Əcdadlarımızın gözəllik fəlsəfəsi

Bütün insanlar gözəl, sağlam, şən və xoşbəxt olmaq istəyirlər. Ancaq gözəllik təkcə gözəl əşyalar, musiqi və ətirlərlə bağlı deyil. Gözəllik həm də kamillik deməkdir. Adətən gözəl şeir, əsrarəngiz musiqi və uğurlu elmi nəzəriyyə gözəlliyə xidmət edir. Belə əsərlərə baxmaq, onları dinləmək və oxumaq insana ləzzət verir. Şahmatda hər uğurlu gediş, futbolda uğurlu qol da gözəl hesab olunur. Alim öz elmi nəzəriyyəsini sübuta yetirəndə həmkarları ona «Fikirlərini necə də gözəl ifadə etdin!» deyirlər.


Təmizlik, gözəllik və səliqə mədəniyyətin göstəriciləri hesab olunur. Və əksinə, pintilik, daxili və xarici çirkinlik insanın nəinki özünə, hətta yaşadığı cəmiyyətə hörmət etmədiyindən xəbər verir. Pinti insan adətən bilir ki, onun zahiri görünüşü ətrafdakı insanların əhval-ruhiyyəsini poza bilər, ancaq düşünür ki: «Bunun mənə heç bir dəxli yoxdur. Onların əhvalı onların öz işidir». Bu, eqoizmin təzahürü deyilmi? Beləliklə, hər bir insanın daxili və xarici cazibəsi, təmizlik və gözəlliyi onun təkcə şəxsi işi deyil, başqa insanlar və ümumiyyətlə, cəmiyyət qarşısında borcun yerinə yetirilməsidir.


Gözəllik fəlsəfəsi və yüksək estetik ideallar qədim Şərq mədəniyyətinin bünövrəsini təşkil edirdi. Ən qədim zamanlardan bəri burada yaşayan insanlar özlərinin xarici görünüşünə diqqət yetirir, yaraşıqlı paltarlar tikir, gözəl məişət əşyaları və ətriyyatlar hazırlayırdılar. Qədim Azərbaycanın Manna (e.ə.IX-VIII) və Midiya (e.ə. VIII-VI) dövlətlərinin zadəganları da xüsusi zövqlə geyinirdilər. Bunu qədim əşyaların və binaların üzərində həkk olunmuş insan surətləri, eləcə də qədim yunan tarixçilərinin məlumatları təsdiq edir. Daha sonralar farslar, ermənilər və bir çox başqa qonşu xalqlar midiyalılarm milli geyimlərini, eləcə də qədim ətriyyatlarmı və saç düzümünü bütövlüklə mənimsədilər. Qədim yunan tarixçisi Strabon (e.ə.63 — b.e. 30) yazır: «Fars və erməni padşahların geyimləri… onlara midiyalılardan keçib. Həmin paltarların zahiri görünüşü bu fikrin düzgünlüyünü sübut edir. Tiara və kitara (papaq növləri), keçə papaq, qollu köynək (qaftan) və şalvar Midiya kimi (dağlıq və nisbətən) soyuq ölkələr üçün münasibdir, (Fars ölkəsi kimi) cənub vilayətlər üçün isə yaramır. Bununla belə deyilənə görə, ermənilərin adət-ənənələri də onlara midiyalılardan keçib...».


Yuxarıda qeyd etdiyimiz kimi, qədim azərbaycanlılar qızılgül yağından və başqa ətirli bitkilərdən müxtəlif kosmetik vasitələr (ətirlər, losyonlar, balzamlar) hazırlayırdılar. Strabon yazır ki, miladın başlanğıcında Şimali Azərbaycanın (Qafqaz Albaniyasının) sakinləri ətirli bitkiləri xüsusi şüşə qablara doldurur və Roma imperiyasına ixrac edirdilər.
Gözəlliyə meyl təkcə yaraşıqlı paltarların və bahalı ətirlərin istifadəsi ilə məhdudlaşmırdı. Hesab olunurdu ki, nəinki insanın özü, hətta onu əhatə bütün əşyalar da gözəl olmalıdır. Qədim Azərbaycan zərdüştilərinin kitabı «Avesta» (e.ə. I minillik) insanları özlərini və yaşadıqları dünyanı mütəmadi kamilləşdirməyə çağırır. Mömin insan bütün həyatı boyu özünə məxsus torpaq sahəsini abadlaşdırmalı, orada ağac və müxtəlif bitkilər əkməlidir. Bununla belə o, öz evini təmiz və səliqəli saxlamalı və şəxsi gigiyenaya ciddi surətdə əməl etməlidir. Pintilik, səliqəsiz görkəm və gigiyena qaydalarmm pozulması ən böyük günah sayılırdı. Qədim dini təsəvvürlərə görə, həyatın bütün gözəlliyini və təmizliyin təzahürlərini xeyir tanrısı Hörmüz (Ahura-Məzda) yaradıb, bütün çirkin və gözəl olmayan əşya və məxluqlar isə şər tanrısı Əhrimənin (Ənhra-Mənyu) himayəsi altındadır.
Xəstəliklər, çirk, pas, kif, üfunət, çürüntü və dünyanımızı korlayan başqa şeylər Əhrimən və onun şər ruhları (cinləri) tərəfindən yaradılıb. Ona görə də hər bir insan öz ətrafında gözəlliyi artırmalı, çirkinliyi isə azaltmalı idi.


Beləliklə, insanlar, dünyanın şər qüvvələrinə qarşı mübarizəyə qoşulurdular. Ətriyyatlar və kosmetik vasitələr təkcə xarici cazibədarlığı artırmaq üçün deyil, eləcə də dini məqsədlərlə istifadə olunurdu. Dini saflığa nail olmaq üçün qədim azərbaycanlılar ladan, mürr, şəbbugülü, çödükotu, sənaməki, darçın, hind sünbülü kimi ətirli bitkilərdən və məlhəmlərdən istifadə edirdilər. Ətirli iynələri olan sərv ağacı Zərdüşt peyğəmbərin ağacı sayılırdı. Hesab olunurdu ki, evlərə və küçələrə ətirli bitki yağları səpməklə bu yerləri şər qüvvələrdən qorumaq mümkündür.


Azərbaycanın qədim sakinləri olan türklər (oğuzlar və qıpçaqlar) ətirli çöl bitkilərindən geniş istifadə edirdilər. Qədim türk inanclarına əsasən bütün çiçəkləri ulu Göy Tanrı yaradıb. Ağac və otlar ilahəsi Öləng onun zövcəsi və həkimlərin himayədarı sayılırdı. Hər il yazın başlanğıcında türklər bu ilahənin şərəfinə təntənəli mərasimlər keçirir, yovşan və ona bənzər ətirli bitkilər yandırırdılar. Qədim türk əfsanələrinə əsasən, bütün uşaqların ruhları çiçəklərin içində yaranır və sonra da anaların bətninə düşür.


Həm qədim, həm də orta əsr müsəlman Azərbaycanında gözəllik və kamillik mədəniyyət sayılırdı. Zadəganlar (şahlar, xanlar, sultanlar və bəylər) estetik idealın əsas istehlakçıları, qoruyucuları və himayədarları idilər. Hesab olunurdu ki, gözəllik insanın həm zahiri görünüşü, həm də cəmiyyətdə düzgün və gözəl davranması ilə bilavasitə bağlıdır. Tarix, məntiq, riyaziyyat, din və hüquq kimi elmlərlə yanaşı, gənc zadəganlara hüsnxət, xəttatlıq, nəzakətli davranış, masa arxasmda özünü düzgün aparmaq, ətriyyat seçmək və kosmetikadan istifadə etmək qaydaları da tədris olunurdu. Oğlanlara at çapmaq və qılınc oynatmaq da öyrədirdilər.


Natiqlik, şeir yazmaq, məşhur şairlərin misralarını əzbər bilmək gənc zadəganın əsas üstünlükləri sayılırdı. O yerlərdə ki, müharibələr və inqilablar zamanı kübar ailələr məhv edilirdi, orada nəzakətli davranış və gözəl zövq də unudulurdu. Nəticədə, bahalı və keyfiyyətli paltarlar və ətriyyatlar yox olur, yaxşı poemalar və rəsm əsərləri yaradılmır, yüksək incəsənət adi sənətlə əvəz olunur, müğənni və musiqiçilər öz bacarıqlarını inkişaf etdirə bilmirdilər.


Kübar cəmiyyət ta qədimdən bahalı və böyük zəhmət tələb edən yüksək sənətkarlıq incilərinin əsas istehlakçısı olub. Şahlar, xanlar və sultanlar bahalı ətirlər, qəşəng əşyalar və paltarlar alır, poemaların və elmi kitabların yazılmasını sifariş edirdilər. Onlar bütün bu işlərə külli miqdarda pul sərf edir və əvəzində heç bir gəlir gözləmirdilər. Hökmdarların saraylarında istedadlı şair və rəssamlar yaşayırdılar. Bu sənətkarlar azsaylı varlı zümrə üçün gözəl sənət inciləri yaradırdılar. Ona görə də yüksək incəsənət bazar münasibətlərindən asılı deyildi.


XIV-XVII əsr görkəmli Azərbaycan rəssamları Kəmaləddin Behzad, Sultan Məhəmməd, Sadiq bəy Əfşar, Mir Seyid Əlinin miniatür əsərlərinə nəzər salaq. Bu rəsmlər dünyanın gözəlliyini tərənnüm edir. Rəssamlar zadəgan və xidmətçilərilə əhatə olunmuş şahları, onların xanım və qızlarını məharətlə təsvir edirdilər. Burada gözəl bağlar içində ucalan əzəmətli sarayları, müxtəlif bitki və heyvanları, insana ruh verən təbiət mənzərələrini görmək olar. Miniatürlərdə əksini tapmış divlər də qorxunc olmaqla yanaşı, özünəməxsus cazibədarlığa malikdir.


Azərbaycan miniatürlərində ideal gözəllik dünyası təsvir edilib. Ancaq onu orta əsr miniatürçülərinin xəyal aləmi hesab etmək düzgün olmazdı. Minlərlə Azərbaycan memarı, bağban, əttarlar, dərzi, sənət adamı, şair, musiqiçələr və rəssamları bu idealın gerçəkləşməsi üçün çalışırdılar. Şərqin şair və rəssamları qadın gözəlliyini yorulmadan tərənnüm edirdilər. Məsələn, orta əsr Azərbaycan miniatürləri şah və şahzadələrin, onların xadimə və əsabələrinin cəzbedici obrazları ilə bəzədilib. Bir qayda olaraq qadınlar gözəl paltarlarda, açıq üzlə təsvir olunurdu. Bu rəsmlərin əsas süjetləri aşağıdakılardır: bağda istirahət və gəzinti, sevgililərin söhbəti, təbiət qoynunda yeyib-içmək və musiqi məclisləri, məhəbbət səhnələri. Bəzən qadınların sifətində yüngül kosmetika (sürmə, kirpik boyası və s.) izlərini görmək olar.

Mənbə: Xalq cəbhəsi qəzeti | Fərid Ələkbərli

 

0 şərh