Həyatımızın tarazlığı

Bəzən xırda bir əngəl həyatımızın tarazlığını poza bilir. O qədər çarəsiz bir vəziyyətdə ola bilərik ki, burdan çıxış yolu tapa bilmərik.Əslində isə o kiçik maneənin bizim həyatımıza, altına girdiyimiz yükə dəxli yoxdur. Sadəcə ondan asılı olduğumuz üçün yaranan situasiya bizi çaş-baş qoyur.
 
 “Nu poqadi” cizgi filmində belə bir epizod var: canavar özünə güvənərək ağırlığı qaldırmağa cəhd edir. Nəticədə, o, bunu bacarır. Lakin haradansa uçub gələn və ağırlığın üstünə qonan kəpənək ona mane olur, tarazlığı pozur. Bu zaman canavar gülünc vəziyyətə düşür. Artıq onun üçün ağırlıq yox, haradansa gəlib çıxan kəpənək önəmli yer tutur. Böyük işin altına girdiyinin fərqində olmadan  canavar özünü çıxılmaz bir vəziyyətin pəncəsinə atır. Artıq onun üçün uğurun tək səbəbi kəpənəyi oradan uzaqlaşdırmaqdır. Canavarın seçimi bizə gülünc gəlir. O, kəpənəyi uzaqlaşdıraraq ağırlığın öhdəsindən gələcəyini düşünür və nəticədə güc-bəlayla qaldırdığı ştanq əlindən düşür. Kəpənək isə artıq işini bitirmiş kimi oradan uzaqlaşır.  

 “Nu poqadi” cizgi filmi bütün insanların düşəcəyi bir situasiyanı komik bir görünüşlə tamaşaçıya çatdırır. Gəlin, bir anlıq düşünək ki, canavar xoşbəxtliyə qovuşmaq istəyir. Bunun üçün o, dovşanı tutmalıdı. Həyatımız xoşbəxtliyimizin arxasınca düşməyə bənzəyir. Mənə bəzən elə gəlir ki, canavar dovşanı çox asanlıqla tuta bilər, lakin onun qarşısına çıxan xırda əngəllər bunu reallaşdırmır. Hər dəfə məğlub olan canavarın bir az əsəbi, bir az da özünə güvənərək: “Nu poqadi zayeç!” deməyi onun təzədən xoşbəxtliyə can atmağından xəbər verir. Onun bu halını bircə cümləylə ifadə etmək olar: məğlub olduğunu bilə-bilə döyüşmək qazanmağın yarısıdır. 

 “Don Kixot”u xatırlayaq. Don Kixot və Sanço Pansa öz mübarizələrinin nə olduğunu anlamır, maraqlı bir macəra yaşayacaqlarına inanaraq hərəkət edirlər. Don Kixot edə bilməyəcəyi işlərin altına özü girir və parodiyaya çevrilir. Sanço Pansa bu baxımdan ağasından bir az fərqlənir. Məsələn, ona Don Kixotun sevdiyi qadının (cəngavərlik romanlarında deyilir ki, hər bir cəngavər mütləq öz könül yoldaşını tapmalıdır, bir sevdiyi olmalıdır) toboslu Dulsineyanın guya tilsimə düşdüyünü və bu tilsimdən həmin xanımı qurtarmaq üçün yaraqçının özünə 3333 dəfə şallaq vurması xahiş olunur, təbii ağası kimi Sanço Pansa da buna razı olur. Ancaq yaraqçı bir biclik işlədir, şallaqları özünə deyil, alça ağacına vurur və yenə də ağasına – Don Kixota bu, gerçək kimi görsənir və o, düşdüyü gülünc vəziyyətin fərqində olmur, bununla da onun fəlakətlərinin ardı-arası kəsilmir. 
Uğurun, qalib gəlməyin tək yolu xırda əngəllərə ilişməməkdi. “Nu poqadi”dəki canavar və Don Kixotu ortaq nöqtədə birləşdirən onların saflığıdır. Məğlub olsalar belə, doğru bildikləri yoldan azmır, heç kimə mane olmurlar. Qazanmaq istədikləri üçün isə maneələr onların yaxasını buraxmır...
 

7 şərh

Ramil
İnsanlara hər bir işində tarazlıq arzulayıram.
pascal

Böyük məqsədə çatmaqçün, getdiyi yolda ayağına ilişən «daşlara» fikir verən adama, ağıllı demək olmaz. Düzdür, bəzən ciddi cəhdlə mane olmaq istəyənlərin hərəkətləri  insanı usandırır, ancaq, ağıllı insan bu «takıntıları» məqsədinə çatmaqçün vaxt itkisindən başqa bir şey hesab etməsə, yolu başa vura, «zirvəyə» çata bilməz.

Mənalı, gözəl mesaj verən topikləri həmişə bəyənmişəm. Əllərinizə sağlıq. Davamı gəlsin.

asel
siz sağ olun, oxuyub qiymətləndirdiyinizə görə
_BUMERANQ_
Mübariz insanlar məğlub olsalar belə, əslində qalibdirlər.


pascal

Bu gün məni «tərpədə» biləcək iki yazı oldu. Biri "Əldən gedən dəyərlər", biri də, bu — «Həyatımızın tarazlığı»  Copy paste, ya özünüzün olduğunu bilmirəm, amma, əsl kayzenə yaraşan topiklərdir. Bundan sonrakı günlərdə də istifadəçilərdən belə dəyərli mövzular yazılmasını diləyirəm. Zatən buna çalışılır da...

Hamınıza uğurlar arzulayıram. 

asel, sənə və BaRLeLiTaya topiklərinizə görə təşəkkür.