Mən ancaq dünyada hər şeydən çox istəyirəm ki...

Altıyaşlı kürən Robertitonun qıpqırmızı saçı, toxunma, zolaqlı yun köynəyi, iki balaca bacısı və bir arzusu vardı: evlərə süd paylamaq.
Hərənin bir şeyə həvəsi var, bunun da səbəbi hələ kəşf olunmayıb. Gözlənilməz ibrət dərsi və kəşflərlə dolu bu sirli planet anlaşılmaz, gizli bir aləmdir.
- Böyüyüb nə olacaqsan, oğlum?
- General, ata.
Hava aydın, günəşli idi, qaranquşlar göy üzündə günəş şüalarını yarıb, iti sürətlə uçurdular.
- Böyüyüb nə olacaqsan, oğlum?
Hava tutqun, soyuq, dumanlı və ürəksıxıcı idi. Oğlan acı-acı ağladı:
- Heç nə... Mən heç nə olacağam!

Robertitonun anası vardı. Səhərlər onun üzünü yuyur, saçını darayır, zolaqlı yun köynəyini geyindirir və çörək yedirdirdi.
Robertito elə bil iynə üstündə oturmuşdu: narahat və həyəcanlı idi, ona elə gəlirdi ki, saatın əqrəbləri yel kimi çaparaq gedir. Robertito fincanındakı ləzzətli, ətirli, südlü qəhvəni tələsə-tələsə içib, pilləkəni üzüaşağı qaçdı. Robertitonun ürəyi bərk çırpınırdı. Səhərlər ona azadlıq veriləndə Robertito özünü çox xoşbəxt sayırdı, amma onun xoşbəxtliyi nazik şüşə kimi idi, toxunantək sınırdı.

Robertito yolayrıcına tərəf qaçır.
Uzaqdan, səki ilə Robertitoya sarı Luisito və Kandido, süd dükanında işləyən doqquz-on yaşlı iki oğlan uşağı gəlirdi; onlar evlərə süd daşıyırdılar, özləri üçün çörəkpulu qazanırdılar.

Luisito və Kandido- Robertitonun nağıl qəhrəmanları, qibtə elədiyi iki gözəl cəngavər! Robertito fikirləşmədən bir əlinin kəsilməsinə razı olardı, təki bu uşaqlar onunla dostluq eləyəydilər, ya da heç olmazsa onu qovmayaydılar. Robertitonun ürəyi guppuldayır, varlığını sevinc bürüyürdü. Süd dükanında işləyən uşaqların isə nə bu cür hissləri, nə də fikirləri var.
- Sən yenə burdasan, cırtdan?

Robertito göz yaşını zorla saxladı, hətta gülümsəməyə çalışdı. Nə üçün Luisito ilə Kandido onunla dostluq eləmək istəmirlər? Nə üçün ona gülürlər?
Robertito ciyildədi:
- Hə...

Robertito elə səliqəli, elə təmizdir ki, lap şəklə oxşayır. Onun acıqlı, əlçatmaz qəhrəmənları isə elə pırpız, elə çirklidirlər ki! Özləri də cır-cındır içində. Robertito ilə bu iki oğlan çox əcaib dəstədir. O dəqiqə görünür ki, Robertito artıqdır.
- Olarmı sizinlə gedim?- Robertitonun səsi yalvarışla, mehribanlıqla doludur.

Uşaqlar qətiyyətlə, bir ağızdan deyirlər:
- Yox!
Robertito hönkürtü ilə ağlayır.
- Nə üçün?
- Onun üçün ki, yox!- ikisi də birdən sərt cavab verir. – Onunçün ki, sən cırtdansan! Onunçün ki, biz səni tanımaq istəmirik! Onunçün ki, səninlə dostluq eləmk istəmirik!

Luisito ilə Kandido Robertitonu qoyub qaçdılar, süd şüşələri dolu dəmir səbəti də özləri ilə apardılar. Robertito ağlaya-ağlaya onların dalınca qaçdı. O heç cür başa düşə bilmirdi ki, süd dükanında işləyən bu uşaqlar hər dəfə onu niyə qovurlar? O, bu oğlanlara elə şeylər danışardı ki... süd şüşələrini lap yuxarı mərtəbələrə daşıyardı... Əvəzində də heç nə istəməzdi, heç nə, ya da lap azacıq bir şey; təki onu özləri ilə aparsınlar.

Bir evin qabağında Luisito ilə Kandido dayandılar. Robertito da tez ayaq saxladı. İndi ondan dünyada nə istəsəydilər verərdi, təki bu sözləri eşidəydi: “Ey, bu südə bax!” ya da “Ey, bunu yeddinci mərtəbəyə qaldır!”
Ancaq süd dükanında işləyən uşaqlar ona sarı heç baxmadılar da.
Onlar qapıda gözdən itən kimi Robertitonu elə bil bir qüvvə onların dalınca itələdi.
- Qapıçı, onu qovun getsin! Cırtdana bir bax, dalımızca düşüb...

Robertito isə fürsət tapıb qapıçının yanından sivişdi və pillələri yel kimi, iki-iki qalxdı... Altıncı mərtəbədə qan-tər içində Luisito və Kandidoya çatdı. Uşaqlar onu görüb, ağır sözlər dedilər. Robertito zar-zar ağladı.
Yuxarı mərtəbədən bir cənab düşürdü, əhvalatın lap qızğın vaxtına çatdı.
- Bu nədir... balacanı döymək istəyirsiniz?
- Yox, senyor! Onu döymək fikrimiz yoxdur! Biz bu cırtdanı sadəcə tanımaq istəmirik!
Yuxarı mərtəbədən düşən cənab indi Robertitodan soruşdu:
- Burda yaşayırsan?

Robertito hıçqırıb cavab verdi:
- Yox, senyor!
- Demək, sən süd dükanında işləyirsən?
- Yox, senyor.
- Bəs onda bunların dalınca niyə gəzirsən?

Robertito yalvarış dolu, ürkək, həlim nəzərlərini cənabın üzünə dikdi:
- Mən ancaq dünyada hər şeydən çox istəyirəm ki...

Bu sirli, hələ kəşf edilməmiş planetin üzərində xoşbəxtliyin sərin, mülayim mehi əsir.

Müəllif: Kamilo Xose Sela

Oxşar məqalələr

 

1 şərh

Aysel218
maraqli idi ..tesekkurler