bu işlə məşğul olub.

Cəhənnəmin ən məşhur təsvirlərindən biri «İlahi komediya»da verilib. Dantenin versiyasına görə, Cəhənnəm yerin mərkəzinə qədər uzanan qıfabənzər uçurum formasındadır. Qıf Şeytanın göydən yerə çırpılmasından yaranıb. Cəhənnəmə böyük qapılardan keçib girmək olur. Darvazaların arxasında böyük düzənlik yerləşir, orada çox da böyük günahı olmayan, lakin mömin həyat yaşamayan adamların ruhları gəzişir. Düzənliyin arxasında Cəhənnəmi əhatə edən Aşeron çayı axır. Dante və onun bələdçisi Vergili çayı üzüb keçəndən sonra Cəhənnəmin birinci dairəsinə çatırlar. Bütün cəhənnəm doqquz dairəyə bölünüb, hər dairədə müəyyən dərəcədə günah işlətmiş adamlar edam olunurlar.

Birinci dairədə məskunlaşanlar günahsız körpələr və əzabdan xilas olmuş dindar bütpərəstlər idi. İkinci dairədə «zina etmə!» əmrini pozanlara əzab verilir. Onların ruhunu həmişə külək əsdirir. Üçüncü dairədə dolu və yağışın vurduğu acgözlər yerləşir. Üçbaşlı it Serber onların bədənini fasiləsiz olaraq dişləyir, qoparır. Dördüncü dairədə israfçı, bədxərclər Sizif qayasına bənzər qayanı əbədi olaraq daşıyırlar. Beşinci dairədə Stiks çayı axır. Onun sahillərində bataqlıqda hirsli və qaraqabaq adamlar olurlar. Birincilər biri-birlərini didib hissələrə parçalayır, ikincilər isə əbədi ağlayırlar.

Stiksdən sonra Cəhənnəmin aşağı dairələri – ən dəhşətli günah işlədənlərin olduğu dairələr başlayır. Orada Yerdə pis işlər gördükdən sonra Cəhənnəmə qayıdan iblislərin dincəldiyi Dis şəhəri yerləşir. Altıncı dairə yanan məzarlarla örtülmüş böyük düzənlik halındadır. Burada kafirlər əbədi odda yanırlar. Düzənliyin ardından Fleqeton çayı axır. Burada qatillərin və təcavüz edənlərin ruhlarının üzdüyü qaynar qan axır. Dantenin versiyasına görə, Fleqetonun sahilində intihar edənlərin meşəsi yerləşir və orada özünə qəsd edənlərin ruhlarının çevrildiyi balaca ağaclara bitir. Meşədən sonra səhralıq uzanır. Burada qumun qaynar istisində təbiətə qarşı cinayət törədənlərin ruhları iztirab çəkir. Səkkizinci dairə amfiteatrı xatırladır, burada yalançı və fırıldaqçıların ruhları əzab çəkir. İblislər onları qamçı ilə döyür və qaynar qətrana batırırlar. Səkkizinci dairədən çıxış amfiteatrın dibindədir, oranı da qırxayaqlı nəhənglər qoruyur. Amfiteatrın aşağısında Kosit – Cəhənnəmin doqquzuncu dairəsi yerləşir. Orada Şeytan lap başda oturub. Şeytan çox böyük günah işlədənləri, satqınları özü cəzalandırır, onların bədənlərini çeynəyir.

İngilis şair Con Milton Cəhənnəmi özünün «İtirilmiş Cənnət» poemasında (1667) təsvir edir. Müəllif vurğulayır ki, Cəhənnəmdə ilahiyin, ülviyyətin başlanğıcı olan işıq yoxdu. Burada zülmət hökm sürür. Milton demək olar ki, bütünlükdə görmə qabiliyyətini itirir. O, iddia edirdi ki, «İtirilmiş Cənnət» poemasında  təsvir etdiyini öz daxili baxışları ilə görüb. Orada işıq saçmayan atəş püskürür, yandırılmış düzənliklər və dolu vurmuş buz səhraları uzanır. Milton Cəhənnəmin paytaxtını Pandemonium adlandırır. Orada Şeytan özünə yaxın olan mələklərlə yığıncaq keçirir.

Milton, Dantenin adını çəkdikləri yox, cəhənnəmdə axan başqa çayları sadalayır və Let haqqında da məlumat verir. Cəhənnəmdə çoxlu faydalı qazıntılar, o cümlədən yer üzündə insanları bir çox cinayətə sövq edən qızıl var. Şeytanın əmri ilə onun tabeliyində olan mələklər Cəhənnəmdə onun yaşaması üçün gözqamaşdıran bir saray tikirlər. Sarayda çoxlu qapılar, artırmalar, qalereyalar, qüllə və körpülər var. Sarayın zalı qiymətli daşlarla, qızıl və mirvarilərlə bəzənib. Şeytan Cəhənnəmin yeganə sahibidir. Onun çoxlu adı var, onlardan biri Lüseferdi – «dan yerinin oğlu» mənasını verir.

Lüseferin yaxınları ona yeraltı şahlığı idərə etməyə kömək edirlər. Allahın hüzurunda mələklərin qulluqda dayandıqları kimi, şər qüvvə də özünü köməkçiləri – iblislərlə əhatə edib. Şeytanın sağ əli Velzevul adlı mələkdi. Allaha qarşı qiyamında Şeytanı ilk dəstəkləyən o olub. Velzevul ifritə və cadugərləri buyurur, onların qarşısında milçək kimi peyda olur. Ona görə də onu milçəklərin hakimi adlanıdırırlar. Milçəyin köməyi ilə velzevul insanlar arasında epidemiya yayır.

Şeytanın ikinci vacib köməkçisi Leviafandır. Bibliyada onun haqqında «dəniz əjdahası» kimi danışılır. O, ilan, əjdaha və ya timsah görkəmi alır. Allah ilk vaxtlarda məhz bu əjdaha ilə  vuruşub. Bəzi teoloqoar hesab edirlər ki, Leviafanın ağzı Cəhənnəmin qapısıdır. El Qreko özünün «II Filippin yuxusu» tablosunda Cəhənnəmin qapısını məhz bu cür təsvir edib. Cəhənnəmdə Leviafan dəniz məsələləri üzrə katib vəzifəsini tutur.
Gərgadan Leviafanın qurudakı mələyidir. O çox böyükdür. Onu adətən böyük qarınlı fil kimi təsvir edirlər. Gərgədan acgözlük günahına görə məsuliyyət daşıyır, Cəhənnəmdə isə qonaqlıqlara başçılıq edir.
Digər bir mələk -  şər qüvvələrə xidmət edən Asmodeydir. O, ailələrdə dava-dalaşları qızışdırır. O, həm də insanların tamahkarlıqlarına və azartlı oyun asılılıqlarına görə məsuliyyət daşıyır. İnsanların qarşısına əjdahanın üstündə əlində qılınc tutmuş şəkildə çıxır. Asmodeyin üç başı var: buğa, qoyun və insan, ayaqları isə xoruz ayağıdır.
Astarot Cəhənnəmdə maliyyə naziri vəzifəsindədir. İnsanlar arasında isə tənbəlliyi yayır. Adətən onu əjdahanın üstündə eybəcər başlı, əlində gürzə ilan kimi təsvir edirlər. Velial yalançı və ikiüzlülərə hamilik edən qüdrətli mələkdir.

Biz bilmirik bütün bu təsvirlər həqiqətlə nə qədər uyğunluq təşkil edir. Dini anlayışlara əsasən, Cəhənnəmdən çıxmaq çox çətindi. Yeganə yol Şeytanın kürəyindən keçir və çox təhlükəlidir. Bütün insanlıq tarixində sadəcə bir neçə nəfər, o cümlədən Tundal haqqında taraktatın müəllifi bunu edə bilib.

Hazırladı: Yaqut

 

5 şərh

bankir
Səhər girirəm ki, kayzendə motivasiya üçün maraqlı bir şey oxuyum yaxud Amerika iqtisadiyyatı haqqında yazıya şərh olub-olmamasına baxım. Açıram və cəhənnəmin təsvirini görürəm:-)
Aynur
Cəhənnəm gərə burda yazılan kimidisə onda qorxulu bir şey yoxdur
MASON
hər şeyə hazır olmaq lazımdı)
ayxansevda
qiyamətin əlamətləri açıq aşkar görünür, insanlar isə hələ də quranı inkar edir. onları bu cəhənnəm, nə də lap betəri qorxutmur.
ElcinHesenov
bu topiki yazan ələr var olsun