Müdrik ana obrazlarını yaradan sevilən xanım - Ətayə Əliyeva

Azərbaycanın Xalq artisti Fuad Poladov:
“Ətayə xanım o aktrisalardandır ki, onun haqqında təkcə sənətkar kimi danışmaq düzgün olmazdı. O, həm də çox mehriban bir insan idi. Qastrol səfərlərində olanda mən bu qadında özümə qarşı bir doğmalıq hiss edirdim. Yalnız bir həmkar kimi yox, bir ana kimi. Onun gözlərində elə bir məhəbbət, elə bir ünsiyyət, elə bir istilik var idi ki, bu, yaratdığı obrazlara da keçirdi. Belə bir xanım, belə bir gözəl insan nə vaxtsa Azərbaycan teatrına gələcəksə, o teatr özünü xoşbəxt saya bilər”.
Ətayə Qulam qızı Əliyeva 2 may 1920-ci ildə Poltoratskda (hazırkı Aşqabad) sənətkar ailəsində doğulmuş, səhnə fəaliyyətinə məktəbli ikən həvəskar kimi başlamışdır. Bakı Teatr Texnikumunda ixtisas təhsili almışdır. 1934-cü ildə texnikumun birinci kurs tələbəsi olan Ətayə Əliyeva M.Füzuli adına Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət edilir. Texnikumda təhsil almaqla yanaşı, teatrda da işləyib. Burada rejissor R.Təhmasib gənc aktrisaya “Özgə uşaq” tamaşasında Raya rolunu tapşırır. Bu, böyük səhnədə onun ilk rolu olur. O vaxt Ə.Əliyevanın 16 yaşı var idi. Rolun öhdəsindən bacarıqla gələn Ətayə xanım sonradan “Şeyx Sənan”da Zəhra, “Səyavuş”da Cariyə, “Od gəlini”ndə Gülgün, “Hamlet”də Ofelya, “1905-ci ildə” də Sona obrazlarını yaradır.Ətayə Əliyeva
Bundan sonra Ətayə xanım aktyor olan həyat yoldaşı Həsənağa Mirzəyevlə birgə İrəvan Dövlət Azərbaycan Teatrında fəaliyyətlərini davam etdirirlər.
1936-cı il Ətayə xanım teatrın bir qrup aktyoru ilə birlikdə İrəvandakı Azərbaycan teatrına gedir və on il bu teatrda işləyir. İrəvan teatrında gənc aktrisa həm milli,həm də çevrim əsərlərinin tamaşasında onlarla maraqlı səhnə obrazları yaradır. Afaq (Nizami), Həcər (Qaçaq Nəbi) Şirin (Fərhad və Şirin).İnci (Xoşbəxtlər),Süsən (Namus), Cəvahir (Cinli),Jenya (Bizim şəhərli oğlan) və başqaları Ətayə xanımın hələ cavanlıqdan mürəkkəb xarakterli, müxtəlif yaşlı qadın obrazlarını məharətlə canlandırmaq bacarığını aydın göstərir.
1948-1949-cu illərin teatr mövsümündə artıq kamil artist kimi tanınan Ə.Əliyeva Gəncə Dram Teatrına dəvət edilir. Bu teatrda o, İradə (Göz həkimi), Səadət (Bahar suları), Bənövşə (Nişanlı qız) kimi yadda qalan obrazlar yaradır. Ətayə xanımın səhnə fəaliyyəti C. Cabbarlı yaradıcılığı ilə sıx əlaqədardır. Sevil və Dilbər, Yaqut və Tanya,Sona və Solmaz (İrəvan teatrında), Almaz, Sara, Gültəkin (Gəncə teatrında) obrazları üzərindəki işi aktrisa üçün böyük bir məktəb olmuşdur. 1956-cı ildə Ətayə xanım yenidən M. Füzuli adına Azərbaycan Dövlət Akademik Dram Teatrına qayıdır, klassik və müasir Azərbaycan dramaturqlarının,eləcə də tərcümə əsərlərinin tamaşalarında eyni məharətlə çıxış edir. Pəri (Pəri Cadu),Sona (Hacı Qara), Fatmanisə (Ölülər), Validə (İliç buxtası), Nəzakət (Sən həmişə mənimləsən), Rəfiqə (Yalan), Məlahət (İkinci səs) və onlarla başqa səhnə obrazları aktrisanın son illərdəki yaradıcılıq naliyyətləridir.
Aktrisa səhnə ustaları A.M.Şərifzadə, M.Əliyev, S.Hacıyeva, M.Mərdanov, S.Ruhulla, Ə.Zeynalov, İ.Dağıstanlı, İ.Osmanlı, M.Sənani, A.Gəraybəyli, A.Qurbanov, B.Şəkinskaya və digər sənətkarlarla uzun illər birgə çalışıb, Azərbaycan teatrının inkişafı naminə var qüvvəsini əsirgəməyib.
 
Ətayə xanımın yaradıcılıq fəaliyyəti teatrla məhdudlaşmırdı. Radio və televiziya verilişlərində tez-tez çıxış edir, filmlərə də çəkilirdi. Rejissor Rza Təhmasibin 1959-cu ildə ekranlaşdırdığı “Onu bağışlamaq olarmı?” filmində Ətayə xanım iki rolda (leytenant Qarayeva və Sara xala) çıxış edir. Kinoya ilk dəfə çəkilməyinə baxmayaraq, Ətayə xanım bu rolları böyük həvəslə oynayır. Cani Tərlanın kimliyini üzə çıxarmaq, onun fikirlərini öyrənmək məqsədilə milis paltarını dəyişib, özünü gənc bəstəkar Sevdanın qohumu Sara xala kimi qələmə verən Qarayeva ona verilən tapşırığın öhdəsindən bacarıqla gəlir. Ətayə xanım iki surəti eyni peşəkarlıqla yaradıb, onun oyunu təbiiliyi və səmimiliyi ilə seçilir.
Artıq kino aktrisası kimi tanınan Ətayə xanımı bir neçə aydan sonra yenidən C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına dəvət edirlər. Bu dəfə “Bizim küçə” filmində Bəyim xala roluna. Rejissor Ə.Atakişiyevin lentə aldığı “Bizim küçə” bədii filmində (1961-ci il) müharibədə itkin düşmüş bir qızın (Sara) acı taleyindən, qürbətdə başına gələn macəralardan, uzun axtarışlardan sonra xoş bir təsadüf nəticəsində anasına qovuşmasından bəhs olunur. Aktrisa Bəyim xalanın iztirablarını, ürək ağrılarını o qədər təbii və inandırıcı şəkildə təsvir edir ki, ekranda həqiqətən dərdli, kədərli, qayğılı ananın olduğuna inanır, onun halına yanırsan. Ana sevinəndə sən də sevinirsən. Filmin sonunda Bəyim xalanı xoşbəxt görürük, axı o, arzusuna çatıb, qızına qovuşub.
Bundan sonra Ə.Əliyeva “Telefonçu qız” lirik kinopovestində (1962) Simuzər, “Dağlarda döyüş” hərbi-vətənpərvərlik filmində (1967) ana, “Uşaqlığın son gecəsi” kinopovestində (1968) Mənsurə, Azərbaycan televiziyasının istehsal etdiyi “Körpə” (1962), “Yun şal” (1965), “General” (1970 ) televiziya filmlərində ana surətlərini yaradıb.
Ətayə xanımın xatirələrindən: “Günlərin bir günü Həsən Seyidbəyli mənə dedi: “Oyunun çox xoşuma gəldi. Səni “Telefonçu qız” filminə çəkəcəyəm. Qoy bu da mənim sənə hədiyyəm olsun”. Sonralar “Uşaqlığın son gecəsi”, “Dağlarda döyüş” filmlərində də çəkildim. Mən özümü kino aktrisası saymıram, amma tamaşaçının yadında qalmışamsa, demək nəsə bacarmışam”.
Görkəmli aktrisa Ətayə Əliyevanın tamaşalarda və filmlərdə yaratdığı qadın rolları, ələlxüsus geniş ürəkli, tədbirli, müdrik ana obrazları milli teatr və kino sənətinin uğurudur. O, ana rollarını sevə-sevə ifa edirdi. Bu fədakar, zəhmətkeş analar doğma vətənə, övladlarına qəlbən bağlı insanlardır. Elə Ətayə xanımın özü də qayğıkeş ana, sevimli həyat yoldaşı, mehriban nənə idi. Onun haqqında danışanda haqlı olaraq deyirdilər ki, Ətayə xanımın ailə və övlad qayğısı bir çoxları üçün nümunə idi.
 
Ətayə Əliyeva rejissorlar Ramiz Həsənoğlunun və Rauf Süleymanın anasıdır.
Ətayə Əliyeva 6 aprel 1995-ci ildə Bakıda vəfat etmişdir.
Ətayə Əliyeva 29 iyun 1964-cü ildə «Azərbaycan SSR Əməkdar artisti» fəxri adına layiq görülmüşdür.
 
 
 
 
Müəllif: Nurlanə Əliyeva, Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Mənbə: gunaydin.az

Oxşar məqalələr

 

0 şərh