Şəxsiyyətin mənafeyinə xələl gətirən adlar yasaqlandı

Nazirlər Kabineti “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın təsdiqlənməsi barədə qərar qəbul edib. Qaydalara əsasən, uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə qadağa qoyulub. 

Ad, soyad və ata adı ilə bağlı xaosa son qoyuldu. Bundan sonra ad, soyad və ata adının verilməsi və dəyişdirilməsi prosesi müəyyən qaydalar əsasında həyata keçiriləcək. Bununla bağlı dünən Nazirlər Kabineti “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nı təsdiq edib.

Yeni qaydalara görə, adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati və məhkəmə qaydasında şikayət verilə bilər. Sənəddə qeyd olunur ki, uşağa ad valideynlərin razılığı ilə verilir. Valideynlər uşağın adı ilə bağlı razılığa gəlməsə, yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən bu qaydaların müddəaları nəzərə alınmaqla həll olunmalıdır.

Uşağa ata adı atasının adına, valideynlər öz aralarında nikahda olmadıqda isə uşağın atası kimi qeydə alınan şəxsin adına görə verilməlidir. Uşağın soyadı isə bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Valideynlərin soyadları müxtəlif olduqda, uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadına uyğun soyad verilir. Bununla bağlı onlar arasında razılıq olmadıqda isə fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən bu qaydaların müddəaları nəzərə alınmaqla həll olunur.



18 yaşına çatmış hər bir Azərbaycan vətəndaşının ərizəsinə əsasən, onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. 18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilməlidir.

“Hər iki valideynin soyadının sonluğu dəyişdirildikdə, 18 yaşına çatmayan övladların soyadlarının sonluğu da dəyişdirilir. 10 yaşına çatmış uşağın soyadının sonluğu isə yalnız onun razılığı ilə dəyişdirilməlidir. Soyadın sonluğuna dəyişiklik edilməsi haqqında ərizə vətəndaşın yaşayış yeri və ya müvafiq aktın olduğu yer üzrə qeydiyyat şöbəsinə və ya konsulluğa verilməlidir. Müvafiq akt qeydləri (ərizə verən şəxsin doğumu, nikahı, övladlarının doğumu və s.) ərizəni qəbul etmiş qeydiyyat şöbəsində və ya konsulluqda olduqda, soyadın sonluğuna dəyişiklik orada edilir və əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə, ərizə verən şəxsə yeni şəhadətnamələr təqdim edilir”,- sənəddə qeyd olunur.

Soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir.

“Adın, ata adının və soyadın dəyişdirilməsi” bölümündə qeyd olunub ki, Azərbaycan vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir.

Ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir.

Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir.

Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir.

Valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də, yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur.

Yeni qaydalara görə, adın, ata adının, soyadın dəyişdirilməsinə dair sənədlər, o cümlədən qeydiyyat orqanının rəyi qeydiyyat şöbəsində və ya konsulluqda 75 il müddətində saxlanılmalıdır.
 

3 şərh

Türkəl
Sovet dövründə bu qanunlar bir az da ciddi idi. Bilirəm ki,  o vaxt (1986-cı il) atam mənim adımı böyük çətinliklə qeydiyyata saldırmışdı.
MASON
sənin adın Türkəldi?elədirsə çox orijinal addı,o dövrdə bu adı qoymaq böyük cəsarət tələb eləyər yəqin
Türkəl
Passportla TürkEl'əm. Amma TürkƏl də deyirlər.